Bəxtiyar Vahabzadə poeziyası - fərqli
dünyaların harmoniyası
(Əvvəli
ötən sayımızda)
B.Vahabzadənin fikir axtarışlarını onun bir
çox şeirlərində, poemalarında və pyeslərində
izləyə bilərik.
Burada bu xüsusda geniş söz açmağa ehtiyac
duyulmur. Ancaq qısaca deyim ki, B.Vahabzadə müasir Azərbaycan
poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi
lirikanın gözəl nümunələrini
yaratmışdır.
Vaxt, Zaman, Ölüm-Olum, Gözəllik, Təbiət və
Urbanizasiya, Xeyir və Şər - bütün bu
anlayışlar Bəxtiyar poeziyasında öz fəlsəfi-poetik
həllini tapırdı. Əzəldən bu böyük şairin
daxilində narahat və ağıllı bir filosof
yaşayırdı. O, heç bir vaxt ateist olmadı,
dinimizi inkar etmədi.
Allah!
Bilirik, cism deyil, bəs nədir Allah!
Ən yüksək olan haqda, həqiqətdədir Allah.
Dondunsa təkamül
və gözəllik qabağında,
Dərk et, bu təəccübdə, bu heyrətdədir
Allah.
Gerçək
də budur: Gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz
zahiridir, bətnə nüfuz et!
Batindəki, cövhərdəki fitrətdədir Allah.
İnsan!
Təpədən dırnağa sən arzu, diləksən.
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün
üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir
Allah.
Bəxtiyar şeirinin bütün parametrlərində, hətta
onun kiçik çalarında belə qüvvətli şəkildə
hiss edilən, duyulan, hətta bir çox məqamlarda bu
poeziyanın aparıcı füquruna çevrilən
BƏXTİYAR obrazıdır. Çağdaş
poeziyamızda belə bir görünüş, yəni
şair obrazının onun poeziyasında bu dərəcədə
aparıcı rol oynaması ilk növbədə, bu obrazın
xarakterindən doğur. Belə demək
mümkünsə, bütün şeir və poemalarında
poetik duyğunun, hissin mərkəzində şair obrazı
durur. Həyat, ölüm, insan məhəbbəti,
həqiqət uğrunda mübarizə, istiqlal
düşüncələri, kədər, nifrət, tarixə
baxış, müasirlik-bütün bu problemlər Bəxtiyar-Şair
obrazında təmərküzləşir. Ancaq elə güman eləmirəm ki, hansı bir
şeirə, ya bir kitablıq şeirə boylanıb "bax,
bu şeirdə" ya "bu kitabda Bəxtiyar bir insan və
şəxsiyyət kimi tamdır" fikri ortaya
çıxsın. Yox, olsa-olsa, hər şeir Bəxtiyar
dünyasının kiçicik zərrəsi ola
bilər. Təbii ki, bəzi şeirlərində Zərrə
Ümmanı, An Əbədini daha parlaq əks
etdirə bilər. Yenə də elə güman
eləmirəm ki, şeirlərində görünən Bəxtiyar
obrazı sırf Bəxtiyar obrazıdır. Bu cür düşünüş də Bəxtiyar
poeziyasının aparıcı qəhrəmanının
missiyasını daraltmağa gətirib çıxarardı.
Məncə Bəxtiyar obrazında XX əsr
insanının-düşünən, düşündürən,
əsrin təzadları və mürəkkəblikləri
qarşısında həyəcanlanan, əsəbi hallar
keçirən, bəzən heyrətlənən, hər
hansı gözəllik önündə səcdə qılan,
əcdad, kök, ilkinlik duyğusunu qanında yaşadan,
doğma ana dilini, xalq mənəviyyatını hər
şeydən uca tutan, azadlıq mücadiləsində,
xalqının istiqlal savaşında SÖZÜ
GÜLLƏYƏ ÇEVİRƏN və təbii ki, sevən,
sevilən, əzab çəkən bir Aşiq canlanır. Bu Aşiq sözünü xüsusi vurğulamaq istəyirəm.
Azadlıq aşiqi, təbiət aşiqi, Vətən
aşiqi, gözəllik aşiqi, poeziya aşiqi.
