Vətəndaş şair
DİLSUZ – 70
Əlimə
qələm alıb 70 yaşı münasibətilə
şair Dilsuz haqqında dost sözü yazmaq istəyəndə,
nədənsə tədbirlərin birində Dilsuzun ədəbi
taleyi ilə bağlı səsləndirdiyim qənaətimi
öz-özümə təkrar pıçıldadım:
Dilsuz Azərbaycan ədəbiyyat tarixində həm şəxsiyyət,
həm də şair kimi bənzərsizdir, özünəməxsusdur,
silinməz iz buraxıb və fikrimcə, ədəbiyyatımızda
həmişəyaşarlılıq haqqını qazanıb.
Dilsuz
yaradıcılığına indiyədək heç kim ayrıca məqalə həsr etməyib,
yanılmıramsa, Xalq yazıçısı Elçin
istisna olmaqla, ümumiyyətlə, Dilsuz poeziyası
haqqında söz söylənilməyib. Lakin öz təbirincə
desək, lehinə yox, əleyhinə çox deyilib, çox
yazılıb, xüsusilə “Yol” hekayəsi ilə
bağlı...
...Azərbaycan Dövlət Politexnik İnstitutunun
Avtomatika fakültəsində təhsilini bitirib (1962-1968).
Əmək fəaliyyətinə
Bakının Əmircan qəsəbəsindəki sənaye
müəssisəsində layihəçi-mühəndis kimi
başlayan Dilsuz (1968-1970), eyni zamanda mətbuatla, xüsusi ilə
Azərbaycan radiosu ilə əlaqə saxlayır, əməkdaşlıq
edir.
Dilsuzun
yaradıcılıq qabiliyyəti, yazmaq-yaratmaq eşqi, həvəsi
Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin
sədr müavini işləyən Cəmil Əlibəyovun
diqqətini çəkir və onu radioya işə qəbul
edir (1970-1979), orada əvvəl səs operatoru, sonra ədəbi-dram
baş redaksiyasının incəsənət və radio
teatrı şöbəsində redaktor işləyir
(1970-1973). Elə həmin dövrdən də
Dilsuzun həyatında, fəaliyyətində,
yaradıcılığında dönüş
başlayır. Dilsuz tezliklə
imzasını təsdiq edir, tanıdır,
yaradıcılarından olduğu “Bulaq” verilişinə
hazırladığı saysız-hesabsız materiallar həm
verilişə, həm də Dilsuza şan-şöhrət gətirir...və
ədəbi mühitə daxil olur.
“Yaxşı yazmaq üçün istedad, yoxsa zəhmət
əsasdır?”-sualına Dilsuz belə cavab verir: –Hər
ikisi vacib şərtdir, daha doğrusu, ikisinin vəhdəti. İstedadsız zəhmət qalıcı deyilsə,
zəhmətsiz istedad da parlamayacaq. Yaxşı
yazmaq üçün mütaliə, mütaliə, yenə
mütaliə lazımdır.
Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi,
İsmayıl bəy Qaspiralı, Mirzə Cəlil, Hüseyn
Cavid Dilsuzun idealıdır, o, Mehmet Akif Ersoy, Nazim Hikmət,
Eziz Nesin aşiqi, Almas İldırım, Bəxtiyar Vahabzadə,
Əli Kərim, Məmməd Araz vurğunudur. İlyas Əfəndiyevin,
Rəsul Rzanın, Elçinin, Anarın, Yusif Səmədoğlunun,
Vaqif Səmədoğlunun, Əli Kərimin, Ramiz Rövşənin
heyranıdır. Dilsuz Çingiz Aytmatovu, Cek Londonu, Tolstoyu,
Dostoyevskini, Folkneri, Pablo Nerudanı, Şekspiri mütaliədən
yorulmur.
Dilsuzun “Kazbek” papirosunun qutusu həcmində kitabı
“Ağ atlı oğlanın nağılı” adlanır
(Yazıçı, Bakı, 1981, 70 səh.) və həmin
topluda 37 şeir verilib.
Ağ atlı oğlan o vaxtdan qeybə çəkildi,
yalnız... 33 il sonra – bu yaxınlarda Dilsuzun imzası yenidən
mətbuatda görünməyə başladı. Həm də
çox iddialı, gənclik ehtirası ilə...
Şairə uğurlar arzulayırıq. Lakin indiyədək
qələmə aldıqları da onun barəsində gen-bol bəhs
etməyə əsas verir. Söz Dilsuzun qələmində
ətir saçır:
Güllərdən
toxunub çölü, çəməni,
Baxaram, sevdası vurar başıma.
(“Vətən”)
Dilsuzun qələmində
Söz od püskürür, alov
saçır:
Sürək
yağıların alnının üstən,
Sürək,
savaşımız, qovğamız bitsin!
