Yanan cəsədlərin arasında bir nəfər
qışqırırdı...
PUBLİSİST VAHE AVETYAN: “ERMƏNİLƏRİN DÜNYADAN ƏDALƏT TƏLƏB ETMƏYƏ MƏNƏVİ HAQQI ÇATMIR”
Bu gün ermənilərin kiçik bir qismi etiraf edirlər
ki, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı ədavəti
yalnız işğalçılıq niyyətlərinin həyata
keçirilməsi üzərində qurulub.
“Böyük Ermənistan” xülyaları ilə
yaşayan ermənilərə bu ümid əslində
onların himayəçiləri tərəfindən
aşılanıb. Və bu xülyalara qapılıb
reallıq hissini unudan ermənilər çirkin
missiyasını həyata keçirmək üçün
insan qanına susamış kimi saysız-hesabsız qətliamlar
törətməyə müvəffəq olublar.
Halbuki İkinci Dünya müharibəsində yəhudilərə
qarşı soyqırım törədən faşistlər
belə ermənilər qədər qəddarlığı,
amansızlığı ilə seçilməyib. Mütləq
içlərindən kimsə yəhudiləri xilas etmək
üçün təkcə özünü deyil, hətta
ailəsini də təhlükəyə ataraq günahsız
insan ölümünün qarşısını alıb.
Aradan illər ötsə də, Azərbaycan əsl həqiqətləri,
ermənilərin xalqımızın başına gətirdiyi
müsibətləri, Xocalı hadisələrini dünyaya
çatdırmaq üçün hər il
irəliyə bir addım daha atır. Hələ
də insanlar bu faciənin ildönümünü qeyd edərkən
sanki dünən baş vermiş kimi bir hissə
qapılırlar. Hətta bu bəzi ermənilərdə
bir az da olsa vicdan hissini oyadır. Hərçənd yenə də dünyanın
gözündə həqiqətlər inkar edilir, reallıq
yalnız siyasi məqsədlərə uyğun gəldikdə
qəbul olunur.
Qərb və Amerika ictimaiyyətinin həqiqətlərin
gözünə dik baxmadığı dövrdə hətta
bəzi ermənilər Xocalı soyqırımına görə
azərbaycanlılardan üzr istəyirlər. Bu isə o deməkdir ki, vəhşiliyə
göz yuman, qətliamın həyata
keçirilməsinə şərait yaradanlar əslində bu
hadisəni törədənlər qədər mənfur,
riyakar və məkrli insanlardır. Onlardan biri –
ABŞ-ın hazırkı dövlət katibi Con Kerri
1990-cı ildə SSRİ-nin sonuncu rəhbəri Mixail
Qorbaçova Dağlıq Qarabağda ermənilərin
statusunun möhkəmləndirilməsi üçün
kömək istəməklə əslində bu qətliamların
toxumlarını səpmiş olub. İndi
isə ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərdən
birinin rəsmisi kimi Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll olunması üçün guya
töhfələrini vermək istəyir. Lakin
reallığı görməzdən gələrək,
Xocalı soyqırımının video-yazılarına baxaraq
hadisələri təsdiq etməməklə münaqişəni
konstruktiv yolla həll etmək mümkün deyil.
Con Kerridən
fərqli olaraq ermənilər öz etdiyi xoşagəlməz
əməlləri etiraf edərək, zərrə qədər
olsa da günahlarını yumşaldılmış
olmurlarmı? Bəs reallığı gizlədənlər,
yalana ortaq olanlar bu soyqırımı törədənlərlə
eyni tərəziyə gəlmirlərmi? Xocalıda
vəhşicəsinə öldürülən neçə-neçə
günahsızın qanına batmırlarmı?
