Elşad Eyvazlı: "Onların görüşü soyqırımından da dəhşətli idi"
Xocalıda gerçəkləşdirilən soyqırımı aktının
növbəti ildönümü
ilə əlaqədar
ölkəmizdə və
xaricdə bir sıra tədbirlər həyata keçirilir. Xüsusən,
türk soyqırımının
tanıdılması, Xocalıda
həyata keçirilən
erməni vəhşiliyi
haqqında məlumatların
dünyaya çatdırılması
istiqamətində fəal
iş aparılır.
"Xocalıya ədalət"
kampaniyası çərçivəsində
bu günlərdə maraqlı bir layihə ictimaiyyətə
təqdim olunub. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının nəzdində
yaradılan Media İşçi
qrupunun hazırladığı
həmin layihənin qəhrəmanları ermənilərin
Xocalıda reallaşdırdığı,
bütövlükdə insanlıq
əleyhinə yönəlmiş
cinayətin qurbanlarıdır.
Dünyanı öz həqiqətlərimizə
inandırmaq üçün
onlardan güclü fakt yoxdur.
Onlar 25 nəfərdir. Hər iki
valideynindən məhrum
olmuş 25 gəncdən
ən kiçiyinin artıq 23 yaşı var, yəni, o, soyqırımı ilə
yaşıddır.
Müsahibimiz bir gecənin onların həyatında oynadığı rolu əvvəlcə sözə
çevirib sətirlərə
köçürən, sonra
isə lentə alıb yaddaşlara yazan bir şəxsdir. Bu günlərdə
təqdimatı olan
"Böyüməyən uşaqlar" sənədli
filminin ssenari müəllifi, Media İşçi
qrupun və Modern.az saytının rəhbəri
Elşad Eyvazlı ərsəyə gətirdiyi
kitab və film haqqında danışıb.
Hazırda Türkiyədə olan müəllif "Xocalıya ədalət"
kampaniyası çərçivəsində
həyata keçirilən
tədbirlərə rəhbərlik
edir.
- Ata-anasını Xocalı soyqırımının reallaşdırıldığı
gecə itirən, bu savaşın ən acı üzünü göstərən
25 gənci tapıb əvvəlcə bir kitabda, sonra bir filmdə birləşdirmək fikri
çox ağıllı
bir qərar olub. Bu, hardan
ağlınıza gəldi?
- Onları əvvəlcə
saytımızda, sonra
real həyatda birləşdirdik.
Bu işin əsasını
da 4 il
əvvəl qoymuşuq.
İlk dəfə 2011-ci ildə Mehdi Əliyevlə müsahibə götürdük.
Mehdi Əliyev Xocalı faciəsi zamanı həm atasını, həm də anasını itirən 25 uşaqdan biri idi. Onunla müsahibədən sonra uşaqların hamısını tapıb
müsahibələrini verməyi
düşündük. Axtarışlarımız xeyli vaxt apardı. Mehdidən 2 il sonra, 2013-cü ildə daha 3 uşağı da tapdıq. Onlarla da "Modern.az" saytında yazı getdi. Yazıları oxuyandan sonra
isə kitab barədə düşünməyə
başladım.
- Kitab fikrinin reallaşdırılması uğurlu
nəticə verdi...
- Uğurlu olacağı fikrinə əvvəlcədən
inanırdım. Çünki dünya əhalisi gəlib keçmiş çoxlu faciələrə
şahid olub. Elə indinin özündə dünya hər gün İŞİD-in yaşatdığı
yeni dəhşətlərlə
çalxalanır. Nəticə etibarı ilə siz də razılaşarsınız
ki, indiki dünyanı faciələrin
statistikası ilə heyrətləndirmək mümkün
deyil. Ona görə də
bu dünyanı daha çox insan taleyi, ayrı-ayrı
şəxslərin acı
hekayələri ilə
tərpətmək mümkün
olacağına inandıq.
Odur ki, ayrı-ayrı xalqların ürəyinə
məhz insanların, xüsusən, uşaqların
yaşadıqları ilə
yol tapa biləcəyimizi düşündük.
Bu düşüncə ilə də kitab hazırladıq.
Ancaq kitabın bu qədər ciddi təsirinin olacağını
da hesablamamışdım.
"Böyüməyən
uşaqlar" kitabı
çıxdıqdan sonra
çox böyük əks-səda doğurdu.
Nazirlər səviyyəsində reaksiyalar oldu. "Nazirlər səviyyəsində"
deyərkən bunu kitaba olan diqqətin
miqyasını müəyyənləşdirmək
üçün örnək
məqsədi ilə xüsusi vurğuladım.
- Kitab Xocalını dünyaya tanıtmazdan öncə, hər iki valideynini o gecədə itirən uşaqları cəmiyyətə
tanıtdı...
- Bəli. Onları əvvəlcə elə özümüzün
tanımağımız lazım
idi. Bir gecədə tamam
yetim qalan 25 uşaq bizdən xəbərsiz böyüyürdü.
