Mil düzündən Sevil keçdi...
Məşhur əmək qəhrəmanı
Sevil Qazıyevanın 75 illiyinə həsr olunur
Sevil
Qazıyeva adı Azərbaycanda məşhurdur. 1971-ci ilin iyul
ayında, pambıq yığımı ərəfəsində
o zaman Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi olan
Ümummilli lider Heydər Əliyev ölkənin bir qrup
qabaqcıl sürücü-mexanikini qəbul edərkən
demişdi: "Sevil Qazıyevanın şəxsi nümunəsi
gənclərin əmək və vətənpərvərlik tərbiyəsinə
ciddi təsir göstərmişdir".
Bakının
A.Bakıxanov prospektində, Rusiyanın Bakıdakı səfirliyinin
yaxınlığında Azərbaycanda "qızlar,
sükan arxasına" hərəkatının təşəbbüsçüsü,
qadınlar arasında pambıqyığan
maşınının ilk sürücü-mexaniki, Sosialist
Əməyi Qəhrəmanı, respublikanın Əməkdar
mexanizatoru Sevil Qazıyevanın abidəsi
ucaldılmışdır.
Abidənin
ətrafındakı, əvvəlkinə nisbətən qat-qat
kiçildilmiş bağça Sevil Qazıyevanın
adını daşıyır.
Sevil
Qazıyevanın 75 illiyi ərəfəsində, vaxtıilə
uzun illər komsomol işçisi olmuş, respublikada
"Qızlar, sükan arxasına" hərəkatının
geniş yayılması üçün böyük təşkilatçılıq
işi aparmış, 1300 nəfərdən çox
sürücü-mexanik qızların hazırlanmasında gərgin
əmək sərf etmiş dəyərli ziyalı Çingiz
Fərəcovun onunla bağlı xatirələrini dərc
edirik.
Sevili
bir əmək qəhrəmanı kimi sosializm cəmiyyəti
yetişdirdiyi üçün yazıda o dövrün rəhbər
siyasi təşkilatlarının adları olduğu kimi
saxlanılıb.
Xalqımızın
öz şanlı işlərilə Azərbaycanın tarixinə
yeni səhifələr açan övladları çox olub.
Mən sadəcə olaraq çoxdan unudulmuş, ancaq vaxtilə
bütün ölkənin fəxr etdiyi bir gənc qızı
bugunkü nəslin yadına salmaq istəyirəm. O, keçən
əsrin 60-cı illərində gənclər təşkilatı
olan komsomolun tərbiyə edib yetişdirdiyi, onu
sağlığında Azərbaycanın milli iftixarı
adlandırdığı Sevil Qazıyevadır. Sevil mənim ən
çox sevdiyim qəhrəmanlardan biri idi.
1960-cı
ilin əvvəllərində Azərbaycan komsomolu kənddə
texnikanı geniş tətbiq etmək, kənd təsərrüfatı
işlərini kompleks mexanikləşdirmək uğrunda
geniş yürüşə başladı. Bu nəcib iş
sosialist kənd təsərrüfatını daha da inkişaf
etdirmək, ölkəmizdə məhsul bolluğu yaratmaq məqsədi
daşıyırdı. Özbəkistanın məşhur
mexanizatoru, Lenin mükafatı laureatı, iki dəfə
Sosialist Əməyi Qəhrəmanı Tursunoy Axunovanın nəcib
işini davam etdirən Azərbaycan qızları yeni
texnikanı səylə öyrənməyə
başladılar.
O
zaman "qızlar sükan arxasına!" hərəkatı
dəbdə idi. Texniki peşə məktəblərində
sürücü-mexanik diplomu alıb, kəndlərə
axışan qızların sayı gündən-günə
çoxalırdı. Belə qızlar xüsusən
Mil-Muğan düzlərinə can atırdılar,
çünki bu yerlərdə pambıq əsasən
maşınlarla yığılırdı və hər bir
qız pambıqyığan maşının mexanizatoru olmaq,
mövsüm ərzində bacardıqca çox pambıq
toplamaq istəyirdi. Sürücü-mexanik qızların
söz-söhbəti, şəkilləri qəzet səhifələrindən,
radio dalğalarından, televiziya ekranlarından
düşmürdü. 5 nömrəli Mil
pambıqçılıq sovxozunda Sevil Qazıyeva adlı bir
qız peyda oldu. Od parçası idi, şəhərdən təzəcə
ayrılsa da burada heç kimdən geri qalmırdı.
Azərbaycan
xalqının igid qızı Sevil Qazıyeva maşınla
pambıqyığan qızların pioneri oldu. O, öz
ağır, lakin şərəfli və gərəkli
işilə yüzləri, minləri ruhlandırdı. 1300 nəfərdən
çox qız Sevilin təşəbbüsünə qoşulub,
sürücü-mexanik peşəsinə yiyələndi. Sevil bu ordunun
komandiri oldu.
O vaxtdan düz 55 il keçir.
Hər dəfə bahar gələndə kövrək
hisslərlə Sevili xatırlayıram. Bəlkə də
bu onun baharda doğulması ilə əlaqədardır.
Elə baharda doğulduğuna görə həyatı
təpədən dırnağa qədər romantika ilə
dolu idi. Kim bilir, bəlkə də bu qəribə
taleyə görə həyatdan belə tez getdi, 23
yaşında. Baharda doğuldu, elə
ömrün bahar çağında da öz
dünyasını dəyişdi.