(“Vətən”)
Bu misralar hər kitabın “Lenin baba” ilə
başladığı, Sovet rejimi və kommunist
ideologiyasının hökmranlıq etdiyi zaman qələmə
alınıb, lakin o gün olduğu kimi bu gün də
aktualdır, əhəmiyyətlidir.
Dilsuzun qələmində
Söz bulaq kimi çağlayır, şirin, həzin nəğmə
kimi qəlbləri oxşayır:
Göydə
ulduz gilə-gilə,
Yığmaq
olmaz gilə-gilə
Mən
baxaram – qəlbim yanar,
Sən baxarsan gülə-gülə.
(“Canım
dünya, gözüm dünya”)
Dilsuzun qələmində
Söz ən xoş arzu, istək kimi səslənir, insana qəribə
hiss- həyəcan, ovqat bəxş edir:
Canım
arı, gözüm arı,
Bəxtini
mənə ver
Ən gözəl sözlərə uçum gedim.
Canım
bulaq, gözüm bulaq,
Bəxtini
mənə ver
Dupduru durulum.
( “İlk
sevgi”)
Dilsuzun qələmində
Söz ləşkəri döyüşə hazırlayan sərkərdəyə
çevrilir, o, Quzeyə, Güneyə “yağış
yağdığını”, gözləməyin yox, ayağa
qalxıb birləşməyin zamanı olduğunu söyləyir,
yoxsa söyüdlərin, qovaqların, qoz
ağaclarının, qarağacların quruyacağını,
dağın, dənizin, torpağın üşüyəcəyini
bildirir və hayqırır:
Əkməyəkmi bayraqlarımızı? –
İstidə
kölgəsinə yığışarıq...
Bir and var
– içim,
Bir bayraq
var – açım,
Bir
qaranlıq var – keçim...
(“Sevdiyim
şairə məktub”)
Əlbəttə, o dönəmdə ayıq oxucular
Quzeyin, Güneyin, yağışın, bayraq istəyinin sətiraltı
mənasını gözəl anlayırdı.
Dilsuzun qələmində
Söz keçmişi öyən, gələcəyə
çağıran dünya yaşıdı ozanın dili ilə
danışır:
Ertədən yola çıxar Oğuz ərləri.
Tanrı
arxalarınca Günəş çiləyir –
Oğuz olmaq sənə asan gəlməsin.
(“Gündoğanla
Günbatanın
nağılı”)
Dilsuzun qələmində
Söz ah-naləyə çevrilir, hər yandan qəm,
qüssə, kədər yağır, hamının içinə
hüzn hopdurur:
Yanıq-yanıq
bağrımıza qalxmadın
Ağrımıza,
acımıza qalxmadın...
Dağlar, daşlar dilə gəldi – qalxmadın.
(“On beş
il oldu Nazım öləli”)
Dilsuzun qələmində
Söz sərhəd tanımır, din, irq, cins, yaş,
kasıb, varlı fərqində deyil, o, gah Fələstin
qaçqınlarının yanındadır, gah Çili vətənpərvərləri
ilə bir sıradadır:
Yurdundan-yuvasından
qovdular,
Ocağının
qırağından qovdular,
Babasının
qəbrindən qovdular,
Suyundan qovdular, ağacından qovdular.
(“Fələstin
qaçqınları”)
Çili
açıq havada,
Günəşin altında dustaqdır, qardaşım.
(“Çili
dustaqdır”)
Dilsuzun qələmində
Söz obrazlar qalereyasını xatırladır:
İçimdə
bir dəniz çiçəklədi
Altay yağışlarından.
(“İçimdə
çiçəkləyənlər”)
Buna bax
ha,
içimdə şeir nəfəs alır!..
(“Səhər-səhər”)
Bir bayraq
istəyirəm –
Ürəyim üşüyəndə geyəcəm.
(“İstək”)
Ev tikirəm
xatirələrdən,
İçindəkilər üşüyür.
(“Ev tikirəm”)
...Yazda
çiçək-çiçək çatlayır torpaq,
Gün vurur – açılır dünyanın dili.
(“Yazda”)
Sanki bu obrazlı, cilvələnən sətirlərin
sayı tükənməz sərvət qədərdir.
Dilsuz nəğməkar şairdir. Onun dərin mənalı,
oynaq, ürəyi tərpədən misraları, həm də
musiqiyə meyllidir. Adlı-sanlı bəstəkarlar
Ramiz Mirişli, Oqtay Rəcəbov, Aydın Əzimov,
Cavanşir Quliyev, Azər Dadaşov... onun sözlərinə
mahnılar bəstələmiş, Zeynəb Xanlarova, Nəzakət
Məmmədova, Elmira Rəhimova, Flora Kərimova, Akif
İslamzadə, İlhamə Quliyeva, Arif Babayev,
Yalçın Rzayev...kimi məşhur müğənnilər
bu nəğmələrlə milyonların qəlbini fəth
etmişlər.
