Əsrin faciəsi - Xocalı
soyqırımı
Hər il Xocalı soyqırımı ərəfəsində
müəyyən kütləvi tədbirlər keçirir,
erməni faşizminin bu şəhərin timsalında törətdiyi
ağlasığmaz dəhşətləri yada salır,
dünyanın kar olmuş qulaqlarını və kor olmuş
gözlərini açmaq üçün müxtəlif səviyyələrdə
cəhdlər də göstəririk. Sonra isə yenə ara səngiyir və biz faciənin növbəti
ildönümünü gözləyirik. Bu məsələdə
Heydər Əliyev Fondunun fəaliyyəti bir ayrıcalıq təşkil
edir və böyük diqqətə, təqdirəlayiqdir.
Əslində isə biz hamımız
yaramızın qaysaqlanmasına qətiyyən yol verməməli,
həmin qaysaqları daha dərindən qoparmalıyıq.
Qoparmalıyıq ki, yaramız daha bərk
sızlasın. Bu sızıltı
damarlarında azərbaycanlı qanı axan hər kəsi
Xocalı intiqamına, düşmən tapdağında olan hər
qarış Vətən torpağının azad edilməsinə
haraylasın. Bu Vətən bizimdirsə,
ona sahib durmalı, izzət və şərəfini də
özümüz qorumalıyıq. Əcdadlarımızın
bizə qoyub getdikləri miras da bunu tələb edir. Dünya da elə ancaq bu dili başa
düşür.
TORBADAN
BOYLANAN ERMƏNİ CİNİ
SSRİ prezidenti M.Qorbaçovun yenidənqurması, demokratiyası
və aşkarlığı erməni separatizmi
üçün göydəndüşmə idi. Onlar məhz
bu imkandan bəhrələnərək onillərlə qəlblərində
gəzdirdikləri düşmən niyyətlərini-Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi
planlarını açıq-aşkar formada ortaya qoymağa
başladılar. Qondarma səbəb də tapdılar:
Dağlıq Qarabağ
Muxtar Vilayətinin sosial-iqtisadi inkişafı Azərbaycan
tərəfindən təmin olunmur, vilayət sosial problemlər
məngənəsində əzilir. Təbii ki,
İrəvanda, Moskvada, Avropada və okeanın o tayında olan
ideoloqlar Dağlıq Qarabağ problemini necə
yaratmağı və onu hədəfə doğru necə
aparmağı hələ illər öncə çox
yaxşı işləyib hazırlamışdılar. Artıq hərəkat vaxtı idi.
1986-cı ildən başlayaraq separatçı
"Krunk" cəmiyyəti Dağlıq Qarabağda
açıq-aşkar fəaliyyət göstərdiyi halda Azərbaycanın
o vaxtkı rəhbərliyi onların cinayətkar əməllərinin
qarşısını kəsmək məqsədilə
heç bir təsirli tədbir həyata keçirməyib. Əksinə
seyirci mövqe sərgiləməklə hadisələrin yedəyində
sürünüb. "Krunk"çular
vilayətin o vaxtkı rəhbəri Gevorkovla birgə fəaliyyət
göstəriblər. Separatçı daşnakların
Dağlıq Qarabag ərazisində geniş əl-qol
açaraq fəaliyyət göstərmələrinə Ermənistan
rəhbərliyi və
Ermənistan diasporunun birbaşa göstərişi ilə məhz
Gevorkov şərait yaradıb. Azərbaycanın
rəhbərliyi isə Gevorkovun burnunu əzmək əvəzinə
onun qarşısında tamamilə təslimçi mövqe
nümayiş etdirib.
1985-1987-ci illərdə Azərbaycan KP MK-nın
plenumlarında və büro iclaslarında Gevorkov bitib-tükənmək
bilməyən hədyan dolu iddialarla dəfələrlə
çıxış edib, DQMV-nin sosial iqtisadi
inkişafının təmin edilmədiyi məsələsini
gündəliyə gətirib. Bunun müqabilində
hətta o, özünə nüfuzlu partiya rəhbəri kimi
qondarma ad da qazanıb. Azərbaycan rəhbərliyi
isə susqunluq nümayiş etdirərərk hər dəfə
onun qarşısından geri çəkilib. Məhz ona görə də Gevorkov başda olmaqla
DQMV-nin rəhbərliyinin görünməmiş sosial ədalətsizliyi,
açıq-aşkar millətçilik təmayülləri
azərbaycanlıları öz dədə-baba yurdlarında
"artıq adamlar"a çevirmişdir. Gevorkovların yürütdüyü siyasətin nəticəsi
idi ki, Dağlıq Qarabağ ərazisində azərbaycanlılar
yaşayan hər üç kənddən birinin sakinlərinin
uşaqları başqa kənddə təhsil almağa məcbur
idi. Hər iki kənddən birində isə
heç bir sağlamlıq ocağı yox idi. Ermənilər
belə fəaliyyətlərinin "azərbaycanlılara
qarşı keçirilən total əzişdirmə siyasəti"
kimi qiymətləndiriblər.
