Öz peşəsinin
vurğunu idi
İstedadlı Azərbaycanlı
jurnalist Elmira Əhmədova haqqında xatirələr
Biz Elmira
Əmrahqızıyla (onda hələ Elmira Əhmədova idi)
hər ikimizin Azərbaycan televiziyasında işə
başladığımız dönəmlərdə, 70-ci illərin
ortalarında tanış olmuşduq. Daha sıx əlaqələrimiz isə hər
ikimizin iki aylıq ixtisasartırma kursları keçdiyimiz
Ostankinoda yarandı. Biz onunla radio və
televiziya işçiləri üçün nəzərdə
tutulan yataqxanada bir otaqda məskunlaşdıq. Elmira hələ o vaxtlardan öz peşəsiylə
yaşayır, bütün mühazirələrə gedir,
maraqla bütün deyilənləri qeyd edir və mənimlə
təəssüratlarını bölüşürdü.
Mənim isə o vaxtlar başım başqa işlərə
qarışmışdı – yenicə ailə qurmuşdum,
Ramizlə tez-tez zəngləşirdik, sonra o, mənə
baş çəkmək üçün Moskvaya gəldi. Bir sözlə,
mühazirəlik halda deyildim. Yadımdadı,
bir gün Elmira qonşu otaqdakı həmkarımızın
yanında gecələyib, bu nəcib hərəkətiylə
məni ərimlə tək qoydu. Həmin
illərdə o, şən, həyatsevər, mehriban bir
xanım idi. Məncə, o vaxtlar o, hələ
ərdə deyildi və odur ki, məişət məsələləri
onu narahat etmirdi. Həm də cavanlıq
özünü göstərirdi.
Bir müddət sonra Elmirayla bir-birimizdən ayrı
düşdük. O, televiziyadakı işində qaldı, mən isə
respublika Yazıçılar İttifaqında
çalışmağa başladım – əvvəl bədii
tərcüməylə, sonra elmi fəaliyyətlə məşğul
oldum. Yenidən yolumuz bir də 90-cı illərin əvvəllərində,
respublikada gərgin dramatik hadisələrin tüğyan etdiyi
dönəmlərdə birləşdi. O vaxtlar Elmira
müxalifət mətbuatında, deyəsən, “Azadlıq” qəzetində
işləyirdi, həm də “Azadlıq” – “Azad Avropa”
radiostansiyasının Azərbaycan redaksiyasının
müxbiri idi. O vaxtdan birgə əməkdaşlığımız
başlandı. Tez-tez bir-birimizlə informasiya
mübadiləsi aparır, bu və ya digər materialın
yazılma prosesində məsləhətləşirdik. Elmira həmin dönəmlərdə artıq
tanınmış teleradio jurnalist idi, respublikada və xaricdə
imzası mötəbər idi – xüsusən də faciəvi
20 Yanvar hadisələrini işıqlandırdığına
görə. Mən jurnalistikaya nisbətən
gec qayıtmışdım, odur ki, daha təcrübəli və
yaşlı həmkarlarla məsləhətləşməyi
aşağılıq kimi qəbul etmirdim. Elmira bəzi qələm yoldaşlarımızdan fərqli
olaraq, həmişə informasiyaları səxavətlə
bölüşür, heç bir təmənna güdmədən
həmkarlarına köməklik göstərirdi.
Elmira
Əhmədova əsl jurnalist idi: onun obyektivliyi heç vaxt qərəz
və ya mədhiyyə ilə qarışmırdı, həmişə
öz üzərində çalışaraq peşə fəaliyyətində
özü üçün yeni-yeni sahələr kəşf
etməyə, yüksəkliklər fəth etməyə
çalışırdı. Beləcə, bir
müddət Rusiyada populyar olan “Nezavisimaya qazeta”da xüsusi
müxbir kimi çalışdı. Təhsili
Azərbaycan dilində alsa da, rusca heç də pis
yazmırdı. Onun qeydləri, müsahibələri,
operativ materialları demək olar ki, hər gün “Nezavisimaya
qazeta”nın səhifələrində dərc
olunurdu. Elmira işsiz dayana bilmirdi və qoy,
doğmaları məni bağışlasın, amma fikrimcə,
jurnalistika həyat, yaşam iyerarxiyasında ondan ötrü
birinci sıradaydı.
