İsfəndiyar, Bəxtiyar - “Qardaş” romanından parça

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

“Böyük qardaş- atanın bir parçasıdır”

 

(Aleksandr Kazbeki)

 

Şəkidə Yuxarı baş deyilən yerdə, indi uşaq bağçasına verilmiş ikimərtəbəli, olduqca yaraşıqlı evi də nənəm Zəkəriyyə kişinin ikinci arvaddan olan oğlu Mahmudağaya gəlin gələndən sonra Zülfüqar əfəndidən qalma pullar ilə tikdirmişdi. Ondan qalma var-dövlət hesabına əmələ gətirmişdi. İndi bilmirəm belə şeylərə inanaq və ya inanmayaq. Hər halda belə bir söz var – ayağı yüngüllük. Deyirlər ki, filankəsin ayağı mənə düşür. Deyirlər, filankəsin çox yüngül ayağı var. Bütün bu deyilənləri əgər müasir dilə çevirsək, o “aura” deyilən şey yəqin ki, elə budur. Deyirlər, filankəsin çox yüngül aurası var. Çox güman ki, bu aura deyilən şey elə bu deməkdir. Əlbəttə olmasaydı, deməzdilər ki...

 

Nənəm Mahmudağaya gəlin gələn gündən, tale bu kasıb ailənin üzünə gülməyə başlayır. Əvvəlcə əri Mahmudağaya Şəki bazarlarının birində bir pitixana açdırır. O biri qayınlarını evləndirir. Hərəsinə bir dükan açdırır. Hərənin əlini bir yana ilişdirir. Əlqərəz, bu nəsil yavaş-yavaş dirçəlməyə başlayır. Gülzar arvadın savadı olmaya-olmaya yerlə-göylə əlləşirdi. Arif qadın idi. O, İsfəndiyarda da nə isə görüb hiss etmişdi. Onun boş adam olmadığını görürdü, duyurdu. Onu da oxumağa, təhsilini davam etdirməyə sövq edirdi. “Oxu, dədənlə ciyinə (ana) qulaq asma, fikir vermə. Nə qədər ki, mən sağam oxuyun” – deyirdi. Gülzar nənəm onu da bilirdi ki, Bəxtiyarı övladlığa götürmə məsələsi, əvvəl-axır onsuz da açılacaq. Bəxtiyar indi uşaqdır. Sonra isə böyüyüb biləcək ki, İsfəndiyar onun böyük qardaşıdır, doğma qardaşıdır. O zaman biz bu dünyada olmayanda Bəxtiyar tək, arxasız qalmasın. Bilsin ki, qardaşı var. Qoy bir-birlərinə arxa, həyan olsunlar. Amma hələ tezdir. İsfəndiyar nə qədər Şəkidə çox qalsa, anasının ağzından söz çıxa bilər. Qoy məktəbi bitirsin. Sonra təhsilinin davamı üçün Bakıya gələr, dalısına da Allah kərimdir – deyərdi. İsfəndiyar Şəkidə orta məktəbi fərqlənmə diplomu ilə bitirir (O zamanlar qızıl medal yox idi). Elə həmin ili də Bakıya gəlir. Pedaqoji İnstitutun Tarix fakültəsinə qəbul olunur. Lakin yuxarıda dediyim kimi nə atası Zəkəriyyə kişi, nə də ki anası Xanım arvad İsfəndiyarsız qala bilmirdilər. Atası Zəkəriyyə kişi tez-tez ona sifariş göndərərdi. Əəəə... Da di bəsdi daaa... qaldın o tərəflərdə (Bakıda). Yığış gəl Şəkiyə (Zəkəriyyə kişinin Bəxtiyardan sonra Firuzə adlı bir qızı da olur. Firuzə bibim danışırdı ki, orta məktəbdə oxuyanda pionerə qəbul olunan günü, boynunda qırmızı pioner qalstuku, sevinə-sevinə evə gələndə atası Zəkəriyyə kişi bərk əsəbiləşmişdi:  

 

– Çıxart o it xaltasını boynundan at. Bu gün-sabah onsuzda türk gələcək, bunların axırına çıxacaqdır – deyərdi.

 

Firuzə bibim də bu dünyadan övladsız köçdü. Allah ona da övlad payı verməmişdi).