Bəxtiyar obrazının məramnamə xarakteri
daşıyan ifadəsini bircə şeirdə canlandırmaq
istəyi məni rahat buraxmadı. Müxtəlif şeirlərinə
üz tutdum, hansı şeirindənsə bu misraların
üzərində dayandım:
Uçmaq
istəyirəm,
yalnız zirvədən
Seyr edim bu günü, ötən çağları.
O qədər
ucalım, yüksəlim ki, mən
Görməyim yerdəki xırdalıqları.
Uçmaq istəyirəm,
əsəblərimi,
Əsrin öz
kökündə çəkib tarıma.
Uçmaq istəyirəm,
dərdi-sərimi
Dərmana yetirən
nağıllarıma.
Ucalıq
və yüksəklik! Genişlik və səmavilik! Xəyal və
romantika! Məncə, Bəxtiyar
poeziyasının bütün pafosunu bu sözlər təyin
edir.
...Bir
neçə ildir Bəxtiyarsız yaşayırıq. Onun səsini eşitmirik, təzə şeirlərini
oxumuruq. Ancaq Bəxtiyar Vahabzadə elə bir ədəbi
irs qoyub ki, əsrlərə yetər. Nədir bu əbədiyaşarlılığın
sirri?
Birincisi-XX əsr və XXI əsrin ilk illərinin Azərbaycan
ədəbiyyatını B.Vahabzadənin
yaradıcılığı olmadan təsəvvür etmək
mümkün deyil. Azərbaycan xalqının mənəvi
dünyasını, mübarizələr tarixini, intellektual aləmini,
keçmişindən bu gününə uzanan yolu-bu yolun
şərəfli -şanlı səhifələrini, həmçinin
faciəli, dramatik mənzərəsini biz digər
böyük sənətkarlarımızın
yaradıcılığı ilə bir sırada Bəxtiyar
poeziyasında da izləyə bilərik.
O, Azərbaycan
sözünün canlı əfsanələrindən idi. Sözlə insanı heyrətləndirməyin
ustası idi.
"Heyrət,
ey büt!" dedi dünyaya qələm
Aləmi bir seyrim yüz heyrətimdir.
Mən
heyran olmasam yaza bilmərəm
Mənim nəğmələrim-öz heyrətimdir.
Həmişə
qorxmuşam biganəlikdən,
Yaşa
heyran-heyran, öl heyran-heyran!
Məni
soyuq-soyuq dindirincə sən,
"Can"
deyib canımı al, heyran-heyran!
Bəxtiyar Vahabzadə poeziyası klassik və müasir
Azərbaycan poeziyası arasında bir körpü idi. Onlarla misallar
göstərə bilərəm ki, B.Vahabzadə klassik
poeziyadan yaradıcı şəkildə necə təsirlənirdi.
Xüsusilə, Füzuli poeziyası onun
üçün bir məktəb idi. O, dünya
poeziyasına dərindən bələd idi, amma Azərbaycan
poeziyası onun üçün sevimli və doğma idi, milli
şeir ənənələrinə xor baxanlara qarşı
mübarizəni elə şeirlə aparırdı. Burada onun Azərbaycan klassik və müasir ədəbiyyatının
bir sıra problemlərinə, həmçinin sevdiyi sənətkarların
yaradıcılığına həsr etdiyi onlarla məqalələrini
xatırlayırsan. B.Vahabzadə
füzulişünas deyildi, lakin onun Füzuli poeziyası və
ölməz "Leyli və Məcnun" poeması
haqqında yazdığı məqalə fikrimcə,
füzulişünaslığın incilərindən biri
sayıla bilər. O, C.Məmmədquluzadə
yaradıcılığının tədqiqatçısı
deyildi, amma Mirzə Cəlil sənəti barədə
yazdığı məqalə heç bir tədqiqat əsərindən
geri qalmır. Müasirlərindən kimin
haqqında yazmadı ki? Səməd
Vurğunun ömür yolu və yaradıcılığı
haqqında ilk monoqrafiyanın müəllifi də o oldu.
