Bahar Muradova: “Biz
heç kimin qanadı ilə uçmuruq”
“AZƏRBAYCAN RUSİYA KİMİ AMERİKA İLƏ DƏ ƏMƏKDAŞLIĞA ÜSTÜNLÜK VERİR”
– Bahar
xanım, ötən ilin ortalarından ABŞ, Qərb dövlətləri
və institutları, bəzi tanınmış siyasətçilər,
diplomatlar tərəfindən Azərbaycana, Azərbaycan
hakimiyyətinə qarşı demokratiya və insan haqları
məsələləri ilə bağlı aramsız,
ardıcıl ittihamlar səsləndirilir, rəsmi səviyyələrdə
olmasa da, bəzilərinin dili ilə sanksiya təhdidləri, tələbləri
ortaya atılır. Bu məsələlərlə
bağlı nə deyərdiniz?
– Əvvəla,
Azərbaycanla Amerikanın strateji tərəfdaşlığa
söykənən əlaqələrini, iki ölkə
arasında münasibətlərin tarixini, bugününü və
gələcək perspektivlərini nəzərə alaraq
vurğulamaq istərdim ki, bu münasibətlər bu və ya
digər şəxslərin hansısa maraqlara söykənən
açıqlamalarından pozulan münasibətlər deyil, hər
iki dövlətin rəsmi siyasəti
buna imkan verməz. Bir də ki, Amerikanın qədim
demokratiya tarixi var, Azərbaycan da müstəqilliyini yenicə
bərpa etdikdən sonra məhz özünün bu istiqamətdə
ənənələrini davam etdirərək, demokratik cəmiyyət
qurub.
Əlbəttə, üzləşdiyimiz problemlər,
çətinliklər, Qarabağ məsələsinin
doğurduğu, ortaya çıxardığı fəsadlar
bu və ya digər istiqamətlərdə fəaliyyətimizə
maneçilik törədib. Yerləşdiyimiz
region, onun əhəmiyyəti, həm siyasi, həm iqtisadi, həm
coğrafi üstünlükləri zaman-zaman müxtəlif
ölkələrdə fəaliyyət göstərən
qrupların, hansısa maraqlarını güdən dairələrin
maraq çərçivəsindən dəyərləndirilib.
Biz bunun dəfələrlə şahidi
olmuşuq. Eləcə də, Amerika cəmiyyətindəki
mövcud bir sıra dairələr və konkret şəxslər
çox zaman bu münasibətlərin ruhuna uyğun gəlməyən,
məzmununa qətiyyən uyuşmayan və münasibətlərin
gələcək perspektivinə xələl gətirə biləcək
açıqlamaları ilə nəyə görəsə
yadda qalmağa çalışırlar. Və
bir növ bu böyük ölkə ilə böyük
iddialar qarşısına qoymuş yeni müstəqillik əldə
etmiş Azərbaycan arasındakı münasibətlərə
mənfi çalarlar gətirə bilən fikirlər səsləndirilir.
Bu, əlbəttə, arzuolunan deyil, təəssüf
doğurur və çox zaman da bu fikirlər elə fikirlər
olaraq qalır, onların arxasında hansısa konkret fəaliyyətin,
konkret məqsədin durduğu ortaya çıxmır. Əlbəttə ki, onların Konqresi, Dövlət
Departamenti Azərbaycanla bağlı, eləcə də
Qarabağ məsələsi ilə bağlı müxtəlif
mövqelər sərgiləyirlər. Bəzi
hallarda da bir növ əzələ nümayişi, ictimai rəyi
yoxlamaq, bu və ya digər məsələnin həlli istiqamətində
konkret fəaliyyətdən əvvəl onu bir müzakirəyə
buraxmaq xarakteri daşıyır.
Ona görə də bu Amerikanın rəsmi dairələrinin
deyil, yalnız bunların öz təşəbbüsüdür,
demək də doğru olmazdı. Azərbaycan
iqtidarının nümayəndəsi kimi mənim bildiyim ondan
ibarətdir ki, Azərbaycan dövləti Amerika ilə
münasibətlərə ciddi önəm verir və bu
münasibətlərə xələl gətirə bilən hər
hansı bir hərəkətə qarşı
çıxır. Azərbaycanın
müstəqil iradə ortaya qoymasını, müstəqil
siyasət yürütməsini gözü götürməyən
dairələrin planları bugünə qədər Azərbaycanda
alınmayıb, bundan sonra da alınmayacaq.