Dilsuzun publisistikası, tərcüməçilik fəaliyyəti
ayrıca tədqiqat mövzusudur. Şairin nağıl
yaradıcılığı onun fəaliyyətində
xüsusi mərhələdir və böyük əhəmiyyət
kəsb edir. Şairin
nağıllarımıza özünəməxsus, diqqətçəkən
münasibəti var. O, “nağıl qəhrəmanlarımız
müdrik, ucaboylu, yaraşıqlı, dürüst, səxavətli,
sədaqətli, vəfalı, igid, qorxmaz olmalıdır” qənaətindədir.
Şair belə qəhrəmanları arzulamaqla
kifayətlənmədi, qısa vaxtda 70-dən çox
nağılımızı müasir tələblər səviyyəsində
yenidən işlədi və hər bir nağılın
ayrıca, illüstrasiyalı kitab şəklində nəşrinə
nail oldu. Həmin kitabların dəyərini Azərbaycan
Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində
akademik Bəkir Nəbiyev aşağıdakı cümlələrlə
izhar etdi:
– Körpələrə
müəyyən xəstəliklərdən qorunmaq
üçün peyvənd edilir. Onların mənəvi
mərəzə məruz qalmaması, yad, zərərli,
ziyanlı vərdişlərə düçar olmaması
üçün valideynlər körpələrini Dilsuzun
hekayələri ilə vaksin etməlidirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Xalq yazıçısı
Elçin istisna olmaqla, Dilsuz haqqında heç bir ədəbiyyatşünas,
tənqidçi, yazıçı, jurnalist, publisist... söz
deməyib. Bəzən 3-5 ortabab şeir yazana “Uğurlu yol”
yazır, meydan verir, bəh-bəhlə tərifləyib
göyə qaldırırıq. Nədənsə,
Dilsuz kimi nəhəng gözdən-könüldən uzaq
qalır.
Ədəbi prosesi daim izləyən və dəyərləndirən,
yeni sözü, yeni nəfəsi duyan, ona diqqət göstərən
Xalq yazıçısı Elçinin nəzərindən
Dilsuz yaradıcılığı da kənarda qalmayıb. O, 5 dildə – Azərbaycan,
ingilis, fransız, rus, alman və ərəb dillərində nəfis
tərtibatla, illüstrasiyalarla nəşr olunmuş “Kitabi-Dədə
Qorqud aliliyi” əsərində (Bakı, Azərbaycan nəşriyyatı,
1999, 180 səh.) Dilsuzun “Beşik nəğməsi” adlı
şeirindən sevə-sevə bəhs edir: “Əsrimizin son illərini
yaşayırıq və bu illərdə şair Dilsuz
“Kitabi-Dədə Qorqud”dakı qədim oğuz ellərinin
hiss-həyəcanlarına söykənərək “Beşik nəğməsi”
yazır:
Ərcə balam,
Bircə balam,
Ərcəm,
laylay,
Bircəm,
laylay!
Dədəm
Qorqud
Bir ad
versin,
Qoç
Koroğlu
Qırat
versin...
Körpəm,
laylay,
Öfkəm, laylay.
Daha sonra
müəllif bu şeirin necə yaranması sualına cavab
axtarır və yazır: “Əlbəttə, ona görə
ki, şair doğma bir mənbə kimi, “Kitabi-Dədə
Qorqud”dan şövq alıb, hərarət götürüb; əlbəttə,
ona görə ki, o hiss-həyəcanlar şair
üçün çox məhrəm, çox əzizdir,
uzun əsrlərdən bəri genlərlə gələndir və
əvəzedilməzdir; əlbəttə, ona görə ki,
bu hiss-həyəcanlar eyni zamanda Dilsuz üçün
doğma xalqının, el-obasının, ata-baba ruhunun
özünüifadəsidir”.
Sonra
Elçin şeirin təəssüratından yaranan qənaətini
oxucu ilə belə bölüşür: “Vətəndaş”
sözünü adətən insana, şəxsiyyətə
şamil edirlər.
Bədii ədəbiyyatda “vətəndaşlıq”
anlayışı var. “Vətəndaş” isə nasir olur,
şair olur, dramaturq olur. Ancaq bu yerdə mənim üçün bax, belə bir
anlayış tam həqiqəti ifadə edir: Vətəndaş
“Kitabi-Dədə Qorqud!”
Şair
Dilsuz haqqında söylədiklərimi də bu sözlərlə
bitirmək istərdim: Vətəndaş şair!
27.02.2015
Abid Tahirli
525-ci qəzet.- 2015.- 28 fevral.- S 14.