"Başdaşı əhvalatı" kitabının təqdimatı keçirilib

 

 

Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı-publisist Salatın Əhmədlinin Xocalı soyqırımının 23-cü ildönümünə həsr etdiyi, rus və ingilis dillərinə tərcümə olunmuş "Başdaşı əhvalatı" kitabının təqdimatı keçirilib.

 

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, "Ön söz"ün müəllifi yazıçı-publisist Gülxani Pənah, kitabın redaktoru Aygün Sultanlı və başqaları kitabda dərc olunmuş "Başdaşı əhvalatı", "Zirzəmidə qazılan məzar", "Körpə səsi, ana nəfəsi", "Günahmı, savabmı?...", "Təndir yarası" hekayələrinin təsirli dillə yazıldığını, kitabda qələmə alınmış hadisələrin bu böyük kədəri dolğun əks etdirdiyini diqqətə çatdırıblar.

 

Çıxış edənlər kitabın rus və ingilis dillindən başqa, digər xalqların da dilinə tərcümə olunaraq yayılmasının vacib olduğunu söyləyiblər.

 

Xalq yazıçısı Mirzə İbrahimov adına "Kitab Fondu"nun maliyyə dəstəyi ilə çıxan bu kitabların xalqımızın başına gətirilən müsibətlərin dünyada yayılması baxımından əhəmiyyətli olduğu bildirilib.

 

Sonda S.Əhmədli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, oxucular üçün kitabını imzalayıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 26 fevral.- S7.