Azərbaycan prezidenti Heydər Əliyevin də Elmira
Əhmədovaya böyük hörməti var idi. Bu hörmətlə
yanaşı, Heydər Əliyev onu digər jurnalistlərdən
açıq-aşkar fərqləndirirdi. Yalnız
üstündən uzun illər keçəndən sonra bildim
ki, Elmira Əmrahqızı 80-ci illərin sonlarında təqib
altında olan Əliyevdən müsahibə alan
ilk Azərbaycan jurnalistidi. Mən çoxcildli
“Heydər Əliyev. Şəxsiyyət və Zaman”
romanında bu haqda belə xatırlatma verdim:
“Bakıda da prinsipial jurnalistlər tapıldı. Ən əvvəl istefada
olan Siyasi büro üzvündən ilk geniş müsahibəni
alan mərhum Elmira Əhmədovanı
(E.Əmrahqızı) xatırlamalıyıq. Bu
müsahibəni dərc edə bilməsi üçün o,
çox redaksiyalar gəzdi. Və nəhayət,
istəyinə ağlagəlməz bir yerdə,
tanınmış Azərbaycan şairi və tərcüməçisi
Abbas Abdullanın o vaxtlar redaktoru olduğu gənclər
üçün “Ulduz” jurnalında çatdı.
Redaktor bu müsahibənin dərci tarixçəsini belə
xatırlayır:
“Bir gün jurnalist Elmira Əmrahqızı Əhmədova
redaksiyamıza gəldi. Mənə dedi ki, bəs respublikada qapısını
döymədiyi qəzet və jurnal redaksiyası qalmayıb,
amma heç biri Azərbaycanın sabiq rəhbəri Heydər
Əliyevlə müsahibəni verməyə cəsarət
etmir.
Ondan yazını burda qoymağı xahiş etdim. Oxuyub
gördüm ki, həqiqətən də maraqlıdı.
Yadımdadı, o vaxt iş yoldaşlarıma belə dedim: “Bu
insan 13 il respublikaya rəhbərlik edib. Doğrudanmı
bu boyda Azərbaycanda onun müsahibəsini dərc etmək
üçün bir redaksiya tapılmayacaq?”
Bilirsiz, mən özüm də həyatda çox
sınaqlardan keçmişəm və odur ki, həmişə
əzilənin tərəfində olmuşam. O dönəmlərdə
Əliyev təqib olunurdu, barəsində hər nə gəldi
yazırdılar. Odur ki, bir insan kimi ona ürəyim
yanırdı.
Qısası, Elmira xanıma müsahibənin mənim
jurnalımda gedəcəyinə söz verdim. O, heyrətləndi və
düzünü deyim ki, mənə inanmadı.
Jurnalı çapa getmək üçün imzalayanda qəflətən
məni Mərkəzi Komitənin ideologiya şöbəsinə
çağırdılar. Və yoldaşlardan biri mənə
güvənliklə dedi: “Bilirsiz, rəhbərlik bu müsahibənin
işıq üzü görməsini istəmir”. Cavabım
belə oldu: “Rəhbərliyə çatdırın ki,
müsahibə çıxacaq”. Hömsöhbətim
çiyinlərini çəkib: “Neynək, özünüz
bilərsiz”, – dedi.
Müəyyən
müddət keçəndən sonra elə həmin adam yenidən mənimlə
görüşüb danışmaq istədiyini bildirdi. Biz
görüşdük və o, dedi: “Şef xahiş etdi
çatdırım ki, biz Abbas Abdullanı deputat seçəcəyik”.
Qısası, məni almaq istəyirdilər.
Mən
doğrusu, götür-qoy etdim: “Birdən düzüb
qoşduqları iş alınmadı və mən deputat
seçilmədim? Müsahibə də
çıxmadı. Onda nə olacaq?
Bir dəqiqəlik pauzadan sonra cavabımı bəyan etdim:
“Yoldaşlara çatdırın ki, mən deputatlığa
can atanlardan deyiləm. Musahibə istənilən
halda gedəcək”.