Onların hansı acılardan
keçib, hansı məhrumiyyətlərə dözüb
böyüdüklərini illər
sonra da olsa, bilməliydik. Bir millət olaraq bunlardan xəbərimiz olmalıydı. Artıq onları
tanıyırıq. Biz tanıyandan sonra onları da biri-biri ilə tanış eləmək qərarına
gəldik. Sizi
inandırım ki, indi də həmin görüşün təəssüratı
altındayam. Hamısını dəvət
etdik. Bir qəsəbədə doğulan,
ayrı-ayrı yerlərdə böyüyən, gecənin
birində bütün taleyi dəyişən uşaqların
biri-birinə münasibətini maraqla, dəhşətlə,
göz yaşları ilə izlədik. Onların
görüşü soyqırımından da dəhşətli
idi. Biri-birini xatırlamağa
çalışır, hətta bağçadan
"tanış" çıxırdılar. Təsəvvür edin, biri o birindən soruşur ki,
sən filan bağçadakı filankəs deyilsənmi?
Qucaqlaşdılar, ağlaşdılar,
danışdılar... Bir sözlə, çox
təsiredici oldu. İndi onların ən
kiçiyinin 23 yaşı var. Xocalı soyqırımı ilə
yaşıddır.
-
Kitabın yaratdığı əks-səda başqa dillərə
tərcüməni zərurətə çevirdi, yoxsa bu, əvvəlcədən
nəzərdə tutulmuşdu?
-
Kitabın səbəb olduğu maraq başqa dillərdə,
başqa ölkələrdə də maraqla
qarşılanacağından xəbər verirdi. Bu fikir özü də maraqla qarşılandı.
Bundan başqa, kitabın hazırlanması
üçün deputat Fuad Muradovla Rövşən Rzayev
böyük dəstək verdilər. Bu il
isə Azay Quliyev də dəstək verərək bu məsələdə
istənilən köməyə hazır olduğunu dedi. Qarabağ İcmasının sədri Bayram Səfərov
da bu məsələdə dəstəyini əsirgəmədi.
Nəticədə alman, ingilis və türk
dilinə tərcümə olunaraq çapdan
çıxdı. Ümumilikdə, 10 minə
yaxın nüsxə ilə Avropada satışa
çıxartdıq. Kitab dükanlara paylanandan qısa müddət
sonra oxucu marağı cəlb etmişdi. Kitablardan bütün ölkələrin
parlament üzvlərinə, nazirlərinə yolladıq. "Xocalıya ədalət" kampaniyası
çərçivəsində bu işlər davam etdirilir.
- Dünyada da Azərbaycandakı effekti verdimi? Kitab və
Xocalı faciəsi onların diqqətini çəkdimi?
- Deyə
bilərəm ki, əcnəbiləri heyrətləndirmək
mümkün oldu. Bizim bu iş Xocalıyla bağlı
dünyaya səs salıb. Elə bir nümunə
deyim sizə. Kitab alman dilində 20000
nüsxə ilə çıxıb. Mətbəə
kitabın ən az 80 faizini
satacağına dair müqavilə imzalayıb.
- Film necə,
kitabın yaratdığı əks-sədanı artıra biləcəkmi?
- Bunun
üçün əlimizdən gələni edirik. Filmin İsraildə təqdimatı keçirilib.
Almaniyada, Türkiyədə, Kıprısda və
Gürcüstanda isə bu gün təqdimatdır. Axşamüstü saat 5-də İstanbulda Mərmərə
Universitetində keçiriləcək təqdimat Türkiyənin
2 telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
-
Türkiyədə bu işlərə özünüz rəhbərlik
edirsiniz?
- Bəli.
Almaniyada Almaniya-Azərbaycan Mədəniyyət Evi, Toğrul
Əziz, Kıprısda Yaxın Doğu Universitetinin prorektoru Fəxrəddin
Sadıqoğlu və tələbə Toğrul Salehli,
Gürcüstanda Xətai Əzizov, Türkiyədə isə
mən özüm təşkilati işlərə rəhbərlik
edirəm.
- Həmin
uşaqlar "Xocalıya ədalət" kampaniyası
çərçivəsində görülən işlərə
cəlb edilibmi?
- Əlbəttə. Onlardan 4-ü Moskvada, 1-i isə
Türkiyədədir.
Qeyd edək
ki, QHT Şurasının
"Şuşaya azadlıq" kampaniyasında Media
İşçi Qrupunun rəhbəri Elşad
Eyvazlının ssenarisi əsasında çəkilən
"Böyüməyən uşaqlar" filminə texniki dəstək
"İrəli" Gənclər Təşkilatına
aiddir. Filmin məsləhətçisi Milli Məclisin
deputatı, Azərbaycan Mətbuat Şurası Beynəlxalq əlaqələr
komissiyasının sədri, fəlsəfə
doktoru Cavanşir Feyziyevdir.
525-ci qəzet.- 2015.-27 fevral.- S4.