Taleyini Simfonik
Orkestrə bağlamış sənətkar
XALQ ARTİSTİ ŞÜKÜR SƏMƏDOV: “İNSANLARIN MƏNƏVİ SƏVİYYƏSİNDƏN ASILI OLARAQ, DİNLƏDİKLƏRİ MUSİQİLƏR DƏ FƏRQLİDİR”
...Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının
qapısına çatanda
həzin bir musiqi eşitdim – dahi Motsartın musiqisini. Mütəxəssislərdən eşitmişdim ki,
Motsartı ifa etmək üçün həm böyük sənətkar olmalısan,
həm də böyük ürəyin olmalıdır. Müsahibim – Xalq artisti Şükür
Səmədovla söhbətim
zamanı buna bir daha əmin
oldum. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru, Bakı Musiqi Akademiyasının dosenti Şükür Səmədov Bakı şəhəri 18 saylı
musiqi məktəbində
A.İ.Trubnikovun klarnet
sinfində təhsil alıb. Ş.Səmədov
belə bir sənətkardan dərs almasını özü üçün böyük
xoşbəxtlik hesab edir: “8-ci sinifdə oxuyarkən Trubnikovun sayəsində dahi musiqiçi maestro Niyazi ilə görüşdüm
və o, ifamı dinləyərək mənə
qiymətli tövsiyələr
verdi.
Maestro Niyazi ilə görüşdən sonra
sənət baxışım
dəyişdi
və gün ərzində 7-12 saat məşq etməyə başladım. 1 il
sonra o, Filarmoniyada yenidən mənə qulaq asdı. Həmin vaxtlar Niyazi həm Azərbaycan Dövlət Filarmoniyasının
direktoru, həm də Simfonik Orkestrinin baş dirijoru idi. 16 yaşım olmasına
baxmayaraq, o məni Simfonik Orkestrdə çalışmağa dəvət
etdi. Lakin məktəbdə dərs vaxtlarım uyğun gəlmədiyi üçün orkestrdə
işləyə bilmədim”.
Maestro Niyazi ilə tanışlığının sənətində dönüş
nöqtəsi olduğunu
bildirən Şükür
Səmədov 1983-cü ildə
indiki Bakı Musiqi Akademiyasına daxil olandan sonra
hərbi xidmətə
yollanır: “Moskva yaxınlığındakı Belaya Tserkov şəhərinə
hərbi xidmətə
yollandım və
hərbi orkestrdə
qulluq etdim.
Bəzən Moskva Konservatoriyasında dərsləri dinləməyimə
də icazə verilirdi. Orada mən məşhur
klarnet ifaçısı
Sokolovun dərslərində
iştirak edirdim.
Bütün bunlar mənim
sənətkar kimi formalaşmağımda böyük
rol oynadı”.
1985-ci ildə hərbi
xidmətdən geri qayıdan gənc sənətkar Bakı Musiqi Akademiyasındakı
təhsilini davam etdirir. Tələbə olarkən
o dövrdəki şərait
ilə əlaqədar
çox az
müsabiqədə iştirak
edir. Daha sonralar isə müharibə illərinin
çətinliyi, maddi
sıxıntılar ona
əngəllər törədir:
“Bizim gəncliyimizlə
müqayisədə
indiki gənc ifaçılar üçün
çox gözəl şərait yaradılıb.
İstənilən ölkədə təşkil
olunan müsabiqələrdə,
konsertlərdə çıxış
etmək imkanları
var. Bizim dövrümüzdə
bunlar olduqca çətin idi. Bu səbəbdən müsabiqələrdə
iştirak edə bilmədim”.
Nə qədər çətinliklərlə
üzləşsə də,
Ş.Səmədov 1986-cı ildə M.F.Axundzadə adına Azərbaycan
Dövlət Opera və
Balet Teatrında çalışmağa başlayır.
1998-ci ildən etibarən
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində fəaliyyət
göstərir, 2004-cü ildə
isə həmin orkestrin direktoru olur: “Simfonik Orkestrdə fəaliyyət
göstərdiyim illərdə
maestro Rauf Abdullayev kimi böyük sənətkarla eyni səhnəni bölüşmək
mənim üçün
fəxrdir”.
Ş.Səmədovun fikrincə, musiqi geniş anlayışdır, hər
yaş qrupundan olan insanların öz musiqi zövqü var: “Yəni insanların mənəvi səviyyəsindən
asılı olaraq dinlədikləri musiqilər
də fərqlidir.
Hər bir insanın öz musiqisi var.
Amma bəzən
sənəti, istedadı
olmayan ifaçıların
səhnəyə yol tapması məni çox narahat edir”.
