Eşitdiyim və gördüyüm
Yaponiya...
YAKOHAMA – “Əfsanəvi Simurq quşu”
(Əvvəli
ötən şənbə sayımızda)
Paytaxt Tokiodan 30 km cənub-şərqdə yerləşən
Yakohama şəhərinə səfərimiz də çox
yaddaqalan və maraqlı oldu.
Ərazisi əsasən dağlıq və meşələrlə
örtülü olan, torpağının yalnız yeddidə
biri insan əməyinə tabe olub onun məişətinə
xidmət edən Yaponiyada bir şəhərin sərhədləri
o biri şəhərlə birləşir. Daha
doğrusu, şəhərlərdən birinin sərhədlərindən
o birisi başlayır. Ölkənin
paytaxtı Tokiodan sonra ikinci ən böyük şəhəri
olan Yakohama da məhz eləcədir.
3,7 milyon əhalinin yaşadığı bu nəhəng
sənaye və liman şəhəri həm də Konoqova
Profekturasının Adminstrativ mərkəzidir.
Yakohamanın
dünyanın ən müasir şəhərlərindən
olmasını şərtləndirən amillərdən biri də
onun yolları az qala “Hörümçək
toru”na bənzəyən paytaxt Tokiodan fərqli olaraq daha
gen-geniş olmasıdır.
Uşaqlıq
çağlarımızda sonunu “göydən düşəcək
üç alma” intizarıyla gözlədiyimiz
sirli-sehirli nağıllarımızdan birinin də qəhrəmanı
Məlikməmməd olub...
Məlikməmmədi etdiyi yaxşılıqlar
müqabilində Simurq quşu qanadlarına alıb qaranlıq
dünyadan işıqlı dünyaya
çıxarıbdı. Ayrılanda da lələklərindən
verib deyib: – Dara düşəndə yandırarsan, harada olsan
özümü yetirərəm sənə...
Demə, Yaponiya həm də əfsanəvi simurq
quşlarının vətəni sayılır. Bu quşların adına (feniks) “Yakohama” da deyilir. Okeanın və
dənizlərin əhatəsində liman şəhəri olan
Yakohamanın adı yəqin ki, elə ölkənin milli xəzinəsi
olan, görkəmləri ilə sanki qırqovulu xatırladan,
bədəni ağ, qanadları qəhvəyi rəngli,
quyruqlarının uzunluğu 3 metrə, bəzən isə 11
metrə çatan bu quşların adı ilə
bağlıdır.
1858-ci ildə
kənd təsərrüfatı və
balıqçılıqla məşğul olan, çox da
böyük olmayan iki kəndin əsasında yaranan Yakohama
tarixinin ikinci yüzilliyində çox böyük inkişaf
yolu keçib, ölkənin nəhəng sənaye mərkəzlərindən
birinə çevrilib.
Şəhərin tarixində ən dramatik hadisə
1923-cü ildə baş verib, burada güclü zəlzələ
olub. “Böyük Konto” adlandırılan bu zəlzələ
nəticəsində 20 min yakohamalı həlak olub, 60 min bina
dağılıb. Dövlətin
yaxından köməyi və sakinlərinin gərgin əməyi
sayəsində şəhər 1930-cu illərin əvvəllərinəcən
əsaslı surətdə bərpa olunub.
Yüz yaşının tamamına yaxınlaşmaqda
olan, təbii fəlakətdən sonra tədricən
özünə gələn şəhər millətlərə
fəlakət, xalqlara müsibət gətirən İkinci
Dünya müharibəsi zamanı, 1945-ci ildə daha bir dağıntıya
məruz qalıb. Amerikalıların şəhəri
bombardmanı zamanı 60 min insan həlak olub, 80 minə
yaxın bina isə dağılaraq yerlə-yeksan edilib. Əməksevər və vətənpərvər
yakohamalılar bu sınaqdan da uğurla keçərək
şəhərlərini yenidən bərpa ediblər.
