İstanbulun sirləri və insanları

 

Maya üçün

 

Orxan Pamukun bizə gəlişi

 

İki həftədir Orxan Pamuku gözləyirəm. Hər üç gündən bir zəng edib Pamukun gəlib-gəlmədiyini soruşuram. Dəstəyin o biri tərəfindəki səs isə yolda problem olduğunu, qısa zamanda gecikmənin aradan qalxacağını deyir. Səbrim tükənir, amma neyləmək olar?! Bu müddətdə mən də boş dayanmıram, Pamukun əvvəllər oxuduğum kitablarını gözdən keçirirəm.

 

Pamuk gecikir... Kitab rəfində Pamukun sırayla düzülmüş kitabları arasında “Kafamda bir tuhaflık” üçün yaxşı bir yer düzəldirəm. Məni maraq bürüsə də, elə təsəvvür edirəm ki, yeni roman üçün ayırdığım o boşluqdan “Kafamda bir tuhaflık” mənə baxır...

 

Və zəng edib deyirlər ki, Pamuk gəlib, dur gəl...

 

Kitab dükanında görürəm onu. Salamlaşırıq. Sonra qonağımı evə dəvət edirəm. Məmnuniyyətlə təklifimi qəbul edir. Metroda Pamuku gah tərifləyir, gah da onu sual yağışına tuturam... “Koroğlu” metrosunda düşüb Ramanaya gedən marşruta minirik... Və evimizə xoş gəlmisiniz, Orxan bəy!

 

Kafamda bir tuhaflık

 

Kafamda bir tuhaflık vardı

İçimde de ne o zamana

Ne de o mekana aitmişim duyğusu.

 

Yazıçı yeni romanının adını şair Vilyam Vordsvortun bir şeirindən götürüb. Bu misralar romanın əvvəlində epiqraf kimi verilib. Pamukun verdiyi müsahibələrin birində jurnalistin sualından belə başa düşürəm ki, “Tuhaf” sözü romanda altmış yeddi dəfə, “Tuhaflık” yeddi dəfə və “tuhaflığını” üç dəfə hallanır. Doxsana yaxın tuhaf və ondan törəyən sözlər var. Ancaq bu sözlər əsasən romanın əvvəlində qarşımıza çıxır. Sonra isə demək olar ki, tuhaflık sözünə heç rast gəlmirik. “Kafamda bir tuhaflık” əslində, İstanbulun portretidir. Pamuk 1969-2012-ci illər arasında İstanbulun; insanların, küçələrin, vərdişlərin, həyat tərzlərinin necə dəyişdiyini, səyyar satıcıları, siyasi və dini qarşıdurmaları, hərbi çevrilişləri, görücü üsulu ilə evlənənləri, şəhərin ritminə ayaq uyduranları, qanunsuz işıq çəkən patronları və daha kimləri və nələri detalları ilə nəql edir. O, təkcə insanların deyil, şəhərin də hekayəsini danışır. Bəzən də adama elə gəlir ki, sanki Pamukun roman qəhrəmanları, hadisələri, süjet xətti sadəcə İstanbuldan danışmaq üçün bəhanədir, vasitədir. Onun haqqında deyilən məşhur fikri isə yenidən yazmaqda fayda var: Dostoyevski Peterburqu, Coys Dublini, Prust Parisi, Pamuk isə İstanbulu yazır.

 

“Kafamda bir tuhaflık”ın ilk səhifələrini oxuduqca Mövludun “Cövdət bəy və oğulları”ndakı, “Mənim adım qırmızı”dakı, “Bəyaz qala”dakı, “Qara Kitab”dakı obrazlardan fərqli olduğunu görürük. Yazıçının əvvəlki romanlarının qəhrəmanları yüksək sinfə mənsub insanlar idi. Bu romanın qəhrəmanı Mövlud isə kənddən İstanbula böyük ümidlərlə, zəngin olmaq arzusu ilə gələn, gündüzləri müxtəlif işlərdə işləyən, axşamları isə boza satmaqla məşğul olan biridir. Əgər “Qara kitab”ın Qalibi İstanbul küçələrində sevgilisi Röyanın axtarışında idisə, Mövludu 40 il İstanbulda gecə-gündüz gəzməyə, addımlamağa vadar edən boza idi. Bəs nədir bu, boza? Pamuk romanın əvvvəlində dünya oxucusu və artıq bozanın nə olduğunu unudan yeni nəsil türklərə izah edir. Boza Osmanlı zamanlarına məxsus bir içkidir. Tərkibində spirt olsa da, heç bir boza satıcısı – təbii ki, Mövludda, atası Mustafa Qaradaş da daxil – heç vaxt bunu etiraf etmirlər. Dindarlar bozada spirtin olmadığı, burjua nümayəndələri isə olduğunu deyirlər. Əslində, bozanın tərkibində az miqdarda spirt var. İslam dini şərabı qadağan etsə də, o dönəmin insanları “bozada spirt yoxdur” deyərək bu içkidən içirdilər. Müasir dövrdə də İstanbul küçələrində boza satan və onu alıb içən (əslində eləcə dadına baxan) çox az adam qalıb.