Müsahibə çıxdı. Həm də
ki, o vaxtlar “Qlavlit”də işləyənlər normal insanlar
idi. O dönəmlərdə biz xeyli antisovet əsərlər
dərc eləmişdik. Onlara zəng edib deyirdim
ki, bəs, filan yazını oxumağa ehtiyac yoxdu. Onlar da işin nə yerdə olduğunu başa
düşürdülər. Təzədən
mənə zəng edib deyirdilər ki, biz o yazını
oxumadıq. Yəni, dərc edə bilərsən,
biz göz yumacağıq. Heydər
Əliyevlə müsahibə də belə işıq
üzü gördü.
6-cı sayı çıxanda (tiraj çox
böyük, 100 min nüsxə idi) mətbəədə
bütün jurnala həbs qoyuldu. Jurnal bir müddət anbarda yatıb
qaldı, amma sonra biz hər halda onu “azad etməyə” müəssər
ola bildik. Və jurnal oxucuya
çatdı.
Elmira
Əhmədova deyirdi ki, jurnalı Əliyevə gətirib verəndə,
onu alıb inamsızlıqla əlində fırlada-fırlada
deyibmiş:
“Qulaq as, mən axı bu Abbas Abdullaya heç bir
yaxşılıq eləməmişəm. O, bu müsahibəni verməyə
necə cürət edib?”
Həqiqətən də, yaxşı söhbət idi –
dolğun, səmimi, öz kitabımdan ondan çoxlu iqtibaslar
gətirmişəm. Heydər Əliyev özünün partiyadakı fəaliyyəti
və o dövrlə bağlı qənaətləri barədə
məhz orda demişdi:
“Ürəyimdə böyük şübhələr əmələ
gəldi. Düşünməyin ki, mən polad kimi əyilməzəm.
Bu gün mən də özüm
üçün çox şeyləri təzədən təhlil
edirəm. Amma bu, çox ağır,
mürəkkəb, psixoloji cəhətdən heç də
asan olmayan bir prosesdi”.
Həmin illərdə mənə, Elmiraya, o biri həmkarlarımıza
da çox şeyi yenidən təhlil və dərk etmək
lazım gəlirdi. Keçmiş ideallar süquta
uğrayır, ictimai-siyasi quruluş dəyişir, respublikada
müharibə gedirdi. Bu siyahıya dövlət
çevrilişlərinə mütəmadi cəhdləri,
hakimiyyət və radikal müxalifət arasındakı kəskin
münaqişələri də əlavə etsək vəziyyət
aydın olar. Və bütün bunları
işıqlandırmaq, hamısına çatmaq,
hamısına necə deyərlər, əllə toxunmaq
lazım idi. Elmira bu mənada, cəsur qadın idi:
gülləbarandan qorxmadan ərini və iki azyaşlı
oğlunu evdə qoyub cəbhə xəttinə
yollanırdı. Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdıb Elmiranı və məni
özüylə xarici səfərlərə
apardığı vaxtlarda isə hər ikimiz
uşaqlarımızı uzun müddət evdə qoymalı
olardıq. Yadımdadı, o, öz
doğmaları üçün necə də
darıxardı, mağazaları gəzmək imkanımız
yarananda, onlar üçün pal-paltarı necə həvəslə
seçərdi. Hava limanında onu həmişə əri
qarşılayardı və Elmiranın ilk sualı bu
olardı: “... Abdulla necədi, Əmrah neynəyir?”. Olduqca ziyalı və eynən
özu kimi fərasətli insan olan əri Hüseyn hər
şeyin yaxşı olduğunu deyərək, onu sakitləşdirərdi.
Heyf ki, o da Elmira kimi həyatdan tez köçdü...
lll
... Düzünü deyim ki, bəzən Elmira xanıma
həsəd aparırdım. Çünki
“Azadlıq” radiosunun rəhbərliyi, daha doğrusu Mirzə Xəzərlə
aralarında yaranan isti münasibətlər sayəsində
onun bütün reportajları efirə verilir və onların
həcminə məhdudiyyət qoyulmurdu. Rus
redaksiyasında isə vəziyyət bir qədər mürəkkəb
idi: bizim reportajlar yaxşı halda 3 dəqiqə çəkərdi.
