Bəxtiyar Vahabzadə poeziyası - fərqli
dünyaların harmoniyası
Bu gün
Batıdan Doğuya, Doğudan Batıya - hər bir
türkün sevdiyi şairlərdən biri də Bəxtiyar
Vahabzadədir.
Bu fikrin
isbatına heç bir ehtiyac yoxdur-bunu desək də, deməsək
də, tarix özü bu həqiqəti təsdiq edib.
Bəxtiyar
Vahabzadə hər hansı bir türkün yaddaşında
"şair", "poeziya", "şeir" sözlərinin
ardınsa gələn ilk beş-on sözdən biridir: Nizami,
Füzuli, Nəsimi, Rumi, Xətai, Yunis İmrə, Vaqif, Sabir,
Hadi, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Nazim
Hikmət, Rəsul Rza... Bu müqayisədə heç bir
mübaliğə görmürəm. Şairlərin
böyüklüyünü xalq bilir, xalqın yaddaşı
onun sevgisi kimidir.
Neçə
il öncə -B.Vahabzadənin anadan olmasının 70 illiyi
münasibətilə belə bir kitab nəşr olunmuşdu:
"Poeziyamızın Bəxtiyarı". O kitabda B.Vahabzadənin
yaradıcılığı, keçdiyi ömür yolu və
şəxsiyyəti barədə məqalələr,
resenziyalar toplanmışdı. Dünyanın, Azərbaycanın
tanınmış sənətçiləri
poeziyamızın Bəxtiyarına ən səmimi, ən
duyğulu ürək sözlərini izhar edirdilər.
Sovet ədəbiyyatının
klassiklərindən sayılsa da, ruhən müasir bir
yazıçı olan dilimizin, mədəniyyətimizin
qorunmasında böyük xidmətləri olan Mirzə
İbrahimov yazırdı: "Bəxtiyar Vahabzadə
şeirimizin Füzuli, Vaqif, Sabir, Səməd Vurğun,
Aşıq Ələsgər, Şəhriyar bulağından su
içmişdir. O, sözü elə gözəl oynadır,
elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən
elə döndərir, elə dərinləşdirir və fəlsəfi
ümumiləşdirmələr səviyyəsinə elə
qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevic və mənəvi,
estetik ləzzət duyursan".
Ustad Rəsul
Rza deyirdi: "Bəxtiyar Vahabzadə sözün əsl mənasında
şairdir. Onun poetik fırçasının çəkdiyi
lövhələr rəngarəng və maraqlıdır. Bəxtiyar
Vahabzadənin poeziyası Düşüncələr
poeziyasıdır".
Tanrının
XX əsrdə türk dünyasına bəxş etdiyi
böyük yazıçı Çingiz Aytmatov isə
B.Vahabzadəni belə qiymətləndirirdi: " Tarix
çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə
haqsızlar. Adama elə gələ bilər ki, keçmiş
"fəna mülkünə" qərq olubsa, əzab
çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi
bugünün gözüylə mühakimə edir, bizi inandırır
ki, bunun bilavasitə ona və müasirlərinə dəxli
var. O, bizi inandırır ki, indiki adamların, indiki zamanın
taleyi keçmişdən asılıdır".
Rusiyanın
böyük şairi Yevgeni Yevtuşenkonu dinləyək:
"Bəxtiyarı dinləyəndə, dili bilməsən də,
onun şeirləri adama şirin gəlir. Hətta sətri tərcüməni
oxuyanda dilin gözəlliyi arxasında gizlənmiş dərin
qəm və kədəri hiss edirsən".
Mayestro
Niyazi deyirdi: "Bəxtiyar ona görə bəxtiyardır
ki, onu xalq sevir, onun Bəxtiyarı var".
Bu
seçmələri yan-yana düzməkdə məqsədim
nədir? Əcəba, Bəxtiyar poeziyasına, bu poeziyanın
Doğudan Batıya, Batıdan Doğuya çatacağına
bir şübhəmi qalır? Qətiyyən! Əsla!
Hələ
mən B.Vahabzadə haqqında yazılan namizədlik və
doktorluq dissertasiyalarını, neçə-neçə
monoqrafiyanı və sayı-hesabını sağlığında
heç özünün də bilmədiyi yüzlərlə
məqalələri demirəm. Onların əksəriyyəti
məhəbbətdən, Bəxtiyara sevgidən doğub? Bu
sevgiyə bir şübhəmi var?
