Sarı qarğa - (hekayə)
Xocalı
soyqırımı qurbanlarının xatirəsinə sonsuz
ehtiramla
Qarlı-çovğunlu, sazaqlı bir gecə idi. Umud kişi
palıd yarmaçalarını sobaya qoyandan sonra bayıra
çıxdı. Boz dağ tərəfdən
yenə də fişəng atırdılar. Həmin fişənglərdən bir qədər
sonra avtomat və pulemyot silahlarından Umud kişigilin kəndi
atəşə tutulurdu. Yenə də elə
oldu. Güllələr quduz canavar təki
ulayırdı.
Umud kişi nigaran-nigaran kəndin ətrafındakı
səngərlərə tərəf baxdı. Oğlu
Mübariz də həmin səngərlərdə keşik
çəkirdi. Neçə gün idi ki, oğlu ev üzü görmürdü. Beləcə
götür-qoy etdiyi zaman darvaza cırıltı ilə
açıldı və Mübariz həyətə girdi.
Umud kişi sevincək dilləndi:
- Gəldin
ay oğul, yəqin bərk üşümüsən,
keç evə, sobanı qalamışam.
Ata oğul evə keçdilər. Sərvinaz da
oğlunu görən kimi gündüz təndirdə
bişirdiyi xamralı çörəyini və motal pendirini
süfrəyə düzdü. Tikə
Mübarizin boğazından keçmirdi. Bu
Umud kişinin gözündən yayınmadı. Elə
ortalığa da dedi:
-Deyəsən
vəziyyət yaxşı döyül, nəsə ürəyimə
damıb?!
Mübariz
bu sözə bəndmiş kimi dilləndi:
- Bizə
kömək gəlmir, patronumuz tükənib, düşmən
isə bizi mühasirəyə almaq istəyir. Adamı
yandıran odur ki, ruslar da ermənilərə kömək
edirlər. Vəziyyət çox
ağırdır. Hansı namərddirsə
kəndin ətrafından fişəng ilə ermənilərə
işarə verir. Biz o sarı Murtuzanın
oğlundan şübhələnirik, indi onu
güdürük, tutan kimi o satqını, oğracı
güllələyəcəyik. Ay ata deyirəm bəlkə
qadınları, uşaqları kənddən çıxaraq?!
Ermənilər qəfil hücum etsələr
qız-gəlinlər, uşaqlar ələ keçəcəkdir.
Nə deyirsən?!
Umud kişinin içində nəsə bir şey
qırılıb düşdü. Ta bu günə kimi onu yaşadan da
elə o içindəki qırılıb düşən
ümidiydi. Buna baxmayaraq özünü toparlayıb çox
çətinliklə dilləndi:
- Ay
oğul, nə deyim vallah, qalmışam fikir, xəyalın
altında, deyirəm bəlkə bir az da dözək, ümid
Allahdan üzülməz, yəqin kömək göndərərlər,
heç inanmıram ki, bu qədər əhalini burada
güdaza versinlər?!
Mübariz
bir qədər əsəbi şəkildə dedi:
- Ay rəhmətliyin
oğlu, köməyi kim göndərəcək,
başları vəzifə, kreslo davasına
qarışıb. Neçə gündür
ratsiya ilə yuxarılara silah-sursatın tükəndiyini
deyirik, nə xeyri var, daşdan səs çıxır,
onlardan yox. Ermənilər də bizim
bütün danışıqlara qulaq asırlar.
Umud kişi oğlundan bir də soruşdu ki, o ermənilərə
işarə verən kimin oğludur?!
-
Hamımız sarı Murtuzanın oğlundan şübhələnmişik.
Əclafın və oğraşın yekəsidir.
Umud kişi fikrə getdi. Vaxtı ilə
atasından eşitdiyi söhbət yadına düşdü.
- Həmin
o sarı Murtuzanın babası İbiş 1918-ci ildə
öz silahdaşlarını ruslara satmışdı.
Oğlu sarı Murtuza da Böyük Vətən müharibəsində
əsir düşəndən sonra almanlara satılaraq həbs
düşərgəsində neçə-neçə qeyrətli
oğulu
cığallayaraq
güllələtmişdir. İndi də
demək o satqın sarı Murtuzanın oğlu ermənilərə
işləyir. Neynəmək olar?! Satqından satqın törəyər. Öz ata-babalarının şərəfsizlik yolunu
davam etdirir, dayna. Day beləsindən nə
gözləmək olar?!
Bu barədə oğluna heç nə deməsə də
ürəyində bayaq qırılıb düşən o
inam və ümidin bir də baş qaldıracağına zərrə
qədər şübhəsi qalmadı.