1988-ci ilin fevralına qədər Ermənistan və erməni
diasporu birbaşa Moskvanın razılığı və
köməyi ilə DQMV-da ideoloji təxribat işini son
nöqtəsinə qədər tamamlayıb. 1987-ci ilin
noyabrında Heydər Əliyevin Siyasi Büro
üzvlüyündən və SSRİ Nazirlər Kabinetinin sədrinin
birinci müavini vəzifəsindən azad edilməsi isə
ermənilərə "Başla!" əmrinin verilməsi
demək idi. Beləliklə, illərlə
torbadan boylanan erməni cini artıq Dağlıq Qarabağ
Muxtar Vilayəti Partiya Komitəsinin qarşısında
keçirilən erməni mitinqlərinin təşkilatçısı
və aparıcısı idi.
XOCALI
FACİƏSİNƏ NECƏ YAXINLAŞIRDIQ?
Cəzasızlıq
şəraitindən istifadə edən ermənilər 1988-ci il fevralın 20-dən başlayaraq
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə
xidmət edən kütləvi aksiyalara bir gün belə ara
verməmişlər. Ermənistan hökuməti
Moskvanın dəstəyi ilə "türksüz Ermənistan"
planını da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
strategiyası ilə bərabər həyata
keçirmişdir. Xankəndindəki
mitinqlərdən dərhal sonra İrəvan başda olmaqla
Ermənistanın bütün şəhər və
rayonlarını anti-Azərbaycan və anti-türk mitinqləri
bürümüşdür. Bir qayda olaraq
həmin mitinqlər azərbaycanlı yaşayış məntəqələrinə
saqqallıların hücumları ilə
yekunlaşırdı. Köməksiz və
arxasız azərbaycanlıların isə canlarını
qurtarmaq üçün dədə-baba yurdlarından
qaçmaqdan başqa çarələri qalmırdı.
Bütün bunlar Ermənistanda
hüquq-mühafizə orqanlarının birbaşa
iştirakı ilə həyata keçirilirdi. Moskva DQMV ərazisində xüsusi idarəetmə
forması tətbiq edərək Arkadi Volskini Xankəndinə
canişin təyin etməklə separatizmə xüsusi dəstək
vermişdir. Arkadi Volski Dağlıq
Qarabağı Azərbaycandan tamamilə qoparıb
ayırmış, onun Ermənistana birləşdirilməsini
faktiki təmin etmişdir. Daha sonra onun bu xəyanətkar
fəaliyyətini Polyaniçko açıq-aşkar davam
etdirdi. 1988-ci ilin martından başlayaraq Ermənistandan
qovulan azərbaycanlı qaçqınlar əsasən Şuşa və Qarabağın azərbaycanlılar
yaşayan yaşayış məntəqələrində məskunlaşdılar.
Gələcək demoqrafik vəziyyətin ermənilərin əleyhinə
işləyə biləcəyini nəzərə alan Ermənistan rəhbərliyi dərhal nazir
müavini Aslanyan familiyalı şəxsin rəhbərliyi ilə
öz emissarlarını Dağlıq Qarabağa göndərdi.
Eyni zamanda muxtar vilayətin rəhbərliyi Ermənistandan
gələn qaçqınların vəziyyəti gərginləşdirəcəklərini
bildirərək Dağlıq Qarabağ ərazisindən
çıxarılmasını tələb etdilər. Vəzirov
kimi qətiyyətsiz və səbatsız Azərbaycan rəhbəri
ermənilərin tələbləri qarşısında
duruş gətirə bilmədi və belə bir göstəriş
verdi: Ermənistan qaçqınları təcili
surətdə Dağlıq Qarabağ ərazisindən
çıxarılsın. Yumşaq formada onun bu
qərarı prinsipsizlik, əslində isə xəyanətkarlıq
idi. Vəzirovun göstərişi qısa
vaxtda həyata keçirildi və Dağlıq Qarabağda məskunlaşan
ermənistanlı qaçqınlar Azərbaycanın müxtəlif
bölgələrinə məcburən
köçürüldülər. Ermənistandan - dədə-baba
yurdlarından qovulmuş azərbaycanlılar Dağlıq
Qarabağ Muxtar Vilayətinin ərazisindən tamamilə
çıxarıldıqdan sonra keçmiş SSRİ
prezidenti Qorbaçov tərəfindən Dağlıq
Qarabağ ərazisində fövqəladə vəziyyət
elan olundu, bununla da həmin ərazidə azərbaycanlı
qaçqınların məskunlaşmasının
qarşısı birdəfəlik alındı.
