Milli opera səhnəmizin təkrarsız
Ərəbzəngisi
Bənzərsiz sənətkarımız, Azərbaycan
opera səhnəsinin şahzadəsi Gülxar xanımla
heç vaxt yaxından ünsiyyətdə
olmamışdım. Yalnız bir dəfə Gülxar
xanımın ömrünün sonlarına yaxın bu xoşbəxtlik
mənə nəsib oldu.
Uşaqlıq
illəri və ata ocağı
"Sənətkarın ömrü sənətin
ömrü qədərdir" - deyənlər
yanılmayıblar. Bir əsrə yaxın sənət
ömrü yaşamış Gülxar Həsənovaya Allah hər
kəsə nəsib olmayan uca boy, gözəl qamət (hərtərəfli
gözəllik), ən başlıcası isə bənzərsiz
istedad, məlahətli, ürəyəyatımlı səs
vermişdi.
Bəzən adama elə gəlir ki, məşhur və
tanınmış şəxsiyyətlər heç uşaq
olmayıblar.
Həmişə bu insanları
gördüyümüz, tanıdığımız görkəmdə
təsəvvür edirik. Onların özlərini
təsdiq edənə kimi keçib gəldikləri çətin
və mübarizəli, enişli-yoxuşlu, əzab-əziyyətli
yolları unuduruq. Bütün uşaqlar
kimi onların da bəzisi sakit təbiətli, üzüyola, bəzisi
isə dəcəl və nadinc olub.
Həsənova Gülxar İbrahim qızı 1920-ci ilin
ayazlı-şaxtalı dekabr ayının 10-da Şəmkir
rayonunun Kolxozkənd (Bayramlı) kəndində dünyaya gəlib. Gülxar xanımın atası
İbrahim kişi, anası Nabat xanım
tanınmış bəy nəslindəndir. Atası
İbrahim kişi Bayramlı kəndində
poçt şöbəsinin rəisi işləyib. Bu ailənin uşaqları Zəyəm
stansiyasındakı yeddiillik məktəbdə oxuyublar. Gülxar xanım elə körpəlikdən
çox bacarıqlı idi. Kiçik olmasına
baxmayaraq, böyük qardaşları Həmid, Nazim və Səlim
nə eləsə onlara qoşulardı: əlifbanı öyrənənlə
əlifbanı öyrənərdi, hesabı öyrənənlə
hesabı öyrənərdi. Bir sözlə,
heç nədə qardaşlarından geri qalmazdı.
7
yaşlı Gülxar məktəbə getməzdən əvvəl
sərbəst oxumağı və yazmağı bildiyi üçün Zəyəmdəki
yeddiillik məktəbin birbaşa ikinci sinfinə qəbul
edilib. O deyirdi: "Mən
bütün fənləri sevirdim, lakin ən çox sevdiyim dərs
nəğmə dərsi idi. İstəyirdim ki,
hər gün nəğmə dərsi olsun. Buna baxmayaraq, xəyalıma da gətirməzdim ki, mən
nə vaxtsa müğənni olacağam".
Gülxar orta məktəbi bitirdikdən
sonra təhsilini davam etdirmək üçün Bakıda ali
məktəbdə oxuyan qardaşlarının yanına gəlir
və xalasıgildə qalır. Ailəsi
Gülxarı həkim görmək arzusunda idi. Həmin il Gülxar uğurla imtahan verib, Tibb Texnikumunun
mamalıq şöbəsinə qəbul olundu. Lakin musiqiyə
olan məhəbbəti Gülxarı bir an
da olsun tərk etmirdi. Buna görə də o, texnikumun nəzdində,
habelə Əli Bayramov adına Qadınlar
klubunda özfəaliyyət dərnəyinə üzv
yazılmışdı. Gənc qız nəfəsli
alətlərin ifaçılığı ilə
yanaşı, yaxşı səsi olduğu üçün
xalq mahnıları oxuyar, həm də dram dərnəyində
müxtəlif rollar oynayardı.
Keşməkeşli
həyat yolu və iztirablı anlar
Gülxar
Tibb Texnikumunu bitirdikdən sonra N.Nərimanov adına
Tibb İnstitutunun Mamalıq fakültəsinə qəbul
olunur, ancaq onun bu sevinci uzun çəkmir. Cəmi
3 ay oxuduqdan sonra onu institutdan xaric edirlər. Səbəbi də bu idi ki, atasının yaxın
qohumu Həmid Sultanov və onun həyat yoldaşı Ayna
Sultanova xalq düşməni kimi tutulmuşdu. Gülxarın qardaşlarını və
atasını da işdən qovurlar. Beləliklə,
ailə böyük məhrumiyyətlərlə üz-üzə
qalır.