“AzNews.az”ın
məlumatına görə, publisist Vahe Avetyan
özünün Facebook səhifəsində yazıb ki, Ermənistan
hökumətinin nə zamansa Xocalıda baş verənlərdə
əli olanları mühakimə edəcəyinə inanır:
“Əziz qonşularımız, azərbaycanlılar. Mən
Xocalıda yüzlərlə insanın soyqırıma məruz
qalmasında ermənilərin də iştirak etdiyinə
görə sizdən üzr istəyirəm. Sizi inandırıram ki, nə məni, nə
dostlarımı və nə də yaxınlarımı qatil,
adamyeyən və sadist kimi yetişdiriblər. Əmin olun ki, Ermənistanda nə vaxtsa qanuni xalq
respublikası qurulsa, o vaxt mənim ölkəm bu cinayətin
araşdırılması üçün mümkün olan hər
şeyi edəcək və bu işdə əli olanların
hamısı mühakimə olunacaq. Mən
düşünürəm ki, dünən törətdiyi
genosidi boynuna almayan və haqq qarşısına
çıxmağa mənliyi və cürəti çatmayan
bir xalqın yüz illər əvvəl ata-babalarının
başına gətirilən genosidə görə dünyadan
ədalət tələb etməyə mənəvi haqqı
çatmır”.
Avetyan bu fikirləri bölüşməklə Ermənistan
hakimiyyətinin saxtakar mahiyyətini, erməni xalqının
isə mənəviyyatsızlığın dünyaya
çatdırmış olub. Hərçənd ki,
buna qədər işğalçı dövlətin cinayətkar
rəhbərləri də etiraf ediblər ki, Xocalı
soyqırımının həyata keçirilməsində,
Azərbaycan xalqına qarşı divan tutulmasında
yaxından iştirak ediblər. Ancaq dünya erməni
yalanını əsas tutub 24 apreldə uydurma “erməni
soyqırımı”nın 100 illiyini keçirməyə
hazırlaşır. Hansı əsasla, daha
doğrusu hansı məqsədlə? Xocalı
soyqırımının canlı şahidi erməni jurnalist
Daud Xheriyan o günləri xatırlayaraq qeyd edib ki,
ölülərin yandırılması ilə məşğul
olan “Qaflan” erməni qrupu Xocalıda azərbaycanlıları
yandırmaqla məşğul olub.
Belə cinayətkarların bu gün haqqın
tanınırsa, ruhuna dualar oxunursa, bəs, Xocalıda sel kimi
axan qan nə vaxt torpağa qərq olacaq? “Anspress”in məlumatına
görə, Xheriyan bildirib ki, martın 2-də Xocalıdan 1
kilometr məsafədə yerləşən əraziyə 100
azərbaycanlının meyiti gətirilib:
“Sonuncu yük maşınında 10 yaşında olan
qız usağı gördüm. Başından və əlindən
yaralı idi. Havanın soyuq və
özünün ac olmasına baxmayaraq hələ də
yaşayırdı. Güclə nəfəs
alırdı. Gözlərini ölüm
qorxusu bürümüşdü. Bu vaxt
Tiqranyan adlı erməni əsgər onu vəhşicəsinə
götürərək digər cəsədlərin
üstünə atdı.
Sonra isə bütün cəsədləri
yandırdılar. Yanan cəsədlərin arasında bir nəfər
qışqırırdı. Heç bir
şey edə bilməzdim”.
Fevralın
26-sı Haaqada gur yağışın yağmasına
baxmayaraq soydaşlarımızın Xocalı şəhidlərini
anaraq onları qətlə yetirənləri lənətlədiklərini
deyən millət vəkili Sahib Alıyev bildirib ki, lənətləmə
Ermənistan, anma isə Azərbaycan səfirliyi önündə
baş tutub:
“İnanırsınızımı, yağış ləyəndən
su tökülürmüş kimi yağsa da, əllərdəki
məşəllər sönmürdü. Şəhidlərimiz
üçün səssiz bir dua idi həmən an o məşəllər.
Gur yağışın məşəlləri
söndürə bilməməsində mən başqa bir rəmzilik
də gördüm. O da buydu ki, başda prezidentləri
Sarkisyan olmaqla bu soyqırımı törədənlər cəzalarını
almıyınca nə onlara olan nifrət sönəcək, nə
də bu yöndə səylər dayanacaq”.
Millət
vəkili hesab edir ki, bir vaxtlar Serbiyanın keçmiş
prezidenti Miloşeviç kimi, bir gün Ermənistanın
cinayətkar prezidenti Sarkisyan da Haaqa məhkəməsi
önünə çıxarılacaq:
“Hər halda etdikləri əməllərə görə
erməni faşistlərinin bu və ya digər şəkildə
cavab verəcəklərinə mən inanıram.