1989-1990-cı illərdə Ermənistan Respublikası
Dağlıq Qarabağ Muxtar Vilayətini öz ərazisinə
birləşdirmək məqsədi ilə Azərbaycana
qarşı açıq silahlı təcavüzə
başladı.
Erməni silahlı birləşmələrinin
azərbaycanlılar yaşayan kəndləri davamlı
hücumlara məruz qaldı, yollar minalandı, yerli əhaliyə
qarşı açıq terror həyata keçirildi.
Belə bir vəziyyətdə respublikanın Ermənistanla
sərhədlərini möhkəmlətmək zərurəti
meydana çıxdı. Lakin bu məsələnin həlli Azərbaycan
KP MK-nın ikinci katibi Polyaniçkoya həvalə edildiyindən
heç bir tədbir görülmədi. Görülə
də bilməzdi. Çünki
Polyaniçko Moskvanın Azərbaycandakı baş xəfiyyəsi
idi və o Moskva ilə İrəvan
razılaşmasını həyata keçirmək
üçün burada idi. O vaxt Azərbaycanı xilas edə
biləcək yeganə qüvvə qətiyyətli rəhbər
idi.
Ermənistan münaqişənin ilk günlərindən
silah-sursat, hərbi texnika ələ keçirərək
mütəşəkkil silahlı birləşmələr
yaradılması istiqamətində geniş fəaliyyət
göstərdiyi halda, Azərbaycan rəhbərliyi tamamilə
gözləmə mövqeyi tutmuşdu. SSRİ
müdafiə naziri Sapoşnikov 1991-ci ilin avqustun 31-də Ayaz
Mütəllimova məktubla müraciət etmiş, müttəfiq
respublikalarda Milli Qvardiya və ya Müdafiə Nazirliyi yaratmaq
təklifini irəli sürmüşdü. Bu təklifdən
sonra Mütəllibov respublika Müdafiə Nazirliyinin
yaradılması haqda 5 sentyabr 1991-ci il
tarixli 334 saylı fərman imzalamışdı. Müdafiə naziri vəzifəsinə isə general
Valeh Bərşadlı təyin edilmişdi. Lakin bu fərmanın icrası uzun müddət
kağız üzərində qalmışdı.
Respublika ərazisində yerləşən SSRİ Silahlı
Qüvvələrinin dördüncü ordu hissələri Azərbaycan
Respublikası Ali Sovetinin 1991-ci il 9 oktyabr
tarixli qərarı ilə milliləşdirilib respublika
prezidentinin sərəncamına verilməsinə baxmayaraq, ordu
komandanlığı həmin hissələrin
inventarlaşdırılıb respublika tabeçiliyinə
verilməsinə imkan verməmişdi. Prezident
Mütəllibov isə belə vəziyyətlə
barışmış, Moskvanın göstərişi ilə
bu məsələnin həllinə girişməmişdi.
Azərbaycanda Müdafiə Nazirliyinin yaranmasına və
bu nazirliyə kimin rəhbərlik etməsinə Azərbaycan
Xalq Cəbhəsi də maneçilik törətmişdi. AXC keçirdiyi mitinq və
piketlər vasitəsi ilə əvvəlcə Valeh Bərşadlının,
sonra isə Tacəddin Mehdiyevin istefasına nail olmuşdu. Beləliklə,
Bərşadlı 1991-ci il sentyabrın 5-dən
1991-ci il dekabrın 11-dək, Tacəddin Mehdiyev 1991-ci il
dekabrın 12-dən 1992-ci il fevralın 11-dək, daha sonra
Şahin Musayev 1992-ci il fevralın 1-dən fevralın 24-dək,
Tahir Əliyev isə 1992-ci fevralın 24-dən martın 7-dək
müdafiə naziri vəzifələrini tutmuşlar.