Adətən isə reportaj 2 dəqiqədən
artıq olmurdu. Əlbəttə ki, bu
yığcamlıqda işi ortaya qoymaq heç də asan
deyildi. O vaxtlar hadisələrin ardı-arası kəsilmirdi,
bütün bunları 2-3 dəqiqəyə yerləşdir
görüm, necə yerləşdirirsən. Elmira
isə xarici səfərlərdən adətən 10, hətta
bəzən 15 dəqiqəlik reportajlar yayımlayardı.
Və reportajını bitirib mənə deyərdi: “Sən
xoşbəxt adamsan. Reportajların belə
qısadı, bir elə əziyyət lazım deyil. Amma mən iki-üç saat hazırlaşmalı
oluram”. Bu sözə cavabım belə oldu: “Qoy bir sənə
də qısa reportaj sifariş etsinlər. Onda hər
şeyi özün görərsən”. Və bir dəfə,
məncə ABŞ-da BVS-nin əməkdaşları
ona belə bir reportaj hazırlamağı sifariş etdilər.
O, öz cib dəftərçəsində nəsə qeydlər
apararaq, köks ötürərək və
qaş-qabağını tökərək, nəhayət
materialı hazırladı.
Əlbəttə ki, üçcə dəqiqəyə
heç cür sığışdıra bilmədiyi
reportajını telefon vasitəsilə ötürəndən
sonra mənə vicdanla etiraf etdi: “Hə, Elmira, sən
haqlıymışsan: qısa reportaj hazırlamaq çətin
işdi”.
Prezidentlə səfərlərimiz zamanı xeyli sayda ən
müxtəlif – dramatik, gözlənilməz məqamlar
baş verirdi.
Onlardan biri üzərində xüsusi dayanmaq
istəyirəm. Biz “Azadlıq” radiosunun iki
xüsusi müxbiri prezidenti demək olar ki, bütün xarici
səfərlərdə müşayiət edirdik. Yeri gəlmişkən, Elmira prezidentin xarici səfərlərində
məndən də çox olub. Səfər etdiyimiz
dövlətlərdə (xüsusən də “Azadlıq”
radiosunun hələ də kütləvi informasiya vasitəsi
kimi “qara siyahı”larına daxil olunan bir sıra postsovet
ölkələrində) bizim iş yerimiz həmin ölkənin
Xarici İşlər Nazirliyinin əməkdaşlarında
tez-tez müəyyən çaşqınlıq
yaradırdı. Türkmənistanda baş verən
xüsusi qəribə hadisələrdən biri barədə
Elmirayla mən necə oldusa, Heydər Əliyevə də
danışdıq. Məsələ belə
olmuşdu ki, Türkmənistanda rəsmi protokolun əməkdaşları
ilk əvvəl “düşmən” radiostansiyanın müxbirlərinin
Azərbaycan prezidentinin nümayəndə heyətinin tərkibinə
daxil edilməsinə heç vəchlə inanmırdılar.
Bizi digər jurnalistlərdən ayırıb
bir xeyli bizim “protokolçularla” nələrisə yoxlayıb
aydınlaşdırdılar. Amma onlara hər şeyin
qaydasında olduğu və bura həqiqətən də cənab
prezidentlə gəldiyimiz izah olunandan sonra da son dəqiqəyə
qədər bizə ehtiyatla yanaşdılar və “təxribatdan”
çəkinərək Elmirayla mənim bir sualıma da cavab
verməməyi lazım bildilər.
Bu əhvalatı
biz Heydər Əliyevə danışarkən ürəkdən
güldü və sonrakı səfərlərimizdə – mətbuat
konfransları, yaxud işgüzar görüşlər
zamanı o, respublikamızda aşkarlığın və mətbuat
azadlığının səviyyəsini əyani
nümayiş etdirmək üçün dəfələrlə
mənim və Elmira Əhmədovanın adını çəkərək,
bizim hansı radiostansiya ilə əməkdaşlıq
etdiyimizi məxsusi vurğulayırdı. O, həqiqətən
də heç vaxt bizlərə, müstəqil KİV-lərin
jurnalistlərinə nəzarət etmirdi, tamamilə inanıb,
büsbütün azadlıq imkanı yaradaraq,
materiallarımızı yoxlamağa ehtiyac duymurdu. Bizdən yeganə xahişi faktları şişirtməmək
idi. “Həqiqəti yazın”, – Heydər
Əliyevin jurnalistlərə yeganə tövsiyəsi bu idi və
Elmirayla mən bu qaydaya riayət etməyə
çalışırdıq.
