Xocalının harayına yetişən qəhrəmanlar

 

ƏMƏLİYYAT NƏTİCƏSİNDƏ 100 NƏFƏRDƏN ÇOX XOCALI SAKİNİ BİR GECƏYƏ AZAD EDİLİB

 

 

Bu gün Xocalı soyqırımının baş verməsindən 23 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi ən böyük terror-soyqırım aktlarından biri həyata keçirilib.

 

Ermənilər Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Lakin bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və ahıl insanlar olmaqla - 613 nəfər Xocalı sakini düşmən gülləsinə tuş gələrək öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bu soyqırım aktı nəticəsində yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Ermənilərin planlı surətdə həyata keçirdiyi bu hadisələrə mane olmaq, Xocalı sakinlərini düşmən gülləsindən xilas etmək üçün canlarını təhlükəyə atan Vətənin qəhrəman oğulları da az olmayıb. Onlardan biri Ağdamın Əhmədavar kəndindən olan Oruc Cabbarovdur.

 

Oruc Cabbarov doğulub boya-başa çatdığı kənddə yaradılan könüllülərdən ibarət bölüyün komandiri olub. Vətənin qəhrəman oğlunun sözlərinə görə, Xocalı sakinlərini xilas etmək üçün onlar dərhal əməliyyata keçiblər: "İlk olaraq düşmən mühasirəsini yarmaq üçün Qaraqaya yüksəkliyində yerləşən erməni mövqeyini ələ keçirmək lazım idi. Ona görə də, 4-5 nəfərdən ibarət kəşfiyyat xarakterli əməliyyat apardıq.

 

Nəticədə düşmən postunu ələ keçirib Xocalı istiqamətində mühasirəni yardıq. Bu əsirlərin xilas edildiyi yeganə yol oldu.  Lakin vəziyyətdən göründüyü kimi düşmən bizim daha da irəliləməyimizi istəyib. Onlar bizi tələyə salaraq öldürmək fikrində idilər. Xoşbəxtlikdən isə bu onlarda baş tutmayıb. Apardığımız əməliyyat zamanı ermənilər tərəfindən meşədə əsir saxlanılan qadının harayı bizi ayıltdı. Anidən əlimdəki silahla qadının arxasından bizə atəş açmaq istəyən ermənini görüb hədəfi düz təyin edərək onu zərərsizləşdirə bildim. Ancaq buna qədər döyüş yoldaşlarımdan biri artıq şəhidlik zirvəsinə ucalmışdı. Lakin biz dayanmadıq. Əsirləri xilas etmək üçün ermənilərlə mübarizə apararaq onları məhv etdik. Bu əməliyyat nəticəsində 100-dən çox Xocalı sakini bir gecəyə azad edilib. Sonrakı günlərdə də əsirlərin azad olunması və öldürülənlərin geri qaytarılması üçün aparılan hərbi əməliyyatlarda  bizim açdığımız yoldan istifadə olunub".

 

O.Cabbarov Qarabağ müharibəsi veteranı olmaqla yanaşı, şəhid ailəsidir. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot ermənilər tərəfindən vurularkən onun qardaşı Ələddin Cabbarov və bacısının həyat yoldaşı Asif Qarayev düşməndən xilas olmaq üçün özlərini kabinadan aşağı atıblar. Qarabağ müharibəsində göstərdiyi vətənpərvərliyə, xüsusən də Xocalı soyqırımı zamanı göstərdiyi qəhrəmanlıq dövlət səviyyəsində də yüksək qiymətləndirilib, xalqın qəhrəman oğluna 2010-cu ildə Ağdamın Quzanlı qəsəbəsində yeni inşa olunan 4 otaqlı mənzil hədiyyə olunub. Dövlət başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə Oruc Cabbarovu yeni evində təbrik edən ilk insanlar olub.