 

1941-ci ildə müharibə başlayanda İsfəndiyar Tarix fakültəsinin ikinci kursunda oxuyardı. Tarixçi olmaq istəyirdi. Tələbə olmasına baxmayaraq, dərsdən sonra çoxlu mütaliə edərdi. Mütaliəsi olduqca geniş idi. Atam deyərdi ki, tələbə olmasına baxmayaraq, qədim dünya tarixindən, deyəsən, qədim Roma imperiyası – Bizans tarixi haqqında nəsə elmi iş yazırdı. Elmi işə, xüsusilə də qədim dünya tarixini oxuyub öyrənməyə böyük həvəsi var idi. Müharibə başlananda hər şeyə nöqtə qoyulur. İsfəndiyar müharibəyə gedəsi olur.

 

İsfəndiyar müharibəyə Belarusiyadan başlayır. Mogilyov tərəflərdən evə məktublar yazardı. Yenə də çox qəribədir. Əmim İsfəndiyar Belarusiyada almanlara qarşı döyüşəndə ağlına gətirə bilərdimi ki, onun qardaşı oğlu, onun adını daşıyan İsfəndiyar vaxt gələcək Belarusiyada diplomatik xidmətdə olacaq. Onun döyüşdüyü yerlərdə gəzəcək. Müstəqil Azərbaycanın müstəqil Belarusiyada Fövqəladə və Səlahiyyətli səfiri olacaq.

 

Müharibə başlananda atamın 16 yaşı var idi. Hamı elə düşünürdü ki, müharibə bu gün-sabahlıqdır. Tez də qurtaracaq. Uzağı bir-iki aya hər şey bitəcəkdir. Amma nənəm tez-tez deyərdi ki, yox bu müharibə deyəsən çox uzanacaq. Buna indidən bir əncam qılmaq lazımdır. Sonra gec olacaq. Hər necə olursa olsun, Bəxtiyarı müharibədən saxlamaq lazımdır. Onun hər bir ayına bir qurban kəsmişəm. Mən uşaq baxıb böyütməmişəm ki, bir nemesin gülləsinə tuş gəlsin. Amma ki, hələ vaxta var. Lakin... 1942-ci ildə Hərbi Komissarlıqdan atama dalbadal çağırış vərəqəsi gəlir. Nənəm dəliyə dönür. Yerə-göyə sığmır. “Evimi sataram, var-dövlətimi sataram, hər nəyim varsa sataram. Amma ki, Bəxtiyarı vermərəm, heç kimə vermərəm. İstəyir Mir Cəfər Bağırov gələ, lap belə Stalinin özü gələ, yenə Bəxtiyarı heç kim mənim əlimdən ala bilməz. Mənim balam onların hər ikisindən qat-qat artıqdır. Dövran dəyişəcək, vaxt gələcək, mənim balam harada olacaq, onlar harada. Lap istəyir, dünya dəyişə. Vaxt gələcək onlar lənətlənəcəklər. Mənim balam isə hər dövrdə qalacaq, yaşayacaq. Nə olursa olsun. Əstəğfürullah, göydə Allah, yerdə Bəxtiyar mənim üçün birdir. Bu aciz bir uşaqdır. Əlinə silah da götürə bilməz” – deyir.

 

O zamanlar, indiki Mərkəzi Univermağın yerində balaca yastı-yapalaq, yöndəmsiz evlər var idi. Və həmin o evlərin birində qoca bir yəhudi həkim yaşayırdı. Əsəb həkimi idi. Nənəm haradansa, kimin vasitəsiləsə, həmin həkimə yol tapır. Sifariş göndərir ki, axşam evində tək olsun. Onlara gələcəm. Özü də əli boş gəlməyəcəyəm. Məni qəbul etsin, peşman olmaz. O zamanlar, hmm... Nəinki o vaxtlar, lap elə son vaxtlara qədər qızıl alverinə, alqı-satqısına ancaq şəkililər baxardılar. Yəni indiki, müasir dilə çevirsək, qızıl monopoliyası şəkililərin əlində olub. Şəkililərin heç bir vaxt brilliantla, daş-qaşla araları olmayıb. Elə dünyaya gələn gündən qızıl görüblər. Hətta belə bir misal da var-deyirlər ki, şəkilinin ən kasıbının evində belə yarım kilo qızıl olur. Qızıl sikkəyə elə gözucu baxan kimi onun saf və ya qəlp olduğunu dərhal bilirlər. Qızıl almaq, qızıl satmaq istəyən də həmişə şəkililərin yanına gələrdi. Və bu qızıl alqı-satqısı ilə məşğul olanlar da gizlicə Bakının o vaxtlar, Basin adlanan küçəsinin başlanğıcında yığışardılar. Qara İsmayıl, Fır İbrahim Xəlil, Zolotoy İbrahim Xəlil, (xasiyyəti olduqca mülayim olduğuna görə ona zolotoy deyərdilər) Pişik Əhməd, Dəli Səməd, Cuhud Məmmədiyyə və s. Qızıl tanımaqda mahir idilər (ümumiyyətlə Şəkidə ləqəbsiz adam, demək olar ki, yoxdur. Hamının da özünə, sifətinə və xasiyyətinə uyğun ləqəbi var. Qızılı da eşitdiyimə görə, dillərinin altında saxlayardılar ki, milis gələn kimi dərhal udsunlar. Hətta mən eşitdiyimə görə, Şəkidə elə indinin özündə də Nikolay dövründən qalma qızılkəsən dəzgah qalıb. Bu qızılkəsən dəzgah da hansı yolla Şəkiyə, şəkililərin əlinə düşüb, bilinmir.

