Ümid körpüsündə görüş

 

Natiq Məmmədlinin “Körpüdə ümid” romanı haqqında düşüncələr

 

 

Azərbaycan ədəbiyyatı tarix boyu zənginləşə-zənginləşə inkişaf etmişdir. Çağdaş ədəbiyyatımıza yeni nəslin gəlməsi, onların öz bədii yaradıcılıqları ilə ədəbiyyatımızı zənginləşdirməsi, rəngarəng etməsi təbii bir hadisədir. Bu gənc yazarlardan biri də yazıçı-jurnalist Natiq Məmmədlidir. Natiq Məmmədlini istedadlı bir jurnalist kimi tanıyırdım. Az zaman içərisində onun həm də yüksək müşahidə qabiliyyətinə malik bir yazıçı kimi də tanıdım. İlk hekayələr kitabı olan “Ləyaqət düsturu”nu oxuyanda hiss etdim ki, ədəbiyyatımıza yeni bir nəfəs, fərqli dünyagörüşlü yazar gəlmişdir. 18 hekayədən ibarət “Ləyaqət düsturu”ndakı hər bir hekayə ayrı-ayrılıqda həyatımızın müəyyən məqamlarını təsvir və təsdiq edir. Onun hekayələrində qələmə aldığı hər bir hadisə insanı içindən silkələyir, gözünü açır, yatmış beyinləri oyadır, ətrafa baxmağa vadar və sövq edir, hadisələrdən ibrət dərsi götürməyi tövsiyə edir. Uzun müddət bu hekayələrin ovsunundan xilas ola bilmədim.

 

Natiq Məmmədlinin bu kitabından sonra inandım ki, tezliklə onun iri həcmli əsərini oxuyacağıq. Zənnim məni aldatmadı və yenidən Natiqin yeni bir əsərinin ovsununa düşdüm. Bu əsərin adı “Körpüdə ümid” idi. Natiq əsərlərini qəribə, sirli sözlərlə adlandırır: “Ləyaqət düsturu”, “Körpüdə ümid”. İnsan bir anlıq düşünür: məgər ləyaqətin də düsturu ola bilərmi? Sən demə, olarmış... “Körpüdə ümid” – bu hansı həyatverici ümiddir ki, mütləq o körpünü tapmalı, mütləq o körpüdə görüşməli və sənə veriləcək ümidi mütləq gözləyib almalısan. Roman adlanan, həcmcə kiçik, mənaca dərin və sirli-sehrli bir yöndə yazılan kitabı dörd cəhətdən təhlil etmək olar:

 

1. Romanın fəlsəfiliyi

 

2. İnsanların fanatizmə yuvarlanması

 

3. Romanın bədii dili

 

4. Əsərdəki bir çox fikirlərin aforizm səviyyəsinə yüksəlməsi.

 

Romanı oxuyandan sonra belə nəticəyə gəlmək olar ki, yazıçı ya müdrik bir nənə-baba yanında böyüyüb, onların hər sözünü öz ağlı-dərrakəsi ilə zaman-zaman yaddaşına yazıb, ya da qədim filosofların yazdıqlarını, dediklərini yaxşı mənimsəyib, həzmi-rabedən keçirib. Maraqlı bədii kompozisiyaya malik romanın əsas süjet xətti belədir: Ata yeni vəzifəyə keçəndən sonra onun madar oğlunun dili tutulur.

 

Bilmək olmur, bəlkə də bu, Allahın göndərdiyi cəzadı. Ata nənənin təkidilə oğlunun dilinin açılmasını istəyərək Ümid Pirinə pənah gətirir. Ümid Pirinə gələn insanlar naümid qayıtmırlar. Çoxlarının işi düzəlir, düzəlməyənlər isə növbəti dəfə, ikinci, üçüncü dəfə gəlirlər. Bəzi insanların inamı o qədər böyük olur ki, hətta pirə-Allaha məktub yazıb, bacadan içəri atırlar, pirin başına dolanırlar, Allahdan günahlarının bağışlanmasını rica edirlər. Məktub yazıb pirin bacasından atmaqla öz məqsədlərinə çatacaqlarına əmin olurlar. Bura gələn müxtəlif adamlar, istər yaşlı olsun, istər vəzifəli, istər varlı olsun, istər kasıb-hamı pirin, Allahın adını tutub gəlir. Yaxşılıq etmək istəyən yox, vəzifəyə keçmək istəyənlər, kiminsə dilini – ağzını bağlamaq istəyənlər, yaşı ötmüş qızlarını ərə vermək istəyənlər, oğlunu “hüquq”a qoymaq istəyənlər və s. bu kimi insanlardı pirə sığınanlar. Bircə dili tutulmuş oğlandan başqa. Bir də oğlu “Urusetdə” öldürülmüş, artıq yaşamaq istəməyən anadan başqa.