1991-ci
ilin noyabrında keçmiş SSRİ DİN qoşunları
Dağlıq Qarabağdan çıxarıldıqdan sonra
Xocalıya quru yolla gediş-gəliş tamamilə kəsilmiş,
əlaqə ancaq "Azalaero"nun vertolyotları vasitəsi
ilə həyata keçirilmişdir. 1992-ci il
yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə
uçan vertolyot ermənilər tərəfindən vurulduqdan
sonra Xocalı ilə bu əlaqə də kəsilmişdi.
Azərbaycan Respublikası Ali Soveti Milli
Şurasının Azərbaycanın MDB-yə daxil
olmasının məqsədəuyğun olmadığı
barədə qərarından istifadə edən ermənilər
Xankəndində yerləşən 366-cı alayın hərbi
texnikasını bütünlüklə ələ
keçirmişdilər. Əgər nəzərə alsaq ki, həmin
alaydakı həmin qulluqçuların mütləq əksəriyyəti
ermənilər olub, onda vəziyyətin hansı istiqamətdə
hərəkət edəcəyini əvvəlcədən
görməmək mümkün deyildi. 100 ədəddən
çox hərbi texnikası olan bu alayın 49 nəfər
zabit və giziri milliyyətcə erməni olub. Polkun
ikinci motoatıcı batalyonunun komandiri Seyran Ohanyan
bütün silahları və hərbi texnikanı
götürərək erməni hərbi birləşmələrinin
tərəfinə keçib ( O vaxtkı
mayor Seyran Ohanyan - Xocalı qətliamının baş qəhrəmanı,
indi Ermənistan Respublikasının müdafiə naziridir).
Qarabağ
zonasında vəziyyətin ağırlaşması ilə əlaqədar
Ayaz Mütəllibov 1992-ci il yanvarın 2-də Xankəndi,
Şuşa, Ağdərə, Xocavənd, Xocalı, Ağdam,
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,
Laçın, Kəlbəcər, Xanlar, Goranboy və Tərtər
rayonlarını əhatə edən ərazilərdə
prezident idarə üsulu tətbiq etmək haqda fərman verib.
Bu vəzifənin icrasını isə öz
müvəkkili Musa Məmmədova tapşırıb.
Müvəkkillik konkret heç bir iş görə bilmədiyindən
ancaq qaçqınların problemləri ilə məşğul
olub. Vəziyyətin getdikcə
ağırlaşdığını görən Musa Məmmədov
1992-ci il yanvarın 21-də "Qarabağ
zonasında vəziyyət və onun sabitləşdirilməsi
üçün lazımi tədbirlər haqqında"
Mütəllibova arayış təqdim edib. Təkliflərdən
biri Qarabağda olan pərakəndə silahlı qüvvələrin
vahid komandanlıq altında birləşdirilməsinin vacibliyi
olub. Mütəllibov həmin arayışa uyğun
olaraq 1992-ci il fevralın 10-da 2 və 3
saylı əmrlər imzalayıb. 2 saylı əmrlə
vahid komandanlıq Azərbaycan respublikası daxili işlər
nazirinin müavini, Qarabağ zonası üzrə Daxili
İşlər İdarəsinin rəisi Tahir Əliyevə
tapşırılıb. Elə həmin əmrlə də
Goranboy ərazisində müdafiənin təşkili respublika
müdafiə nazirinin müavini Dadaş Rzayevə, Şuşa şəhərinin müdafiəsi
isə Rəhim Qazıyevə həvalə edilib. Bununla da Qarabağ zonasındakı qüvvələr
üzərində nəinki vahid komandanlıq yaradılıb,
əksinə qüvvələrin parçalanması rəsmiləşdirilib.
Bir
neçə gün sonra - 1992-ci fevralın 18-də Mütəllibov
577 saylı fərmanla Tahir Əliyevi üzərində 3 vəzifə
saxlanılmaqla Ağdam şəhərinin komendantı da təyin
edib. 1992-ci il fevralın 21-də isə onu
Bakıya çağırıb və ayın 24-də
müdafiə naziri vəzifəsinə təyin edib.
1992-ci il fevralın 1-də müdafiə naziri vəzifəsini
icra edən Şahin Musayevin əmri ilə Fəhmin Hacıyev
leytenant rütbəsində hərbi qulluğa qəbul olunaraq
əməliyyat idarəsində işə qəbul olunub. Fevralın 15-də isə Şahin Musayev Fəhmin
Hacıyevə müdafiə naziri əvəzi və baş qərargah
rəisinin səlahiyyətli nümayəndəsi olması barədə
sənəd verərək Ağdama göndərib. Xocalı faciəsini araşdıran istintaq qrupunun tərbit
etdiyi sənədlərdən aydın olub ki, o vaxt Fəhmin
Hacıyevə qarşıya çıxan bütün məsələləri
yerindəcə həll etmək səlahiyyətləri verilib.