Allah ona hər
şey vermişdi: yaraşıqlı boy-buxun, uzun
hörüklər, bir də qeyri-adi gözəllik. Köçdü dünyamızdan Sevil, birdəfəlik
getdi. Ondan təkcə şirin xatirələr
qaldı.
Bu gün Sevil yaşasaydı, onun 75 yaşı
olacaqdı.
Tay-tuşları kimi o da yəqin nənə olacaq, nəvələrinin
əlindən tutacaq, Mil düzündə, Zaqatalada, bəlkə
də elə Bakının özündə parkları,
xiyabanları gəzəcək, öz şanlı
ömrünün saralmış səhifələrindən nəvələrinə
maraqlı hekayət danışacaqdı, rəfiqələri
Tərlan kimi, Solmaz kimi, Cavahir kimi.
Fəqət Sevil çox yaşamadı, tale, qismət
onun ömrünü yarımçıq qoydu.
...Zaqatalada
doğulub boya-başa çatan Sevil həkim olmaq istəyirdi.
1957-ci ildə qəbul imtahanlarını verib
müsabiqədən keçə bilmədi. Lakin bu heç də onu ruhdan salmadı. Çox düşündü, daşındı və
bir də Zaqatalaya qayıtmadı. Poliqrafçı
olmaq üçün Bakının Montin qəsəbəsindəki
5 nömrəli sənət məktəbinə qəbul olundu.
O, burada Xanlardan gəlmiş Diləfruz Ocaqquliyeva, şamxorlu
Nəcibə Qurbanova, astaralı Solmaz Qənbərova ilə tanış olur. Məktəbin
direktoru S.Yaqubova o günləri xatırlayaraq deyir ki, Sevilgilin
qrupunda çox istedadlı qızlar vardı. Elə bil Azərbaycanın ən bacarıqlı
qızları bu qrupa toplaşmışdılar. Kimi idmanla, kimi bədii özfəaliyyətlə məşğul
olur, kimi işə şeir yazırdı. Sevil
ehtiyat əmək qüvvələrinin mədəniyyət
evinə gedirdi.
Həyat öz axarı ilə gedirdi. Birdən ... gözlənilməz
hadisə baş verdi. Sov.İKP Mərkəzi
Komitəsinin dekabr (1959-cu il) plenumunda xəbər yayıldı
ki, Tursunoy Axunova adlı 23 yaşlı bir özbək
qızı pambıqyığan maşınla təkbaşına
bir gündə yüz adama qədər "ağ
qızıl" yığır. Sevil bu xəbəri
eşidən kimi, narahatçılıq keçirməyə
başlayır. Öz rəfiqələrini ətrafına
yığıb deyir:
-
Qızlar, mən zaqatalalıyam. Pambığın
necə əkilib-becərildiyini görməmişəm.
Ancaq Nəcibə deyir ki, Şamxorda məktəbdə
oxuyarkən pambıq yığıb, pambıq yığmaq
çox ağır işdir. Gərək
1 kq pambığı yığmaq üçün 300-350 dəfə
kola əl uzadasan. Gəlsənizə,
qızlar, biz də Tursunoyun təşəbbüsünə
qoşulaq.
Aradan bir
neçə gün sonra "Azərbaycan gəncləri"
və "Molodyoj Azerbaydjana" qəzetləri
"Qızlar, sükan arxasına!" hərəkatının
ilk təşəbbüsçüləri: Sevil Qazıyeva,
Diləfruz Ocaqquliyeva, Solmaz Qənbərova və Nəcibə
Qurbanovanın respublikanın bütün qızlarına
müraciət məktubunu dərc etdilər.
Sevilin təşəbbüsünun necə əks-səda
doğurduğunu keçən əsrin 60-cı illərinin gəncləri
çox yaxşı xatırlayırlar. Axı, o bizim
təzə qəhrəmanımız idi. Düzünü
deyim ki, sonralar onun əldə etdiyi parlaq göstəriciləri
eşidəndə Sevil haqqında qəzetlərə və
televiziyaya birinci məlumat verməyə tələsirdim və
bunun üçün xüsusi iftixar hissi duyurdum. Bu mənim, necə deyərlər, komsomol işimdən
doğan iftixar hissim idi. İlk dəfə
olaraq 58 qız Sevilin təşəbbüsünə
qoşulub Binədəki 1 nömrəli kənd texniki peşə
məktəbində pambıqyığan maşınları
öyrənməyə başladılar. Onların
hamısı pambıq yığan maşının
sürücü-mexaniki olmağı qərara
almışdır. Bununla da Sevilin ikinci həyatı
başlandı. O gündən onun adı qəzet səhifələrindən
düşmürdü. Bir komsomol işçisi
və Diləfruzun uşaqlıq dostu kimi mən bu
qızları həmişə izləyir, ruhdan düşməmələri
üçün əlimdən gələni əsirgəmirdim.
Sevilin hər bir irəliləyişinə
sevinir və buna sonsuz fərəh hissi keçirirdim. Xeyirxah təşəbbüs tezliklə özünə
çoxlu tərəfdarlar tapdı. Azərbaycan
LKGİ Mərkəzi Komitəsinin müraciətinə cavab
verən könüllülərin ərizə və məktubları
axışıb gəlirdi. Məktubların
müəllifləri məsləhət istəyir, onların
adlarını mexanizator kurslarına yazmağı xahiş
edirdilər.