 

Romanın üslubu

 

Etiraf edim ki, roman mövzu, süjet etibarı ilə mənə bir o qədər də maraqlı gəlmədi. Ancaq bu roman haqqında niyə yazıram? Məni sevgiylə “Kafamda bir tuhaflık”dan yazmağa vadar edən nədir? Aşağıdakı cavabların hansını istəsəniz dairəyə ala bilərsiniz:

 

A) Romanın üslubu.

 

B) Pamukun ustalığı.

 

C) Ən sadə şeylərin çox gözəl nəql olunması.

 

D) Bizim həyatımıza çox bənzəməsi. O qədər bənzəməsi ki, məkan adlarını və bir-iki tarixi hadisələri dəyişsək sanki Azərbaycandan bəhs olunması kimi doğma gəlməsi.

 

E) Pamukun ironiyası.

 

“Mənim adım qırmızı”da hamını və hər şeyi öz dilindən danışdıran Pamuk, (“Səssiz ev”in də buna bənzər bir üslubu var) bu romanında da maraqlı bir fəndə əl atıb. Romanda Mövluddan başqa hamı öz hekayəsini özü danışır. Biz romanda üçüncü şəxsdə yazarın (danışanın) səsini eşidir, bəzən isə qəhrəmanlar özləri bizimlə dialoq qururlar.   Nə qədər həyati olsa da, yazıçı bunun bir roman olduğunu bizdən heç vaxt gizlətmir. Nəinki gizlətmir, unutmamağımız üçün hələ tez-tez də bizə xatırladır. Buna nümunə olaraq seçdiyim üç cümləni nəzərdən keçirməyimiz kifayətdir:

 

1. Kitabın əvvəlində nəql olunduğu kimi...

 

2. Bu hekayəni diqqətlə izləyirsinizsə...

 

3. Bu məhrəm şeyləri siz roman oxucularına açıq-aydın danışıram, çünki oxucunun hekayəmdən insani ibarət almasını istəyirəm.          

 

Pamuk adlarla da maraqlı oyunlar qurub. Məsələn, atanın adının Qorqud, oğlanlarının isə Bozqurd və Turan olması... Romanın əsas qəhrəmanı Mövludun adının dini məna daşıması və sair. Ad məsələsinə toxunmuşkən Pamukun xəfif ştrixlə üzərindən keçdiyi (əsasən Vedihanın nitqində ) bir məqamı da yazmaq istəyirəm. Rayihanın hamilə olduğunu bilən Mövlud dini adların toplandığı bir kitab alır və doğulacaq uşaqlarına ad axtarışına başlayır. Mövlud arvadının hər iki hamiləlik dövründə kitabda məhz dini oğlan adları axtarır. Hərçənd ki, o, heç vaxt qızları olduğu üçün peşmanlıq hissi keçirmir.

 

Sevgidə niyyətmi önəmli, qismətmi?

 

Romanın mərkəzində dayanan mövzulardan biri eşqdir. Mövlud əmisi oğlu Qorqudun toyunda Samiha ilə rastlaşır və ömrü boyunca onun gözlərini unutmur. Şəhərə qayıdanda və əsgərlikdə olanda dayanmadan ona məktublar yazır. Lakin əmisioğlu Süleymanın da üç bacının ən gözəli, ən çox istəklisi olan qızı Samihaya biganə olmadığı, ondan əvvəl böyük bacısı olduğu üçün evin kiçik qızı ilə evlənə bilməyəcəyini başa düşdüyündən Mövludu aldadaraq onun toyda gördüyü qızın adının Rayiha olduğunu deyir.      