Ərazisinin kifayət qədər
dağı-daşı, meşəsi-ormanı olmasına rəğmən
yaponlar öz şəhərlərini genişləndirmək
üçün kənardan torpaq daşıyıb okeanın,
dənizlərin sahilyanı hissəsini və çayların
məcrasını dolduraraq sənaye və yaşayış
mərkəzləri yaradırlar. Bu gün
dünyanın on nəhəng şəhəri ilə
qardaşlaşan, inkişafı və tərəqqisinə
görə elə dostluq, qardaşlıq etdiyi o şəhərlərdən
heç də geri qalmayan, bəlkə də onlara meydan oxuyan
Yakohamanın ərazisindən axıb keçən Tsurumi
çayının sahilinə 1931-ci ildə quru torpaq
daşınaraq məcrası doldurulub genişləndirilib,
sonralar burada çox iri sənaye müəssisələri
inşa edilib.
Belə
bir ənənənin cənub-şərqi Asiyanın
inkişaf etmiş ölkələrindən biri olan Sinqapurda
bu gün də davam etdiyini həmin ölkədə olarkən oranın
yüksək çinli məmurlarının öz dilindən
eşitmişəm. Sinqapurluların öz ərazilərini
min bir əziyyətlə genişləndirməklərində
yaponlardan fərqi yalnız ondadır ki, gündoğar ölkə
nəhri, çayı öz ərazisinin başqa bir hissəsindən,
sinqapurlular isə qonşu İndoneziyadan torpaq alıb
daşıyaraq doldurmaqla genişləndirirlər.
Uca Yaradanımızın millətimizə xüsusi
sevgisi və istəyinin bir nümunəsi də ona məskunlaşdığımız,
ulu əcdadlarımızın tanrının o lütfünə
şükürlə qanı, canı bahasına qoruyub
bugünki nəsillərə ərməğan etdiyi təbii
sərvətləri ilə zəngin, barlı-bərəkətli,
dosta qürur, yağılara isə göz dağı olan
gözəl torpaqlar bəxş etməsidir.
Zaman-zaman millətimizin mərd, mübariz
oğullarının qanı ilə yoğrula-yoğrula
müqəddəsləşən, canımızın cövhərinə
çevrilən, “əcdadlarımızın mədfəni,
övladlarımızın məskəni” ulu
torpağımızın hər qarışı bizə əzizdir. Necə ki, prezidentimiz cənab
İlham Əliyev bu gün erməni işğalı
altında olan 20 faiz torpaqlarımızın geri
qaytarılması, ölkəmizin ərazi
bütövlüyünün bərpası, tarixi
torpaqlarımızdan didərgin düşən bir milyondan
artıq soydaşımızın öz dədə-baba
yurdlarına qayıtması üçün illərdir
yorulmadan gərgin mücadilə edir.
Sözümün canı odur ki, torpaqlarımız nə
qədər gen-geniş olsa da, onun həm qorunması, mənfur
qonşularımız, tarixi düşmənlərimiz erməni
qəsbkarlarından fərqli olaraq həm də genişləndirilməsi
arzusuna biz ağlın, elmin qüdrəti və öz gərgin
zəhmətimiz sayəsində yiyələnmək istəyirik. Xəzər nəhrini, ətrafındakı
digər su yataqlarını torpaqla doldurmaqla doğma
Bakımızın sahilyanı əraziləri genişlənir,
bataqlıqlar qurudulub yerində yeni sənaye şəhərcikləri,
yaşayış məntəqələri salınır...
Dövlətimizin
başçısı cənab İlham Əliyevin sərəncamı
ilə “Böyük Şor” gölü qurudularaq ərazisində
“Ağ şəhər” layihəsi əsasında bu gün
sürətlə inşa edilən müasir şəhər
tikilir.
Bir vaxtlar
millətimizin ləyaqətli övladlarının qətl
yeri – az qala lənət, nifrət
ünvanı olan Xəzərin qoynundakı adalara bu gün
yeni həyat verilir.