1961-ci ildə Sevil məktəbi bitirib öz təyinatını
Mil düzünə - Beyləqandakı (keçmiş Jdanov
rayonundakı) 5 nömrəli pambıqçılıq
sovxozuna aldı. Rayon Partiya Komitəsinin ikinci katibi Qubad Süleymanov,
rayon komsomol komitəsinin katibi Şövkət Əliyeva,
sovxozun direktoru Qafur Kərimov sovxozda işləməyə gəlmiş
Sevil və onun rəfiqələri Diləfruz Ocaqquliyevanı
(Nəsibovanı) və Solmaz Qənbərovanı çox
qayğıkeşliklə qarşıladılar. Necə böyük ürəkli insanlar vardı.
Qafur Kərimov kimi ağsaqqal bir kişi
Sevilin sovxoza işləməyə gəlməsindən
sevincini heç cürə gizlədə bilmirdi. Elə
birinci gündən dedi:
- Bu
qızlar, mənim balalarımdır. Onlar öz
atalarının yanına gəliblər.
Nə qədər
ki, Qafur kişi sovxozun direktoru idi,
qızlar hər addımbaşı qayğı hiss edir,
can-başla işləyir, yorulmaq nə olduğunu bilmirdilər.
Sevil 1961-ci ildə maşınla 97 ton pambıq
yığdı. Təcrübəsi olmayan bir qız
üçün bu pis göstərici deyildi. Bu qələbə təkcə maşınla
yığımın müvəffəqiyyəti deyildi. Həm də "maşın qız işi
deyil" - deyənlərin üzərində qələbə
idi. Sevilin qələbəsinə iki adam
- sovxozun direktoru Qafur Kərimov və rayon komsomol komitəsinin
katibi Şövkət Əliyeva hamıdan artıq sevinirdi.
Elə həmin
il Sevil Özbəkistanda
pambıqçı mexanizatorların ümumittifaq
toplanışında yenicə Sosialist Əməyi Qəhrəmanı
adını almış Tursunoy Axunova ilə yaxından
tanış oldu. Sonralar Tursunoy həmin görüşü
xatırlayaraq yazmışdı: "Mən Sevil Qazıyevada
böyük daxili bir qüvvə sezirdim. Hələ
o zaman başa düşürdüm ki, zahirən çox gənc
görünən şəhərli qız özünü
itirməyəcək, onun üçün nə qədər
ağır olsa da, heç bir çətinlik
qarşısında geri durmayacaqdır. Bütün
bu illər ərzində onun əldə etdiyi müvəffəqiyyətləri
diqqətlə izləyirdim, o, müntəzəm surətdə
mənimlə, xüsusən kiçik bacım İnabadla məktublaşırdı.
Biz onun əsl pambıqçı, əsl
mexanizator olacağına şübhələnmirdik".
1961-ci ilin oktyabr ayının 17-də Moskvada
Sov.İKP-nin XXII qurultayı açılan günü Sevili
Sov.İKP-nin üzvlüyünə namizəd qəbul
etmişdilər. Bu, Sevilin həyatında ən xoşbəxt
günlərdən biri idi. O partiyamızın
ideyalarına necə də inanırdı. Axı,
bizim hər birimizdə də belə inam, romantika vardı.
Hər bir adamın ən böyük arzusu
Kommunist Partiyasının üzvü olmaq idi. Sevilin necə sevindiyini, sanki qol-qanad açıb
uçmaq istədiyini indi də xatırlayıram.
Hər il olduğu kimi, 1962-ci ildə də Daşkənddə
Orta Asiya və Zaqafqaziya pambıqçılarının
müşavirəsi keçirilirdi. Burada
Sov.İKP Mərkəzi Komitənin birinci katibi
N.S.Xruşşov da iştirak edirdi. Azərbaycandan
Sevil Qazıyevaya söz verildi. İlahi, o,
necə də gözəl danışırdı. Salon elə bil sehrlənmişdi. O, dedi:
- Azərbaycanda Tursunoy Axunovanı çox yaxşı
tanıyırlar. Respublikamızın gəncləri onun
işini diqqətlə izləyir. Mən
onu yarışa çağırıram. 150
ton pambıq yığmağa söz verirəm. Mən
öz çıxışımı yaxın rəfiqəm
Tursunoya həsr etdiyim şeirlə bitirmək istəyirəm:
Mən azərbaycanlıyam,
sən özbək qızı,
Gəl birlikdə bölək, sevincimizi.
Birlikdə
güldürək vətənimizi,
Tursunoy,
bacı can, mən səninləyəm.
Sevinclə,
arzuyla doludur sinəm,
Bizə ölkəmizdi, qol-qanad verən.
Gəldim
sorağına, görüşünə mən,
Tursunoy,
bacı can, mən səninləyəm.
Salonda kəsilmək bilməyən sürəkli
alqışlar qopdu.
Sevil
Özbəkistandan qayıdandan sonra kompleksli mexanikləşdirmə
briqadası yaratmaq fikrinə düşür və buna nail olur. O, sonralar deyirdi:
- Biz nəinki
təkcə yüksək məhsul almağı qərara
almışıq, tarlalardan əl əməyini
sıxışdırıb çıxarmağı qət
etmişik. Siz hamınız yaxşı
bilirsiniz ki, məhsulun maya dəyəri, əsasən
pambıq əl ilə yığıldığına görə
baha olur. Pambıqçılar can-başla
işləyirlər, bol məhsul yetişdirirlər, ancaq onu
yığmağa qüvvə çatışmır. Hər
dəfə şəhərdən köməyə adam çağırmaq lazım gəlir. Onların yol kirayəsini ödəmək, yeməklərini
vermək sovxoz üçün əlverişli deyildir. Yeganə bir yol vardır, məhsulu mexaniki surətdə
yığmağa keçmək lazımdır.
