Regionların inkişafı dövlətin
mədəni-iqtisadi inkişafının özəyidir
Şərqin
hikmətini və müdrikliyini Qərbin müasirliyi və
sürətli inkşaf tempini özündə birləşdirən
Azərbaycan hər kəsi nəinki öz tarixi, gözəlliyi
və memarlığı,eyni zamanda iqtisadi
inkişaf modeli ilə heyrətləndirməyi bacarır...
Azərbaycan
uğurlu neft strategiyasının əsasını qoyan
"Əsrin müqaviləsi"nin
icrasına başlanılması ilə ölkəyə xarici
investisiyaların cəlb olunmasına nail oldu. Artan enerji gəlirlərini
qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın hərtərəfli
inkişafına nail olmaq sonrakı dövrdə Azərbaycan
dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən
birinə çevrildi.
Ölkəmizdə
bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən
də regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və biznes mühitinin
formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin
həyat şəraitinin yaxşılaşdırılması
məsələləri Prezident İlham Əliyevin son on ildə
yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri oldu.
Rəqəmlər
böyük inkişafdan xəbər verir
Regionlarda
mövcud olan əmək ehtiyatlarından, təbii və
iqtisadi potensialdan səmərəli istifadə etmək,
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək
və əhalinin məşğulluğunu artırmaq,
yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli
investisiya şəraiti, yeni iş yerləri yaratmaq istiqamətində
sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə
bir neçə dövlət proqramı qəbul edildi ki, bu
proqramlarının icra olunduğu 10 il ərzində ümumi
daxili məhsul 3,2 dəfə, o cümlədən, qeyri-neft
sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı
1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri
6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə
artdı.
Bu
müddətdə həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində ölkədə 900 min
daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə
yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi
isə 5,3 faizə endi.
Bununla da
Azərbaycanın maliyyə imkanlarını artdı, ölkəmiz
transmilli layihələrin təşəbbüskarı və əsas
iştirakçısı kimi çıxış etməyə
başladı, paytaxtda və regionlarda müasir infrastukturun
yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin
fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi,
biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın
dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət
qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat
səviyyəsinin davamlı olaraq
yaxşılaşdırılmasına səbəb oldu.
Özünü
doğrultmuş qaynaqlar
Beləliklə,
ötən 10 il ərzində
regionların inkişafına ümumilikdə 27 milyard manata
yaxın vəsait ayrıldı və bu dövlət
investisiyaları bölgələrin sosial-iqtisadi
inkişafı üçün əsas təkan rolunu
oynadı. Dövlət dəstəyinin
uğurlu həyata keçirilməsində əsas
nüanslardan biri hədəflərin düzgün müəyyənləşdirilməsi
oldu.
Kənd təsərrüfatı regionların sosial-iqtisadi
inkişafı üçün özül sayılır, belə
ki torpaq əvəzolunmaz istehsal vasitəsidir və
yüngül və yeyinti sənaye sahələrinin
inkişafı aqrar sahədən kənarda mümkün deyil. Nəzərə
alsaq ki, neft məhsulları istehsalı prosesindən başqa
sənayenin bütün növ emaledici sahələri kənd
təsərrüfatına bağlıdır, bu baxımdan
2014-cü ilin "Sənaye ili" elan olunması da aqrar
sektorun inkişafında mühüm rol oynadı.
Ölkəmizdə olan əlverişli iqlimi və
torpaqları sitrus meyvələrindən
alışılmış meyvələrə qədər
geniş çeşidli məhsullar istehsal etməyə imkan
verir. Həm yerli, həm də ixrac bazarları, eləcə
də emal üçün məhsullar, şimaldan cənuba qədər
uzanan xətt boyunca - şimalda Quba və Xaçmazdan cənubda
Astaraya qədər olan ərazidən təchiz olunur.