Bəxtiyar
Vahabzadə poeziyası onun şəxsiyyətindən
ayrılmazdır. Əslində, hər hansı bir şeir
şairdən kiçik bir zərrədir. Şair havadan
poeziya yarada bilməz. Poeziya onun ruhi, iç aləminin bəlirtiləridir.
Şairin dünyası isə ÖZ DÜNYASI ilə,
yaşadığı dünyanın harmoniyasından, yaxud
ziddiyyətindən yaranır. Harmoniya yarananda şair
yaşadığı dünyanın gözəlliklərindən
hədsiz zövq alır. Amma bəzən elə ifrata
varır ki, ətrafında top atılsa da, diksinmir, yaxud o dərəcədə
ifrata varır ki, həyatda olmayan gözəlliyə də bir
gözəllik donu bəxş edir, despotu adil padşaha
çevirir və s. Öz dünyası ilə
yaşadığı dünya arasında bu cür süni
harmoniya yaradan şairlərin çoxu ilhamına xəyanət
edən şairlərdir. Şair ilk şeirindən son
şeirinəcən təkcə gözəllikləri vəsf
etməməlidir, həm də və bəlkə də ən
başlıcası, yaşadığı dünya ilə
müxalifətdə olmalıdır. Sevincin içində
sevinc bolluğunu görməyə nə var, dərdi gör,
qəmi sez, kədəri ara. Gözəlliyin içində
gözəlliyin çalarlarını duymağa nə var, bu
gözəlliyin faciəsini gör.
Mənim
fikrimcə, Bəxtiyar Vahabzadə Mirzə Ələkbər
Sabirdən sonra dövranla, dünya ilə ən amansız
müxalifətdə olan şairlərimizdən birisidir. Dahi
Sabirin "Hophopnamə"si göz yaşları içində
qəhqəhə idi, üz tutduğu xalqa
"özünü dərk et" harayını, fəryadını
çatdırırdı. Bəxtiyarın "Bəxtiyarnamə"si
isə nə göz yaşlarıdı, nə də qəhqəhə.
Müdrik bir şair-filosofun bəzən
çılğın, bəzən qəzəbli
çağırışlarıdır. "Ey xalqım,
özünü dərk et və düşün... əsrlər
boyu səni izləyən və qəhr edən bu bəlalardan
özün çıxış yolu ara, tarixdən ibrət
al!"
Törədi
Koroğlu dəlilərindən
Savadlı,
bilikli "ağıllılar" hey.
Bu
ağıl hünərə deyil, bəs nədən
Kölə
ehtiyata səcdə qılır hey?
Dayaq
olmalıykən öz elinə sən,
Elin
kürəyində bir bıçaq oldun.
Sən
igid olmalı, ər olmalıykən,
Özgənin
əlində oyuncaq oldun.
Əllinci
illərin sonları. Sovet imperiyasının hələ
heç sarsılmadığı, daha da güc
topladığı o illərdə Bəxtiyar Vahabzadə
"Gülüstan" poemasını yazdı. Birsə elə
bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı
yatmış millətin içində huşyar insanlar da
vardı, biri də Bəxtiyar Vahabzadə idi. Ötən illərdə
yazılan bir məqalədə oxumuşdum ki, guya bu
poemanı yazmaqla Bəxtiyar Vahabzadə özü haqqında
ucuz şöhrət, illüziya yaratmaq istəyirmiş. Bəlkə
də həmin müəllif poemanın
yazıldığı illərdə ali məktəbdə
marksizm-leninizm kursu keçirdi və təpədən
dırnağa komsomolçu idi. Cürət, qeyrət, milli
amal insana heç də əlli-altmış yaşında bəxş
olunmur, insanla birgə doğulur, qanda, ilikdə yaranır
bunlar.
Kağıza
həvəslə o da qol atdı,
Dodağı
altından gülümsəyərək.
Bir qələm
əsrlik hicran yaratdı,
Bir
xalqı yarıya böldü qılınctək.
Öz
sivri ucuyla bu lələk qələm,
Dəldi
sinəsini Azərbaycanın.
Başını
qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər
səsini Azərbaycanın.
Xalqın,
millətin sevimli şairinə ilk mənəvi zərbə də
elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı,
bəziləri kimi etirafda bulunmadı.
Biz millət
şairi, xalq şairi ifadələrini tez-tez işlədirik.
Bəzən buna layiq olmayanların və haqqı
çatmayanların adlarının qarşısında bu ifadələri
işlətməkdən çəkinmirik. Bəxtiyar Vahabzadənin
həm şəxsiyyəti, həm də
yaradıcılığı onu millətin, xalqın
böyük şairi anlamına gətirir. Onun
üçün dünya Azərbaycandan başlayırdı,
Azərbaycanla da bitirdi. Bu xalqın dəli-divanəsiydi .