 

Dili tutulan oğlan dilinin açılması üçün üç gecə pirdə qalmalıdır. Romanın əsas qayəsi, məqsədi də bundan sonra bilinir. Pirin “kəndxudaları”, “bəyləri” – Qırmızı Xudu, Burun Qasım, Yoğun Minə, Qız Telli, Qələm Bəkir – bu insanlardır pirin özü. Bu insanların vasitəsilə həyatın və insanların xislətindəki eybəcərliklər açıq-aydınlığı ilə üzə çıxır. Qırmızı Xudunun atası bir vaxtlar qırmızı kommunistlərdən biri – ateist olub.

 

Qırmızı Xudunun o vaxtlar partkom işləyən, adına da Allahsız Pənah deyilən atası Ümid pirinin həndəvərində pusquda dururmuş ki, ora inam gətirən camaatı hökumətə satsın. Burun Qasım ona görə bu ayamanı alıbdır ki, kənddə vaxtı ilə heykəli qoyulmuş Stalinin burnu tez-tez sınırmış, onun da bu sahədə səriştəsi olduğu üçün Stalinin burnunu hər dəfə yenidən düzəldirmiş. Yoğun Minə pirə gələnlərin ağzına-burnuna üfürməklə pul qazanır. Qələm Bəkir cadu-piti yazmaqla gələnlərin gözünə kül üfürür. Bircə qaldı Qız Telli. Niyə Qız Telli? Axı heç bir qıza belə ayama verməyiblər. “Qız” Ümidqovan kəndinin adamlarının ona verdikləri ayamadır.

 

Hamı bilir ki, bircə dəfə aşiq olub sevdiyi insan tərəfindən atılan Telli ömürlük evdə qalacaq, ər adı tutmayacaqdır. Çünki onun sevdiyi oğlan – Pirdəli dəli olmasa da camaat onu dəli sayır. Çünki Pirdəli onlar kimi düşünmür, heç kimə tor qurmaq istəmir. Hətta atası Qırmızı Xudu da onu pirin ətrafında görəndə qovur, dalınca daş atır. Nəydi onun günahı? – Günahsızlıq... Pirdəli insana baxanda onun necə adam olduğunu anlayır, çünki o həmin insanını içini, ürəyini görə bilir. O, dili tutulmuş uşağı görəndə ürəyinə bir işıq qığılcımı düşür, gözləri nurlanır. 12 yaşlı uşağın hələ tər-təmiz olan ürəyi onun  istədiyi ürək idi. İllərlə axtardığı, Ümidqovana yolu düşən minlərlə insanın içindən ələyib aradığı ürək dostu, fikir ortağı olan bu çəlimsiz oğlanı tapmışdı. Ona baxanda gözünə tər-təmiz, çirklənməmiş, kağız parçası kimi saf bir ürək görünürdü. “Gedək sənə ümid verim”- fikirləşib uşağın üzünə baxanda uşaq da “gedək, apar məni buradan”- deyir. Yox demir, onlar sadəcə baxışırlar, danışan isə onların ürəkləridir.

 

Dilinin tutulmasının səbəbini Pirdəlidən soruşanda Pirdəli ona: “sənin boğazında söz qalıbdır, düz söz, onu deməyincə sənin dilin açılmayacaq. Dilinə gətirməkdən qorxduğun mətləblər haqqında öz içində daha cəsarətlə danışa bilərsən. Çünki səni heç kim, heç öz qulağın da eşitmir. Dil həmişə düz söz deyəndə qulaqdan qorxur”.

 

lll

 

Natiq Məmmədlinin hər iki kitabında aforizm səviyyəsinə çatan mənalı fikirlər özünə yer alıb. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmaq istəyirəm:

 

l Üstündə gəzdiyin torpağı vətən eləmək üçün zamanın səndən gözlədiyi yox, alnına yazılan qəhrəmanlığı eləməlisən.

 

l Keçmiş açardı, bütün səhvlərin başlandığı, irili-xırdalı bütün xəyanətlərin baş qaldırdığı məkanın açarı.

