Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
“Özümə gəldikdə mən elmdə məskun
olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən
və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.
Konfutsi
(Əvvəli
ötən şənbə saylarımızda)
161-ci ildə isə Mark Avraeli öz sələfi, ilahiləşdirilmiş
Antonini imperator kimi əvəz etdi. O, mərhum imperatorun arvadının
qardaşı oğlu olmaqla, Romanın ən görkəmli
ailələrinin bir neçəsi ilə bağlı idi. Çox gənc yaşında varis elan edilsə də,
yalnız 40 yaşı olanda hakimiyyətə gəlmişdi.
Bacarıqlı, mərd və ciddi düşünən bir adam olmaqla o, Stoik fəlsəfi məktəbinin
etik filosofu olan Epiktetin “söhbətlərini” həvəslə
öyrənmişdi və bu fəlsəfədə
özünün ruhi qidasını tapmışdı. Roma tarixində ilk və yəqin ki, yeganə dəfə
Platonun arzuladığı bir hadisə baş vermişdi,
hakimiyyətə filosof, mütəfəkkir gəlmişdi.
Mark Avrelini “taxt-tacda olan” filosof
adlandırırdılar.
Mark
imperator səlahiyyətlərinə yiyələndikdə onun
götürmə qardaşı da həm- imperator oldu və
Roma imperiyası öz tarixində bu vaxt ilk dəfə olaraq
iki qoşa imperatora malik idi.
Mark Avreliyə dövlət işində ən yaxın
olan sahə hüququn təkmilləşməsi idi. Bir sıra tədbirlər
və hüquqa aid qərarlar qəbul etmişdi, onlar mülki
qanunlarda olan çətinlikləri və
qeyri-normallıqları yoluna qoyurdu. Az
hörmət olunan zümrələrin – qulların, dul qadınların,
mədəndə çalışan adamların
hüquqları yaxşılaşdırıldı və
varislik sahəsində qan qohumluğu tanınmaqla, onun əsasında
irəli sürülən iddialara baxılması qaydası təsbit
edildi. Bunlar cəmiyyətin quruluşunun radikal
şəkildə dəyişdirilməsindən daha çox, onun
yaxşılaşmasına xidmət edirdi. Onun dövründə qulların ardıcıl olaraq
təqib edilməsinə yol verilmirdi. Filosof
imperator dövlətin beynəlxalq əlaqələrinə də
ciddi qayğı göstərirdi. Çinlə
birbaşa əlaqələr yaradılmasına cəhd
etmiş və iki ölkə arasında elçiliklər
mübadiləsi baş vermişdi. Ümumiyyətlə,
19 il ərzində Romanın imperatoru olan
Mark Avreli Qərbin bir çox sonrakı nəsilləri
üçün Roma imperiyasının qızıl
dövrünü rəmzləndirir.
Mark Avreli bir filosof kimi əsasən Stotsizmin təsirinə
məruz qalmışdı və özünün əlli
cildlik “Düşüncələr” əsərində stoik
borcu idealını bir dini konsepsiya kimi təsvir edir. O, deyirdi ki, mən bir Antonin
kimi Roma vətəndaşıyam, ancaq bir insan kimi dünya vətəndaşıyam.
Qədim yunanlar bunu “kosmopolit” kimi ifadə edirdilər.
Onun bir nəsihətinin
qiymətini zaman da aşağı sala bilmir, o yazırdı:
“Əgər nə haqq deyilsə, onu etmə, əgər nə
düz deyilsə, onu danışma”.
Dövləti
idarə etmək elmi
və
Mahatma Qandi
Dövlətin
idarə edilməsi, yuxarıdakı misallardan da
göründüyü kimi, heç də fəxri titulu
daşımaq deyildir, bu mürəkkəb iş böyük
ağıl, güclü iradə və ağır zəhmət
tələb edir. Rus filosofu N. Q. Çernışevskinin dediyi
kimi: “Tarix yolu Neva prospektinin səkisi deyildir”. Dövləti
idarə edənlər isə ən azı tarix
cığırı yaradırlar.
Günəş Kral adlanan Fransa kralı XIV Lui 1661-ci ildən
dövlətin idarə edilməsini öz əlinə
götürdüyünü elan etdikdə, bunu onun öz
doğma anası da inanmamaq əlaməti kimi istehzalı
gülüşlə qarşılamışdı. Lakin XIV Lui vəzifəsinin
icrasına elan etdiyindən də daha ciddi qaydada yanaşaraq,
dövlət işləri ilə şəxsən özü,
həm də çox dəqiqliklə məşğul
olmuşdu. Öz ölümünə qədər olan
54 il ərzində hər gün 8 saat
özünü bilavasitə dövlət işlərinə həsr
etmişdi. Onun diqqətindən ən xırda
detallar belə yayınmırdı. O, hətta
dözülməz ağrı ilə müşayiət olunan
(o vaxtlar anesteziya vasitəsi yox idi, həkimlər də
müalicə etməkdən daha çox xəstələri
öldürməklə məşğul olurdular) ağır
cərrahiyyə əməliyyatından az
sonra, axşam Dövlət Şurasının iclasına
başçılıq etmişdi.