 

Bir vaxtlar Samihanı düşünərək Rayihaya məktublar yazan Mövlud qaçırdığı qızın Rayiha olduğunu biləndə təəssüflənsə də, onunla xoşbəxt bir ömür yaşayır. Romanın sonunda Mövlud “Mən bu aləmdə ən çox Rayihanı sevdim” deyir. Əsərin ən ironik tərəfi isə budur ki, Mövlud bir müddət sonra o məktubları Samihaya yox məhz Rayihaya yazdığına özünü inandırır. Rayiha isə məktubların ona yazılmadığından şübhələnib tez-tez Mövludun məktublarını oxuyaraq orada özündən nəsə tapmağa çalışır, təsvir etdiyi gözlərin məhz onun olduğuna dair işarələr axtarır...

 

Rayiha adının mənası gözəl qoxu deməkdir. Pamukun romanlarından birinin ilk cümləsini, yəqin, çoxunuz əzbərə bilirsiniz: “Həyatımın ən xoşbəxt anlarıymış, bilmirdim”. Mövludun ən sonda “Mən bu aləmdə ən çox Rayihanı sevdim” deməsində bir hüzn var. Çünki bir çox yazarların, psixoloqların dediyi kimi xoşbəxtlik keçmişə məxsus bir hissdir. İnsan xoşbəxt olduğunu sonradan anlayır, “Masumiyyət muzeyi”nin Kamalı, “Kafamda bir tuhaflık”ın Mövludu kimi...

 

Bir başqasına çevrilmək və ikiləşmə

 

Pamukun, demək olar ki, bütün romanları bir-birinə bağlıdır. Hər yeni romanındakı mövzu əvvəlki romandan doğur. Yazıçı kimi onun hər romanında toxunduğu əsas məsələlərdən biri isə başqasına çevrilmək, bir başqasının yerinə keçmək arzusudur. Biri kölə, o biri əfəndi olan əkizlərin hekayəsi olan “Bəyaz qala” romanında bir-birlərinin yerinə keçmək, “Qara kitab”da Qalibin yoxa çıxmış köşə yazarı Cəlal Salikin yerinə keçməsi, “Kafamda bir tuhaflık”da Mövlud Samihaya yazdığı məktubları yanlışlıqla bacısı Rayihaya göndərir. Beləcə Rayiha özü belə fərqində olmadan bacısının yerinə keçir. Bundan başqa Fərhat-Mövlud yerdəyişməsini də görürük. Mövludun Samihaya niyyət edərək yazdığı ilk məktubları Fərhat yazmışdı. Romanın sonrakı mərhələsində Fərhat əslində Mövludun aşiq olduğu qızı qaçıraraq onun yerinə keçir...

 

Pamukun sonuncu müsahibələrini oxudum. Jurnalistlər hər Pamuk romanında olduğu kimi “Kafamda bir tuhaflık”da da yenə siyasi mesajlar axtarırdılar. Pamuk isə son altı ayda ölkədə baş verən siyasi hadisələrə görə altı il oturub bu barədə roman yazmadığını deyir. Bunların gəlib keçici şeylər olduğunu desə də, bir vaxt ona olan təzyiqləri də unutmuş deyil. Pamuk pavyon müğənnisi Məlahətin dilindən “türk kişiləri haqqında danışsam məni “Türklüyü təhqir” maddəsi ilə həbsə atarlar” fikri ilə yazıçı Türk Cinayət Məcəlləsinin 303-cü maddəsinə işarə vurur.

 

Əsərin sonlarında Pamuk “başqası olmaq” və “rəsmi-şəxsi fikir məsələsi” haqqında yazır: “Bu aləmin içində gizlənmiş başqa bir aləm var və o, öz içində gizlənmiş ikinci insanı kəşf edə bilərsə, xəyalındakı aləmə addımlaya-addımlaya, fikirləşə-fikirləşə çata bilər. İndi Mövlud bu aləmlər arasında seçim etməyi rədd edirdi. Rəsmi fikir də doğrudur, şəxsi fikir də; qəlbin niyyəti də haqlıdır, dilin niyyəti də...”

 

 

 

 

 

 

 

 

Ramil Əhməd

 

525-ci qəzet.- 2015.- 28 fevral.- S 16