Azərbaycanda Novruz bayramı: qədim adət-ənənələr,
unudulmaz mərasimlər
Novruz
bayramı el-obamızın qədim tarixindən xəbər
verən, adət-ənənələrimizi, milli ruhumuzu
özündə əks etdirən ən gözəl el şənliyimizdir.
Bu bayram illərin qışından, soyuğundan, qarından,
istisindən, bürküsündən, xalqımızın
yağı düşmənə qarşı döyüş
meydanlarından, zəfərlərindən, torpaqda xarüqələr
yaradan zəhmətkeş insanların həyat tərzindən,
düşüncə və əqidə süzgəcindən
keçərək əxlaqımıza, mədəniyyətimizə
hopdu, milli kimliyimizi təcəssüm etdirən bir amilə
çevrildi.
Elə
buradaca qeyd edək ki, "Novruz təqvimi" ən qədim
təqvimlərdən biri hesab edilir və o, günəşin
hərəkətinə əsaslanır. Novruzla bağlı
bizə məlum olan ən qədim təqvim miladdan öncə
505-ci ildə bərpa edilmiş "Yeni Avesta" təqvimidir.
Buna "Salname-ye Zərdoşti" (Zərdüşt salnaməsi)
də deyirlər. Ən qədim "Avesta" haqqında
verilən məlumatlar onun Azərbaycan mühiti ilə
bağlı olmasını və maqlar tərəfindən təlim
edilib yayılmasını təsdiq edir. Qədim
"Avesta" təqviminə görə, ilin uzunluğu 360
gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə hər
altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha
bir ay əlavə edilmişdir. Əhəməni
hökmdarı Daranın dövründə bərpa edilmiş
Zərdüşt salnaməsinə görə isə ilin
uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd ildə
bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir.
Ona görə də yazın ilk günü hesab eilən
Novruz ilin müxtəlif fəsillərinə
düşürdü.
Əslində
bahar türk dünyasının bayramıdır. Belə ki,
uzun əsrlər və qərinələr boyu əsasən
köçəri həyat tərzi sürmüş,
xüsusilə maldarlıqla məşğul olaraq ilin fəsillərini
daha çox yaylaq-qışlaq mövsümləri ilə tənzimləyən
türklər ilin bu fəslini təbiətin
oyanışının başlanğıcı hesab edərək,
bütün işlərini və hesablarını baharın gəlişinə,
iş-gücün bu zaman başlanmasına
bağlamışlar, hətta türk sultanları bahar fəslinin
ilk gününü - 21 martı təqvim ilinin ilk günü
kimi təyin edərək vergilərin toplanması
zamanını da həmin günə nisbətdə təyin
etdilər.
Yazın
ilk günü xalq qarın, qışın getməsindən
və təbiətin ayılmasında sevinib öz
şadlıqlarını müxtəlif mərasimlərdə
əks etdirməklə baharı qarşılamışlar.
Baharda nəinki təbiət canlanır, al-əlvan geyinir,
bütün çöl-çəmən, dağ-meşə
yaşıllığa bürünür, eyni zamanda
bütün canlı aləm hərəkətə gəlir,
coşur, cütləşir, valideynlər
oğulları-qızları üçün ən
yaxşı geyimləri tədarük edir, onlar
üçün ən yaxşı və xoşbəxt anlar bəxş
edəcək günləri arzulayır və yalnız bəxtəvərlikdən
danışırlar.
Həftənin
çərşənbə axşamı günü xalq
arasında yüngül və yaxşı gün hesab
edildiyindən, həmin günlərdə təmizləmə,
yuma işlərini görərdilər, "əzizi ölənlərin
ürəyi açılmaz" deyə tanışlar,
yaxınlar gedib onun da evinin tozunu alardılar.
El-obamızda
adətdir ki, bayrama qırx gün qalmışdan pay yollamaq
fikrinə düşərlər. Gəlinlərə ata və
ya qardaş evindən, adaxlı qızlara isə oğlan evindən
pay gedər, imkan olarsa, xala və bibini də yaddan
çıxarmazlar, payın üstünə onlar
üçün də "xələt" qoyarlar.
Dahi Şəhriyarın
"Heydər babaya salam!" poemasında "Novruz"un bu
adət-ənənələri beləcə tərənnüm
edilir:
Bayram idi,
gecə quşu oxurdu,
Adaxlı
qız bəy corabın toxurdu,
Hər kəs
şalın bir bacadan soxurdu,
Ay nə
gözəl qaydadı şal sallamaq!
Bəy
şalına bayramlığı bağlamaq!
Bayram
olub, qızıl palçıq əzərlər,
Naxış
vurub, otaqları bəzərlər
Taxçalara
düzmələri düzərlər
Qız-gəlinin
fındıqçası, hənası,
Həvəslənər
anası, qaynanası.
Bakiçinin
sözü, sovu, kağızı,
İnəklərin
bulaması, ağızı,
Çərşənbənin
girdəkanı, cəvizi
Qızlar
deyər: "Atıl-batıl çərşənbə,
Ayna təkin
baxtım açıl çərşənbə!"
