Dost itkisinin səngiməyən
ağrıları
Mən hər dəfə əsirlikdə olan kəndimizi – Ağdamın
sonsuz təbiət rəngləri ilə seçilən Novruzlu kəndini xatırlayanda, nə gizlədim, doğmalarımdan da qabaq yadıma düşən Çingiz
olur: Çingiz Məmmədov. Bəlkə
ona görə ki, uşaqlıq həyatımın, məktəb
illərimin əziz xatirələri bu adamla bağlıdır, bəlkə ona görə ki, biz yaşıd olmuşuq, amma nədənsə bu yaşıdım elə o uşaqlıq, elə o məktəb illərindən tutmuş,
taleyin hökmü ilə ara-sıra başqa-başqa yerlərdə
yaşamağımıza baxmayaraq
ömrümüzün bütün
anlarında mənə
“ağsaqqallıq” etmiş,
qayğılarımı çəkmiş
bu insanın təmənnasız yaxşılıqlarını
unutmamaq yazılıb
qismətimə...
Çingiz Ağdam şəhərində,
həkim ailəsində
doğulmuşdu. Atası İldırım həkim 1940-cı illərin
sonu, 1950-ci illərin əvvəllərində ölkədəki
həkim qıtlığı
ilə bağlı olaraq Ağdamın bir neçə kəndində işləyəsi
olmuşdu.
Mənim uşaq və məktəbli çağlarımda
İldırım həkim
bizim kənddə idi. Dövrünün ən
savadlı bir həkimi, Üzeyir Hacıbəyli kimi bir millət fədaisindən aldığı
vətəndaşlıq dərslərini
bizə təlqin edən, kənd adamlarını doğmaları
qədər sevən bu həkim Çingizi
lap uşaqlıqdan vətən
sevgisi, millət sevgisi ilə böyütmüşdü və
onun bu dərsləri
mənim də qismətimə düşmüşdü.
Ailə,
ata–ana dərsləri bir yana,
Çingizdə həm
də Tanrının verdiyi bir insanlıq,
insana sevgi hissi vardı. Mən o zaman orta məktəbdə
oxuyanda da elə bugünkü kimi arıq, bədəncə zəif bir kəs idim.
Elə bil Allah Çingizi mənə bu arıq oğlanı qorumaq üçün göndərmişdi. 1950–ci
illərin əvvəlləri
bütün SSRİ mühitində,
o cümlədən, Azərbaycanda
– müharibədən təzə
çıxmış bir
ölkədə aclıq
hökm sürürdü.
Mənim atam müharibədə həlak
olmuşdu və illərin çətin günlərində Çingizin
atası mənə də atalıq etmişdi...
Sonra İldırım
həkimi Ağdamın
başqa kəndinə
– Çəmənliyə göndərdilər. Çingiz məndən
bir sinif yuxarıydı və orta məktəbi bitirib Bakıya getmişdi. Universitetə qəbul olmuşdu.
Sonra orta məktəbi mən də bitirdim, amma birinci sınaqda qəbul imtahanlarından keçməyib əsgər
getdim. Ukraynanın Lvov vilayətində, Rusiyanın Kamçatkasında
əsgər oldum.
O üç illik əsgərlik çağımda
ən çox məktublaşmamız Çingizlə
oldu.
Əsgərlikdən qayıtdım və mən də universitetə qəbul oldum. Onda Çingiz artıq
universiteti bitirmişdi
və 8-ci kilometr qəsəbəsində çox
böyük bir kitab mağazasının müdiri idi. Mənim tələbəlik illərimin
də təsəllisi
elə o kitab mağazasında müdir işləyən Çingizin
qayğıları oldu.
Sonra mən də “yekəldim”, universitet müəllimi oldum. Amma nə qədər “yekəldimsə”, yenə də Çingizin qayğılarındaydım. Evimdəki çoxminli kitabxanamın
bütün kitabları
Çingizin hədiyyələrindən
ibarətdir. SSRİ-də
nəşr olunan ən “defisit” kitablar mənim iş otağımdadır
və onların hamısı Çingizin dostuna – mənə səxavətlə bağışladığı
hədiyyələrdir.
Çingizin kitab mağazasındakı
darısqal bir müdir “otağı” ziyalıların az
qala hər axşam yığışdığı
məkan idi.
