Tofiq Abdini şeirləri ilə xatırlamaq

 

 

 

günəş isidir

panel evlər...

ömrümün bu çağını

belə düşünməmişdim

əlimdən tutan əl yox

Bakının ən soyuq günündə

belə üşüməmişdim

bu itkilər diksindirmir insanları

bu itkilər insanlarçın itki deyil

bəs nədi

ömrüm daşa, divara yox

bir yad səsin acısına dirəndi

bu yazımı

yoxsa tale

daş bağlanmış ayağımdan çəkir geri

bir yerlərə çıxa bilsəm

unutsam bu günləri

bir daha qayıtmaram

bu günlərə,illərə

ki,

keçim namərd əllərə...

 

lll

 

bu yaşda sevmək üçün

havalanmaq gərəkdi

bu yaşda sevmək üçün

sevdalanmaq gərəkdi

o da mənim əlimdə

bu da mənim əlimdə

ortada ağlın gücü

adın mənim dilimdə

adına od düşəcək

içimdəki alovdan

üz tutacaqsan mənə

bir gün söküləndə dan

çətin gəlib çıxasan

ayrılığın içindən

durmusan durduğun yerdə,

yad adam var içində...

gəlib çıxa bilməzsən

ayrılıq yaşayırsan

sən elə gəlirsən ki,

gedənə oxşayırsan...

 

lll

 

Sərhəd...

Lal kimidir hər yan büsbütün,

Səni düşünürəm, səni yenə mən.

Vətəndən-vətənə gedənlər üçün

De, qardaş, de, necə keşik çəkirsən?!

Yeriyir üstünə qaranlıq gecə.

Əyninə sükutmu geyinmisən sən?!

Axı bilə-bilə, de, görüm necə

Sən öz dərdlərinə keşik çəkirsən?!

Gecələr atdığın fişəng deyildir.

Dərdli anaların ürəkləridir.

Çiynindən asılan tüfəng deyildir.

Bir elin dərdidir, bir elin dərdi.

Bu yanan qəlbimi ovutmaq üçün

Dərdimə ortaqmı dayandı Araz?!

Yarama çilənib soyutmaq üçün

Deyirəm bəlkə yarandı Araz?!

Söylə, vaxtadək doğma elimin

Sinəsi üstündə sərhəd olacaq?!

Söylə, vaxtadək doğma çölümün

Bacım, güllərinə həsrət qalacaq?!

Sərhəd düşünürük yol gedəndə ,

Elə bil biz sərhəd yeyib-içirik.

Bağlarda tikanlı məftil görəndə

Bizə elə gəlir sərhəd keçirik.

Qan yox, damarımda od-alov axır,

Körpə arzulara min sədd çəkirlər.

Biri çəmənlikdə ağac basdırır,

Mənə elə gəlir, sərhəd çəkirlər.

Təbiət min boya vurur rənginə,

Baxıram onlara gözlərimdə qəm.

Sevdiyim bir qızı görmək yerinə

Gecə yuxuda da sərhəd görürəm.

 

lll

 

Yarama duz qoyun,

alışım-yanım,

rahat uzanmayım göy çəməndə mən.

Nolaydı, nolaydı çıxaydı canım

"Cənub" kəlməsini öyrənəndə mən.

Bəlkə də günahkar müəllimimdi,

yox, yox!

səhv elədim o, "cənub" dedi.

Bu söz hicranımdır, bu söz qəmimdi -

O kaş deməyəydi, kaş deməyəydi...

Mənmi günahkaram, neçə kitabdan

şərqimi, qərbimi öyrənmişəm mən.

Həmən cəhətləri öyrənən zaman

sən demə dərdimi öyrənmişəm mən.

Bəzən deyirəm olmazdı dərdim:

bilsəm ki, bu sözü oğurlamaqla

yaram sağalacaq əbədi mənim,

bütün Yer üzünün kitablarından,

bu bircə kəlməni oğurlaram mən.

Hərdən istəyirəm deyim düzünü -

unudam əbədi "CƏNUB" sözünü!

Bacara bilmirəm, sanki həyatım

Bu bircə söz üçün səsdədir, səsdə

yol ilə gedəndə "cənub" kəlməsi

Elə bil yazılır səkilər üstə.

Bu söz kipriyimdən tutub elə bil

sevgitək düşməyir bu söz dilimdən.

Mənə elə gəlir, hər şeydən əvvəl

"Cənub" kəlməsini öyrənmişəm mən.

Bu söz çörəyimdir,

havamdır mənim...

Bu söz dərmanımdır,

davamdır mənim.

 

 

Tofiq ABDİN

525-ci qəzet.- 2015.- 24 fevral.- S7.