Dövlət
işlərilə belə vurğunluqla məşğul
olmasına görə, özünü dövlətdən
ayrı hesab etmədiyindən demişdi: “L`etat c`est moi!”- “Dövlət – mənəm!”
Bəzi tarixçilər bunu dövlətə
sədaqətlə xidmət etməyini əsas götürərək,
nəsihət şəklində söylədiyi kimi izah edirlər. “XIV Lui epoxası” ifadəsinin
müəllifi, böyük fransız filosofu Volter onun
hökmranlığını məşhur Roma imperatoru
Avqustla müqayisə etmişdi. Onların
hər ikisi həm güclü, həm də zəif cəhətlərə
malik idi. Onun ən böyük qüsuru
müharibələrə çox meyl etməsi idi. Ölüm yatağında olarkən özü
etiraf etmişdi ki, “Mən müharibəni çox sevirdim”.
Tətbiq etdiyi şirnikləndirmək vasitələri
ilə kübarları tabe edə bilmədiyindən, təkcə
11 vətəndaş müharibəsinə start vermişdi.
Aramsız müharibələr axırda
Fransanı taqətdən salmışdı.
XIV Lui həyatının
sonunda, XV Lui adı altında gələcək kral olacaq beş yaşlı nəticəsinə nəsihət
verərək, ona özünün buraxdığı səhvləri
təkrar etməməyi, qonşuları ilə sülh şəraitində
yaşamağı məsləhət görmüşdü. Onun ən böyük səhvlərindən biri həm
də insan gücündən kənarda olan bir yükü-
dövlətin bütün idarəetmə
maşınını öz şəxsində mərkəzləşdirməsi
idi.
Ləyaqətlilik standart, etalon kimi
götürüldükdə, sadalanan liderlərin bir
çoxu heç də onun bütün tələblərinə
cavab verə bilmir, onlar müəyyən qüsurlardan da xali
deyildilər.
Fransa kralı XİV Lui və Prussiya kralı II Fridrix
müharibəyə şərəf çələngi mənbəyi
kimi baxdıqlarından öz ölkələrini belə pis
siyasətin, sərt qaydada deyilsə, qurbanlarına
çevirirdilər.Günəş Kraldan bir əsr sonra
hakimiyyətə gələn həmin Böyük Fridrix
öz sələfindən fərqli baxış nümayiş
etdirərək, kralda “dövlətin birinci nökərini”
görürdü.
Habsburqlar
sülaləsindən olan, 1780-1790-cı illərdə Avstriya
kralı olmuş II İosif isə öz fikrini belə ifadə
etmişdi: “Mən öz ölkəmdə qanun vermək fəlsəfəsini
yaratmış, onun məntiqi tətbiqi Avstriyanı dəyişdirəcəkdir”.
O, həqiqətən də nəcib tədbirlərə əl
atırdı, təhkimçiliyi ləğv etmişdi və
hamının qanun qarşısında bərabərlik
prinsipini elan etmişdi. On illik hakimiyyəti
dövründə II İosif Avstriyanı dəyişikliyə
məruz qoymaq cəhdində 6 min dekret və 11 min qanun
imzalamışdı. Ancaq özünün daim
uğursuz olması düşüncəsi onun öz qəbir
daşı üçün yazdığı epitafiyadan da
açıq görünür: “Burada, etdiyi hər şeydə
uğursuz olan II İosif uyuyur”. Bu sözlərdə
həm də uzağa gedən bir həqiqət var idi. Taxt-tacdakı varisləri də onun islahat cəhdlərinin
çoxunu məhv etdilər.
İosifdən fərqli olaraq, bəziləri taleyin
onları sınağa çəkəcəyini, məğrurluqlarına
görə heç ağıllarına da gətirmirdilər. Belələri
meydana çıxan siqnallara da məhəl qoymurdular. Napoleon Bonapart 18 bryumer çevrilişindən
(1799-cu ilin noyabrında baş vermişdi) sonra Sen-Klu qəsrində
lovğalıqla demişdi: “Mənim arxamca Qələbə
ilahəsi və Uğur ilahəsi addımlayır.” Bu sözləri deyəndən sonra onun ürəyi
getmişdi. Lakin o, bu ibrətamiz hadisədən
də nəticə çıxarmadı. Rusiya
yürüşündə və Vaterloo
döyüşündə artıq onu Məğlubiyyət
ilahəsi, Müqəddəs Yelena adasında isə məhvedici
Bədbəxtlik ilahəsi izləyirdi.