Gecədən xeyli keçmişdi. Qəfildən
çox şiddətli güllə-boran başlandı. Ağır hərbi texnika və rus-erməni
qoşunu kəndi üzükqaşı kimi mühasirəyə
almışdı. Kəndin ətrafındakı
səngərlərdən səs-soraq yox idi. Umud kişi qoşalülə tüfəngini
götürüb camaatın qabağına düşdü. Qadınların, uşaqların
çığırtısından qulaq tutulurdu. Mal -qaranın böyürtüsü, itlərin
ulartısı və şaxtalı gecənin vahiməsi Umud
kişinin taqətini kəsmişdi. Əllərini dizinə
çırparaq öz-özünə deyirdi: bu namərdlər,
bu satqınlar, bu biqeyrətlər camaatı qırğına
verdilər.
Kəndin kənarında yüzdən çox
qadın-uşaq var idi. Umud kişi camaatı bir qədər
uzaqdakı çaya tərəf aparmağa başladı. Umud
kişi mühasirəni ancaq çayın
yatağından yara biləcəklərini
düşünürdü. Oğlu Mübariz və
bir neçə nəfər camaatın çaya tərəf
getməsinə kömək edirdi. Çayın
buz kimi suyu iliyə qədər işləyirdi.
Umud kişi qəfildən geriyə, kəndə tərəf
qaçmağa başladı. Mübariz onun hara getdiyini
soruşanda Umud kişi vaysınaraq itin
bağlı qaldığını və onu açmağa
getdiyini bildirdi. Kəndə çatanda gördü ki,
qonşu erməni kəndindən olan Siranuşun əri Akop
onun evinə od vurub.
Umud kişi qoşalüləni Akopun sinəsinə
dirəyib dedi:
- Ay namərd,
bu evi sən tikmisən ki, onu yandırırsan?! Sizə verdiyimiz çörək burnunuzdan gəlsin,
süfrəmizin artıq-urtuğu ilə
böyümüsünüz. Nə
alçaq və şərəfsizsiniz.
Akop yalvarmağa başladı. Umud kişi iti zəncirdən
açandan sonra tüfəngin qundağı ilə Akopun
başına vuraraq yerə yıxdı və onun iyrənc sifətinə
tüpürdü. İti də
götürüb camaatın arxasınca getdi.
Yolda Qara Abdullaya rast gəldi. Abdulla Umud kişiyə təəccüblə
baxaraq dedi: A kişi dəli olmusan, erməni-rus
kəndə girib, hardan gəlirsən?!
Umud kişi Qara Abdullaya dedi ki, it qapılarında
bağlı qalmışdı, onu zəncirdən
açıb gətirirəm.
Qara
Abdullanın köntöy səslə dediyi sözlər Umud
kişinin xoşuna gəlmədi: Əə adamda bir itdən
ötrü özünü güdaza verərmi? Dədəmin
goru haqqı sənin başın xarab olub...
- Elə
demə, sən Allah, o dilsiz, ağızsız it çoxlu
adamdan etibarlı, çoxundan vəfalı, çoxundan da sədaqətlidir.
Əl boyda çörək veririk, ölənə
qədər o çörəyin qədirini bilir. Əə,
ay Qara Abdulla, yediyi çörəyin qədrini çox adam bilmir, çörək yediyi boşqaba tüpürür,
onlardansa elə bu it yaxşıdır! Görmədin
başımıza nə oyun açdılar?!
Çayın yatağında ermənilər camaatı qəfildən
atəşə tutmuşdular. Yüzə yaxın insandan on-on beş nəfər sağ
qalmışdı.
Çayın o biri tərəfində adamların
qaraltısı göründü. Sərvinazın
qışqırtısı Umud kişinin ayaqlarını taqətdən
saldı.
- Ay Umud
tez gəl, belimiz qırıldı, evimiz yıxıldı,
Mübarizi ermənilər vurdular.
Qara
Abdulla Umud kişi ilə adamlara
çatanda Sərvinaz da oğlu Mübarizi qucaqlayaraq
xırıldayırdı. Ermənilər onu
kürəyindən atmışdılar. Qara
Abdulla baxdı ki, hər tərəf meyitlə doludur. Səkkiz
yaşlarında bir qız uşağı can verirdi. Onun qana batmış başını sinəsinə
sıxan Qara Abdullanın da taqəti kəsildi. Ha çalışırdısa
yaralılara kömək edə bilmirdi.
Umud kişi Sərvinazı qarın üstünə
uz
adanda
gördü ki, Mübarizin nəfəsi gəlir, tez onu
qucağına aldı. Ermənilər onu sinəsindən
vurmuşdular.
Mübariz
kəsik-kəsik səslə deyə bildi: ay dədə, məni
yaralı halda apara bilməyəssən, özünü
gör xilas edə bilərsənmi?!