1962-ci ildə
Sevil Qazıyeva, həmin rayonun 3 nömrəli sovxozunun məşhur
pambıqçı mexanizatoru, kompleks mexanikləşdirilmiş
briqadanın başçısı Sosialist Əməyi Qəhrəmanı,
SSRİ Ali Sovetinin deputatı Sərdar İmrəliyevlə
birlikdə respublikanın bütün pambıqçılıq
briqadalarına müraciət qəbul edərək,
hamını kompleks briqadalar yaratmağa
çağırırdı. Müraciət qəzetlərdə
dərc olunan kimi özünə çoxlu tərəfdarlar
tapdı. Gərgin zəhməti nəticəsində
Sevil maşınla 1962-ci ildə 160 ton pambıq
yığdı. Sevilin çəlimsiz, zərif
bədəninə baxanda, inanmaq olmurdu ki, o təkbaşına
250 min yaşıdına don tikmək üçün
lazım olan qədər pambıq yığmışdır.
İndi onu respublikada hamı
tanıyırdı. Ona hədiyyə olaraq
"Moskviç" markalı maşın verilmişdi.
O vaxtlar Sevildən başqa maşın sürən qadın xeylağı
yox idi. Ona görə də öz maşını ilə
Bakıya gələndə küçələrdə
çoxlu adam ayaq saxlayıb, Sevilin
maşın sürməsinə tamaşa edərdi. Gənc qız öz təhsilinin də qeydinə
qalırdı. Qiyabi yolla Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun mexanikləşdirmə
və elektrikləşdirmə şöbəsinə daxil
olmuşdu.
Artıq Sevilin iş-gücündən bütün
respublika danışırdı. O vaxtlar, 1961-1963-cü illərdə
447 nəfər qız Sevilin şəxsi nümunəsindən
ruhlanıb sürücü-mexanik peşəsinə yiyələnmişdilər.
Daşkənd
kənd təsərrüfatı maşınqayırma zavodunun
mütəxəssisləri bir dəfə Mil düzünə
Sevilin yanına gəlir və "XBS-1,2"
markalı pambıqyığan maşının təkmilləşdirilməsi
barədə ondan məsləhətlər alırdılar.
Sevil deyərdi:
-
Konstruktor hesablamasına görə bunker 500 kiloqram pambıq
tutmalıdır. Həqiqətdə isə bunkerə bundan
ikiqat az pambıq yerləşir. Bəs bunun səbəbi nədir? Səbəbi odur ki, pambıq bunkerdə
döyülüb bərkidilmir, üst-üstə
yığılıb tezliklə bunkeri doldurur. Ona görə də iki yüz metrdən bir
maşını saxlamaq, bunkerə girib, pambığı
tapdalamaq lazım gəlir. Hər dəfə
maşını saxlayanda 10-15 dəqiqə vaxt itir. Bir gün ərzində ən azı 20 dəfə
maşını saxlamalı olursan. Əgər
saxlamasan, onda gərək pambığı bunkerdən tez-tez
boşaldasan, maşını hədər yerə qovasan.
Əgər bunkerə pnevmatik sıxıcı
qoyularsa, elə oradaca pambığı sıxar və vaxt
itkisi aradan qalxar. Sürücü-mexanikin
pambığı tapdalayarkən hələ nə qədər
toz udduğunu demirəm.
Konstruktorlar Sevilin təklifindən razı
qaldığını bildirdilər.
1962-ci ildə Azərbaycan LKGİ-nın XXIII
qurultayında Sevilin zəhmətinə yüksək qiymət
verildi. Azərbaycan
LKGİ Mərkəzi Komitəsinin birinci katibi Maqsud Əlizadə
öz çıxışında dedi ki, Sevilin briqadasında
8 nəfər işləyir. Suçu Əli,
köməkçi-mexanizator Qənimət,
pambıqçılardan Olya, Məleykə və
başqaları pambıq tarlalarında əsl hünər
göstərirlər. Onlar Sevilin rəhbərliyi
altında Mil düzündə bol məhsul yetişdirirlər.
Onlar keçən il hektardan 25 sentner
pambıq yığmışlar. Sevilin
özü isə maşınla 160 ton "ağ
qızıl" toplamışdır.
Sevil qurultayda Azərbaycan LKGİ Mərkəzi Komitəsinə
üzv və ÜİLKGİ-nin XIV qurultayına nümayəndə
seçildi.
Moskvada olduğu günlərdə Sevilin sevinci yerə-göyə
sığmırdı. Qurultayda Sevilə xoşbəxtlik nəsib
oldu. O, ÜİLKGİ-nin XIV qurultayının nümayəndələri
şərəfinə Kremldə düzəldiləcək
hökumət qəbulunda ölkənin kəndli gəncləri
adından çıxış etdi. Onun necə
həyəcan keçirdiyini, qızaran yanaqlarının
alışıb yandığını çox yaxşı
xatırlayıram. Əyninə qara kostyum geymiş zərif,
mütənasib bədənli qız əlində badə
ayağa qalxdı, bulaq suyu kimi çağlayan cingiltili səslə
rus dilində sağlıq söylədi: - Bizimlə İran
Azərbaycanı arasında məsafə çox
yaxındır. Lakin taleyimiz arasında fərq nə
qədər böyükdür. Orada mənim
yaşıdlarım indi də qara çadra örtərək,
günəşdən gizlənirlər. Onlar
yalnız qəlblərinin dərinliyində azadlıq və təhsil
barədə arzular bəsləyirlər. Bizim
üçün Azərbaycan qızları üçün
isə geniş və işıqlı yollar
açılmışdı. Bütün
bunlara görə biz dövlətmizə və xalqmıza minnətdarıq.