Yaponiyada
şəhərdaxili və şəhərlərarası
gediş-gəliş üçün həm rahatlıq, həm
də vaxta qənaət baxımından ən sərfəli nəqliyyat
vasitəsi metro və sürət qatarları olsa da, biz
Yakohamaya bu ölkədəki səfirliyimizin təşkilatçılığı
ilə əvvəlcədən nəzərdə tutulan,
bütün səfər
müddətində bizə xidmət edəcək, üzərində
Azərbaycan bayrağının təsviri rəsmi edilmiş
rahat avtobusla yola düşdük.
Yakohamada nümayəndə heyətimizi Şəhər
Meriyasının Xarici Əlaqələr şöbəsinin
müdiri Makoto Sekiyama qarşıladı.
Yeri gəlmişkən bizdə kiçikdən
böyüyə kimi bütün təşkilatlarda
işçi və qulluqçular kabinet şəraitində
çalışıb işləyirlər. Bəzən
çox da böyük qulluğu olmayan iki məmuru bir otaqda
oturtmağın çətinliyi də olur.
Əksər
Avropa ölkələrində olduğu kimi Yaponiyada da
müşahidə etdim ki, meriyalarında və şirkətlərində
işçi və qulluqçular, necə deyərlər, elliklə
– bəlkə yüzlərlə adam – bir salonu paylaşırlar. Nəhəng
salonda hər məmurun iş yeri bir stol və stuldan, müasir elektron
və yazı avadanlıqlarından ibarətdir. Həm də
elə nəhəng salonlarda adamı heyrətə gətirən
ideal bir sakitlik hökm sürür. Yüzlərlə
işçinin çalışdığı nəhəng
salonda isə həzin bir sakitlik hökm sürür. Pıçıltı ilə danışsan belə,
eşidilər. Əsasən böyük, çoxmərtəbəli
binaların birinci qatında yerləşən salonda iş başında
olanlar ətrafdan ötüb keçənlərə
azacıq da olsa əhəmiyyət vermirlər. Şəksiz
ki, bu onlarda ənənəsi çox uzaqdan gələn bir vərdişdir.
Heç bizim ucadan söhbət
edə-edə ötüb keçən qəribə “dəstəmizə”
də gözlərinin “ucuyla belə”
baxıb, fikir verən olmadı.
İlkin
tanışlıqdan sonra M.Sekuyama, əsasən, dəniz nəqliyyatı,
biotexnologiya və yarımkeçiricilər sənayesinin inkişaf
etdiyi bu şəhər haqqında müfəssəl məlumat
verdi.
Yakohamada həyata keçirilən “Minato Miray 21” layihəsi
haqqında da geniş təqdimat olacağını bildirib belə
bir layihənin qəbul edilməsinin məqsədi və onun
icrasını zəruri edən tarixi şəraitdən
danışdı.
Ötən
əsrin əllinci illərində Yaponiyanın paytaxtı
Tokioda və bir sıra iri şəhərlərdə nəzərə
çarpacaq
sürətli inkişaf
baş versə də, əhalisinin sürətlə
artdığı Yakohamada isə bir süstlük, ətalət
var idi.
Ölkəmizdə də gen-bol istifadə olunan “Nissan”
avtomobillərinin, Yaponiya yanacaq şirkətinin baş
ofisinin yerləşdiyi bu şəhər yalnız əsrin
80-cı illərində dinamik inkişaf tempi
götürüb.
Görüşdə
Yakohamada həyata keçirilən “Mirato Mirau 21” (“Gələcəyin
rayonu-21”) şəhər planlaşdırılması layihəsinin
təqdimatı
keçirildi.