AĞDAMDA
HAKİMİYYƏTSİZLİK
1992-ci il fevralın 17-si idi. Televiziya və Radio Verilişləri
Komitəsi sədrinin müavini Rəhim Əliyev məni yenidən
yanına çağırıb dedi:
- Radioda
eşidirəm. Hər gün qaynar nöqtələrdən
informasiyalar alıb efirə verirsiz. Dağlıq
Qarabağda da çox olmusan. İndi
Ağdama getmək lazımdır. Çəkilişləri
orda edib kasetləri bura gətirmək vacibdir, - deyə əlində
tutduğu qələmi stola vurmağa başladı.
- Rəhim
müəllim, mən radionun işçisiyəm. Necə çəkiliş aparacam? Televiziyanın bu qədər əməkdaşı,
bölgə müxbirləri var. Bu nə deməkdir? - deyə, sual etdim.
- Nə
demək olduğunu və kimə necə demək lazım gəldiyini
biz müəyyənləşdiririk. Sən icra
etməlisən.
- Nə
etməliyəm?
- Gedərsən
Ağdama, Allahverdi Əsədovu taparsan. Ona mənim
göstərişimi çatdırarsan. Deyəsən
ki, kameranı sənə versin və operatorla birlikdə
çəkiliş aparasınız. Kasetləri
bura göndərərsən.
- Niyə Allahverdi Əsədovun özü çəkiliş
aparmır ki?
- deyə, sual edərkən o, stolun
üstündə adıma yazılmış ezamiyyə vərəqəsini
mənə uzatdı.
Fikir məni götürmüşdü. Ağdamda,
Dağlıq Qarabağla həmsərhəd rayonlarda necə dəhşətli
hadisələrin baş verdiyindən məlumatlı idim.
Az.TV-nin Ağdamda və bütövlükdə
cəbhə bölgələrindən həqiqəti əks
etdirməyən informasiyalar verməsini yaxşı bilirdim.
Əlbəttə, bunların günahkarı
jurnalistlər yox, şirkətin o vaxtkı sədri idi.
O, yuxarıların göstərişini qeyd-şərtsiz həyata
keçirirdi. Ona görə də bilirdim ki,
Ağdamda məni yaxşı heç nə gözləmir.
Bütün hallarda mən Ağdama getməliydim.
Ertəsi gün təxminən saat 14 radələrində
mən Ağdamda idim. Allahverdi Əsədovu soraqlayıb
tapdım. Rəhim Əliyevin göstərişini
ona çatdırdım. Allahverdi Əsədov:
- Deyəsən,
Səyyad, səni də tora salıblar, - deyə gülümsəyərək,
- istəyirsən al bu kamera, bu da Tahir Qarayev, - deyib operatoru
göstərdi. Mən çıxılmaz duruma
düşdüyümü anlamışdım. Allahverdi
Əsədov yerli adam idi. Bölgə
müxbiri olaraq ərazini və adamları yaxşı
tanıyır, mövcud durumu məndən min dəfə
yaxşı bilirdi. Teleradio Şirkətinə
də Dağlıq Qarabağda və cəbhə bölgələrində
baş verən hadisələrlə bağlı obyektiv
informasiyalar, sujetlər, informasiyalar göndərsə də,
onlar bir qayda olaraq efirə verilmirdi. Ona
görə də çəkiliş aparmaq fikrindən tamamilə
vaz keçdim.
Mən Allahverdi Əsədovla birlikdə şəhəri gəzib qaçqınların məskunlaşdığı yerlərə baş çəkdim. Dəhşətli bir mənzərə idi. Ağdam sanki boğulur və əzəmətini qoruyub saxlamaqda zorlanırdı. Şəhərdə bir xaosun olduğu açıq-aydın hiss olunurdu. Yaxınlaşan təhlükə Ağdamın havasına qatı bir duman kimi çökmüşdü. Çalışırdım ki, prezidentin Qarabağ üzrə müvəkkili, iqamətgahı Ağdamda olan Musa Məmmədovla əlaqə qurum. Lakin onu tapmaq bir müşkülə çevrilmişdi.
(Ardı var)
Səyyad AĞBABALI
525-ci qəzet.-
2015.- 25 fevral.- S5.