Əziz
dostlar, gəlin bu badəni bizim Sovet qızlarının, zərbəçi
kənd cəbhəsində işləyən mənim
doğma bacılarımın, onların şanlı işlərinin,
onların xoşbəxtliyinin sağlığına
qaldıraq! O, öz sağlığını
özünün yazdığı şeirlə bitirdi:
Qoy
pambıq dağları ucalsın göyə,
Vətən başdan-başa bir bahar olsun.
Maşınlar
tarlaya, ketmən muzeyə!
Bu söz
dilimizdə bir şüar olsun!
Məclisdə iştirak edənlərin hamısı
Sevilin sağlığını, oxuduğu şeiri ürəkdən
bəyəndi.
ÜİLKGİ-nin XIV qurultayında Sevil
Qazıyeva Lenin Komsomolu Mərkəzi Komitəsinə
üzvlüyə namizəd seçildi.
1963-cü
il. Kaş bu il gəlməyəydi.
Sevilin ömrünün son ili idi bu il. Sevil qızlardan ibarət briqada düzəltmək
istəyirdi. Gecə-gündüz işləyir,
gələcək məhsulun bünövrəsini qoyurdu.
Mart ayında qəzetlər xoş bir xəbər yaydı: əla
əmək göstəricilərinə görə Sevil
Qazıyeva Qırmızı Əmək Bayrağı ordeni ilə
təltif edilmişdir. Bu ilk mükafatdan onun nə
qədər sevindiyini heç cürə unuda bilmirəm.
Qurultaydan qayıdanda artıq onun namizədliyi
Azərbaycan SSR Ali Sovetinə deputat irəli
sürülmüşdü. Həmin ilin
aprel ayında keçirilən birinci sessiyanın
açılışını Sevil Qazıyevaya etibar
etmişlər.
Mən
çox təəssüf edirəm ki, bizim gənclər
Sevili bir şair kimi az tanıyırlar. Çox təəssüf ki, onun oxuculara vəd
edilmiş şeirlər məcmuəsi hələ də nəşr
olunmayıb. Halbuki onun şeirləri, dərin
fikirləri, maraqlı poetik obrazları və təbii dili ilə
həmişə bizə zövq verib. Sevilin kiçik
bacısı Sonaya yazdığı şeiri necə də
nikbinlik oyadır:
Bu gün
ayın biridir,
Bu təntənə sənindir.
Çalıb,
oyna, gül bacım,
Bizi qəlbən
sevindir....
Bəzəmişəm
yolkanı,
Sənə kukla almışam.
Bütün
oyuncaqları,
Özün oynat, bu axşam.
Kim ki,
yaxşı oynasa,
Noğul-nabat ver ona.
Onlar sənə
baladır,
Sən onlara bir ana.
Əziz
övladlarını,
İncitməsən
sən əgər,
Şaxta
babayla, Qar qız,
Sənə əhsən deyərlər.
Və yaxud başqa bir şeirində
yazırdı:
Gəlin
cərgə-cərgə toplaşaq, dostlar,
Zəhmətdə birləşsin, mərd əllərimiz.
Hər
polad maşında əsrin gücü var,
Gülsün yurdumuzda əməllərimiz.
Bu
xoşbəxt ölkənin övladıyıq biz,
Böyük bir məqsədlə vurur qəlbimiz.
Bar yemək
olarmı, deyin zəhmətsiz,
Zəhmətdə
bərkisin qolumuz, dostlar!
Əlbəttə, həyatda bərkdən-boşdan
çıxmamış gənc qız o vaxt bundan
yaxşı, yüksək səviyyədə şeir yaza bilməzdi. Əgər o,
sağ qalsaydı, əlbəttə, bəlkə də
dövrümüzün ən məşhur şairi olardı.
Sevili insanların gözlərində yüksəldən
məhəbbət idi. Onun əməyə, xalqa, Vətənə bəslədiyi
böyük məhəbbət! Geniş ürəkli,
qaynar təbiətli bu qızı şeir yazmağa təhrik
edən də məhz bu məhəbbət idi. Sevil deyirdi ki, məhəbbət olmasa nə məhsul
yetişdirmək olar, nə də ələ qələm
götürüb şeir yazmaq. 23
yaşlı qızın həyata, əməyə
baxışını aydın, sadə bir tərzdə ifadə
edən şeirləri Sevil çox tez-tez oxuyardı. İş vaxtında da tarladan evə qayıdanda da.
Sevilin Tursunoya həsr etdiyi başqa bir şeri də var.
Ömrünün son günlərinə Mil düzünə də
şeir həsr etmişdir.
1963-cü ilin qızıl payızını heç
vaxt unutmayacağam. O vaxt Abşeron Rayon Komsomol Komitəsinin katibi işləyirdim.