Qızının
gələcək taleyindən narahat olan İbrahim kişi gizlicə kənddən ona başqa bir
yaş kağızı göndərir. Bu yaş
kağızında babasının adı ona soyad kimi
yazılmışdı, anadan olduğu il
isə 1918-ci il (2 il ondan öncə olub, körpə ikən
ölən bacısının təvəllüdü)
göstərilmişdi.
Lakin Gülxar təhsilini davam etdirmək arzusundan vaz
keçmədi. Amma bu dəfə sənətə olan həvəsi
onu 1935-ci ildə Bakı Teatr Texnikumuna gətirdi. Gülxar texnikumu 1937-ci ildə əla qiymətlərlə
bitirdi. Təhsil ala-ala 1936-cı ildə Azərbaycan
Gənc Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə
başladı.
1941-ci il
Gülxar üçün çox unudulmaz oldu. Günlərin
bir günü Dənizçilər klubunda keçirilən
konsertdə görkəmli sənətkarlarla birlikdə
çıxış etdi. Konsertdə
Gülxar xanımı tarda ustad tarzən Qurban Pirimov
müşayiət edirdi. Qurban Pirimov
qızın səsinə valeh olmuşdu. O, konsertdən
sonra Gülxarı yanına çağırdı:
"Yaxşı olar ki, sən Opera Teatrına gedəsən,
orada sənə daha çox ehtiyac var" - deyib, onu uğurlu
çıxışına görə təbrik etdi.
Gülxar
xanım bu əhvalatı belə xatırlayırdı:
"Söhbətdən 3 gün keçmişdi. İncəsənət
İdarəsinin (indiki Mədəniyyət Nazirliyi)
işçisi Ağasəlim Manaflı bizim teatra gəlib mənə
dedi ki, Üzeyir Hacıbəyov sənin səsinə qulaq
asmaq istəyir. Səhəri
gün məni filarmoniyada keçirilən konsertə dəvət
etdilər ki, orada çıxış edim, Üzeyir bəy səsimi
dinləsin. Küçələrdə
divarlara vurulmuş afişalarda isə tamaşaçılara
Münəvvər xanım Kələntərli, Şirzad
Hüseynov və Xanlar Haqverdiyevin konserti haqqında məlumat
verilirdi. Deməyim odur ki, afişada mənim adım yox
idi... Nəhayət, gözlənilən məqam
gəldi. Mən səhnəyə
çıxdım. Amma məni heç kim
tanımırdı. Nə adım çəkiləndə, nə
də səhnəyə çıxanda heç kim məni alqışlamadı... Elə ki
başladım oxumağa... Ani sükutdan sonra
alqış sədaları kəsilmək bilmirdi. Utandığımdan mahnını tez qurtarmaq
üçün "Bayatı-Şiraz"ın ortadakı
şöbəsini oxumadım. Üzeyir bəy
o vaxt İncəsənət İdarəsinin rəhbəri
Mirzə İbrahimovla lojada oturub mənə qulaq
asırdı. Konsert qurtarmamış məni
filarmoniyanın direktorunun otağına
çağırdılar. Fikirləşdim ki, yəqin mahnını
yarımçıq oxuduğum üçün danlayacaqlar. Narahatçılığa səbəb olmadı, əksinə,
Üzeyir Hacıbəyovla Mirzə İbrahimov məni təbrik
etdilər. Üzeyir bəy soruşdu ki, bəs
niyə yarımçıq oxudun, axı yaxşı
oxuyurdun?!
Utandığımı söylədim və fikirləşdim
ki, bəlkə tamaşaçıların heç xoşuna
gəlmir, bu səbəbdən də mahnını tez
qurtardım... O, sözümü kəsərək, - Yox,
qızım, çox yaxşı oxudun, təbrik edirəm. Sən
sabahdan operaya gələrsən, - dedi. Orada isə bədii
şuranın iştirakı ilə başda İsmayıl
Hidayətzadə olmaqla, Bülbül Məmmədov,
Əlövsət Sadıxov, Məmmədtağı Bağırov,
Hüseynağa Hacıbababəyov, Əşrəf Həsənov,
Əfrasiyab Bədəlbəyli və Qurban Pirimov səsimə
qulaq asıb, xarici görkəmimə baxıb, məni Opera
Teatrına qəbul etdilər..."
Bənzərsiz
sənətkar, bənzərsiz istedad
Beləliklə, Opera Teatrına qəbul olan Gülxar
xanım 1942-ci ildən 1980-ci ilədək Azərbaycan Opera və
Balet Teatrının solisti oldu. İşinin çox,
vaxtının az olmasına baxmayaraq,
1959-cu ildə ADU-nun Biologiya fakültəsini də bitirdi. 1980-ci ildən isə Gənc Tamaşaçılar
Teatrının məşqçi-pedaqoqu oldu. Bununla yanaşı,
"Leyli və Məcnun"da Leyli və Leylinin anası,
"Əsli və Kərəm"də Əsli,
"Koroğlu"da xanəndə qız, "Aşıq Qərib"də
Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi,
"Bahadır və Sona"da Təravət xanım,
"Arşın mal alan"da Telli, "Vaqif"də
qarı, "Gəlin qayası"nda Ana kimi yaddaqalan obrazlar
yaratdı.