Bəxtiyar
Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın
əsas təbliğçisi və tərənnümçüsü
idi.
Bu fikri
söyləməklə onun poeziya tarixində xidmətlərini
şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur
ki, milli birlik, Azərbaycanı vahid görmək ideyası
Sovet dönəmində Bəxtiyar Vahabzadə poeziyasından
başlayır. Onun bu xalqın fikri-mənəvi intibahına
səsləyən harayına qoşulanda istər-istəməz
fikirləşirsən: yalnız ÖZ XALQINI SEVƏN bir
şair, onun tarixi keçmişiylə qürrələnən,
həm də fasilələrini görən bir insan bir
böyük ərklə onu qınaya bilər,həm də ona
qarşı hər hansı haqsızlığa
dözümsüzlük göstərər.
Dünya
quru bir səs,
Qəm
çəkməyə dəyməz.
Yüz-yüz
itən olsun,
Min-min də
bitən var.
Şükr
eyliyəlim ki,
Bizlərdən
həm əvvəl,
Həm
sonra Vətən var.
Bəxtiyar
poeziyasında həmişə Zamanın ahəngi, ritmi, hətta
addım səsləri aydınca duyulub. Zaman onun poeziyasında
həm konkret mənada-dəqiq ayı, ili, əsri ilə məlum
çərçivədə, həm də bütün
keçmişləri, indiyə və gələsəyə
sığışdırılan bir dairədədir.
Zamanın ayrı-ayrı bölümlərini ifadə edən
yazılarında Bəxtiyar Vahabzadə
"Gülüstan", "416", "Şəhidlər",
"Yollar-oğullar" şairidir. Yəni konkret tarixi hadisələrin
konkret Zaman bölümündə əksi..Amma unutmaq olmaz ki,
burada konkretliyin özündə də bir şərtilik var.
"Gülüstan"
bir xalqın tarixi faciəsinin ibrət dərsidir, bir
zamanın başqa bir zamanda ehyacı, sonrakı zamanın da əbədi
ağrısıdır. "Şəhidlər" də həmçinin.
Amma elə
şeirləri, poemaları var ki, orada Zaman dəyişməz
və bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır.
Məsələn, "İnsan və zaman" silsiləsindən
olan bir sıra şeirlər, "Latın dili", "Gəl,
ana təbiət", "Muğam", "Mənə nə
var?", "Özümdən narazıyam", "Həyat,
sən nə şirinsən", "Ana dili" ..və s. bu
qəbildən olan poetik nümunələr:
Fırlandıqca
bu dünya, yox da dönüb var olur,
Quruyan
çeşmələrdən sular yenə car olur.
Bu
dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar
olmasın? Axı, dünya fırlanır.
Min-min illər
bu dünya beləcə fırlansa da,
Bir
yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər,
fəsillər bir-birini dansa da,
Dəyişməzdir
əqidəm, çox da dünya fırlanır.
Mərhum
tənqidçi Aydın Məmmədov yazırdı: "Bəxtiyar
Vahabzadə poeziyası əzabkeş fikrin, dünya, insan,
sevgi və azadlıq haqqında
çırpıntıların poeziyasıdır. Bu poeziya
tarixin şah damarını axtarır, bir sözün, bir
obrazın maqnit sahəsində keçmiş, bu günü və
gələcəyi qovuşdurur. Hər dəfə də
dünyanın taleyinə bir nöqtədən-bütün mənəvi
qüdrətini insanların yolunda sərf etməyə
hazır olan fədakar humanizm zirvəsindən
yanaşır". Şairin "İnsan və zaman"
silsiləsi onun bütün yaradıcılığı boyu
davam edən lirik-fəlsəfi düşüncələrinin
ifadəsidir. Bu silsilədə dünyada baş verən hər
hansı yeni olaya, hadisəyə həssas şair münasibəti
hiss edilir. Fikir axtarışı Bəxtiyar poeziyasının
əqli-intellektual yönünü müəyyənləşdirən
başlıca amil idi.
Dünya-axtarış
evi..
Kimi sərvət
axtarır,
Kimi fikir
axtarır.
Kimi də
ürəklərin axtarış həvəsində
Sirr
görür, sirr axtarır.
Sərvət,
fikir!
Fərqə bax!
Sərvət-fikir
deyilsə,
Fikir-sərvətdir
ancaq.
(Ardı var)
Vaqif Yusifli
525-ci qəzet.- 2015.- 26 fevral.-
S6.