Azərbaycan LKGİ Mərkəzi Komitəsi tərəfindən
Beyləqan (o vaxtkı Jdanov) və Füzuli rayonlarına
ezamiyyətə göndərilmişdim. 1963-cü
ilin sentyabr ayının 2-ci on günlüyündə
sürücü mexaniklər arasında maşınla ən
çox pambıq yığdığına görə Sevil
Kənd Təsərrüfatı Texnikası Birliyinin
keçici qırmızı bayrağı və Azərbaycan
LKGİ Mərkəzi Komitənin keçici vımpeli ilə
təltif olunmuşdu.
Sentyabrın 27-də gündüz saat 2-də Sevilin sahəsində
oldum. Respublika Kənd Təsərrüfatı Texnikası
Birliyinin sədri M.Xəlilov Sevil Qazıyevaya keçici
qırmızı bayraq təqdim etdi. Mən
də Azərbaycan LKGİ Mərkəzi Komitənin
keçici vımpelini Sevilə verdim. Sonra
isə o hamımızı tarla düşərgəsində
çaya qonaq etdi. Sevilin anası
Anaxanım xala da burada idi. Axşam saat 8
olardı. Hamı
dağılışıb getdi. Tarla
düşərgəsində mən və fotomüxbir
Yaşar Bağırovla qaldıq. Həmin
gün Yaşar Sevilin müxtəlif formalarda şəkillərini
çəkdi. Həmin şəkillərin
bəzilərini burada dərc edirik. Nədənsə
Sevil çox narahat idi, elə bil iynə üstündə
oturmuşdu. Deyirdi ki, bu gün çox vaxt itirdiyimdən
az pambıq yığmışam, yəqin
ki, bu gün Sərdar İmrəliyev və Diləfruz
Ocaqquliyeva maşınla çoxlu pambıq yığıb məni
ötüb keçəcəklər. Alatoranlıq
olmasına baxmayaraq, Sevil bir-iki bunker pambıq
yığmağı qərara aldı. Maşını
sahəyə saldı.
Adətən Sevil pambığı 2 maşınla
yığırdı. Gecələr də işləyirdi ki,
yarış dostu Sərdar İmrəliyevə çatsın.
Vaxt itkisinə yol verməmək
üçün bir maşından düşüb, o biri
maşına əyləşirdi. Köməkçisi
Qənimət maşının bunkerini boşaldır,
növbəti yığıma hazırlayırdı. Sevil
isə "mavi gəmisi"ni cərgələrin
arası ilə sürərək aqreqatın ağzını
kollarda qalan, yerə tökülən pambığa yönəldirdi.
O, tələsirdi, artıq qaranlıq
düşmüşdü, cərgələri aydın
seçmək olmurdu. Maşınların fənərlərini
yandırdı, bir qədər də sürəti
artırdı. "Nəm düşənədək
iki - üç gediş edərəm" deyə
düşündü. Gecənin sərinliyində
pambıq şehləndiyindən maşının
"xortumuna" gəlmirdi. Cərgənin ortasına
çatanda hiss etdi ki, maşının sorucu aqreqatı
"boşluğa işləyir", yəni
pambığı sorub bunkerə çatdıra bilmir. "Zəhrimar
şpindellərin arası dolub",- deyə
hirslə əylənci basdı, ağır maşın ləngər
vurub dayandı. Başqa vaxt olsaydı, mühərriki
söndürər, arxayın işini görərdi. İndi isə buna vaxt yox idi. Cəld
yerə atıldı. Aqreqatın
üstünü örtən "sipəri" kənara itələdi.
Şpindellər - şaquli vəziyyətdə
yan-yana düzülmüş vallar elə sürətlə
fırlanırdı ki, isti yeli üzünü qarsdı.
O, diqqətlə baxıb, valların ikisinin
dayandığını gördü. Bir əlçim
pambıq valların arasına "pərçimlənərək",
onları hərəkətdən salmışdır. Sevil bir qədər irəli əyildi, əlini hərlənən
şpindellərin "bıçağından" qoruyaraq,
pambıq tıxacına doğru uzatdı, onu dartıb
çıxartmaq istədi. Elə bu vaxt
başının arxasından şiddətli zərbə
aldı. Şpindellər "sözləşmiş"
kimi, eyni vaxtda onun qalın hörüyünü
"qamarladılar".
Anaxanım
xala mənə dedi ki, Sevilin maşını xeyli müddətdir
ki, sahənin ortasında dayanıb. Görəsən
nə olub? O, köməkçi Qəniməti
çağırıb onu Sevilin yanına göndərdi. Qənimətin getməsi ilə qayıtması bir
oldu. O, qışqıra-qışqıra, həyəcanlı
vəziyyətdə Sevilin qəzaya uğraması barəda
bizə bəd xəbər verdi. Nə vəziyyətə
düşdüyümüzü təsəvvür edə
bilmirəm.
Axşam saat 10 olardı. Qəsəbədə
böyük fəryad qopdu. Səsə
birinci Diləfruz gəlib çıxdı. O,
qaça-qaça gedib rayon komsomol komitəsində
yardımçı qərargaha xəbər verdi
ki, Sevil qəzaya uğrayıb. Təcili Azərbaycan
LKGİ Mərkəzi Komitəsinə məlumat verdim.
Hamı Sevilin sahəsinə axışırdı. İş-işdən
keçmişdi. Artıq Sevil
ölmüşdü. Şpindellər onun
sol gözünü çıxarmış,
qulağını və başının dərisinin bir hissəsini
soymuşdur. Diləfruz Sevilin kombinizonunu əynindən
çıxarıb, torpağın üstünə uzatdı.