 

Nənəm elə həmin günü öz tanış yerliləri ilə əlaqə yaradır, nə alıb-nə satırsa, axşam, əvvəlcədən qərarlaşdırdıqları kimi, 17 yaşlı Bəxtiyarın əlindən tutub həmin o həkimin evinə gəlir. Hər şeyi fəhmlə, intuisiya ilə başa düşüb, uzaqgörən nənəm özü də tək gəlir ki, yanlarında şahid-filan olmasın. Rus dilində yalnız əllə-ayaqla danışan nənəm, elə evə girər-girməz 50 dənə qızıl türk lirəsini, Nikolay onluqlarını həkimin ayaqları altına atır, Bəxtiyarı göstərib elə bir kəlmə:

 

– Eta dom-dom net (yəni yəqin ki, nənəm demək istəyirmiş ki, bu oğlan nə güllə ata bilər, nə də ki müharibəyə gedə bilər. Olmaz. “Dom-dom” kəlməsi ilə yəqin ki, nənəm güllə səsi çıxartmaq istəyirmiş).  Qoca yəhudi gözucu yerdəki qızıl sikkələrə baxıb, əvvəlcə şübhəyə düşür. Əli ilə nənəmə qapını göstərir. Yəni yerə tökdüklərini yığışdır, çıx get.

 

Nənəm əlini çantasına salıb, əvvəlcədən hazırladığı digər qızıl sikkələri də onun ayağı altına atır. Sonra yenə də sınıq-salxaq rus dilində:

 

– Ey... Baku doktor mnoqo... Tı druqoy, druqoy tı...

 

Yəni Bakıda həkim çoxdur. Sən götürməzsən, başqası götürər. Sən olma, başqası olsun. Mənə heç fərqi yoxdur, onsuz da bu uşağı müharibəyə getməyə qoyan deyiləm. Vəssalam.

 

Qoca yəhudi stulu çəkib oturur. O da sınıq-salxaq Azərbaycan dilində nənəmdən soruşur ki, burada nə qədər qızıl var?

 

Nənəm də barmaqlarını on dəfə göstərərək, yüz dənə qızıl olduğunu deyir. Sonra əyilib birini yerdən götürüb iki dişinin arasında sıxıb həkimə göstərərək:

 

– Vot. Xoroşo.

 

Yəni nənəm bununla da demək istəyirdi ki, heç biri qəlp deyil. Təmizdir.

 

Yəhudi qızılları yerdən yığıb bir-bir sayır. Sonra nənəmə deyir ki, sabah uşaqla birlikdə Hərbi Komissarlığa gələrsən. Altı ay möhlət verərəm. Çox yox. Çünki mən özüm də qorxuram. Adi bir sənədi yüz yerdən keçirmək lazım gəlir. Hər yerdən də yüz göz baxır. Nənəm isə deyir ki, bu daha sənin öz işindi. Yüz qızılı qazanmaq istəyən, hər şeyi gözünün altına almalıdır. Altı ay möhlətə nənəm razılaşır. Amma atamın Hərbi Komissarlığa gəlmək məsələsinə etirazını bildirir. “Mən gələrəm, arxayın ol. Uşaq isə Hərbi Komissarlığa gəlməyəcək. Vəssalam”. Çox mübahisə edirlər. Həkim deyir ki, uşaq hökmən gəlməlidir ki, mən onu komissiyaya salım. Nənəm isə razılaşmır. Nənəm daha beş qızıl onluğu stolun üstünə çırparaq, öz hikkəsini yeridir:

 

– Doktor vot, ya skazal.