Umud kişi Mübarizin qan hopmuş sinəsinə
cib dəsmalını bassa da qan kəsilmirdi.
Şaxta qılınc təki adamı kəsirdi. Ermənilər
onların lap yaxınlığına
çatmışdılar.
Mübariz
bir də dilləndi: mənim yaralı halda ermənilərin əlinə
düşməyimi istəmirsənsə, ay dədə, mənə
bir güllə vur.
Umud kişi onu birtəhər qaldırıb kürəyinə
alaraq sürünməyə başladı. Uzaq
gedə bilməyəcəyini yaxşı anlayırdı.
Yenə də ümid Allahdan kəsilməz deyərək
yaralı oğlunu qarın üstü ilə sürüyərək
qarış-qarış irəliləyirdi.
Çaqqal təki kol-kosa doluşmuş ermənilər
lap yaxına gəlmişdilər. Umud kişi
qoşalüləni kürəyindən alaraq patronu xəzinəyə
verdi. Üzünü göyə tutaraq: ay Allah, məni
övlad qatili eləmə, ilahi mənə bu dərdi göstərmə!
Şaxta vurmuş barmaqlarını tətiyə
toxundurdu. Umud
kişinin ayrı bir yolu qalmamışdı: ya gərək
yaralı oğlu ilə ermənilərə əsir
düşə, yaxud da...
Bir qədər aralıda ermənilərin hənirini
eşidəndən sonra qoşalülənin tətiyini
çəkdi.
Güllə açılmadı. Tətiyi bir də çəkdi, güllə yenə
də açılmadı. Umud kişi
bir az toxtadı.
- İlahi şükür böyüklüyünə,
məni övlad qatili etmədin deyə dilləndi.
Mübariz
isə zarıyaraq deyirdi:
- Ay dədə, ay dədə, məni vur, qoyma ermənilərin əlinə keçim. Bu sözlərdən sonra Mübariz canını tapşırdı. Umud kişi onun qana batmış sinəsini sığallayır və hönkürtü ilə ağlayırdı. Umud kişi yurdunu və oğlunu itirmişdi.
Qoşalüləni əlinə götürüb yaxınlıqdakı kolun dibində özünə səngər qurdu. Patronları cibindən çıxarıb yanına düzdü. Erməniləri lap yaxına buraxdı və tətiyi çəkəndə güllə açıldı. Ona çatmaqda olan erməni vaqqıldayaraq yerə sərildi.
Qoşalülənin səsi dağlarda, daşlarda, quduz canavar təki ulayan küləkli düzlərdə əks səda verdi.
Ermənilər pərən-pərən düşdülər. Bir qədər əvvəl öldürdükləri arvad-uşağın meyitlərinin arxasında gizlənməyə çalışırdılar. Umud kişi onları yaxşı görürdü və elə buna görə onun güllələri boşa çıxmırdı. Patronu qurtardı. Umud kişi dağa-dərəyə, düzə səpələnmiş meyitlərə baxırdı. Öz-özünə sual verirdi: axı bizim günahımız nə idi?! Bizi niyə bu günə saldılar?!
Gözlərini dolandırıb kəndlərinə tərəf baxdı. Kənd alova bürünmüşdü. Kənd yanırdı...
Şər qarışırdı və meyit dolu bu yerlərə axşam düşürdü. Artıq ermənilər geri qayıdırdılar.
Umud kişi oğlu Mübarizin meyitini iri çalaya gətirəndən sonra cib bıçağını çıxararaq buz bağlamış torpağı qazmağa başladı. Torpağı əlləri ilə eşir və onu nəfəsi ilə qızdırırdı və yenidən qazmağa başlayırdı. Dayaz olsa da qəbir hazır olanda artıq səhər açılmışdı. Oğlunu qəbirə qoyub üstünə torpaq tökdü. Nəfəsini dərib geriyə çevriləndə bir rus və iki erməni ilə üz-üzə gəldi. Əlindəki bıçağı həmin rus əsgərinin sinəsinə çırpdı və həmin o rus diz üstə çökdü. Ermənilər qorxuya düşdükləri üçün Umud kişini güllələdilər.
Torpaq qana bələnmişdi. Daş qan içində idi. Qar qıpqırmızı rəngdə idi. Ağaclar qandan don geyinmişdilər. Kolların sırsıra bağlamış tikanlarından qan süzülürdü.
Umud kişi və ümid öldü.
Qara qayanın üstünə bir sarı qarğa qonaraq həmin o qan rəngli çöllərə baxırdı.
Qara qaya elə həmin yerdədir. Həmin o kaftar və qana susamış sarı qarğa yenə də o qayanın üstünə qonub...
Salman Alıoğlu
525-ci qəzet.-
2015.- 26 fevral.- S.7.