XX əsrin ən
böyük mübarizlərindən və ən nəcib
şəxsiyyətlərindən biri olan Mahatma Qandi
(1869-1948-ci illər) Hindistanın atası hesab edilir. Mohandas Kramçand Qandiyə xalq tərəfindən
“Mahatma” və ya “Böyük Könül” adı
verilmişdi. İlk dəfə onun
haqqında bu titulu Rabindranat Taqor hələ 1915-ci ildə
işlətmişdi. Bütün liderlərdən
onu fərqləndirən, Britaniya ağalığına
qarşı mübarizəsində yeni, Satyaqraha adlanan, bu, hərfi
mənada “həqiqətdə səbat göstərmək” demək
idi və zorakı olmayan bir taktikanı seçməsi idi.
Onun zorakılıq etməmək fəlsəfəsi
(Catyaqraha) dinc dəyişiklilər tərəfdarlarının
hərəkatına böyük təsir göstərdi.
O, Londonda
hüquqşünas təhsili almış, Cənubi
Afrikadakı Natalda ağlar tərəfindən pis münasibət
bəslənən hind immiqrantlarının mənafeyini
müdafiə etmişdi. Burada Satyaqraha adlanan
passiv müqavimət bir sıra siyasi uğurlar gətirmişdi.
1914-cü ildə Hindistana qayıdıb, beş
il sonra Britaniya hökumətinə qarşı Satyaqraha hərəkatını
təşkil etmişdi, yerli sənətləri, istehsalı və
siyasi müstəqilliyin (suarac) əldə edilməsini təbliğ
edirdi. Onun siyasəti
Britaniya mallarının ümumi boykotu və Mopla qiyamı ilə
nəticələndi. 1925-ci ildə Hindistan Milli
Konqresinin sədri seçildi. Bundan əvvəl iki il məhbəsdə yatmışdı. Sonra yenidən həbs olundu. 1931-ci
ildə sülh bağladı və Londondakı dəyirmi masa
konfransında iştirak etdi. 1932-ci ildə
“toxunulmazlara” qarşı olduqca pis münasibətə etiraz
edərək, aclığa başladı və onların
xeyrinə müqavilə bağlanmasına nail oldu. Britaniyanın geri çəkilməsini tələb
etdiyinə görə 1942-ci ildə bir daha həbs edldi.
Müstəqil Hindistan dövlətinin
yaradılması üçün danışıqlar
apardı.
Hindistanın müstəqillik qazanması təntənələrində
iştirak etmədi, bunun əvəzinə o, Kəlküttəyə
yollanıb, hinduistlərlə müsəlmanlar
arasındakı qanlı münaqişəni yatırmağa
calışdı. Ölüm təhlükəsi altında olsa da buna nail ola bildi.1948-ci ilin əvvəlində
axırıncı aclıq aksiyasına başladı və bu
öz həyatını qurban vermək aksiyası cəmiyyətə
xeyli təsir göstərdi, əks qütbdə olanlar
kompromissə getməklə, Dehlidə millətlərarası
münaqişə dayandırıldı. Həmin il yanvarın 30-da Qandi bir hinduist fanatik tərəfindən
qətlə yetirildi. O, təkcə mübarizə
dühası deyildi, həm də qeyri-adi bir humanist idi, öz
mübarizəsində şərə zorakılıqla
müqavimət göstərməməyi təbliğ edirdi.
Hindistanın
baş naziri Cəvahirləl Nehru xalqa böyük liderin
ölüm xəbərini radio ilə çatdıranda
demişdi: “Bizim həyatımızın işığı
söndü. Hər yeri qaranlıq
bürüdü. Bizim sevimli rəhbərimiz Bapu (“ata”
deməkdir- müəllif), necə ki, biz onu
adlandırırdıq, artıq aramızda yoxdur....
İşıq sönmüşdür mən dedim,
lakin bu səhvdir... Çünki bizim ölkədə
parlayan işıq heç də adi işıq deyildi”.