 

Nəhayət razılaşırlar. Dar qaranlıq küçələr ilə evə gələn nənəmin uçmağa qanadı olmur. Altı ay da altı aydır. Dalısına – ya qismət.

 

1942-ci il dekabr ayının 27-də müharibənin ən qızğın bir vaxtında İsfəndiyarın “qara xəbər”i gəlir. Daha doğrusu ölüm xəbəri yox, “itkin düşmə” xəbəri. Atam bu xəbərdən dəliyə dönür. Göz yaşları qurumaq bilmir. “Mən qaqaşımı istəyirəm. Məndə müharibəyə getmək istəyirəm. Qaqaşımı tapmaq istəyirəm. Mən onsuz qala bilmərəm”. Nənəm ona gözlərini ağardaraq:

 

– Otur yerində. Sənin elə bu saat bir müharibən çatışmır. Mən səni baxıb böyütməmişəm ki, güllənin qabağına, ölümə göndərim. Əmioğlunu görmürsən?

 

(Əmioğlu kəlməsini o qəsdən, tez-tez, xüsusi intonasiya ilə işlədirdi. Yəni İsfəndiyarın əmioğlu olması atamın beyninə həkk olunsun. Nənəm elə həmin gün, gecə ilə babamla birgə Şəkiyə yola düşürlər. Atam nə qədər  yalvarırsa, israr edirsə, onu özləri ilə aparmırlar. “Yox. Yol, iz, vağzal bu saat əsgərlərlə, patrullarla, milislə doludur. Səni aparmaq olmaz. Sən burda qalmalısan”.

 

Hər ehtimala qarşı nənəm atamı qonşularıgildə gizlədir ki, burdan kənara çıxmasın (mən həmin o qonşu arvadı sonralar görmüşdüm. Adı indiyə kimi yadımdadır – Qəmər xala). Və yaxud da birdən evi yoxlamağa gəlsələr, atamı tapmasınlar. Çünki nənəm Bəxtiyarı gözündən kənara qoymurdu. Sonralar İnstituta özü ilə bərabər aparıb- gətirərdi.

 

– Ay arvad, bəsdir, ayıbdır. Mən uşaq deyiləm ki.

 

– Mən özüm bilərəm, nə edirəm. Sən mənim gözümdə həmişə uşaqsan.

 

Hətta tənəffüslərdə nənəm atamı özü yedizdirərdi. Ona özü yemək aparardı. Nənəmin bir ayağı protezli idi. Şəkər xəstəliyi var idi deyə, ayağını dizdən yuxarı kəsmişdilər. Nənəm protezini sürüyə – sürüyə, atamın arxasınca kölgə kimi sürünərdi.

 

Həəə... Gülzar nənəm danışardı ki, qadının ağlaması adi bir haldır. Qadın qadındır da... Ağlayar da, kiriyər də. Amma Xanım nənəm elə bil ki ağlamırdı, İsfəndiyarın köynəyini, yorğanını qucaqlayıb yerdə ilan kimi qıvrılırdı, göynəyirdi, dil deyirdi, ulayırdı. – Ya Rəbbim sən mənim balama qıyma, İsfəndiyarıma qıyma, özümə qaytar – deyirdi.

 

Babam Zəkəriyyə:

 

– Arvad bəsdi... Hələ bilmək olmaz... Vaxtından əvvəl usağı basdırma. Yasxana açma – deyib, evin bir küncünə çəkildi.

 

Qəlyanını doldurub, çox ağır bir nəfəs vurardı. Gözləri yol çəkərdi. Sonra sakit-sakit saqqalı uzunu yaş tökməyə başladı. Elə bil ki, kişinin beli bükülmüşdü. Gülzar nənəm deyirdi ki, kişi xeylağının ağlamağı çox ağır olur, dəhşətli olur, dözülməz olur. Zarafat deyil. Ən istəkli övladını, İsfəndiyarı itirmişdi. Sonra deyirlər ki, babam Zəkəriyyə kişi elə öz otağınaca çəkilib, oradan kənara çıxmırdı. İsfəndiyarın həmişə yanında gəzdirdiyi, çaldığı tütəyini sinəsinə sıxıb, İsfəndiyarın barmaqları dəyən yerləri öpürdü. “Haradasan ay bala, amanın günüdür, məni yandırma ay oğul” – deyirdi. Danışırdılar ki, İsfəndiyar əla tütək çalırmış.