 

l Gələcək zamanın xəlbirinin gözü dar olur, hər çör-çöp, kol-kos oradan adlayıb keçə bilməz.

 

l Qulaq dilin qayçısıdır.

 

l Dil həmişə düz söz deyəndə qulaqdan qorxur.

 

l Zamanla oynamaq olmaz.

 

l Boş ürəklər həm də qaranlıq olurmuş.

 

l Çoxbilmiş adamların da gözləri həmişə parıldayır, amma o işığın yox, bicliyin parıltısıdır.

 

l Xislətində qorxaqlıq olanların dediyi söz düz olsa da, elədiyi yaxşılıq matah olsa belə, riyakarlıq kimi görünəcək.

 

l Özünü zövqsüz, görməmişcəsinə korrektə edib süniləşdirən insanların ürəyi də eynən üzlərinin cizgiləri kimi saxta olur.

 

l Ömür boyu qəhrəmanlıq – ömür boyu dərd deməkdir, təklənmək, küncə sıxılmaq, amma sınmamaq, özünü itirməmək deməkdir. Və s. və i.

 

Natiq Məmmədli keçmişi bu günə gətirir, insanların tərəddüdünü ön plana çəkir. Bir tərəfdən Şərq, digər tərəfdən Qərb Ümidqovana – körpüyə hücum edib. Kənd camaatı bilmir hansı səmtə əyilsin, kimə tabe olsun. Yalnız tabe olmaq istəyirlər-təki başları salamat qalsın. Ümid Piri onları tənbəl, arın-arxayın öyrədib. Onlar yalnız kiminsə qoltuğunun altına sığınıb canlarını, mal-dövlətlərini qoruyurlar. Qərbə sığınmalı, yoxsa Şərqə?hələ fikirləşirlər. Birdən cavab tapılır, qismən də olsa sakitləşirlər, ürəklərində sevinirlər: “Şərqə sığınıb yerimizdə saymaqdansa, Qərbə sığınıb romalılar kimi bir yerdə addımlamağı öyrənə bilərik. Qərb adamları artıq birgə addımlamağın sirrini öyrəniblər, o boyda insan selini birgə təpik döyməyə məcbur edən qüvvə nədirsə, çox böyük və əzəmətli olmalıdır”.

 

Müəllif kiçik bir detalı kitaba gətirməklə həm tarixi yada salır, həm ümidqovanlıları qəflət yuxusundan oyatmaq istəyir. Mübarizlik, mətnlik Ümid Pirinin sayəsində piylənmiş insanların qanlarından, canlarından, beyinlərindən birmənalı yoxa çıxmışdır. Onlar başa düşmək istəmirlər ki, zamanla oynamaq olmaz.

 

Ümumiyyətlə, əsərin məğzi fəlsəfiliyə meylli olsa da, xalq dilinə o qədər yaxındır ki, istənilən oxucu orada öz əksini tapmış incə mətləbləri başa düşəcəkdir. Yuxarıda qeyd etdiyim kimi, müdriklərdən dərs almış Natiq Məmmədli yeri düşdükcə bu söz və fikirlərdən istifadə edir: “Bəndi-bərəsi bağlanan; Əhdi-peymanı pozulan; Sözləri seçib-seçələyib danışmaq; Qatı duman qalın yorğan kimi dolayların üzərinə səriləndə; Yolu-yolağası açılmışdı; Ağaclar qatı duman içində adda-budda dayanmış əsgərlər kimi sıralanırdı; Ürəkdə dərd yuva qurmuşdu; Yuvanın içindən puç olmuş arzuların, ümidlərin iyi gəlirdi; Dərdin göyərtdiyi nisgilin yeri dağ cığırlarına oxşayırdı; Qəlbdə mamırlaşan nisgil; Öz içində göz yaşı ilə nisgil göyərtmək;  “Heykəl haqqı”- o vaxtı “sən öl”-ə bərabər imiş; Gerçəkliyin xəritəsini çəkən sözlərin sərtliyi; Qorxunun yavaş-yavaş gözdən düşməsi; Torpağın üstündə qədir-qiymətini bilən damazlıq adam; Üstünü kül basmış kösöv kimi işıldayan gözlər;  Bir dil ki, ömrü boyu pıçıltıyla olsa belə, düz sözün dadına baxmayıb, onun yan ətindən fərqi nədir;  Boğazında düz söz qalıb; Biz bu kəndin damazlıq, lakin qısır qəhrəmanlarıyıq; Ürəyində baş qaldıran fikirləri beynində əyləşmiş, gözəgörünməz senzor elə qayçılayır, elə doğrayıb tökürdü ki, dodaqları tərəfə bir kəlmə də buraxmırdı; Boğazında çöp yox, yurd qalıb; Qəzetdə özünü oxutdurmaq istəyən sözlər əziz-üzük sütunların arasından utana-utana boylanırdı; Kəndin başını ağır əliylə tumarlayan sükut” və bu kimi təbii xalq deyimlərinə yaxın istənilən qədər mənalı sözlər kitaba bir şirinlik verir.