Evin kişik
yaşlı oğlan uşaqları üçün "su
bülbülü", tütək və kiçik
yaşlı qız uşaqları üçün isə
"dülgə" qoyardılar. Kuzəçilər bu əşyaları
saxsıdan düzəldər və onların üzərində
də gül və ya başqa şəkillər çəkərdilər.
Su bülbülünə su töküb lüləyindən
üfürərdilər və o da bülbül səsi
çıxarıb bülbülün yazda cəh-cəh
vurmasının yaxınlaşmasını bildirərdi.
Dülgənin içərisinə müxtəlif rənglərlə
boyanmış yumurta qoyardılar.
Çərşənbə
axşamlarında gün batandan od yandırmağa
başlayarlar. Oddan qabaq evdə qalan qızları çubuq və
ya süpürgə ilə bayıra qovan, onların tez ərə
getməsini istəyən analar da olardı. Uşaqlar
"taraqqa" adlı fitil düzəldib yandırar və
göyə atardılar və göyə atılan həmin
yanar fitil ulduz saçan fişəng rolunu oynayardı. Əgər
həmin gün yerdə qar olsaydı, uşaqlar qaş-qabaq
sallayıb deyərdilər: "Ulduzlu fişəng top-taraqqa,
çərşənbə qaldı qar altda". Od
qaladıqdan sonra evə gedib qarışıq məcməyinin
(sininin) başında oturarlar. Həmin məcməyidə iydə,
qax, noxud, kişmiş, quru tut və qorğa olardı. Məcməyidə
ailə üzvlərinin sayı qədər şam yanardı.
Boş otaqlarda və dəhlizdə də şam
yandırarlar.
Qulaq
asmaq, qapı pusmaq, qurşaq atmaq (şal sallamaq) çərşənbə
gecəsinin mərasimlərindəndir. Niyyət eləyib
özgənin evinə gedib qapı və ya pəncərə
arxasından qulaq asarlar, yaxşı sözü xoş və
pis sözü də bəd əlamət kim bilərlər.
Ona görə də bu günlərdə uşaqlara
tapşırırlar ki, evdə yaxşı söz
danışsınlar ki, birdən qulaq asmağa gələn
olar.
El adətinə görə kənd yerlərində evlərin bacasından və ya da qapıdan içəriyə qurşaq atarlar (biz indi buna "torba atdı" və ya "papaq atdı" da deyirik). Ev yiyəsi də məcməyidə olan qarışıq sovqatlardan və ya da bir xələt qoyub qurşağın başından tərpədərək "day çək apar" sözünü deyər. Oğlana sevdiyi qızı verməyəndə, oğlan özü və ya da qohum-qardaşdan biri qız evinə qurşaq atar. Bəzi vaxtlar qız evi "day əziz gündə gəliblər" deyib qurşağa bir şey qoymaqla öz razılıqlarını bildirərlər.
Çərşənbə axşamı gecəsi evdə zibil qoymazlar qalsın. Mis qabları qalaylatdırarlar. Kimsə həmin axşam öz evindən başqasına qonaq getməz, qonşuda da qab qalmaz, onu qaytararlar. Xanımlar da yatmamışdan öncə əllərinə həna qoyarlar. Səhər çağı ala qaranlıqdan durub su novunun üstünə gedərlər, nov üstündən atlanıb "diş ağrım, baş ağrım, göz ağrım burda qalsın deyərlər, təzə kuzədə nov üstündən evə su gətirər, o sudan evin 4 bucağına səpib "qoy qurd-quş olmasın" deyə söyləyərlər. "Bəxtim açılsın" deyib suyu qıçları ilə kəsərlər. Uşağı olmayan qadınlar, gəlinlər "çilləm kəsilsin" deyib su üzərindən atılarlar və həmin suda əl-üzlərini də yuyarlar. Beləliklə, gecə əllərinə qoyduqları xınanı yuyub yaxın tanışlarla görüşməyə, çərşənbələri təbrik etməyə gedərlər. Uşaqlara da boyanmış yumurta verirlər və bundan sonra küçələrdə yumurta oyunu başlayır. Şəhriyar demişkən:
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanları soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə Novruz gülü dərərdi!
Elimizin adətinə görə, çərşənbə günü küsülüləri barışdırıb düşmənçiliyi aradan qaldırmağa çalışırlar. Barışıq niyyəti olan tərəf "gəlmişəm çərşənbələşməyə, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də" deyərək qarşı tərəfin ürəyində bir məhəbbət və mərhəmət hissi yaradaraq son nəticədə sülhə nail olur.
Çərşənbə axşamı günü qonşu-qonşuya, dükan-dükana od verməz. Deyərlər "od verilən yerdən işıq kəsilər!"
Bayramda il təhvili süfrəsi üzərinə toyuğun sinəsini, balıq, qiymə, kükü, sumaq, sarımsaq (və ya da turşusunu), gülab, göyərti və məcməyidə çərşənbə qarışığı qoyarlar.