Yeri gəlmişkən deyim ki, B.Vahabzadə S.Vurğun ədəbi
məktəbinin ən istedadlı nümayəndəsi idi,
S.Vurğunun ölməz poeziyasından çox şey əxz
elədi, lakin sənətdə, poeziyada öz yolunu tapdı və
ondan sonra ədəbiyyata gələn bir çox şairlərimiz
üçün də Bəxtiyarın poeziyası örnək
oldu. O, S.Rüstəmi də, R.Rzanı da, M.Arazı da, N.Həsənzadəni
də, Ə.Kərimi də sevirdi və onların
yaradıcılığına ürəkdən gələn
məqalələr həsr edirdi. Cavan şairlərin
yazdıqlarına da biganə deyildi.
İkincisi-Bəxtiyar poeziyası o taylı-bu taylı hər
bir azərbaycanlı üçün Vətən dərsi
idi. Onun şeirlərini, poemalarını oxuyub Vətəni
sevdik, onun torpağını, daşını sevdik. Xalqımızın tarixini vərəqlədik,
fiziki Azərbaycanın parçalandığını
görsək də, mənəvi Azərbaycanımızı
bütöv gördük. Onun poeziyası
bütövlükdə tarixi keçmişimizə və XX əsr
Azərbaycanına tutulan saf, ləkəsi təmiz bir
güzgüdür deyirik. Poeziyamızda
CƏSARƏTİN necə boy atdığını, müstəbidləri
necə titrətdiyini hiss etdik. Qanlı
Yanvar faciəsindən bir neçə gün sonra Bəxtiyar
Vahabzadənin rus generalının üzünə
tüpürdüyünü dedilər, amma o öz şeirlərində
çox-çox əvvəl imperiyanın üzünə
tüpürmüşdü.
Bəxtiyar şeiri düşüncə, idrak yoluna
işıq saçır. Bu işıqdan hələ
neçə nəsil faydalanacaqdır.
P. S. Bəxtiyar Vahabzadə mənim müəllimim olub. BDU-nun
Filologiya fakültəsində, IV kursda o, bizə "Sovet ədəbiyyatı
tarixi" fənnindən mühazirələr oxuyurdu. Əslində, bizə milli mənlik, qeyrət dərsi
keçirdi.
Mövzular
bir yana qalırdı, bizə Mirzə Cəlildən,
Hadidən, Sabirdən, Üzeyir bəydən söz
açırdı, o zaman deyilməsi yasaq olan mətləblərdən
söz açırdı. Bir gün, mühazirələrin
birində Səməd Mənsurun "Rəngdir"
şeirini oxudu. Bu şeir mənə elə
təsir elədi ki, mühazirədən sonra həmin
şeiri istədim. Bəxtiyar müəllim,
məni boş auditoriyaların birinə apardı, misra-misra
onu mənə köçürtdü. O zaman çox az oxucunun bu şeirdən xəbəri
vardı.
...İllər keçdi. Mən ədəbi aləmə
qoşuldum. "Azərbaycan" dərgisində
işə başladım və Bəxtiyar müəllimlə
dönə-dönə rastlaşdım, evində oldum, onunla
iki dəfə müsahibə apardım, haqqında bir
neçə məqalə yazdım. Günlərin
birində ona "Tənqid yarpaqları" adlı
kitabımı hədiyyə etdim. Bir aydan
sonra "Xalq qəzeti"ndə həmin kitab haqqında Bəxtiyar
müəllimin məqaləsi çap olundu. Bu, mənim həyatımda ən xoşbəxt
günlərdən biri idi.
Ustad şair redaksiyaya şeirlərini göndərəndə
bir neçə dəfə mənə zəng edib, rəyimi
soruşub. Günlərin birində oğlum Vidadi telefonu
götürdü. Zəng edən Bəxtiyar
müəllim idi. "Ata, səni telefona
çağırırlar" dedi.
Bəxtiyar
müəllimin mənə telefonda sözü bu oldu:
"Oğlum, sənə "ata" deyən o
uşağın dilindən öp". Bilirdim
ki, Bəxtiyar müəllimin "papa", "mama"
sözlərindən xoşu gəlmir.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.- 27 fevral.- S6.