Burada şair Şahmar Əkbərzadə, jurnalist
Sirus Təbrizli, filosof Şahnəzər Hüseynov, iqtisadçılar,
filoloq alimlər bir yerə yığışar,
əsasən sovetin senzura rejimini lənətləyər, bu
rejimi aşa bilən Çingiz Aytmatovun, İon Drutsenin, Şukşinin, Anarın, Elçinin, İsa Hüseynovun, Rəsul Rzanın... əsərlərini müzakirə
edərdik. Bu müzakirələr sonralar
Qarabağ dərdinə
bağlandı. Bir
çox siyasətçilər
bu darısqal otaqda öz ürəklərini boşaltdılar...
Bütün bunların təşkilat işi, adamlara qayğılı münasibət
Çingizin çiyninə
düşürdü. Çingiz üçün
Vətən qeyrəti,
Azərbaycan, torpaq dərdi hər şeydən əvvəl idi. Yadımdadı, Ağdamın ağır
günlərində dəfələrlə
yollarda olmuşuq, Ağdamın komendant saatlarında rus əsgərlərinə “yaltaqlanmışıq”,
onları camaatla ehtiyatlı olmağa çağırmışıq. Amma bundan savayı
əlimizdən heç
nə gəlmirdi...
Çingiz elə sədaqətli
bir dost idi ki, onun yanında
olub da ona
bənzəməmək mümkün
deyildi.
Çingiz çox qayğılı
bir ailə başçısı, qohumcanlı
bir insan idi. Bizim ailələrimiz bir yerdə böyüyüb, övladlarımız
bir-birindən seçilməyib.
Ona görə bu gün də mənim hayıma hər kəsdən çox Çingizin oğlanları yetir.
Vaxt oldu, taleyin Çingizə verdiyi ömür sona yetdi. Bir mülayim mart günündə
– yazın başlanğıcında
qəflətən ağır
bir xəbər aldım: Çingiz dünyasını dəyişib.
Çox
sarsıdıcı bir
xəbər idi.
Mən elə bil ikinci
dəfə yetim qaldım. Və bir azdan anladım
ki, dost itirmək, həm də ömrünün bütün
çağlarında əli
sənin çiynində
olan bir dostu itirmək çox ağırdır.
Mən uşaqlarımı
kiçik vaxtlarında
hər dəfə Novruzun axır çərşənbəsində Çingizin Bakıxanov qəsəbəsindəki həyət
evinin 4 metrlik hündür darvazasından
o həyətə torba
atmağa aparardım və bu iş
Novruz bayramını bizim üçün daha da əzizləşdirərdi.
İndi Çingiz bu dünyada yoxdur.
Bayram ovqatı
mənim üçün
qəmli bir məqamdır. Dostumun qəbrindəki sinə daşının üstündə
mənim belə bir yazım var: “Sən bizə örnək olan böyük İNSAN ömrü yaşadın...”
Mən bu sözləri Çingizin hamımıza
nümunə olan ömrünün həqiqətindən
almışam. Çingizin onlarca
dostu, məsləkdaşı
var ki, onların
çoxu müxtəlif
sahələr üzrə
elmlər doktorları,
professor, akademikdirlər. Mən o qəbrin üstündəki bir sətirlik yazı ilə Çingizin o balaca iş otağında böyüyüb
ərsəyə gəlmiş
həmin dostlarımızın
hamısının fikrini
ifadə etmişəm...
Çingiz budur – Çingiz bu kəsdir. Deyirlər zaman
hər şeyi – hətta ən ağır dərdi də unutdurur. Yaxşıdırmı, pisdirmi? Yəqin ki,
bu baxır dərd sahibinə. Mənim dərdlərim sanki mənim taleyimdir. Zaman onların qarşısında
çox gücsüzdür.
Heç
nə edə bilmir. Çingizin – ömrü boyu təsəllim olmuş bir dostumun, məsləkdaşımın,
kənd xatirələrimin,
əzizimin ölümündən
gələn dərdin
səngiyəcəyini bir
il gözlədim,
sonra beş il gözlədim, sonra on il gözlədim.
Amma olmadı. Ötən
bu illər mənim dost itkisi ilə bağlı dərdimi heç cür unutdura bilmədi. Təsəllim odur ki, itirdiyim dostumun yerində onun mənə doğma və əziz olan 4 övladı, 8 nəvəsi böyüməkdədir.
O öz peşəsinin vurğunu idi
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2015.- 28 fevral.- S11.