“Minato Miray 21” Yakohamada xarici turistlərin və adi
yaponların çox sevdiyi bir məkan, da Tokio körfəzində
yerləşən nəhəng kompleksidir. Yapon dilindən tərcümədə
Minato Miray “Gələcəyin
limanı” deməkdir. Bu layihənin ideyası hələ
XX əsrin 60-cı illərində irəli sürülüb.
Lakin layihənin həyata keçirilməsinə 30 il əvvəl, ötən əsrin 80-cı illərinin
əvvəllərindən başlanıb. 90-cı
illərin ortalarında isə “Minato Miray 21”–in tikintisi
çox böyük sürət götürüb. Hər
il yeni-yeni binalar tikilib istismara verilib ki, bu
binalardan ən böyüyü yapon korporasiyalarının
ofisləri və iş mərkəzləri, otellər, ticarət,
əyləncə və sərgi kompleksləridir. Bu gün
“Minato Miray 21” həm də klassik futurist memarlığının
ən yaxşı nümunəsi kimi də formalaşıb
praktikada öz yerini alıb və inkişafı hələ də davam etməkdədir.
Altı hissədən ibarət olan bu layihə şəhərin
sosial-iqtisadi problemlərinin həlli üçün irəli
sürülüb. Layihəyə əsasən Yakohamanın
mərkəzinin inkişaf etdirilməsi, yaşayış evlərinin
tikintisi, abadlıq-quruculuq işləri, nəqliyyat sisteminin,
o cümlədən, metronun bərpası və sair məsələlər
daxil edilib. Layihənin icrası üçün nəzərdə
tutulmuş ərazilərdə müasir tələblərə
cavab verməyən, gəmilərin təmiri və yüklərin
boşaldılmasına xidmət edən kiçik bərələrin
uyğun gəlməyən digər tikililərin ləğvi
nəzərdə tutulub. Rayonu canlandırmaq
üçün ilk növbədə onlar başqa yerə
köçürülüb.
Bu layihənin
əsas məqsədi şəhər kimi müstəqilliyini saxlamaqla kiçik
rayonları böyük rayonun tərkibində birləşdirmək
olub. İkinci, abadlıq işlərinin həyata
keçirilməsi, insanların orada istirahəti
üçün sahilyanı sahələrdə
yaşıllıqların salınmasına fikir verilib. Bu həm də liman şəhərini də, əhalinin
yaşayış tərzini də keyfiyyət baxımından
dəyişdirib. Layihənin digər əsas
üstünlüyü Tokiodakı şəhər
infrastrukturunun bəzi hissələrinin Yakohamaya
inteprasiyası olub. Layihənin icrasına 190 min nəfər
işçi cəlb olunub.
Sonra görüşdə mərkəzi rayon haqqında
mütəxəssislər elektron mənbə vasitəsilə
geniş məlumat verdilər, müzakirələr
açıldı.
Görüşdə
iştirak edən Bakı şəhəri rayonlarının
icra hakimiyyəti başçıları – İbrahim Mehdiyev
(Yasamal), Razim Məmmədov (Xətai), Asif Əsgərov (Səbail),
İlqar Abbasov (Suraxanı), eləcə də Elxan Usubov
(Şəki şəhəri) bütün tədbir boyu layihənin
hər bəndi üzrə mütəxəssislərdən
praktiki bilgilər almağa çalışır, geniş
fikir mübadiləsi edirdilər. Bu görüşdə Hüseyn
Mövsümov ölkəmizdə hər biri 5 ili əhatə
edən, uğurla həyata keçirilən inkişaf
proqramlarından yeri gəldikcə söz açdı. Bu
proqramlar çərçivəsində rayon və şəhərlərimizin
sürətli inkişafa nail olduğunu faktlar və rəqəmlərlə
izah etdi.