Ölkəmizin Şimal və Aran iqtisadi zonalarında
heyvandarlıq və süd istehsalı üçün də
əlverişli təbii şərait mövcuddur. Eyni zamanda
ölkəmizin zəngin florası da gəlirli tibbi və ənənəvi
yağ bitkiləri sektorunun
yaradılmasına imkan verir. Dünya Bankının
hesablamalarına görə, Azərbaycanda bir sıra meyvə
(alma, xurma, gilas, nar), alma və nar şirəsi, faraş
kartof, fındıq, feyxoa, kivi, istixana şəraitində yerləşən
pomidor və xiyar digər ölkələrlə müqayisəli
üstünlüyə malikdir.
Məsələ ilə bağlı fikirlərini qəzetimizlə
bölüşən ekspert Vüqar Bayramov qeyd edir ki,
hazırda ixrac olunan əsas kənd təsərrüfatı və
qida məhsullarına meyvə və tərəvəz, şəkər,
bitki yağı, spirtli və spirtsiz içkilər və s.
daxildir. Ancaq emal esaslı sənaye sahələrinin
yarılması regionların inkişafına təkan verəcək.
"Kənd təsərrüfatı məhsullarının
xammal formasında xarici bazarlara çıxarılması bəzən
itkilər gətirir. Ancaq emal olunmuş,
konservləşdirilmiş məhsulların xarici bazarlara
çıxarılması üçün regionlarda
aqroparkların yaradılması regionlara həm investisiya
axınına həm də məhsullarımızın Avropa
bazarlarına çıxarılmasına imkan verəcək".
Kənd təsərrüfatı məhsullarının
ixracat istiqaməti olaraq MDB ölkələri, əsasən
Rusiya və eləcə də şərqi Avropa ölkələri
prioritet göstərilir. Rusiya, Gürcüstan və Türkiyə ilə sərhəddə
ortaq kənd təsərrüfatı məhsulları
bazarları təşkil olunması sərhəd rayonların
daha da inkşafına yardımçı ola
bilər.
Xatırladaq
ki, Prezident İlham Əliyevin sərəncamı ilə
2015-ci il ölkəmizdə "Kənd təsərrüfatı
ili" elan edilib və bu il ilk aqroparkın əsasının
da qoyulması nəzərdə tutulur. Eyni
zamanda 2015-ci ildə 12 rayonda 30 min hektardan artıq sahədə
19 iri fermer təsərrüfatı yaradılacaq.
Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının
tədarükü, saxlanması, daşınması, ixracı
və satışını təmin edəcək və tutumu
110 min ton olan 3 logistik mərkəzin və daxilində
"fermer mağazaları" da fəaliyyət göstərəcək
"yaşıl market" kompleksi istifadəyə veriləcək".
Yeni
texnologiyaların cəlbi
Son on ildə
Azərbaycan iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, sənayenin inkişafında da böyük
uğurlar qazanılmış, sənaye məhsulları
istehsalının həcmi 2,7 dəfə
artmışdır. Bugün, Sumqayıt, Gəncə, Mingəçevir
və digər şəhərlər sənayeləşmənin
mərkəzi regionları kimi sürətlə inkişaf
edir.
Bu gün qeyri-neft sektorunun inkişafı
üçün bölgələrin sənaye potensialı
çoxdur. Həmin
potensial qara və əlvan metallurgiyanın, tibb sənayesinin,
maşınqayırmanın, xüsusən kənd təsərrüfatı
texnikası və avadanlığı, cihazqayırma, alətqayırma,
vaqonqayırma və s. sənaye sahələrini inkişaf
etdirməyə imkan verir. Hal-hazırda Azərbaycanda avtomobil, traktor və
motorla hərəkət edən müxtəlif hərbi texnika
və s. istehsal edilir. Tədricən həmin
məhsulların əsas hissələrini də
respublikanın özündə istehsal etməklə
maşınqayırmanı iqtisadiyyatın çox vacib sahəsinə
çevirmək mümkündür.
Sənayeləşmə
siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan
sənaye müəssisələrinin yaradılması və
inkişafı burada ümumi sosial-iqtisadi inkişaf səviyyəsini
xeyli yüksəltməklə əhalinin "mərkəzəqaçma"
meylini azaltmaqla yanaşı, bölgələrdə
işsizlik probleminin həllinə də yardımçı
ola bilər.
