"Azərbaycan rusları" sənədli filmi təqdim olunub

 

 

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində "Azərbaycan rusları" sənədli filminin təqdimatı olub. Film Azərbaycanın Rus İcmasının sifarişi, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Moskva şəhəri hökumətinin dəstəyi ilə ərsəyə gəlib.

 

Rejissor Cavid İmamverdiyevin komandası Oksana Bulanovanın iştirakı ilə Mixail Zabelinin ssenarisi əsasında film üzərində çəkilişləri yenicə başa çatdırıb. Baxışdan əvvəl Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin filmin yaradılması ideyasından danışıb. 50 dəqiqəlik sənədli film tamaşaçını Rusiyadan müxtəlif zümrələrin nümayəndələrinin Azərbaycana köçməsinin tarixi ilə tanış edir. Filmdə XIX və XX əsrlərdə rusların Cənubi Qafqazın, o cümlədən, Azərbaycanın inkişafına göstərdikləri təsirdən söz açılır.

 

Sonra RİMM-nin "Böyük Vətən müharibəsinin böyük döyüşləri" layihəsi çərçivəsində 1971-ci ildə M.Qorki adına kinostudiyada lentə alınmış "Zabitlər" bədii filmi nümayiş etdirilib.

 

Kinobaxışda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələri, Milli Məclisin deputatları, diplomatlar, Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr və yeparxiyanın nümayəndələri, yaradıcılıq ittifaqlarının üzvləri iştirak ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 26 fevral.- S.7.