Tbilisidə Polad Bülbüloğlunun 70 yaşı qeyd olunub

 

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Cansuq Kaxidze adına Tbilisi Musiqi və Mədəniyyət Mərkəzində keçirilən konsertdə Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycandan, Moskvadan və digər ölkələrdən gələn qonaqlar iştirak ediblər.

 

Tədbirin aparıcısı Vaxtanq Kaxidze P.Bülbüloğlunun 70 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb: "Atasından - dahi Bülbüldən xalqını, Vətənini, xalqının incəsənətini sevməyi öyrənən Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır".

 

Daha sonra səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur "Azərbaycan" mahnısını ifa edib.

 

Yubilyar tədbirin keçirildiyi mərkəzin tikilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu vurğulayıb: "Keçmiş SSRİ dövründə Mərkəzi Komitənin icazəsi olmadan heç bir möhtəşəm bina tikilə bilməzdi. Görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə tikilən bu möhtəşəm bina Gürcüstanın mədəni həyatında mühüm rol oynayıb. Bu gün ümummilli liderin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Yubilyar onun yaradıcılığına verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirib.

 

Sonra Azərbaycanın Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Gürcüstan Simfonik Orkestri yubilyarın mahnılarını ifa edib.

 

Polad Bülbüloğlu orkestrin müşayiəti ilə "Qara tellər", "Xumar oldum", "Ay dilbər", "Gəl ey səhər" və digər mahnılarını səsləndirib. Yubilyarın "Məhəbbət və ölüm" baletindən, həmçinin "Qorxma mən səninləyəm" filmlərindən parçalar göstərilib.

 

Gecədə orkestr, görkəmli sənətkarın oğlu Murtuza Bülbülün dirijorluğu ilə də yubilyarın mahnısını ifa edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 24 fevral.- S7.