1993-cü ildə Minato Mirayın əsasının
qoyulmasının 10 illiyinə Yakohamanın simvolu olan “Lendmark
Tover” göydələninin tikintisi başa çatıb. Binanın
hündürlüyü 296 metrdir. O, Yaponiyanın ən
hündür binalarından biridir. Göydələndə
həmçinin dünyanın ən sürətli lifti yerləşir
(Ginnesin rekordlar kitabına salınmışdır) və o, sərnişinləri
40-ca saniyəyə binanın sonuncu üst qatına, yuxarıya,
69-cu mərtəbədəki baxış meydançasına
çatdırır. Deyirlər ki,
yaxşı havada buradan Yaponiyanın rəmzlərindən
olan Fudzi dağının zirvəsi də görünür.
Axşam vaxtı bütün işıqlar yanan
zaman isə liman və onun yanında yerləşən əyləncə
parkının füsunkar mənzərəsi
açılır.
Bizim
üçün ayrılmış proqram çərçivəsində
“Lendmark Tover” göydələninin 296 metr hündürlükdəki
meydançasına sürətli liftlə qalxmaq bizə də nəsib oldu.
Göydələnin səma ilə qucaqlaşan meydançasından nəhəng su nəhrlərinin əhatəsindəki
bu əzəmətli şəhərin füsunkar mənzərəsini
də seyr etdik. Hayıf ki, Fudci dağı “buludlardan”
yaşmaq tutub çöhrəsini gizlətmişdi. Hansı səmtdə olduğunu öyrənsək də
özünü görə bilmədik.
Görüşün bu rəsmi hissəsində
Bakının Yasamal və Suraxanı rayonlarının icra
hakimiyyəti başçıları İbrahim Mehdiyev və
İlqar Abbasov nəzərdə tutulmuş proqrama uyğun
olaraq rəhbərlik etdikləri rayonlar haqqında ətraflı
məlumatla çıxış etdilər, Bakının,
çalışdıqları rayonların tarixi, sosial-iqtisadi
inkişafı və gələcək hədəfləri barədə
maraqlı məlumat verdilər. Elə buradaca onu da deyim ki, əgər
səfərqabağı Prezident Administrasiyasının
tövsiyəsi əsasında
ölkəmiz, bölgələrimiz haqqında
hazırlanmış foto albomlar, bukletlər olmasaydı bu
görüşlərimiz zamanı nəzərdə tutulan
qısa vaxt ərzində biz icra
başçılarının da rəhbərlik etdiyimiz
rayonlar haqqında ətraflı məlumat vermək
imkanımız olmazdı...
Ölkəmizin
ayrı-ayrı rayonları, onların görkəmli tarixi yerləri,
istehsal müəssisələri, mədəni-quruculuq işlərini
özündə əks etdirən və Azərbaycan, ingilis
dillərində izahlı mətnlə verilmiş bu nümunələr
o görüşlərdə ən gözəl məlumat mənbəyi idi.
Və bütün görüşlərdə də belə
bukletlər qarşılıqlı əlaqələrin
qurulması, əməkdaşlıq etmək üçün
qarşı tərəfə təqdim olunurdu.
Sonda hər
iki rayonun Yasamal
və Suraxanı rayon İcra Hakimiyyəti
başçılar dostluq və tərəfdaşlıq
haqqında niyyət protokollarını qarşı tərəfə,
Yakohama şəhər rəhbərliyinə təqdim etdilər.
Yeri gəlmişkən,
Yaponiyanın məşhur “Kosuqi” şirkətinin rəhbəri
Saki Kosiqinin ötən ilin payızında Bakının
Suraxanı rayonunda işgüzar görüşdə
olması da məhz bizim nümayəndə heyətinin
gündoğan ölkəyə səfərimiz zamanı
bağlanmış niyyət protokolu əsasında
reallaşıb. “Kosuqi Zohen Co” şirkəti
Kosuqi ailəsi tərəfindən Yaponiyanın Tokio şəhərində
təsis edilib. Ailə 300 ildən artıq
müddətdə landşaft dizaynı və landşaft qurma
işi ilə məşğuldur. “Kosuqi
Zohen” şirkətinin gördüyü işlər
sırasına İsmayıllı şəhərində yerləşən
Heydər Əliyev Parkı da daxildir.
