"Yaşlı nəsillə mübarizə aparırsansa, gözəl əsərlər yaz..."

 

YAZIÇI-DRAMATURQ, MİLLİ MƏCLİSİN DEPUTATI HÜSEYNBALA MİRƏLƏMOV: "BOŞ-BOŞ DANIŞMAQLA, POPULİZMLƏ ƏDƏBİYYAT YARATMAQ OLMAZ"

 

 

- Hüseynbala müəllim, siz siyasətçi, millət vəkili olmaqla yanaşı, həm ədəbiyyat-söz adamısınız. Sizə yaxşı məlumdur ki, tarixən ədəbiyyatda nəsillər arasında "atalar oğullar" mübarizəsi gedib bu gün var. XX əsrin sonları XXI əsrin əvvəllərindən isə həyatımıza daxil olan informasiya-kommunikasiya sistemləri, yeni texnologiyalar bu mübarizəni daha da alovlandırıb. Demək olar ki, hər gün saytlarda, portallarda, digər sosial şəbəkələrdə bu mübarizə elementlərinə, qarşılıqlı ittihamlara rast gəlinməkdədir. Bu baxımdan necə hesab edirsiniz, bu mübarizənin ədəbiyyata, ədəbi proseslərə bir xeyri varmı, yoxsa?..

 

 - Vallah, mən əslində bunu mübarizə adlandırmazdım. Mən bunu xırda-xuruş-çayxana intriqası adlandırardım. Bəziləri çayxanada çay içə-içə oturub qeybət aparırlar. Düzdür, onların arasında istedadlı uşaqlar - istedadlı şairlər, publisistlər var, mən onları oxuyuram, izləyirəm, ancaq elə-belə boş-boş yazan, bir cümləsi belə oxunmayanlar da var. Ona görə mən bunu ədəbiyyat, nəsillər - "atalar-oğullar" mübarizəsi adlandırmazdım. Mən mübarizəni onda görürəm ki, məsələn, bu gün bir roman yazmışam - qoymuşam ortaya, insanların-cəmiyyətin mühakiməsinə vermişəm. Mənimlə mübarizə aparmaq üçün sən daha yaxşı roman yazmalısan, onu ortaya qoymalısan deməlisən, əzizim, sənin yazdığın bunun yanında heç nədir. Yəni, qoy cəmiyyət oxusun - özü qiymət versin. Sözün həqiqi mənasında əgər kütlə-oxucular doğrudan da desə ki, məsələn, bunun yazdığı roman onun yazdığı romandan, o hekayə bu hekayədən yaxşıdır, bu, əsl mübarizə sayıla bilər. Klassik ədəbiyyatdan nümunə gətirmək istəyirəm. Görün, dahi Tolstoy Çexov haqqında deyir: "Əgər rus ədəbiyyatının bütün yazıları, bütün romanları, bütün əsərləri, ümumiyyətlə, rus ədəbiyyatı yansaydı, bircə Çexovun hekayələri qalsaydı, bu, bəs edərdi". Mən əsl mübarizə buna deyirəm. Sən otur Anarı, Elçini, İsmayıl Şıxlını, Səməd Vurğunu, Məmməd Arazı, digər görkəmli ədiblərimizi çayxanada "təhlil" elə, bu, mübarizə deyil, axı! Bu, çayxana intriqasıdır, boş-boş söhbətlərdir. Yenə deyirəm, mübarizə odur ki, güclü əsər yaz qoy meydana, de ki, sənin əsərlərin mənim əsərlərimdən zəifdir. Biz deyək ki, eşq olsun bizim gəncliyə, bizdən gözəl əsərlər yazırlar.

 

 - Yaşlı nəslin nümayəndələrini ittiham edənlər, daha doğrusu, onları inkar edənlər özlərini postmodernist, avanqardist sair adlandırırlar...

 

 - Bilirsiniz, iki dəfə iki dörd edir. Riyaziyyatda qeyri-adi, qeyri-real yolla bəzən ikini ikiyə vurub 5 alırlar. Elə mən özüm orta məktəbdə oxuyanda iki vur ikini beş edirdim. Sübut edirdim ki, iki vuraq iki - beşdir. Amma həmin özlərini postmodernist, avanqardist, bilim ist adlandıranlar onlar boş şeylərdir. Bizim gənclik illərimizdə abstrakt rəssamlıq, abstrakt rəssamlar vardı - onlar əllərini müxtəlif rənglərə basıb sonra da onu vururdular divara, deyirdilər ki, bu, böyük əsərdir. Əslində isə o,  heç idi. İndi bu postmodernistləri , avanqardistləri həmin abstrakt rəssamlara bənzədirəm, onlar boş-boş işlərlə məşğul olurlar. Ədəbiyyatı oxuyandan sonra ruhun dincəlməlidir, ədəbiyyatı oxuyandan sonra gözlərin yaşarmalıdır yaxud sevinməlisən, bir müddət onun təsiri altında yaşamalısan. Budur ədəbiyyat, budur sənət. Ona görə mən onları qəbul etmirəm, onların yazdıqları da abstrakt rəssamların çəkdikləri "şah əsərlər" kimi "əsərlər"dir...