Çox
təəssüf ki, ölkə içində bir qrup yenə
də uğursuz, yenə də öz siyasi ambisiyalarını
reallaşdıra bilməyən, bu və ya digər səbəbdən
incik düşən, ölkə içərisində sosial
dayağı olmayıb, dünyada gedən proseslər nəticəsində
hansısa bir möcüzə baş verəcəyini, bundan
necə deyərlər, yararlanacağını
düşünənlər xaricdən olan belə
çağırışlara dərhal üz tuta, dərhal
onların səsinə səs verə bilərlər. Elə bununla da görünür ki, bu kimi
çağırışlar Azərbaycanda kimin tərəfindən
səslənə bilər və onların tərəfdaşları
kimlərdir. Belə insanlar bir-birilərini
tez tapırlar və bir-birilərinin səsinə tez səs
verirlər. Eyni zamanda, elə bununla da Azərbaycanın
nədə diqqətli olması, nəyə daha çox diqqət
yetirməsi məsələsi meydana çıxır. Bu, bir növ nəyə daha çox diqqət yetirməyin
vacibliyini ortaya qoyur. Ona görə də
düşünürəm ki, demokratiya adına, insan
haqları adına, söz və vicdan azadlığı
adına Azərbaycana göstərilən mövqe həqiqi demokratların
mövqeyi deyil, bu və ya digər maraqlarını
reallaşdırmaq istəyən dairələrin əlində
olan alətlərin səsləri danışır. Bu məsələdə
bir az diqqətli olmaq və Azərbaycan-Amerika
münasibətlərinə xələl gətirə bilən
hərəkətləri dəf etmək lazımdır.
– Bəzən
belə iddialar da ortaya qoyulur ki, Krım hadisələri ilə
başlayan məlum Ukrayna hadisələrindən sonra daha
çox Rusiyaya yaxınlaşan Azərbaycanı bu cür təzyiq
yolu ilə yenidən ABŞ, Qərb istiqamətinə döndərmək
məqsədi güdülür...
– Mən
şəxsən,
Amerika, Qərb rəsmi
siyasətçilərindən birindən də bununla bağlı hansısa bir
fikir eşitməmişəm. Bu sadəcə,
Azərbaycanın bayaq söylədiyim kimi, müstəqil
siyasət yeritməsindən narahat olan və məhz bu siyasəti
özlərinin hədəfləri qarşısında bir maneə
kimi görənlərin fəaliyyətidir. Azərbaycan isə bloklara qoşulmamaq siyasətini
davam etdirir və bunu açıq şəkildə edir.
Burada gizli heç bir məqam yoxdur. Biz əhalisinin sayından, iqtisadi imkanlarından
asılı olmayaraq bütün ölkələrlə ikitərəfli
bərabərhüquqlu tərəfdaşlığa,
münasibətlərə üstünlük veririk və bu
münasibətlərə də hər zaman sadiqik.
Mövqeyimizə də hər zaman sadiqik və bu
münasibətləri qurarkən də yalnız beynəlxalq
hüququn prinsiplərindən çıxış edirik. Bu və ya digər
şəxsi, qrup, region maraqlarına heç zaman beynəlxalq
hüququn prinsiplərini qurban vermirik. Ona görə başqaları
üçün parodoksal görünsə də, bu gün
bir tərəfi, sabahsa başqa tərəfi ifrat dəstəkləmək
və yaxud da ifrat ona qarşı çıxmaq mövqeyindən
uzağıq. Bu baxımdan, bu
balanslaşdırılmış siyasət, bu bərabərhüquqlu
tərəfdaşlığa üstünlük vermək bəzilərinə
qəribə görünə bilər.
Onlar bunu Rusiyaya meyllənmək kimi və yaxud da, əgər
Rusiyadan hansısa bir narahatedici fikirlər səslənərsə,
onda bunu bir növ Amerikaya, Qərbə meyllənmək kimi dəyərləndirə
bilərlər. Bu, onların dəyərləndirməsidir.
Azərbaycan öz siyasətinə sadiqdir, Heydər
Əliyev tərəfindən əsası qoyulan və Prezident
İlham Əliyevin zamanın o tələblərinə,
çağırışlarına, təhdidlərinə, təhlükələrinə
uyğun olaraq çevik şəkildə müəyyənləşdirdiyi,
ayrıca həyata keçirdiyi məqsədyönlü bir
siyasətdir. Və bu gün Azərbaycanın müstəqil siyasət yeritməsinin,
iqtisadi inkişafının, daxili ictimai-siyasi sabitliyin, vətəndaş
həmrəyliyinin qorunub saxlamasının əsas səbəbi
də məhz bu siyasətdən qaynaqlanır. Odur ki, “bizim
haqqımızda belə dedilər və yaxud da deyəcəklər”-
deyə, bu siyasətimizə gündə bizə ziyan gətirə
biləcək hansısa korrektələr edə bilmərik. Bu, bizim siyasətimizdir, biz bunu açıq şəkildə
bəyan edirik. Biz qoşulmamaq hərəkatının
üzvüyük. Qoşulmamaq hərəkatının
üzvü olan bir ölkə, yəni, hər hansı hərbi birliklərin,
hər hansı blokların üzvü olmayan ölkə necə
siyasət aparmalıdır ki? O, məhz hamı ilə ikitərəfli
əməkdaşlığa üstünlük verir və verməlidir.