Azərbaycan
xalqının fəxri, Şərqin ilk opera yazan qadın bəstəkarı,
Xalq artisti mərhum Şəfiqə xanım Axundova
danışırdı:
"Bir dəfə tanınmış şəxsiyyətlərlə bərabər Üzeyir bəylə mən də operada "Şah İsmayıl" operasına tamaşa edirdik. Ərəbzəngini Gülxar oynayırdı. Böyük həvəslə baxırdıq. İnandırım sizi, zalda o qədər sakitlik var idi ki, elə bil zal boş idi. Tamaşadan sonra Üzeyir bəy başını bulayaraq dedi: "Bu qız Ərəbzəngini necə oynayırsa, mən yadımdan çıxarıram ki, bu, Gülxardır. Elə bilirəm hansısa bir kişi müğənnidir. Halaldır ona". İnanırsan, qızım, mən özüm də Gülxarın səsinə heyran qalırdım. İnana bilmirdim ki, rolda Gülxardır".
Opera səhnəsində özünəməxsus iz qoymuş SSRİ Xalq artisti, dünya şöhrətli sənətkarımız mərhum Lütfiyar İmanovla söhbətimizdən: - "Mən Gülxarı operada işləməmişdən əvvəl də tanıyırdım. Hər şeydən əvvəl, o, gözəl insan, sadiq dost idi. Opera səhnəsində Gülxar Həsənovanın oynadığı rollar Xalq artisti Həqiqət Rzayevanın oynadığı rollardan geri qalmır. Mən operada Gülxarla tərəf-müqabili də olmuşam. Biləndə ki, onunla oynayacam əhvali-ruhiyyəm tam başqa olurdu. Daha da həvəslə oynayırdım. "Vaqif"də mən Vaqifi, Gülxar isə qarını, "Koroğlu"da mən Koroğlunu, o, xanəndə qızı, "Bahadır və Sona"da isə Gülxar Təravət xanımı oynayırdı. Hal-hazırda Gülxar xanımın oynadığı rolları Gülxar səviyyədə oynayan aktrisa görmürəm. Məndən heç kəs inciməsin. Onun yetişdirdiyi tələbələri də indi heç kəs yetişdirmir. Gəlin Gülxarın oynadığı rollara nəzər salaq: "Leyli və Məcnun"da Leyli hara, "Əsli və Kərəm"də Əsli hara, "Vaqif"də qarı hara, "Şah İsmayıl"da Ərəbzəngi hara? Lakin Gülxar hər obrazı özünəməxsus oynayırdı. Gülxar xanımın pedaqoqluğu da əvəzsiz idi... Nəhayət, onu da deyim ki, Tanrı Gülxar Həsənovadan heç nəyi əsirgəməmişdir, bütün gözəlliklərlə yanaşı, hərtərəfli istedad da bəxş etmişdir".
Gülxar xanımın oxuduğu muğamları, təsnifləri, xalq mahnılarını, opera səhnəsində saysız rollarını xatırlayanda heyrətlənməmək mümkün deyil. Sənətkarın yaradıcılıq palitrası o qədər zəngin, o qədər genişdir ki, onun operalarını, muğamlarını nəinki yığcam bir yazıda, hətta böyük bir kitabda da təhlil etmək qeyri-mümkündür. Bundan ötrü gərək müğənninin yaşadığı o yetmiş ilin sənətkar narahatlığını, sənətkar əzabını, sənətkarın yuxusuz gecələrini, həyəcanlı dəqiqələrini onunla birlikdə yaşayasan...
Qəlblərdə həmişə yaşayacaq
Böyük sənətkarımız Gülxar Həsənova 2005-ci ilin mart ayında dünyasını dəyişib. Lakin Azərbaycan xalqı yüz il keçsə belə, bu gözəl sənətkarı yaddaşına əbədi həkk edib və gələcək nəsillər bu sənət məktəbindən hələ çox faydalanacaqlar.
Sənətdə öz sözünü demiş Gülxar xanım daim rəhbərliyin diqqətində olub. O, "Şərəf nişanı", "Şöhrət" ordenləri, "Müharibə Veteranı" nişanı və saysız-hesabsız dövlət mükafatları ilə təltif edilib. 1954-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.
Bənzərsiz səsə malik unudulmaz sənətkarımız Gülxar xanım həm də Azərbaycan teatr və kino tarixində öz yaradıcılıq dəst-xətti ilə seçilən aktyor, dünyasını çox erkən dəyişən mərhum sənətkarımız Hamlet Qurbanovu dünyaya gətirib.
Allah hər ikisinə rəhmət eləsin!
Məleykə
QASIMQIZI
525-ci qəzet.- 2015.- 24 fevral.- S.6.