Xocalı şəhidlərini çox yerdə olduğu
kimi Hollandiyada da Türkiyə və Azərbaycan diasporunun təmsilçiləri
birgə anıblar. Qürurvericidir ki, gur
yağışın altında bacılarımız da bizimlə
çiyin-çiyinə durmuşdular”.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki,
Xocalı soyqırımını bu gün dünyanın
bildiyi bir faktora çevirə bilmişik. O “SİA”ya açıqlamasında
bildirib ki, ilk növbədə, bu faciənin özü bəşəriyyət
üçün çox unikal hadisələrdən biridir:
“Bir şəhərin gecə ikən erməni hərbçiləri
tərəfindən yer üzündən silinməsi tarixdə
az-az görünən hadisələrdəndir. Azərbaycanın
daxilində məlumat mühiti genişdir, eləcə də
ölkəmizdən kənarda bu soyqırımı 10-dan
çox ölkə tanıyıb. ABŞ-ın 20-ə yaxın ştatı
Xocalı soyqırımını tanıyır. Hətta bu hadisələrlə bağlı silsilə
tədbirlər keçirilir. Artıq bu il
bir çox Avropa ölkələrinin paytaxtında
avtobusların üzərində, metro stansiyalarında
Xocalı soyqırımı ilə bağlı məlumat
lövhələri asılıb, televiziyalarda 1992-ci il
fevralın 26-sı baş verən qətliam barədə xəbər
verilib. Ümumiyyətlə Xocalı
soyqırımı artıq avropalı üçün yeni
bir söz deyil”.
A.Mirzəzadə
bildirib ki, biz bu faciə haqqındakı məlumatların daha
dərin qatlara getməsinə nail olmalıyıq:
“Yəni, bu artıq politoloqların, tarixçilərin
tədqiqat obyektinə çevrilməlidir. Soyqırıma
dair xaricdə daha çox kitablar dərc edilməli və
filmlər çəkilməlidir. Ancaq
bunun qısa bir zamanda reallaşacağını söyləmək
düzgün olmazdı. Təbii ki, buna
nail olmaq üçün müəyyən zaman və xeyli
işlərin görülməsi lazımdır. Heç şübhəsiz ki, işlər
görülür. Bu istiqamətdə Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsi, xaricdəki
azərbaycanlılar, oranın universitetlərində təhsil
alan tələbələrimiz böyük
işlər görürlər. Bütün
görülən işlər Xocalı
soyqırımının dünya tərəfindən daha
çox tanınmasına kömək edəcək”.
“Xocalı Soyqırımını Tanıtma” İctimai
Birliyinin sədri Şamil Ələkbərli qeyd edib ki, bu
hadisə zamanı 1000 nəfərdən çox dinc
insanın şəhid olması barədə məlumatlar var.
Onun
sözlərinə görə, şəhid olanların
saylarının dəqiq nə qədər olması
araşdırılması vacib olan bir məsələdir:
“Xocalı əhalisi sonadək erməni
terrorçuları və onların havadarlarına
qarşı mübarizə aparıb. Rəhbərlik etdiyim
təşkilat Xocalı soyqırımının növbəti
ildönümü ilə əlaqədar Türkiyədə təşkil
olunan anım mərasimlərində iştirak edib. Biz orada Xocalının səsini bütün
dünyaya eşitdirməyə çalışdıq. Əslində bu həqiqətləri hər kəs
bilir. Lakin hər il bu istiqamətdə
daha çox fəaliyyət göstərərək
soyqırım faktını bütün dünyanın dilindən
eşitməyə nail olmalıyıq.
Məmləkətimizdə elə bir insan olmaz ki, şəxsi
problemləri olmasın. Onların içərisində Xocalı
sakinləri də var.
Məlum soyqırım zamanı hər 2 valideynini
itirmiş insanlar, qarşılaşdıqları problemləri
çözmək üçün çətinliklərlə
qarşılaşırlar. İnanıram ki,
çoxdan həsrətində olduğumuz tarixi qələbənin
sevincini yaşayacağıq.
Qaçqın və məcburi köçkünlər
öz yurdlarına qayıdacaqlar. Problemlər məngənəsində
olan Azərbaycan xalqı məhz onda rahatlıq tapacaq”.
Ceyhun ABASOV
525-ci qəzet.-
2015.- 28 fevral.- S8.