Ötən əsrdə Azərbaycan
musiqisində bir çox dahi sənətkarın parladığını
deyən Ş.Səmədov
onların təkrarsız
olduqlarını vurğuladı:
“Üzeyir bəy, Qara Qarayev, Fikrət
Əmirov və başqa bu kimi
dahilər hər vaxt yetişmir. Bir vaxtlar Avropada da Bax, Motsart,
Bethoven kimi sənətkarlar var idi. İndi heç Qərbin
özündə də
o səviyyədə bəstəkarlar,
demək olar ki, yoxdur. Nə vaxtsa onlar yenə
olacaq, yetişəcəklər.
Lakin
indinin özündə
də bizdə böyük bəstəkarlar
var.
Məsələn, Arif Məlikov,
Xəyyam Mirzəzadə,
Aqşin Əlizadə,
Firəngiz Əlizadə
həmin parlaq yaradıcı şəxsiyyətlərdəndir”.
Qastrol səfərlərindən danışan
Ş.Səmədov dedi
ki, Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri ilə birlikdə bir çox xarici ölkədə olub: “Almaniya, İtaliya, Fransa, Türkiyə, Rusiya, Yunanıstan, Küveyt kimi ölkələrdə
uğurlu konsertlərimiz
olub. Xaricdə hər bir çıxışımız maraqla qarşılanıb.
Qastrol səfərləri çərçivəsində
keçirilən konsertlərdə
Azərbaycan klassik musiqiləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərini
də ifa edərək, ölkəmizi
yüksək səviyyədə
təmsil etmişik.
Ötən ilin oktyabrında
Heydər Əliyev Fondunun təşkilatçılığı
və səfirliyimizin
dəstəyi ilə Almaniyada Azərbaycan Mədəniyyəti Günləri
keçirildi və orkestrimizin çox uğurlu konserti baş tutdu. Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə
çıxışımız alman tamaşaçıları
tərəfindən böyük
maraqla qarşılandı
və
bizi ayaq üstə alqışladılar.
Bu bizim üçün
çox böyük şərəfdir”. Ş.Səmədov
səfər təəssüratlarını
bölüşərkən dedi ki, Avropa
dinləyicisində orkestrlə
səsləndirilən simfonik
musiqiyə maraq daha çoxdur, çünki orada bu musiqinin ənənələri
xeyli qədimdir. Direktoru olduğu orkestrin builki planlarından danışan
Ş.Səmədov qarşıdan
Şərqin ilk Simfonik
Orkestrinin 95, dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin isə
130 illik yubileylərinin
gəldiyini bildirdi. Bununla bağlı xüsusi konsertlər olacağını dedi.
Bakı
Musiqi Akademiyasının
müəllimi kimi öz tələbələrindən
də danışan Ş.Səmədovun onlara
böyük ümidləri
var: “Hər bir sənət kimi, musiqi sahəsində
də keçmişdə
və indi qazanılan nailiyyətlər
gələcəyə ötürüldükdə
daha böyük əhəmiyyət kəsb
edir. Bu işin
bir mühüm tərəfi yaşlı nəslin, yəni yeni nəslə öz bilik və
təcrübələrini öyrətməli
olan sənətkarların
üzərinə düşür.
Ancaq əsas məsələ istedadlı, qabiliyyətli
gənclərin olması,
yeni nəslin özlərindən əvvəlkilərdən
öyrənmək, gələcəyin
yüksək səviyyəli
sənətkarları kimi
yetişmək istəyi
ilə yaşamasıdır.
Belə olduqda nəsillər arasında bağlılıq
itməz, hər bir sənət sahəsi, o cümlədən,
musiqi sənəti davamlı olaraq inkişaf edər. Azərbaycanda bu baxımdan
əlverişli mühit
var.
İstedadlı gənc ifaçılarımız
çoxdur,
onlar yorulmadan öyrənməyə, öyrəndiklərini
yaradıcı fəaliyyətdə
tətbiq etməyə
can atırlar. Bu gənc ifaçıların
bəziləri artıq
beynəlxalq müsabiqələr
laureatıdır. Simfonik Orkestrin
bədii rəhbəri
və baş dirijoru olan maestro Rauf Abdullayev istedadlı gənclərin
önə çəkilməsinə
və orkestrdə çıxışına geniş
şərait yaradır.
Bakı Musiqi Akademiyasında tələbələrim olmuş
Səməd Vəkilov
və Anar Məmmədov Azərbaycan
Dövlət Opera və
Balet Teatrının Simfonik Orkestrində
professional musiqiçi kimi
fəaliyyət göstərirlər.
Bundan başqa, Akademiyanın I kursunda təhsil alan
Emil Bağırov həm
mənim tələbəmdir,
həm də Simfonik Orkestrdə birgə çalışırıq.
Tələbələrimə çox böyük ümidlər bəsləyirəm
və inanıram ki, onların gələcəyi parlaqdır ”.
Nigar SƏMƏDOVA
525-ci qəzet.- 2015.- 28 fevral.- S.30.