Həkimlər qəti qərara gəldilər
ki, Sevil qəzadan deyil, ürək partlamasından
ölmüşdür. Belə ki, motorun səsi
adamların qışqırtısına və harayına
qarışıb Sevili möhkəm qorxutmuşdur.
Hadisədən heç üç saat keçməmiş,
o vaxtlar Azərbaycan SSR Dövlət Təhlükəsizlik
Komitəsində idarə rəisi işləyən Heydər
Əliyev vertolyotla hadisə yerinə gəlib
çıxdı. Geniş araşdırma apardıqdan sonra
qəti qərara gəlindi ki, Sevil təhlükəsizlik
qaydalarına əməl etmədiyinə görə qəzaya
uğramışdır.
Vaxtsız ölməsi elə bil Sevilin ürəyinə
dammışdı. O, şeirlərinin birində Zaqatalanı həddən
ziyada çox sevdiyini yazır və gələcəkdə
orada dəfn olunmasını yazırdı. Sevilin
"arzusu" yerinə yetirildi.
Ertəsi günü Sevilin cənazəsi Zaqatalaya yola
salındı.
Maşın axını Ağcabədidən, Bərdədən
və Yevlaxdan keçərkən, minlərlə adamın yol
kənarına yığışıb ağlamaları,
maşına yaxınlaşıb Sevilin tabutu yanına
çiçək dəstələri qoymaları Sevilə
olan el məhəbbətinin təzahürü idi.
Sevillə
"birlikdə" axırıncı dəfə Zaqatalaya yol
gedərkən onun romantika ilə dolu coşqun həyatını
xatırlayır və hər yerdə o gözüm
önünə gəlir:
Görsəniz,
ucalır tənha bir söyüd
Deyin ki, mənəm
Əyilib
Arazdan su içir söyüd,
Deyin ki, mənəm.
Nə qədər
bahar var, Azər elində
Deyin ki, mənəm.
Nə qədər
çinar var, Azər elində
Deyin ki, mənəm.
Həyat
nəğməsini çaldıqca Millim
Deyin ki, mənəm.
Əsrdən
əsrə qaldıqca Milim
Deyin ki, mənəm.
Zaqatalada onun tabutu rayon mədəniyyət evində
qoyulmuşdur.
Bütün günü bura adamla
dolub-boşalırdı. Qonşu rayonlardan da Sevilin vida mərasiminə
çoxlu adam gəlmişdi. Məktəbli də, kolxozçu da, ziyalı da, gənc
fəhlə də Sevilə ehtiram əlaməti olaraq onun tabutu
yanından gəlib-keçir, mərhumla
vidalaşırdılar. Sanki Zaqatala dağları dil
açıb şair Nəbi Xəzrinin qəhrəman
çöllər qızına həsr etdiyi şeiri söyləyirdi:
Siz yasa
batmayın, ey çöl, ey çəmən!
Çalınır qızımın toyu deyirəm.
Ey mənim
qoynumda dünyaya gələn,
Gəl mənim
qoynumda uyu deyirəm!
Şəhər qəbiristanlığında
böyük mitinq keçirildi. Sevil burada, doğulub,
boya-başa çatdığı torpaqda dəfn edildi. Onun qəbri bir qəhrəmanlıq rəmzi kimi
oğlan və qızların ziyarət yerinə çevrildi.
Sevilin qaynar həyatının bir hissəsi mənim
gözümün qabağında keçdiyi üçün
bütün səy və bacarığımı onun
adının əbədiləşdirilməsinə yönəltdim. Moskvada,
Bakıda bütün təşkilatlara saysız-hesabsız
müraciətlər təşkil edirdim. Çoxsaylı
gənclər və təşkilatlar Sevil Qazıyevaya Sosialist
Əməyi Qəhrəmanı Fəxri adının verilməsini
tələb edirdilər. Axırı ki,
istəyimizə nail olduq.
Ölümündən
3 il sonra 1966-cı ildə Sevil
Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı
verildi. Heykəltəraş Münəvvər
Rzayevanı işə cəlb etdim. Onun Zaqatalada, Beyləqanda
və Bakıda büstləri qoyuldu. Beyləqanda
işləyib fəaliyyət göstərdiyi 5 nömrəli
sovxoza Sevil Qazıyevanın adı verildi. Azərbaycan
LKGİ Mərkəzi Komitəsi qabaqcıl sürücü
mexaniklərə vermək üçün Sevil Qazıyeva adına priz təsis etdi. Cahangir
Məmmədovun qəhrəmanın həyatından
yazdığı "Dan ulduzu" pyesi səhnələrimizin
bəzəyinə çevrildi.
Azərbaycanın Xalq şairi Nəbi Xəzri
özünün "Günəşin bacısı"
poemasında Sevil Qazıyevanın rəşadətli əməyini,
parlaq obrazını yaratdı. "Günəşin
bacısı" poeması Ümumittifaq Lenin Komsomolunun
mükafatına layiq görüldü. Beylaqan rayonunda,
Sevilin işlədiyi təsərrüfatda onun ev
muzeyi yaradıldı.