Dünyanın
bir çox ölkələrində yapon parklarının
salınması və dizaynı üzrə
ixtisaslaşmış “Kosuqi” Şirkətinin rəhbəri
Saki Kosuqi Suraxanı rayonuna səfərindən əvvəl
Bakı şəhərinin bir çox parklarında olmuş və
şəhərdə istirahət parklarının və
yaşıllıqların salınması
təcrübəsini, bu sahəyə ictimai və dövlət
münasibətini öyrənib.
Qonaqları
qəbul edən İlqar Abbasov görüşdə
vurğulayıb ki, Yaponiyada səfərdə olarkən burada
salınan yaşıllıqların miqyası, rəngarəngliyi
və Yaponiyada yaşıllıqlara göstərilən
qayğı onu
maraqlandırıb. “Kosuqi” şirkətinin təcrübəsi
ilə tanış olduğunu və layihələrini
bəyəndiyini qeyd edən rayon rəhbəri
qarşılıqlı münasibətlərin
inkişafında da maraqlı tərəf olduğunu nəzərə
çatdırıb.
“Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi
görüş zamanı qeyd edib ki, bizim məqsədimiz
ölkələrimiz arasında münasibətləri daha da
inkişaf etdirmək və burada yapon parkları salmaqla Azərbaycana
gələn qonaqları heyran qoymaqdır. Görüşün sonunda
İlqar Abbasov
Suraxanı Rayon İcra Hakimiyyəti adından xatirə
hədiyyəsini qonağa və
Saki Kosuqi də öz adından
xatirə hədiyyəsini rayon rəhbərinə təqdim
edib.
Əldə
olunmuş razılığa əsasən yapon
parklarının salınması və dizaynı üzrə
ixtisaslaşmış “Kosuqi” Şirkəti rayonun Yeni Günəşli
yaşayış sahəsində yeni salınan İstirahət
mərkəzinin bir guşəsində “Yapon bağı” da salacaq.
Yapon məmurların ən çox
xoşladığı vərdişlərdən biri ünvan
paylamaqdır.
Sevə-sevə, çox böyük nəvazişlə ünvan paylayırlar. Demək olar ki, bütün görüşlərimizdə
qarşılıqlı surətdə bir-birimizə hədiyyələşmələr
də olurdu. Nümayəndə heyətimiz
adından hər tədbirin sonunda milli mədəniyyətimizin
nümunələri təsvir olunmuş, səfər
qabağı seçib hazırladığımız, həm
də regionlarımızın, başçılıq
etdiyimiz rayonların istehsalı olan, maddi-mədəniyyətini
özündə ehtiva edən suvenir hədiyyələr
bağışlanırdı. Sonda
qarşı tərəf də bizə öz simvolik hədiyyələrini
və şəhərlərinin rəmzlərini, fərqləndirici
göstəricilərini əks etdirən bukletlər,
kitabçalar bağışlayırdılar.
Hədiyyə bağışlamaq özü də
böyük mədəniyyətdir. Çox yerdə bu təntənənin
icrası nümayəndə heyətimizin rəhbəri
Hüseyn müəllimin üzərinə
düşürdü. Yüksək intellektilə fərqlənən,
elə illərlə belə tədbirlərdə təcrübə
toplayıb səriştə qazanmış, tarix üzrə fəlsəfə
doktoru Hüseyn müəllim də elə belə məqamlarda
da xalqımızın mənəvi dəyərlərini və
bu dəyərlərin sənət nümunələrində tətbiqi, yaddaşlara
köçürülməsi ilə bağlı çox
böyük məharətlə məlumatlar verir, bununla həm
də təqdim etdiyi hədiyyənin gözəlliyinə, dəyəri
və qiymətinə də bir əzəmət
qatırdı.