Baxın, biz Avropa İttifaqı ilə də bərabərhüquqli
ikitərəfli əməkdaşlıq qurmaq istəyirik.
Baxmayaraq ki, onlar bizi digər respublikalarla bir gözdə
görərək, hamıya eyni standart tətbiq etməklə
bunu həyata keçirmək istəyirlər və məhz
ona görə də problemlərlə üzləşirlər. Həm özləri problem
yaşayır, həm də o ölkələrlə ki,
münasibətlər qururdular onlar çox çətin
ziddiyyətlər girdabına düşüb və bu gün
də onların oradan tez çıxa ,
özünü düzəldə , özünəməxsus
siyasət yeridə biləcəyi çox şübhəli
görünür. Bu, İnandırıcı
görünmür. Ona görə də Azərbaycan
onu inkişafa, uğura aparan bu siyasətdən hansısa
kramerlərin, kozlariçlərin fikrinə görə niyə
dönməlidir ki? O necə dəyərləndirir-dəyərləndirsin,
biz Rusiya ilə əməkdaşlığa önəm
verdiyimiz kimi, Amerika ilə də əməkdaşlığa
üstünlük veririk, Fransa ilə əməkdaşlığı
xüsusilə, əhəmiyyətli hesab edirik. O, üç
ölkə həm BMT Təhlükəsizlik
Şurasının üzvləridir, həm Minsk qrupunun həmsədrləridir.
Necə ola bilər ki, bu ölkələrdən
hər hansı birinə üstünlük verək və
yaxud da biri ilə münasibətlərimiz digər ölkəyə
qarşı olsun? Bunu kimlərsə belə dəyərləndirə
bilər, öz maraqlarının ifadəsi üçün.
Amma Azərbaycan qətiyyən, bu mövqedə
deyil və biz ikitərəfli münasibətlərimizi beynəlxalq
hüququn prinsiplərdən yanaşaraq, ona da sadiqlik
nümayiş etdiririk.
– Sizcə,
bu durumda Azərbaycan Rusiyapərəst, Qərb- ABŞpərəst,
İranpərəst siyasət yeridir və ya yeritməlidir,
yoxsa?...
– Azərbaycan Azərbaycanpərəstdir. Biz heç kimin, necə deyərlər, qanadı ilə uçmuruq, heç kimin iqtisadi inkişafına, hərbi qüdrətinə, dünyada tutduğu yerə görə öz siyasətimizi qurmuruq. Əlbəttə ki, münasibətlərimizdə bəzi məqamları nəzərə alırıq, amma bu o demək deyil ki, biz tərəfdaşlarımızı birmənalı olaraq yalnız onların düşündüyünə, planlaşdırdığına uyğun seçirik. Biz bütün bu münasibətlərimiz içərisində Azərbaycanın maraqlarını əsas götürürük. Və əgər biz bu maraqları qorumaq üçün digərlərinin də maraqlarının ziddiyyətindən çıxmaq istiqamətində doğru yol tapa biliriksə, bu, bizim günahımız deyil, o bizim uğurumuzdur. Hər bir dövlət, onun rəsmi siyasəti ilk növbədə təmsil etdiyi ölkənin xalqlarını, onun vətəndaşlarını və onun maraqlarını irəliyə aparmaq istəyir. Bu baxımdan, biz də beynəlxalq ictimaiyyətin üzvü olaraq mövcud imkanlardan məhz bunun üçün yararlanmağa çalışırıq. Yəni, biz bir gün Rusiyanın, bir gün Amerikanın, bir gün Fransanın və yaxud da Almaniyanın maraqlarının ifadəçisi rolunda çıxış edə bilmərik. Bunun üçün başqa ölkələr var. “Yaxşı qonşularımız” var, bu rolu oynamaqla kimlərin ki, maraqlarını ifadə edirlər, bunu onlar üçün çox böyük uğurla həyata keçirə bilirlər. Amma özlərini və xalqlarını çox dərin bir quyuya saldıqlarının fərqindədirlərsə, bundan çıxa bilmirlər. Fərqində deyillərsə də, bunun üçün xalq düşünməlidir ki, bu iqtidar onlara nə dərəcədə sərf edir. Ona görə heç kim gözləməsin ki, Azərbaycan nə vaxtsa belə bir addımlar ata, belə bir səhvlərə, yanlışlıqlara yol verə, bununla da kimlərisə sevindirə, kimlərisə ruhlandıra bilər. Bu, qətiyyən olmayacaq.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2015.- 28 aprel.- S.9.