Anarın məşhur romanı Yunanıstanda nəşr olunub
Xalq yazıçısı Anarın
əvvəllər dəfələrlə
Türkiyədə və
Rusiyada, habelə Almaniyada, İsveçrədə,
Çexiyada, Slovakiyada,
Macarıstanda, Estoniyada,
Gürcüstanda və
Özbəkistanda nəşr
edilmiş “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanı
indi “Təhminə” adıyla yunan dilində çap olunub. Azərbaycan səfirliyinin dəstəyiylə
Afinanın “Qavrilidis” nəşriyyatı tərəfindən
min tirajla buraxılan kitabı yunan dilinə Yelena Rapti
çevirib.
Bu barədə, Azərbaycanın
Yunanıstandakı səfirliyinə
istinadən, Yazıçılar
Birliyinin Mətbuat xidməti məlumat yayıb. Ölkəmizin Yunanıstandakı
səfiri Rəhman Mustafayevin kitaba yazdığı “Ön söz”də deyilir:
“Hörməitli yunan
oxucusu! Böyük məmnuniyyətlə sənin
diqqətinə ən
məşhur Azərbaycan
yazıçısı Anarın çox populyar əsərlərindən birini
təqdim edirəm. Bu həm də
çox həyəcanlı
məqamdır, axı
söhbət yunan dilinə çevrilən
ilk Azərbaycan romanından
gedir. 50 illik ədəbi fəaliyyəti ərzində
Anarın əsərləri
32 dilə çevrilmiş
və 20-dən artıq
ölkədə kitab
şəklində nəşr
edilmişdir. İndi bu
siyahıya Yunanıstan
da əlavə olunur. Azərbaycan ədəbiyyatının heç
bir nümayəndəsi
dünya miqyasında bu qədər
geniş tanınmayıb. Bunun səbəbi aydındır:
Anarın əsərləri
müasir dövrün
ən ciddi problemlərinə toxunur
və adi insani hisslərdən bəhs edir. Anar yalnız tanınmış
yazıçı deyil,
o həm də millətin vicdanıdır.
1988-ci ildə Azərbaycanın
Dağlıq Qarabağ
ərazisinə əsassız
iddialar sürüləndə,
Anar vətənimizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
səsini qaldıran
ilk ziyalılarımızdan oldu”.
“Ön söz”dən
sonra kitabda müəllifin yunan oxucularına müraciəti
dərc edilib.
Fevralın 24-də Afinanın “İonas” kitab evində nəşrin geniş təqdimatı olub. Tədbirdə
səfir Rəhman Mustafayev, yunan ictimaiyyətinin nümayəndələri
çıxış ediblər.
Səfir
kitabın araya-ərsəyə
gətirilməsində əməyi
keçən şəxslərə,
təşkiatlara minnətdarlığını
bildirib, Anarın və qızı Günel xanımın dəvəti qəbul edərək Afinaya gəlmələrinə görə
onlara təşəkkür
edib.
YUNESKO-nun Sülhməramlı səfiri xanım Marianna Vardinoyannis çıxışında deyib ki, Azərbaycanın Birinci xanımı, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əlyevanın Azərbaycan-Yunanıstan əlaqələrinin, xüsusən mədəniyyət sahəsində münasibətlərin güclənməsində mühüm rolu var. Bu dəyərli kitabın nəşri də mədəni əlaqələrimizin genişlənməsi yolunda yeni addımdır.
Məşhur yunan teatr və kino aktrisası Katerina Lexu romandan parçalar
ifa edib.
Kitabın redaktoru, Ukrayna əsilli Marina Şkurova romanın nəşrinə
– tərcümə və
bədii tərtibat işinə ciddi məsuliyyətlə yanaşıldığını,
ümumi rəyə görə, tərcümənin çox
uğurlu alındığını
vurğulayıb. Yunanıstanın
nüfuzlu ədəbiyyat
tənqidçilərindən və jurnalistlərindən
Takis Teodoropulos qeyd edib ki,
romanın Azərbaycan
ədəbiyyatı nümunəsi
olduğundan xəbər
tutanda elə bilib, bu, yəqin, folklorla bağlı bir əsərdir, yaxud da çöl həyatının təsviridir.
Əsərin 1974-cü ildə
yazıldığını biləndə isə düşünüb ki, ola bilsin
sovet ideologiyası çərçivəsində qələmə alınmış
bir mətnlə tanış olacaq: “Əsəri oxuduqda bu fikirlərim alt-üst oldu. Birnəfəsə oxuduğum roman çağdaş
dünya ədəbiyyatının
bütün bədii ölçülərinə uyğun
gələn son dərəcə
təsirli əsərdir.
Romanı oxuduqca Yunanıstan və Azərbaycanın məişət,
adi insani duyğular baxımından nə
qədər yaxın olduğunu da anlayırsan”.
Tədbirdə Bakıdan dəvət
olunmuş musiqiçilər
– vokal ifaçısı Aytac Şıxəlizadə pianoçu
Nərgiz Ağayevanın
müşayiətilə romanda
haqqında danışılan
“Küçələrə su səpmişəm” xalq mahnısını, Tofiq Quliyevin nəğmələrini və
“Karmen” operasından ariyaları ifa edib.
Sonda çıxış edən
Anar, Yunanıstandakı
Azərbaycan Səfirliyinə,
“Qavrilidis” nəşriyyatına,
“İonas” kitab evinə, tədbirdə çıxış edənlərə
və kitabın oxucularına səmimi təşəkkürlərini bildirib,
Azərbaycanla Yunanıstanın
mədəni ələqələrinin
qədim tarixə malik olduğunu söyləyib.
Xalq yazıçısı
deyib ki, hələ Herodotun “Tarix”ində qədim Midiya əfsanələri hifz olunub, Nizami
Gəncəvi Makedoniyalı
İskəndərə iki
hissədən ibarət
böyük poema həsr edib, əsərində onu Azərbaycan hökmdarı
Nüşabəylə görüşdürüb.
Nizami Ərəstu, Əflatun kimi qədim yunan filosoflarının
fikirləriylə də
tanış idi və onlardan bəhs edirdi. Anar çağdaş Azərbaycan
ədəbiyyatının başqa
örnəklərinin də
yunan dilinə çevriləcəyinə ümid
bəslədiyini vurğulayıb.
Sonra Anar mərasim iştirakçıları
üçün kitablarını
imzalayıb.
525-ci qəzet.-
2015.- 28 fevral.- S15.