Keçən əsrin 60-80-ci illərində Sevil
Qazıyevanın işini yaşadan onlarca
sürücü-mexanik qızın adını böyük
hörmətlə yad edirik. Bu qızların arasında Diləfruz
Ocaqquliyevanın, Cavahir Abdullayevanın, Elmira Əsgərovanın,
Atlas Məmmədovanın, Sona Ağayevanın, Ofelya Səfərovanın,
Bəyim Rəsulovanın, Səfurə Vəliyevanın, Nazilə
Mehdiyevanın, Rəhilə Məmmədovanın, Şahbaz
Muradovanın, Suğra Eminovanın, Kövsər Mehdiyevanın,
Şövkət Şirinovanın, Sitarə Qasımovanın,
Qonça Şirinovanın, Lidiya Svistunovanın, Rübabə
Vəliyevanın və onlarla başqalarının
adlarını xüsusilə çəkmək
lazımdır.
Sevildən danışarkən onun yaxın rəfiqəsi,
sürücü-mexanik peşəsinə yiyələnmiş
ilk mexanizator qızlardan biri olan Diləfruz Ocaqquliyevanı yada
salmamaq, onun işindən danışmamaq ən böyük
insafsızlıq olardı.
Diləfruz çox istedadlı, işgüzar bir qız
idi. O, uzun illər
Sevil Qazıyevanın işlədiyi 5 nömrəli sovxozda
çalışdı, onun briqadasına başçılıq
etdi. Bu yaraşıqlı və gözəl
qız sürücü-mexanik qızların aparıcı
qüvvəsinə çevrildi. Gənc
pambıqçıların 1966-cı ildə Daşkənddə
keçirilən Ümumittifaq müşavirəsində Diləfruzun
SSRİ-nin ilk təyyarəci-kosmonavtı Yuri Qaqarinlə necə
məharətlə "vals" oynadığını indi də
xatırlayıram. O sonralar öz rayonlarına,
Göygölə köçtü. Burada rayonun
ən fəal qadınlarından biri oldu və rəhbər vəzifələrdə
işlədi. Üç qız anası olan Diləfruz
bir neçə il bundan əvvəl
dünyasını dəyişdi. Allah ona rəhmət etsin!
Naxçıvanda yaşayıb, işləyən Cavahir Abdullayeva ali təhsil aldıqdan sonra sovxoz direktoru və başqa vəzifələrdə çalışdı. Uzun illər Azərbaycanda Ali Sovetin deputatı oldu.
Atlas Məmmədovadan ayrıca danışmaq istəyirəm. Təpədən-dırnağa qədər zəhmətlə yoğrulmuş bu qız sürücü-mexanik qızlar arasında ən çox pambıq yığaraq, dəfələrlə Sevil Qazıyeva adına mükafata layiq görülmüşdü. O, Azərbaycandan ÜİLKGİ Mərkəzi Komitənin "Şərəf nişanı"nı alan birinci adamdır. Atlas Məmmədovanın adı respublikada yaxşı məlumdur. Lakin ona acı tale qismət oldu. Xəstələndi, gözdən-könüldən uzaq düşdü.
Sevilin işini yaşadan Sona... Sevilin kiçik bacısı. Mexanizator peşəsinə yiyələndikdən sonra Mil düzünə gəldi. Bacısı işləyən maşında əyləşib onun sahəsinin pambığını yığmağa başladı. Bu fədakar qız uzun illər ÜİLKGİ Mərkəzi Komitəsinə üzv seçildi. Hazırda Zaqatalada Məşğulluq Mərkəzinin müdiridir. Onun haqqında yazılmış gözəl mahnı indi də radiolarda səslənir.
Çöllər büründü ağ dona,
Gəl ay Sona, gəl ay Sona.
Ellər
Sevilsiz qalmasın,
Çöllər Sevilsiz qalmasın.
Sükan
tutan o əllərin,
Sənin var olsun ay Sona.
Sevil kimi əməllərin,
Elə car olsun, ay Sona.
Elmira Əsgərova Sevilin yarış dostu idi. Goranboy (sabiq
Qasım İsmayılov) rayonundakı Borsunlu kəndində məşhur
sürücü-mexanik idi. İndi kənd
məktəbinin müəllimidir.
Şamxorlu Səfurə Vəliyeva öz peşəsinə
ürəkdən vurulmuşdu. Tale onu Qazax rayonuna
atdı. Hazırda orada yaşayır.
Bu siyahını uzatmaq da olardı. Bu yazıda
adını çəkdiyimiz və çəkmədiyimiz,
öz şanlı işləri ilə Azərbaycan komsomolunun
tarixinə yeni səhifələr yazmış qəhrəman
qızlarımızı həmişə böyük hörmətlə
yad edəcəyik.
... Bakıda və Daşkənddə iki abidənin
yanına ən çox oğlan və qızlar
toplaşır. Onların ikisi də
pambıqyığan maşının
sürücü-mexaniki olmuşlar. İkisi
də şeir yazırdı. Onlar bir-birilə
yarışır, bir-biri ilə mehriban dost idilər. Hər ikisi Kənd Təsərrüfatı
İnstitutunu bitirmişdilər. Hər
ikisi Sosialist Əməyi Qəhrəmanı, hər ikisi
deputat idi. Bakıda Sevil Qazıyeva, Daşkənddə
Tursunoy Axunova. Hər ikisinə heykəl qoyuldu.
Bakıda, Zaqatalada və Beyləqanda Sevil
Qazıyevaya, Daşkənddə və Yangüyüldə
Tursunoy Axunovaya. Sevil 23 yaşında,
Tursunoy isə 46 yaşında dünyasını dəyişdi.
Qəbirləri nurla dolsun!..
Çingiz Fərəcov
525-ci qəzet.-
2015.- 27 fevral.- S8.