Unudulmaqdan qorxan unudulmaz insan  

 

Tofiq Abdinin xatirəsinə

 

 

 

...İlk dəfə evlərinə gedəndə yağış yağırdı. İş yoldaşım Məhəbbətlə "Praqa" restoranının qarşısında zəng elədik ona. Deyəsən, narahat olmuşdu zəngimizdən, birbaşa üzümüzə dedi: "Heç bu havada qonaq gələrlər?" Əvvəlcədən görüş vaxtını təyin eləmişdi, yoxsa belə havada heç kim evdən çıxmazdı, biz çıxmışdıq, çünki onu çox istəyirdik.  Onu narahat etdiyimizə baxmayaraq həmişəki kimi mehriban idi... Sonralar o görüşümüzü tez-tez xatırlayırdım.

 

Ölüm xəbəri gələndə hava günəşli idi... Aradan bir il keçdiyinə inana bilmirəm. Sanki dünən redaksiyaya gəlib salamlaşmışdı bizimlə...

 

Vəfatının ildönümü ərəfəsində yenə yolumu onlardan saldım. Liftləri dəyişilməyib. Xatirələr diridi. İndi qapını mənə özü açsa, bir il keçdiyini hiss etmərəm heç... Görəsən, qapını özü açsa, neyləyərdim? Yəqin boynunu qucaqlayıb sağ vaxtı demədiyim sevgini gülüşümlə ifadə edərdim... Dayanmadan çoxlu sual verərdim, deyərdim: "Bəs bir ildi hardasınız? Xanımınızın göz yaşlarını görsəydiniz, sizi sevənlərin necə kədərləndiyini bilsəydiniz, o uzaqlara getməzdiniz heç vaxt..."

 

Diri insanlar çox asan unudulur, Tofiq müəllim. Siz bunu bilirdiniz. Dirilərin belə tez unudulduğu həyatda ölüləri heç xatırlayan da olmur. Siz həmişə dirisiniz, Tofiq müəllim.

 

Mən hələ uşaqlıqdan anladım ki, insanlara bağlanmaq olmaz.  Çünki bağlandıqların gedəndə özündən asılı olmadan bir parçanı onların arxasınca yola salmalı, ağlamalı olursan. Elə bilirdim, ağlasam hamı zəif olduğumu düşünər. Mən isə güclü olmalıydım,  hamıdan güclü... Beş yaşım olanda doqquz ay xəstəxanada yoluxucu xəstəlikdən karantin şəraitində yatdım. Onda ən xoşbəxt anlarım anamla yarımsaatlıq görüşlərimiz idi. O gedəndə ağlayıb özümü öldürürdüm, tibb bacıları anam xəstəxanadan çıxana qədər məni qucaqlarından buraxmırdılar. Pəncərədən gedən anamın arxasınca baxıb həm ağlayırdım, həm hirslənirdim. Uşaq ağlımla düşünürdüm ki, axı, anam niyə məni qoyub gedir? Yad insanların - hirsli tibb bacılarının, mənə gülən uşaqların arasında necə atıb gedə bilir? Mən onda heç nəyi başa düşmürdüm, axı. Bilmirdim ki, anam da o yolu göz yaşlarını silə-silə gedir. Fikirləşirdim ki, anam məni istəmir, heç kəs məni sevmir. Bax onda özümə söz verdim ki, heç kəsi sevməyəcəm... Bəlkə ondan sonra oldu oldusa, bəlkə mən elə beləcə doğulmuşdum - daşürəkli...

 

Sizin fiziki ölümünüz mənim gənc həyatımın ilk qiymətli itkisi idi... mən o itkiyə görə üzülürəm. İndi anlayıram ki, mən heç vaxt daşürəkli ola bilmərəm, Tofiq müəllim. İnsan doğulandan daşürəkli ola bilməz. Ancaq daha yoxluğunuza ağlamıram, hardasa yaxınlarda bir yerdə olduğunuzu düşünürəm, ən azı internetdə imzanızı axtaracam, şeirlərinizi, müsahibələrinizi oxuyacağam, gülümsər çöhrənizi görəcəyəm yenidən... Darıxmıram, amma sizi tez-tez xatırlayıram, Tofiq müəllim. Sağlığınızda bu, sizin ən böyük arzunuz idi, elə deyilmi? Siz tamamilə sevgi ilə yaşayırdınız sevgi içində getdiniz. Sevgi ilə yaşayıb sevgi ilə ölənləri isə həmişə xatırlayırlar, ey unudulmaqdan qorxan unudulmayan əziz adam. Əslində, bizi unudulmaqdan daha çox sevgisiz ölmək qorxudur... Sən bu qorxudan qurtulmusan, indi biz qalmışıq...

 

Ruhunuz şad olsun!

 

525-ci qəzet.- 2015.- 24 fevral.- S7.