 

...Həəə... Hər altı aydan bir qoca yəhudi həkimin evinə nənəmin birinci əri türk zabiti Zülfüqar əfəndidən qalma, qızıl bilərziklər, üzüklər, daş-qaşlar, qızıl sikkələr, brilliantlar sel kimi axıb gedir.

 

1943-cü ildə atam Gülzar nənəmin təkidi, israrı ilə həvəsi olmaya-olmaya Tibb İnstitutuna daxil olur. “Vallah, mən buranı istəmirəm, billah buranı istəmirəm. Burda keçirilən dərslər mənə çatmır”. Nənəm isə öz sözünü yeritdi. “Sən burda oxumalısan, mənim balam əyninə ağ xalat geyib, xəstələri müalicə edəcəkdir. Vəssalam. Elə məsələ də bunda idi ki, Gülzar nənəm öz sözlərini nəinki Bəxtiyara, hətta Səhiyyə Nazirliyinə də yeritdi. Bəxtiyarın sənədlərini zorla da olsa, qəbul elətdirdi. Əslində sənədlər qəbul olunası deyildi. Çünki əvvəla, əsgərlikdən saxlama müddəti, yəni möhləti altı aylıq alınmışdı. Bəs altı aydan sonra nə olacaqdı? İkincisi, atam lap belə Tibb fakültəsini bitirsəydi belə, yenə də səhiyyə sahəsində işləyə bilməzdi. Bu mümkün olan iş deyildi. Çünki atamın hərbi biletinə yəhudi həkim tərəfindən, rüşvət gücünə, “anlaqsızlıq” sözü yazılmışdı. Əgər lap dəqiq desək, özünə, hərəkətlərinə cavabdeh olmamaq möhürü vurulmuşdu. Bəs onda necə olacaqdı? O, bu sahədə qətiyyən işləyə bilməzdi. Nənəm isə zorla onun sənədlərini Tibb İnstitutuna qəbul etdirib, hələ bir atamın gələcəyi üçün planlar da hazırlayırdı. Lakin atam bir-iki il tibbdə oxuyandan sonra başa düşdü ki, həkimlik onun yeri deyil. O, ədəbiyyat üçün yaranmışdı. Evdən xəbərsiz, sənədlərini Tibb İnstitutundan götürüb, Azərbaycan Dövlət Universitetinin Ədəbiyyat fakültəsinə verdi. İndi deyirəm ki, Allahın çox qəribə işləri var. Görəsən atam sənədlərini Universitetə verəndə və oranın tələbəsi olanda heç ağlına gətirə bilərdi ki, bir vaxt gələcək, Azərbaycan Dövlət Universiteti ayrı binaya köçürüləcək və Universitetin yerləşdiyi bu küçəyə də onun adı veriləcək? Çox qəribədir. Həqiqətən qəribədir.

 

lll

 

Müharibə qurtarır. Kimisi sağ, kimisi şikəst qayıdır. Kimlərsə də ya ölür, ya da itir, sorağı gəlmir. 1945-ci ildən başlayaraq, atamın qardaşı İsfəndiyarı axtarması yolunda yer qalmır ki, müraciət etməsin, yazır, çox yerə yazır. Filan ildə itkin düşdüyündən yazır. Ölüm xəbəri olmadığını deyir. Kimsə bir nəfər gizlində nənəmə deyir ki, İsfəndiyarı haradasa əsirlikdə, İtaliyada görüblər. Nənəm ehtiyatlanır. Gülzar nənəm atama deyir ki, oğul, əgər o tapılıb üzə çıxarsa, heç bilirsən səni nələr gözləyir? “Başına min cür bəla gələr. Zəmanə pis zəmanədir. Dövran pis dövrdür. Əgər o sağdırsa və hansısa xarici ölkələrin birində olduğu bilinərsə, başın çox bəlalar çəkər. Görünür, o səndən qat-qat ağıllıdır ki, səni düşünür. Sənə görə üzə çıxmır. O başa düşür ki, əgər üzə çıxsa, səni nələr gözləyir. Başa düş ki, bütün gələcəyin batar, məhv olarsan. Lap əgər o sağdırsa, onun artıq bu ölkədə gələcəyi yoxdur. Sənin isə böyük gələcəyin var. Özü də çox böyük gələcəyin var. Sən böyük adam olmalısan. Və olacaqsan da. Bunu sənə mən deyirəm, başa düş...”