Bu zahirən kiçik adamın ideyalarının və
ideallarının gücü, onlara pərəstişə
görə elə böyükdür ki, qatilin güllələri
onları məhv etməyə qadir deyildir. Qandi
bütün bəşəriyyətin vicdanının ruporuna
çevrildi. O, təkcə Hindistanda parlayan olmayıb,
haqqı sevənlərin ürəyinə şüa salan bir
işıq idi. Onun şəxsiyyətinə
düha nişanı vurulduğunu çoxları etiraf edir, həm
də onu da qeyd edirdilər ki, dahi adamlardan adətən
yaxşı siyasətçi çıxmır, nadir istisna isə
məhz Qandi idi. Bu fiziki cəhətdən
zəif bir insanda polad kimi möhkəm, qaya kimi sarsılmaz
olan nəsə bir şey var idi. Onu
zorakılığa əl atmamaq apostolu sayırdılar.
Albert Eynşteyn Qandinin 70 illik yubileyi münasibətilə
söylədiyi nitqində demişdi ki: “Bəlkə də gələcək
nəsillər sadəcə olaraq inanmayacaqlar ki, adi candan və
qandan olan belə bir adam bu günahla dolu
torpaq üzərində addımlamışdır”.
Onlar cəmiyyətin
bəzəyidir
Ləyaqətli şəxslər, ümumiyyətlə,
cəmiyyətin, sotsiumun bəzəyinə çevrilir, ləyaqət
nümayiş etdirən hökmdarlar isə onun üzvlərini
əxlaqına, mənəviyyatına da ciddi təsir göstərməmiş
qalmırlar. Onlar özlərindən əvvəlki və miras
qalmış boğunuq, üfunətli havanı, nəcib əməlləri
və davranışları ilə təmizləməyə
müvəffəq olurlar. Bu isə cəmiyyətə
bütünlükdə şəfqətli təsir göstərir.
Ona görə də onlar haqqında ağız
dolusu danışmaq lazımdır ki, nəinki
unudulmasınlar, həm də nəcib nümunələri ibrət
götürmək mənbəyinə çevrilsin.
Belə bir əhvalat mövcuddur ki, bir dəfə iki dost sözləşdikdə, biri o birinə sillə vurdu. Bir az sonra acıqları bir qədər soyuyanda, onlar dənizdə çimməyə yollandılar. Alçaldılmış dost suya girməmişdən əvvəl qum üzərində nəsə yazırdı, onu incidən bu yazıda əvvəlki pis hərəkətinin nəql edildiyini gördü. Dənizdə birdən sillə dəyən özünü pis hiss etməyə və batmağa başladı. Dostu böyük çətinliklə onu sahilə çıxara bildi. Bir qədər sonra özünə gələn bu adam indi də daşın üstünə nəsə yazmağa başladı və dostu maraqlananda gördü ki, indi də özünün xilas edilməsini ifadə edir. Əvvəlki yazının nəyə görə qumda, sonrakının daşda yazıldığı ilə maraqlandıqda, yazıların müəllifi dedi ki, kim nə vaxtsa bizim xətrimizə dəyirsə, onu qumda yazmalıyıq ki, küləklər bu yazını silə bilsin. Lakin kimsə nə vaxt yaxşılıq etmişdirsə, biz onu daşda nəqş etməliyik ki, heç bir külək həmin yazını silə bilməsin.
Doğrudan da nəciblərə belə layiq olduqları münasibət göstərilməlidir ki, başqaları da onların mənəvi zənginliyindən hali olsun və nümunə götürsün.
Böyük italyan filosofu, “Cinayətlər və cəzalar haqqında” məşhur əsərin müəllifi, ilk dəfə cəzanın cinayətə müvafiq olması ideyasını irəli sürən markiz Çezare Bekkariya (1738-1794-cü illər) yaxşı demişdi: “Əgər mən bir həyatı xilas etmək aləti olmağı bacarsam, onun xeyir-duası və göz yaşları, hətta bu gün bəşəriyyətin nifrəti müqabilində belə, mənə kifayət dərəcədə bir təsəlli olardı”. Bəzən yüzlərlə, minlərlə adama xoşbəxtlik bəxş edən, onların həyatını məhrumiyyətlərdən xilas edən nəcib adamlar üçün təsəlli payı daha böyükdür, ölçüyə sığmazdır. Yaxşı insan öz ətrafına, onu əhatə edənlərə işıq, hərarət hədiyyəsi verir, bunlar onun özünə qayıtmasa da, başqalarına çatır, onlara imdad əlini uzadır, deməli, birinci başlanğıcdan meydana çıxan xeyirxahlıq yerdə qalmır, hökmən öz davamını tapır. Ona görə də xeyirxahlıq, insanlara sevgi, nəciblik yüksək qiymətləndirilməlidir, belə mükafatda isə yaxşılığın müəllifinin obrazı, az qala müqəddəslərə mənsub olan bir halə şəklində canlanmaqla, həm də gələcək nəsillərə çağırış vasitəsinə çevriləcəkdir.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 28 fevral.- S. 23.