Sənaye sektorunun yeni ünvanları olan Daşkəsən,
Gədəbəy, Naxçıvan, Neftçala, Mingəçevir
postsənayeləşmənin vahid kompleksə çevrilməsində
strateji rola malikdir. Belə ki, bu il yaradılacaq ilk sənaye
məhəlləsi məhz Neftçalada həyata keçiriləcək.
Sənaye məhəllələrinin Gəncəətrafı
rayonlarda, eləcə də Şirvan şəhərində və
Siyəzən rayonunda yaradılması
planlaşdırılır. Bu ərazilərdə
həm yerli, həm də xarici investorlara güzəştlərin
müəyyənləşdirilməsində məqsəd
orada cəlbedici investisiya mühiti yaratmaqdır.
İnkişaf imkanları geniş olan sahələrdən
biri də filiz-çıxarmadır. Böyük və
Kiçik Qafqazın Azərbaycan hissəsinində əlvan
metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə
filizlərinin geniş yataqları mövcuddur. AzərGold
QSC-nin yaradılması ölkəmizdə əlvan metal
yataqlarının öyrənilməsi, kəşfiyyatı və
bütövlükdə bu sahədəki istehsalın
formalaşdırılmasına xidmət edəcək.
Eyni zamanda son onilliklərdə ölkəmizdə
çox sayda qızıl yataqları kəşf olunub. Azərbaycanın
qızıl ehtiyatlarının bir hissəsi işğal
olunmuş ərazilərdə qaldığı
üçün həmin ehtiyatları hasil etmək
mümkün deyil. Ancaq işğaldan azad
edildikdən sonra bu rayonların inkişafının
artırılması istiqamətində AzərGold
mühüm rol oynaya bilər.
Təbiətimiz
sərvətimizdir
Əsrarəngiz
təbiəti, mülayim və saf dağ iqlimi, zəngin fauna
və florası, yeraltı və yerüstü su sərvətləri,
çayları, şəlalələri, mineral bulaqları,
meşələri, habelə ləziz mətbəxi və
yüksək qonaqpərvərliyi ilə seçilən
rayonlarımız ilin bütün fəsillərində turistləri
özünə cəlb edir.
Qeyri-neft sektorunun inkişafı istiqamətində
regionlarda turizmin inkişafı prioritet olaraq qalır. Ötən
müddətdə Bakı və regionlarda turizm komplekslərinin,
otellərin, istirahət mərkəzlərinin istifadəyə
verilməsi turizmin inkişafına, əhalinin istirahətinə
geniş imkanlar yaratmışdır. Son 10
ildə 14-ü regionlarda olmaqla, 35 beşulduzlu otel istifadəyə
verilmiş və bu istiqamətdə işlər uğurla
davam etdirilir.
Turizm sahəsində böyük inkişaf
potensialına malik regionlar Şimal-Qərb və Cənub
bölgələrini göstərmək olar ki, Qax regionunun
timsalında bunu nəzərdən keçirək. Regionun
yumşaq iqlimi, geniş meşələri, çoxsaylı əhalisi
və əmək ehtiyatları, çayları var. Bu şərtlər
ərazidə iqtisadiyyatın mühüm sahələrini o
cümlədən, turizmi inkişaf etdirməyə imkan verir.
Burada yaradılacaq turizm kompleksləri ekstrimal turizmi sevənlər
üçün çox gözəl ola
bilər.
Ölkəmizdə artıq belə bir layihə
qış turizmi sahəsində uğurla həyata
keçirilib.
Azərbaycanda ən mükəmməl layihələrdən
olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin
reallaşdırılması respublikamızda dağ-xizək
idmanı və digər qış idman növlərinin
inkişafı üçün hərtərəfli imkanlar
açıb.