 

Atam əsəbiləşərək:

 

– Bəsdir, nə böyük-böyük salmısan? – deyirdi. – Mənə heç nə lazım deyil. Mənə təkcə qaqaşım İsfəndiyar lazımdır. Mənə heç böyük adam olmaq da lazım deyil. İsfəndiyar lazımdır mənə. Onu da axtarıb tapacam. Heç olmasa bir dəfə onun boynunu qucaqlayım, öpüm. Bu mənə kifayətdir. Heç o da lazım deyil. Harada olursa olsun, təki bilim ki sağdır, yaşayır. Bu mənə bəsdir.

 

Gülzar nənəm də sakit olmur:

 

– Sənin qaqaşın yox, əmin oğlun. Niyə indiyə kimi bilmirsən ki, sənin qardaşın-zadın yoxdur. Sən təksən. Əmioğlun var. İsfəndiyar sənin əmin oğludur. Bunu birdəfəlik bil və başa düş.

 

Sonra nənəm səsini yumşaldaraq:

 

– Arxayın ol, Allah sənə İsfəndiyarı verəcək, qaytaracaq. Özü də tezliklə. Amma ayrı şəkildə. Onda istədiyin qədər onu öpərsən də, qucaqlayarsan da. Bunu sənə mən deyirəm, arxayın ol. Amma...   Nənəm daha da sakit bir səslə əlavə edir. – O gələcək İsfəndiyarı bacardıqca qoru. Mən səni hər bəladan qoruduğum kimi. Heç kimə də vermə. Bu işdə mən sənə kömək edə bilməyəcəyəm. Çünki o zaman mən bu dünyada olmayacağam.

 

Atam təəccüblə, heç nə başa düşməyərək, maddım-maddım anasının üzünə baxır, sanki baxışları ilə “Sən nə danışırsan?”deyir.

 

Elə bu zaman Şəkidən xəbər gəlir ki, Zəkəriyyə kişi, yəni atamın babası “İsfəndiyar” deyə-deyə dünyasını dəyişib. Söhbət yarımçıq qalır. Atamın atası Mahmudağa, nənəm Gülzar arvad və atam Bəxtiyar dərhal Şəkiyə yola düşürlər. Zəkəriyyə kişi 86 yaşında dünyasını dəyişir. Deyirdilər ki, əgər İsfəndiyarın qara xəbəri gəlməsəydi, kişi bəlkə də 100 yaşını da bitirərdi. Çünki ömrü boyu heç dişi də ağrımamışdı. Çox gümrah kişi olub. Beyninə qan sızmışdı. Deyilənlərə görə, axır nəfəsi ağzından çıxana qədər elə “İsfəndiyar, İsfəndiyar” deyib. Hətta huşu gedib-gələndə: “Əəəəə di çıx gəl daaa... Bəsdi daaa... Nə görmüsən o tərəflərdə? Bəs heç demirsən ki, qoca dədəm, qoca ciyim (ana) məni görsün. Ay insafsız...” – deyirmiş.

 