Səfər proqramının növbəti tədbiri
“Ağıllı şəhər” layihəsinin müəllifi
“İGC” şirkəti ilə tanışlıq oldu. Əvvəlcə şəhərdə
mərkəzləşdirilmiş qaydada tətbiq edilən,
dünyada hələ ki bənzəri olmayan, bu yeganə
havalandırma sisteminin mexanizmi ilə əyani şəkildə
yerindəcə tanış olduq.
Müəssisənin mühərrik sistemi 3 hissədən
ibarətdir.
–Burada
elektron avadanlıqlarında su mənfi 6 dərəcəyə
qədər soyudulub sistemə verilir. Sonra
müasir katyollar 450 dərəcə isti temperaturda buxar
istehsal edib turbinlərə ötürür və orada sənaye
müəssisələrinin istilik təchizatı
üçün 50-80 dərəcədə buxar hasil olur.
1 qazanın istehsal etdiyi istilik 4 min çoxailəli kommunal yaşayış evini,
15 min fərdi mənzili qızdırmaq gücündədir.
3,7 milyon əhalisi olan bu şəhərə
ancaq bu istilik su soyuducu müəssisəsi xidmət edir.
Bütün sistemin iş mexanizminə nəzarət isə
idarəetmə nöqtəsindən 2 işçi tərəfindən
aparılır. İstilik və su təchizatı,
havalanma qurğuları, qızdırıcı istilik sistemi,
qazanxanalar müəssisənin 36 mərtəbə
binasının altında, zirzəmisində yerləşir.
Heyrət doğuracaq qədər maraqlı olan
da budur. Nəhəng bir şəhərin
qızdırıcı sistemi müasir yapon
texnologiyasının uğurlu inkişafı sayəsində
belə yüksək effekt əldə edib.
Görüşdə MDB ölkələri üzrə
işlərə baxan nümayəndə Sadoviçin məlumatları
bizə xeyli cəlbedici göründü. Dediyinə
görə, çalışdığı şirkət əsasən
iki sahədə fəaliyyət göstərir. Biri mühəndislik-çatdırılma və
tikinti.
Neftayırma, təbii qazın mayeləşdirilməsi
zavodları, kimyəvi zavodların tikintisi onların fəaliyyətinə
aiddir.
Şirkət 86 il bundan əvvəl qurulub.
1928-ci ildə, Azərbaycanda ilk dəfə qazın və
neftin tapılmasından on il sonra. Şirkət fəaliyyətə başlayanda neftin təmizlənməsi,
ayrılması üçün zavodların tikintisi ilə məşğul
olub. 33 ölkədə filialları var. Dünyanın
80-nə yaxın müxtəlif ölkəsində iş
qurub. Onların arasında keçmiş Sovet
ölkələri də vardır.
Yaponiyada bir şəhər var, həmin şəhərdə
kofe və şirin suların istehsalı ilə məşğul
olan şirkətlər mövcuddur. Kofe hazırlayarkən hansısa çirkli
maddələr yaranır. Yaponların təklif
etdikləri sistem sayəsində ayrılmış
çirkabların təkrar emalı nəticəsində metan
qazı istehsal olunur. Yaponlar metan
qazından istifadə edərək elektrik enerjisi hasil ediblər.
Sulardan ayrılmış çirkabların
qurudularaq yandırılması sayəsində əldə
olunan istilikdən istifadə sayəsində isə elektrik
enerjisi də istehsal olunur. Bu sistemdən 25 il istifadə etmək mümkündür. Sistemin tətbiqi nəticəsində karbon dioksit
qazının həcmi də azalır.
Azərbaycanda kofe olmasa da, şərab istehsalı
zamanı ayrılmış çirkablardan da metan qazı
hasil etmək olar. İlk olaraq yaponlar bizə hələlik
bu 2 təklifi etdilər.
Şirkətin rəhbərliyi bizə xüsusi qonaqpərvərlik
göstərdi. Elə zirzəmisində şəhərin soyuducu və
qızdırıcı sisteminin yerləşdiyi binanın
36-cı mərtəbəsində nahar da verdilər. Buradan
da şəhərə açılan gözəl mənzərəni
seyr etdik.