Aynanın (güzgünün) üzərinə Quran və onun da üzərinə sikkə qoymaq adəti də var. Belə ki, sübh tezdən evin çörək qazananı işə gedəndə ailənin ən kiçik üzvü həmin sikkəni ona verir. İl təhvil olan kimi gəlin qaynananın əlinə gülab tökür, qaynananın üzündən, qaynatanın isə sağ çiynindən öpür.
Türk ellərinin bahar bayramı ilə bağlı keçirilən el şənliklərində bir "Təkə" (Təkəm və ya da Təkəmçi) totemi də vardır. Maldarlıqla məşğul olan köçəri türk tayfalarında yaz-yay qıvraq və sürünün başında qabaqda gedən erkək keçiyə təkə deyərlər. Təkə yağışı-qarı sevməz və belə şəraitlərdə acizləşər. Ona görə də türk ellərinin adət-ənələrindən qaynaqlanmış şifahi xalq ədəbiyyatı nümunələrimizdə belə bir deyim də var.
Yazda təkədən soruşurlar "ay təkə bu sürü kimindir?". Təkə sinəsini qabağa verib deyir "Mənimdir!".
Amma qar-yağışda özünü itirər və deyər "Bilmirəm!". Beləliklə, baharın gəlməsindən hamıdan çox təkə sevinər.
Bəlkə elə buna görədir ki, baharla bağlı el şənliklərində Təkəm və ya Təkəmçi boynuna bir torba salıb aldıqlarını ora yığar və taxtadan düzəltdiyi təkə fiqurunu oynada-oynada özü də belə oxuyar:
Təkəm oyun eylər,
Qurdu qoyun eylər.
Yığar Gilan düyüsün,
Çəpiş bəyin toyun eylər!
Həmin taxta fiqurdan olan təkənin belinə fərş bağlayar, boynuna zınqırov salar və başına da qotaz taxarlar. Təkəni bəzəmək üçün güzgü və muncuqdan da istifadə edilir. Elə buna görə də həmin təkə fiqurunu oynadıb, oxuyan şəxsə "Təkəm" və ya "Təkəmçi" deyirlər. Hər təkəmçinin özünəməxsus küçələri olar və ayrı təkəmçi ora gəlməz. Təkəmçi ərə getməli qızlara zarafatla öz qoşduğu şeirləri oxuyar, onları güldürər və onlardan ənamlarını alar:
Yaşlılar, ay yaşlılar,
Divardan boylaşallar,
Bu əyyamın qızları,
Ər üstə dalaşallar.
Ağ dumanın üzləri,
Yerə gəlməz dizləri,
Bu əyyamın qızları
Kəbin kəsir özləri.
Yazın gəlişini qarşıladığımız ən gözəl adətlər sırasında hamı üçün əziz olan 4 çərşənbə axşamı günləri vardır ki, Azərbaycanın Quzeyində onları belə sıralayırlar:
1. Su çərşənbəsi;
2. Od çərşənbəsi;
3. Yel çərşənbəsi;
4. Axır (torpaq) çərşənbəsi.
Çərşənbələrin içərisində ən vacibi axırıncı - axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik və bütün pis əlamətlərdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, və s. kimi şirniyyatlar hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə aid şam, boyadılmış yumurtalar qoyulur. Stolda yeddi növ yemək olur. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Güney Azərbaycanda da 4 (dörd) çərşənbə mərasimi mövcuddur və bu cür sıralanır:
1. Xəbərçi çərşənbə;
El içində belə rəvayət edirlər ki, "xəbərçi çərşənbə" bayramın yetişməsi muştuluğunu verir və qar soyuğun getməsindən söz açır.
2. Kölə çərşənbə;
"Kölə çərşənbə"də toyuqların tükünü yolub, qoyunların yununu qırxırlar. Bu gözəl dəb Azərbaycan xalqının təsərrüfat həyati, məşğuliyyəti və öz ellərinə, onun inkişafına, illərlə formalaşmış iş-güclərinə bağlılığı ilə izah oluna bilər.
3. Qara çərşənbə;
"Qara çərşənbə"də el qadınları ev-eşiyin hisini-pasını alıb səliqə və sahman yaradarlar.
4. Axır çərşənbə.
"Axır çərşənbə"də ot-küləş yığıb yandırar, odun üstündən atılıb şənlik edərlər. Səhər çağı yuxudan durub mal-davarın üzünə su səpərlər və suyu aydınlıq bilib bayramın yetişməsini gözləyərlər.
Müstəqil Vətənimiz Azərbaycanda Novruz bayramının qeyd edilməsi mərasimi çoxdan rəsmi şəkil alıb.
Qeyd etməliyik ki, Novruz adlı bahar bayramımız, onunla ilgili mərasimlərimiz, adətlərimiz Azərbaycandan kənarda başqa şərq elləri arasında da geniş miqyasda yayılaraq qeyd edilir və bu gözəl mərasimlər sözün əsl mənasında sülh, dostluq, qardaşlıq və əmin-amanlıq bayramıdır.
Səməd
BAYRAMZADƏ,
tarix elmləri
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2015.- 25 fevral.- S6.