Dəfndən qayıdanda, atamın həmişə nənə bildiyi, Xanım nənəmin anası Sayalı arvad, atamı bir tərəfə çəkib illərdən bəri ustalıqla gizli saxladıqları sirri Bəxtiyara açır. Deyir ki, bəs bu ölən sənin baban yox, doğma atandır. Nənə dediyin arvad isə sənin doğma anandır. Mahmudağa isə sənin ata bir, ana ayrı qardaşındır. Ana bildiyin Gülzar arvad isə (Sayalı arvad heç zaman Gülzar nənəmi sevməzdi, deyilənlərə görə, bu uşaq məsələsi üstündə heç kəlmə də kəsməzdilər) sənin qardaşın arvadı, əslində isə heç bir qan qohumun-zadın deyil... Bütün bu illərdən bəri çox böyük ustalıqla gizli saxlanılan sirr axırıncı düyününə qədər açılır. Gizli heç nə qalmır. Bu qəfil xəbərdən atam sanki şok olur. Sarsılır, özünü itirir. Müvazinətini saxlaya bilmir, az qalır ki, yıxılsın. Bilmir, nə etsin. Gözlərini Sayalı arvadın üzünə dikir. İnansın, ya inanmasın. Kimdənsə nəsə soruşsun, dəqiqləşdirsin, yoxsa yox. Dünya-aləm gözünə qaralır. Ay aman... Bəs onun bundan sonrakı həyatı necə olacaq? (Atam həmişə deyirdi ki, bu barədə lap belə uşaqlıqdan nəsə hiss edirdim. Amma bilmirdim ki, bu nə hissdir. Həmişə məni Şəki, əmi bildiklərim, babam, nənəm bildiklərim məni özünə çəkirdi.) Amma bu nə hiss idisə, bilmirdim,  başa düşmürdüm. Bu qəfil xəbərdən, Bəxtiyarın sanki gözünün yaşı da quruyur. Bütün gecəni səhərə kimi oyaq qalan Bəxtiyar səhərə yaxın mürgüləyir, yuxuya gedir. Elə bir az mürgüləyibmiş ki, aynabənddəki səs-küyə oyanır. Dünənki hadisədən Gülzar arvad haradansa xəbər tutmuşdu. Arvadı heç cür sakit etmək mümkün deyildi. Üzünü qaynanası Xanım arvadla Sayalı nənəyə tutub:

 

– Hayindi dincaldoouz? Xəbəri uşağa çatdırdoouz? Amma ölsəniz də, partlasanız da, bu uşaq mənimdir. Bəxtiyar mənimkidir. Onu heç kimə verən deyiləm.

 

Amma artıq gec idi. Çox gec idi. Bəxtiyar hər bir məsələdən xəbərdar olmuşdu.

 

Gülzar nənəm:

 

– Mən daha bundan sonra burada qala bilmərəm. Yeddini verib qayıdıram Bakıya. Bəxtiyar da mənimlə gedir.

 

Yan otaqdan çıxan Bəxtiyar:

 

– Xeyr, mən heç yana getmirəm. Mən mərhumun qırxına qədər  burda qalacağam. Ölən əgər mənim atamdırsa, mən burda qalmalıyam.

 

Sonra üzünü, ana bildiyi Gülzar arvada tutaraq:

 

– Sən qayıdırsansa, özün bilərsən. Qayıt! – deyir.

 

Bu, Gülzar arvada Bəxtiyardan indiyə qədər görmədiyi, eşitmədiyi etiraz idi. Aldığı ilk zərbə idi. Bu söz Gülzar arvada dağ çəkir. İndiyə kimi onun bir sözündən çıxmayan, bir sözünü iki eləməyən Bəxtiyar sanki dəyişmişdi.

 

Bəs indi bundan sonra Bəxtiyarın həyatı necə olacaq? Həmişə ata bildiyi qardaşının üzünə necə baxacaq? Onunla necə rəftar edəcək? Bəs hələ atası bildiyi qardaşı ona nə deyəcək? Bəs Gülzar arvadın günü necə olacaq? Əlbəttə bu balaca məsələ deyildi. Suallar çoxdur, cavab isə bir: Bəxtiyar qardaşı tərəfindən götürülmə uşaq idi.

 

İnsaf xatirinə onu da demək lazımdır ki, Xanım nənəm anası ilə az qala bu barədə qırğına çıxır. Dəfn bir tərəfdə qalır, mübahisə isə get-gedə böyüyür. Xanım nənə anası Sayalı arvad ölənə qədər onu danışdırmır: “Axı mən Qurana əl basmışdım ki, bu sirri heç kim bilməyəcək. Sən indi bu ağır məsələni uşağa açıb, onu sarsıtdın. Məni də günaha batırdın. Mən indi bu günahın altından necə çıxacağam?” Sayalı arvad dəfn mərasimini yarımçıq qoyub kəndə qayıdır. Xanım nənəm anası Sayalı arvad öləndə üstünə belə getmir. “Anam məni günaha batırdı” – deyib göz yaşlarını içəri verirdi. “Ay bala, Sayalı arvad yalan danışır. Qoca arvaddır. Danışığını qanmır, qocalıb. Sən ona fikir vermə”,– demələrinə baxmayaraq, 21 yaşlı Bəxtiyarı inandıra bilmirlər. Artıq söz ağızdan çıxmışdı. Ox öz yayından çıxmışdı.