Daha bir
maraqlı məqam, bu müəssisədə 10 il bundan əvvəl Yaponiyaya təhsil almağa
gəlmiş Emil İlyasov adlı gənc bir həmyerlimiz də
çalışır. Kiota Universitetinin
maşınqayırma mühəndisliyi ixtisasını
bitirmiş Emil 3 ildir ki, bu müəssisədə işləyir.
Özü deməsə də, kənardan – elə “bizimkilər”in
birindən – eşitdik ki, illik əməkhaqqısı 60 min
dollardır (sonra özü də bu məlumatı təsdiq
elədi).Yaponiyada, bu, “yaxşı maaşdır” deyirlər. Bu şirkətlə Azərbaycan arasında
hansısa bir müqavilə də imzalanıb.
Kompaniyanın
vitse-prezidenti cənab Yutaxa Yamazaki ötən ilin 26
fevralında Azərbaycanla Yaponiya arasında keçirilən bir konfransda da iştirak edib. O
görüşdəki nitqində gələcək proyektlərdə
iştirakına olan maraqlarından da danışdı.
Mütəxəssislər bildirdilər ki, Kanosuke Usui – çirkab suların təmizlənməsinə aid olan biznes sahələrində də fəaliyyət göstərirlər. İPS-in müəssisələri Yaponiyadan başqa dünyanın daha 9 ölkəsində irimiqyaslı işlər yerinə yetirir. Yaponiyanın daxili su layihələrinin 30 faizini bu şirkət yerinə yetirir və ölkədə birincidir. Svinq həm də suyun təmizlənməsi üçün dərmanların hazırlanmasında da iştirak edir.
Səfər proqramı çərçivəsində Yakohamada Azərbaycan-Yaponiya birgə iqtisadi komitəsinin üzvü “İGC” şirkətinin rəhbəri ilə görüş də işgüzarlığı ilə yaddaqalan oldu. Görüşdə şəhərin planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, infrastruktur, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi mövzularında işgüzar müzakirələr aparıldı.
Yakohama həm də liman şəhəridir. Yakohamaya səfərimiz çərçivəsində şəhər limanı ilə də tanış olduq, limanın yaranma tarixi və fəaliyyəti barədə maraqlı məlumatlar öyrəndik.
Elə Yakohama şəhəri ilə həmyaşıd olan bu liman on əsas bənddən (körpüdən) ibarətdir.
Tokio körfəzinə açılan Yakohama limanının Osanbaşi körpüsü bu nəhəng limanın bilavasitə simvoludur. Okeanın içərilərinə doğru uzun bir məsafədə açılan körpünün üst səthi, eləcə də daxili salonları, tunellər belə taxta ilə örtülüdür.
Yakohamadan Nuqa şəhərinə yola düşən sərnişin gəmisinin limandan ayrılmasını da həvəslə seyr etdik. Gəminin dövrələmə göyərtəsindən səfərkeşləri yola salanlara, sahildə gəzişənlərə tərəf sərnişinlər əllərində topla saxladıqları lenti tolazlayıb atırlar. Qoldan güclülərin, ya da fənd bilənlərin qolaylayıb tulladıqları bu lentlərin gəlib sahilə yetişənləri də olur. Sahillə gəmi arasında müxtəlif rəngli lentlər havalanıb yellənərək bir festival ovqatı yaradır. Düşünürəm ki, belə bir təmtəraq, əlbəttə, səfərə yola düşən yolçularda ayrılıq məqamında yüksək əhval-ruhiyyə, yola salanlarda isə ötürdükləri əzizləri sarıdan bir arxayınlıq hissi oyadır...
(Ardı var)
Novruz Nəcəfoğlu
525-ci qəzet.-
2015.- 28 fevral.- S .18-19