 

"Azərbaycan bayrağı" ordeni ilə təltif olunan, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Bəxşeyiş Hətəmli də Ağdamın qəhrəman oğullarındandır. O könüllü olaraq rayonda yaradılan hərbi hissəyə üzv olub və noyabr ayından atəşkəsin imzalandığı 1994-cü ilə qədər Ağdərə, Ağdam, Əsgəran istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Ağdamın Yusifcanlı kəndi istiqamətində hərbi əməliyyat zamanı minaya düşən Bəxşeyiş Hətəmli 2 ilə qədər xəstəxanada müalicə alıb və 2-ci qrup Qarabağ müharibəsi əlili kimi ordu sıralarından təxris olub. Xocalı sakinlərinin xilasetmə əməliyyatında iştirak edən Bəxşeyiş Hətəmli doğulub boya-başa çatdığı Ağdam rayonundan xocalıların harayına yetişənlərin çox olduğunu deyib. Onun sözlərinə görə, cəbhənin yarılması və əsirlərin xilas olunması üçün ağdamlılar böyük şücaət göstəriblər: "Xocalı hadisələri zamanı 11 nəfər sakin ermənilərin əlindən xilas olaraq Ağdamın Əliağalı kəndinə üz tutub. Biz də hadisələrdən xəbərdar olaraq meşədən gələn səsə, haraya doğru gedib digərlərinin xilas olması üçün əlimizdən gələni etmişik. Həmin günləri xatırlamaq çox ağırdır. İnsanların fəryadları, düşmənin vəhşiliyini öz gözümlə görmüşəm. Ermənilər həqiqətən də yaşlı, cavan, uşaq fərqi qoymadan azərbaycanlılara divan tutub, işgəncələrlə qətlə yetiriliblər. Bu cür vəhşilik heç vaxt yaddan çıxan deyil".

 

Əksəriyyətimiz Xocalı faciəsinin canlı şahidi olmasaq da, hadisələrdən canlı şahidlər, video və fotolar vasitəsilə agah ola bilmişik. Bu gün bütün dünya bu soyqırım faktından xəbərdardır. Buna baxmayaraq 366-cı motoatıcı alayın tərkibində Xocalıda törədilən terror aktında əlinə silah alaraq dinc və əliyalın azərbaycanlıları qətlə yetirənlərdən olan Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan "fəxrlə" bu soyqırımı həyata keçirdiklərini bildirirlər.

 

Bununla onlar təsdiq edirlər ki, Ermənistanı dünən də, bu gün də cinayətkar rejim idarə edir. Həmin cinayətkarlar beynəlxalq məhkəmə tribunalında mühakimə olunmaq əvəzinə sərbəst şəkildə çirkin əməllərini davam etdirirlər. Dünya birliyi bu cür haqsızlığa göz yumaraq özlərini həmin soyqırımın səbəbkarları ilə eyni tərəziyə qoyur. Buna baxmayaraq hər kəs bilməlidir ki, bu terror aktını törətməklə ermənilərin azərbaycanlıların qəddini əyə, əzmini qıra bilməyib. Planlı surətdə, hiyləgərcəsinə dinc əhaliyə qarşı törədilən bu soyqırımın qarşısını almaq, xocalıları xilas etmək üçün canlarını qurban verən və bilə-bilə ölümə gedən oğullarımız az olmayıb. Düşmənə qarşı mübarizəmiz də bitməyib. Bu gün torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər bir Azərbaycan oğlu canla-başla vuruşmağa hazırdır. Keçən əsrdə təkcə yəhudilərə qarşı deyil, eyni zamanda azərbaycanlılara qarşı da soyqırım aktının törədildiyini bütün dünyaya sübut etmək üçün "Xocalıya ədalət!" kampaniyası aparılır.

 

İsrailin yeni seçilən prezidenti Reuven Rivlin də BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib. İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: "Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim assambleyanın soyqırımlara qarşı mübarizəsi yetərli olubmu? Bu mübarizə Bosniyadakı soyqırımın qarşısını almaq üçün kifayət qədər səmərəliydimi? Xocalıda insanların ölümünün qarşısını almaq üçün səmərəliydimi? Bəs Taliban tərəfindən əfqanların öldürülməsinin?! Bu gün bu mübarizə Suriyada yetərlidirmi? Nigeriyada "Boko Haram"ın törədiklərinin qarşısını almaq üçün kifayət edirmi? Biz həddən çox göz yaşı axıdır, amma az iş görürük".

 

Bu o deməkdir ki, Azərbaycanın apardığı "Xocalıya ədalət!" kampaniyası öz nəticəsini verir. İldən-ilə Xocalının səsinə səs verən, bu soyqırımı bəşəri cinayət kimi qiymətləndirərək tanıyan dövlətlərin sayı durmadan artır.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2015.- 26 fevral.- S5.