 

 - Onlar bildirirlər ki, yaşlı nəsil ədəbiyyatdan getməyincə Azərbaycan ədəbiyyatı inkişaf etməyəcək...

 

- Sizə qurban olum, lap tutaq ki, yaşlı ədəbi nəsil getdi, dəyişəcək? Bizim getməyimizlə, yaşlı nəslin sıradan çıxmasıyla - mən özümü böyük mənada yazıçı saymıram, söhbət ümumən yaşlı nəsildən gedir - kiməsə əlavə istedad veriləcək, vəhy gələcək ki,  gözəl əsər yaz?! Qardaş, qurban olum, yaz da, saytlar, jurnallar, qəzetlər var, çap elətdir, qoy bəşəriyyət - bütün insanlıq ayağa qalxsın, sənin kitablarını çıraqla axtarsın. Yaşlı nəslin olub-olmamasının sənin istedadına dəxli var?! Ona görə deyirəm ki, bu fikirlər boş söhbətdir, cəfəngiyyatdır. Bunlar xırda intriqalardır. Belə boş-boş danışmaqla, populizmlə ədəbiyyat yaratmaq olmaz. Bizim istedadlı gənclərimiz bir şeyi başa düşməlidir ki, onlar oturub yazmalıdırlar, yaratmalıdırlar. Yaşlı nəsillə mübarizə aparırsansa, gözəl əsərlər yaz, güclü əsərlər yarat, qoy ortaya... Həmin gənclərə məsləhət görürəm ki, əsl ədəbiyyat görmək istəyirlərsə, Anarın yeni əsərini - "Gözmuncuğu" povestini oxusunlar. Onu oxusunlar əgər mübarizədən danışırlarsa, çalışıb ondan gözəl əsər yaratsınlar, sonra meydana çıxsınlar.

 

- Hüseynbala müəllim, bu da faktdır ki, Sovetlər dövründə - qapalı mühitdə böyük əsərlər yazılırdı, yaranırdı nəinki indiki - azadlıq, müstəqillik dövründə...

 

 - Bu məsələdə haqlı məqamlar var. Götürək Çingiz Aytmatovu. Sovetlər dövründə  "Ana tarla", "İlk müəllim" sair povestlərinə görə Lenin mükafatı aldı. İnanın ki, bu əsərlər minillər bundan sonra da yaşayacaq. İndi barmağını qatla ki, son zamanlar MDB məkanında Çingiz Aytmatova bərabər bir yazıçı yetişib, mən saydığım əsərlərə bərabər səviyyəli əsərlər yazılıb... Yetişməyib, yazılmayıb, yoxdur... Mən bir məsələni demək istəyirəm xahiş edirəm bunu oxuculara da çatdırın: istedadın qabağını ictimai quruluş kəsə bilməz. Əgər mənim istedadım varsa - istər Kommunist Partiyası olsun, istər başqası, ya da heç bir partiya olmasın - heç onun qarşısını ala bilməz. Təki mənim istedadım olsun. Təki mənim duyan qəlbim olsun. Təki Allah-Təala mənə yazıçılıq istedadı vermiş olsun. Rəssamlıqda da belədir, bəstəkarlıqda da - istedadın varsa, bunun ictimai quruluşla heç bir əlaqəsi yoxdur. Mən bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədriyəm bu, ictimai vəzifədir, onu aparıram, partiyamıza, xalqımıza, vətənimizə xidmət edirəm. Bunun mənim istedadıma, qələmimə dəxli yoxdur. Demək istəyirəm ki, istedadı olan yazır yazacaq.

 

- Fəxri adlar barədə fikriniz maraqlı olardı. Necə düşünürsünüz, fəxri adlar qalmalıdırmı?

 

- Hesab edirəm ki, bu adların olması, qalması lazımdır. Çünki bu, stimuldur. Bu, elə bir işıqdır ki, sonradan gələn nəsil ona baxıb həvəslənsin. Özü bu fəxri adları hər adama vermirlər ki. Bunu böyük sənət xadimlərinə, ədəbiyyat adamlarına verirlər. Ona görə yeni nəslin nümayəndələri çalışıb o işığa doğru getsinlər, o zirvəni fəth etsinlər gələcəkdə fəxri adlar qazansınlar.

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2015.- 25 fevral.- S7.