Milli Kitabxanada
Xocalı soyqırımı ilə bağlı kitab sərgisi açılıb
M.F.Axundzadə
adına Milli Kitabxanada Xocalı soyqırımının
23-cü ildönümünə həsr edilmiş
"Xocalı soyqırımı: İnsanlığa
qarşı cinayət" adlı geniş kitab sərgisinin
açılış mərasimi olub.
Tədbir
çərçivəsində professor Əsgər
Abdullayevin Xocalı soyqırımının
qurbanlarının xatirəsinə ithaf etdiyi
"Keçmişini unudan, gələcəyini itirər"
adlı kitabının təqdimatı keçirilib.
Kitabxananın
direktoru Kərim Tahirov XX əsrin ən dəhşətli və
qanlı faciələrindən biri olan Xocalı
soyqırımı barədə tədbir
iştirakçılarına məlumat verib: " 23 il əvvəl
- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Xocalı şəhərinə
hücum edərək azərbaycanlılara qarşı
soyqırımı törədiblər. Şəhər
darmadağın edilib və talanıb, dinc əhaliyə
amansızlıqla divan tutulub, 613 nəfər qətlə
yetirilib".
Bildirilib
ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Milli Məclis 1994-cü il fevralın 24-də
"Xocalı soyqırımı günü haqqında"
xüsusi qərar qəbul edib. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2009-cu ildən başlanan "Xocalıya ədalət"
kampaniyası çərçivəsində dünyanın
70-dən çox ölkəsində müxtəlif səpkili
tədbirlər keçirilib. Prezident İlham Əliyev
2014-cü il fevralın 13-də "Xocalıya ədalət"
kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb. Həyata keçirilən
məqsədyönlü işlər nəticəsində
dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat
və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini
soyqırımı kimi tanıyıb.
Tədbirdə
çıxış edən müəllif
"Keçmişini unudan, gələcəyini itirər"
adlı kitabının yazılma səbəblərindən,
Xocalıda baş verən dəhşətlərin qələmə
alınaraq gələcək nəsillərə
çatdırılmasının vacibliyindən geniş
söz açıb.
Sonra
tədbir iştirakçıları kitab sərgisi ilə
tanış olublar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 26 fevral.- S.7.