 

Yeddi mərasimini verəndən sonra Gülzar nənəm nə qədər dil tökür ki, Bakıya qayıtsınlar, atam etiraz edir. Babam Mahmudağa savadsız bir kişi olsa da, ağıllı, tədbirli bir adam idi. Bəxtiyarı bir tərəfə çəkib, gözləri yaşlı halda deyir:

 

– Ay oğul, sən necə bilirsənsə, qoy eləcə də olsun. İndiyə kimi bizim evdə sənin bir sözün iki olmayıb. Mən səni yaxşı başa düşürəm. Məni isə başa düşməmək də olar. Ananı isə... Başa düş. Sən onun üçün hər bir şeysən. Onun üçün göydə Allah, yerdə sənsən. Nə deyim, özün artıq hər şeyi bilirsən. Mən sənə heç nə deyə bilmərəm. Hər şey sənin özündən asılıdır...

 

Babam bunu deyəndə göz yaşlarını saxlaya bilmir.

 

Doğrudan bu böyük bir faciə idi. Hər şey birdən- birə belə açılmışdı. Hər şey çox gözlənilməz olmuşdu. Hər iki tərəf üçün bu böyük bir sarsıntı idi. Hər dəfə atamla üz-üzə gələn Xanım nənəm gözlərini atamdan yayındırır, sanki atamdan qaçırdı. Atam isə gözlərini onun üzünə zilləyib, diqqətlə baxırdı. Gülzar nənəm isə hər ikisinə diqqətlə baxır, ürkək baxışlarını onlardan qaçırtmırdı. Sanki “Mən indi neyləyim” – soruşurdu. Bunların heç biri atamın nəzərindən qaçmırdı. Atam birdən Gülzar anasına yaxınlaşıb, hamının eşidə biləcəyi səslə deyir:

 

– Ay ana, mənə bir stəkan çay gətir.

 

Və “Ana” kəlməsini, elə bir xüsusi intonasiya ilə deyir ki, Gülzar nənəmin gözləri dolur.

 

– Bu saat, bu saat. Qurban olaram sənə, sənin “ana” deyən dilinə.

 

Gülzar arvad şəstlə ayağa durur, qürurla ətrafı seyr eləyir. Və sanki bu baxışları ilə demək istəyir ki, bəli, Bəxtiyara çayı ancaq mən gətirə bilərəm, çünki o mənim oğlumdur, mən də onun anasıyam.

 

Sonra atam babamı bir tərəfə çəkərək:

 

– Hər şey necə olmuşdusa, eləcə də qalacaq. Mən özümü inandırmışam. Sən mənim atamsan, o da mənim anamdır. Xanım arvad isə mənim nənəmdir. Rəhmətə gedən Zəkəriyyə kişi isə sənin atan, mənim isə babamdır.

 

Mahmudağanın gözləri dolur. Oğlu bildiyi qardaşını qucaqlayır öpür. Sonra sakit bir səslə

 

– Sən bizi dünyaya yenidən qaytardın, ay oğul – deyir.

 

lll

 

1950-ci ildə atam evlənir. 1954-cü il avqust ayının 4-də (əmim İsfəndiyarın anadan olduğu gün) Şəkidə (əmim İsfəndiyarın doğulduğu Dodu kəndində) səhər saat 4-də bir uşaq dünyaya gəlir (sən bir Allahın işinə bax: 12 ildən sonra. Həmin ay, həmin gün, həmin kənd.) Həbs olunub gedər-gəlməzə göndərilən Şirəli əmimin arvadı Əminə xanım (biz ona atamın dili ilə “gəlinbacı” deyərdik) səhər saat 4-də atamı yuxudan oyadıb: “Muştuluğumu ver, oğlun olub” – deyəndə, atam hönkürtüsünü saxlaya bilməyib, həmişə üstünə örtdüyü yorğanı – qardaşı İsfəndiyarın yorğanını qucaqlayıb:

 

– Ya Rəbbim, məsləhətinə min şükür! Sən məni naümid qoymadın. İsfəndiyarı mənə qaytardın,   deyib, hönkürtü ilə ağlayır. – Bundan artığını səndən istəmək artıqdır. Bundan sonra İsfəndiyar həmişə mənim yanımda olacaq. Onu gözümdən kənara qoymayacağam!

 

Yox, ay ata, elə mən də sənin yanında ola bilmədim, mən də həmişə səndən ayrı düşdüm...

 

Minsk, 2015

İsfəndiyar Vahabzadə

525-ci qəzet.- 2015.- 28 fevral.- S .20-21