Təmtəraqlı sözlər deməyi
xoşlamıram, amma Elmira doğrudan da müstəqil Azərbaycan
jurnalistikası məktəbinin yaradıcılarından idi. Və bu məktəbin
formalaşmasına böyük töhfələr verdi. Çox istərdim ki, bizim
gənc həmkarlar öz sələflərini unutmasınlar,
onların işlərini öyrənib illərlə
topladıqları əvəzsiz təcrübələrindən
yararlansınlar. Biz birincilərdən idik.
Bu isə necə deyərlər, hər insana
müəssər olmur.
lll
Öz karyerasının və jurnalistlik
uğurlarının zirvəsi, yüksəlişi
dövründə Elmira Əhmədovanı ağır xəstəlik
tapdı. O,
güclü insan idi və öz xəstəliyi ilə həmkarlarının
kefini pozmamağı üstün tutdu. Amma biz
bilirdik ki, o, müalicə alır, öz gücüylə o zəhrimar
xəstəliyi dəf etməyə çalışır.
Hərdən ona zəng edəndə, xeyli
danışsaq da, xəstəliyin adını belə çəkmirdik.
Onun dünyada köçməsi xəbərini biz jurnalistlər uzaq Yaponiyada aldıq. Biz yenə prezidentlə birlikdəydik. Heyət də həmin heyət idi, amma Elmirasız. Bu xəbər bizi sarsıtdı, həmin gun biz Aynur Bəşirliylə təkliyə çəkilib Elmiranın iştirakıyla keçən saysız-hesabsız məqamları xatırlayaraq, uzun müddət göz yaşları axıtdıq. Bizdə belə bir hiss vardı ki, hamımız onun qarşısında nəsə günahkarıq: bax, biz hamımız sağ və salamatıq, o isə artıq aramızda yoxdu...
Bundan sonra da hələ uzun müddət özümüzə gədə bilmədik. Sadəcə, inana bilmirdik ki, belə gənc, güclü, gələcəyə ümidlərlə baxan bir qadın həyatdan köçüb. Bu bizə çox təəssüfedici və ədalətsiz görünürdü...
Xoşbəxtliyimdən Elmirayla qarşılıqlı münasibətlər tarixçəmin arası kəsilmədi. Mən onlar üçün heç də asan olmayan dönəmlərdə Elmiranın oğlanları ilə tanış oldum. Əmrah hələ tələbə idi, Abdulla isə artıq ali təhsilli olsa da iş tapa bilmirdi. Mənə onların taleyində müəyyən rol oynamaq nəsib oldu. Tezliklə Əmrah Türkiyədəki təhsilini başa vuracaq. İnanıram ki, o, gözəl həkim olacaq və bir çox insanların həyatını xilas edəcək. Abdulla isə zabitdi, Müdafiə Nazirliyinin beynəlxalq şöbəsində çalışır, ailə qurub, iki övladı dünyaya gəlib. Mən onun toyunda iştirak etdim və indi biz birlikdə Elmiranın nəvələrinin ad günlərini qeyd edirik. Böyük nəvəsi Elmiranın adını daşıyır və bu mənə böyük məmnunluq hissi gətirir.
Elmira öz balalarını həyatından çox sevərdi. Və yəqin ki, indi göy üzündə bu yer üzündəki davamçılarının böyüdüyünə baxan ruhu da sevinir.
Elmiranın övladları böyüyüb ləyaqətli insanlardan oldular. Yəqin səbəb sağlığında özü qoyan təmələ görədi. Və həm də yəqin ki, onun qısa dünyəvi həyatının əsas bəraəti və ali məramı da elə budu.
Elmira Axundova
525-ci qəzet.- 2015.- 28 fevral.- S 10-11.