Azərbaycan, həm də müalicə əhəmiyyətli
mineral suları ilə zəngindir ki, bu möcüzəli
sularından biri də Masallıdakı məşhur
"İstisu"dur. Bu şəfaverici təbii bulaq dəniz səviyyəsindən
1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov
dağının ətəyindədir. Burada
müasir panseniatın yaradılması müalicə-sağlamlıq
turizminin inkişafı üçün təkan verə bilər.
Eyni zamanda Xınalıq kimi yüksək dağ kəndlərində
eko turizmi yaratmaq da ucqar kəndlərin inkişafına
yardımçı olacaq.
İnkişaf
infrastrukturla gəlir
Ölkənin iqtisadi inkişafında mühüm məqamlardan
biri də ölkədə müasir nəqliyyat infrastrukturu
yaradılıb. Avropa ilə Asiya arasında mühüm nəqliyyat dəhlizində
yerləşməyimiz ölkəmizdə son dövrlər nəqliyyat
infrastrukturu şəbəkəsinin genişləndirilməsinə
və müasirləşdirilməsinə təkan verdi.
Ötən illər ərzində Azərbaycanda 7 aeroport
tikilmiş və yenidən qurulub, 10 min kilometrə yaxın
avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb
və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri
üzrə avtomobil və dəmir yollarının tikintisi və
yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və
Xəzər sahilində ən iri dəniz limanının
inşası layihələri xüsusi əhəmiyyət kəsb
edir.
Ekspert
İlqar Muradov qəzetimizə müsahibəsində bildirib
ki, regionlarda həyata keçirilən çoxşaxəli
infrastruktur layihələri- yaradılan telekommunikasiya xətləri,
avtomobil yolları, dəmiryolları,port və hava limanları
və ən əsası içməli və suvarma su xətləri
- regionların inkişafında özünü
doğrultmuş yanaşmadır.
"Avtomobil yolunun tikintisi yerli əmək
və əmtəə tələbatını artırır və beləliklə regionda
mövcud gəlirlər artır", Muradov qeyd edir. "Regionlar yükdaşımalar üçün əlverişli
imkan eldə edir və gələcəkdə ölkəmizin
regional logistik klaster modelinə dönüşünə xidmət
edəcəkdir. Logistik klasterlər həm
onu əhatə edən regionların bir-biri ilə əlaqələrini
möhkəmləndirir, həm də həmin regionların
inkişafına təkan verir".
Mütəxəssis həmçinin vurğulayır ki,
bu istiqamətdə əhalinin təhsili də mühüm rol
oynayır belə ki, bazarın tələbinə uyğun təhsilin
uzlaşdırılması vacibdir.
Yeni iqtisadi reallıqlar şəraitində regionlarda
innovativ istehsal sahələrinin yaradılması təhsil və
gənclərin məşğulluğu sahəsində də
bir sıra tədbirlərin
reallaşdırılmasının vacibliyini vurğulayır.
Ölkə
regionlarında formalaşmış yüksək ixtisaslı
kadr potensialı, xüsusilə "qara
qızıl"ın "insan kapitalı"na,
intellektin, kadrlaşmanın, peşəkarlığın
inkişafına çevirmək siyasəti çərçivəsində
gənclərin inkişafında da böyük rolu
olacaqdır.
Ayrı-ayrı regionların əsas mədəni-iqtisadi
dayaqları kimi təşəkkül edən regional mərkəzlər,
təbii ki, öncə insanların doğulduqları məkanda
onların məskunlaşmasını möhkəmləndirməklə
insanların məcburi miqrasiyasının
qarşısının alınmasına, əhalinin intellektual
dünyagörüşünün artmasına,
düşüncə dairəsinin genişlənməsinə,
mədəni səviyyələrinin yüksəlməsinə
səbəb olur.
Qoyulan
investisiyalar Azərbaycanın uzunmüddətli inkişafı
üçün mühüm baza formalaşdırır və öz nəticəsini
gələcək onilliklərdə daha bariz formada göstərməyə
başlayacaq.
Gülqız
DADAŞOVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün çap olunub. Layihənin istiqaməti:
"Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi"
525-ci qəzet.-
2015.- 25 fevral.- S8.