 

Natiq Məmmədli adını çəkməsə də bu əsərində Dağlıq Qarabağ mövzusuna da toxunub. Durna xalanın əhvalatı buna işarədir: Atası vəzifəyə keçəndən sonra yeni aldığı maşınına qaraj tikdirməkdən ötrü qonşu Durna xaladan iki metr torpaq sahəsi istəyir. Torpağını vermək istəməyən Durnanı nənəsi və atası söyüb yamanlayırlar. Yazıçı bu yerdə əldən getmiş 20 faiz torpaqlarımızı yada salır. “Nə fərqi varmış 2 metr, 2 faiz, ya 20 faiz, torpaq elə torpaqdı”. Hələ üstəlik qaraj tikiləndən sonra təndirdə bişirilən çörəyin ətri də yoxa çıxır. Ümidin nə vaxtsa daddığı təndir çörəyinin dadı indi yalnız “damağında ilişib qalmış xatirəyə çevrilmişdi...”

 

Yazıçı romanın bir yerində qeyd edir ki, pirə həm də yaşı ötmüş qızlarını ərə vermək istəyən analar gəlir, molla Xuduya dua yazdırır, pirin bacasından içəri atırlar. Bəlkə də Natiq fərqinə varmadan bu detalı qələmə alıb. Bəs hanı o yaşı ötmüş qızların yaşıdı oğlanlar? O oğlanlar ki, Qarabağ döyüşündə şəhid olublar və ya yaxşı gün-güzəran dalınca xarici ölkələrə gediblər, ya saleh olublar, ya rəzil. Yadelli qızlarla evlənib vətən qızlarını gözü yolda qoyublar, nişanlı, sevgili yolu gözləməyə məcbur ediblər. Anaların isə gücü yalnız pirə gəlib dua yazdırmağa çatır.

 

lll

 

Dövri mətbuatdan belə bir xəbər oxudum: Facebook-un yaradıcısı Mark Zuckerberq öz səhifəsində elan edib ki, 2015-ci ildə hər həftə bir kitab oxumağı qarşısına məqsəd qoyub. Onun bu işdə məqsədi müxtəlif xalqların mədəniyyətlərini, inanclarını, eləcə də tarix və texnologiya haqqında daha çox şey öyrənməkdir. O, hətta “Kitab ili” səhifəsi yaradıb və səhifəni artıq bu günə kimi yüz mindən çox adam bəyənib. Oxuyanlar oxuyur, oxumağı yadırğamaq üzrə olan insanlara üzümü tutub deyirəm: Gəlin biz də yaxşı oxucu olaq!

 

lll

 

Natiq Məmmədlinin romanını oxuyub bitirdikdən sonra nədənsə gözümün önünə Alim Qasımov gəldi. Muğamımızı dünyaya tanıdan xanəndəmiz Alim Qasımov. Yerdə xalçanın üstündə oturub oxuyur, zəngulə vurur. Çəlimsiz, zəif vücudlu bir şəxs. Bu əsrarəngiz səs bu vücuddanmı boy alır? Baxışlarımı yavaşca yana döndərirəm. Natiq Məmmədli gözündə eynək, masanın arxasında başıaşağı nəsə yazır, fikirləşir, qələmi ağ kağız üzərində nəsə cızır. Yazılanlar kitaba çevrilir... Məgər bu sətirləri, aforizm kimi dillər əzbəri olacaq cümlələri bu cılız, çəlimsiz oğlanmı yazır?! Natiq Məmmədlidən yeni əsərlər gözləyirik. Uğur olsun!

 

 

Salatın ƏHMƏDLİ

525-ci qəzetş.- 2015.- 28 fevral.- S27.