Azərbaycanın dini tolerantlıq

mühiti dünyaya nümunə kimi

 

İnanclı filosoflar və ilahiyyatçılar insanın ruh və bədəndən ibarət olduğu, yaşamaq üçün bədənin maddi, ruhun isə mənəvi qida almasının zəruriliyi fikrini müdafiə edirlər.

Əslində, ateist filosoflar da ilahi kitablardan qaynaqlanan bu fikrin əleyhinə deyillər. Sadəcə, onlar insanın mənəvi ehtiyaclarının ödənilməsi üçün dinin zəruriliyi fikrini qəbul etmirlər.

Onların ümumi mövqeyi belədir ki, din və onun qaynaqlandığı ilahi qüvvə insan təxəyyülünün məhsuludur. İstənilən halda inanc insanlar, din cəmiyyət üçün zəruri ehtiyacdır.

Bəs dinlərarası dialoq? Bunsuz bəşəriyyətin inkişafı mümkündürmü?

Dünyada onlarla din, yüzlərlə təriqət və dini dünyagörüşü var, amma insanların yaşaya biləcəyi bir planet mövcuddur. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, insanlar bu planetdə birgə yaşamağa və onu paylaşmağa məhkumdurlar. Heç şübhəsiz ki, bunun yolu isə qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan keçir.

 

Azərbaycanın tolerantlıq tarixinə qısa baxış

 

Tarixən dözümlük ənənələrinin bərqərar olduğu ölkəmizdə hazırda konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və sarsılmaz həmrəylik var. Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz. Çünki Azərbaycanın milli, dini və coğrafi xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti artıq xalqımızın genefondunda özünə yer tapıb.

Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək burada dini zəmində hər hansı münaqişə baş verməyib. Bu gün Azərbaycan dindarları din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər.

Qeyd etmək yerinə düşər ki, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini mənsubiyyət baxımından tərkibi daha da zənginləşdi. Bunu Bakının həmin dövrə aid dini xəritəsi də təsdiqləyir. 1913-cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik, lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki, tarixən çoxkonfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum bəhrələniblər. XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə nəinki tolerantlıq prinsiplərinə əməl olunurdu, hətta bu prinsiplər inkişaf etdirilirdi. Məlumdur ki, Bakıda yeni "Aleksandr Nevski" kafedral kilsəsinin tikilməsinə həm müsəlmanlar, həm də yəhudilər maliyyə yardımı ediblər. Müsəlman ruhanilər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırıblar, hətta müsəlman qadınlar öz gümüş zinət əşyalarını metal zənglərə əlavə olunması üçün kilsəyə bağışlayıblar. Başqa bir fakt: Arxangel Mixail məbədi yanan zaman bir çox müsəlman onun bərpasına köməklik göstərib.

 

Dünyada nadir rastlanan, amma

Azərbaycanda həyat tərzi olan faktlar

 

Yəqin çoxları razılaşar ki, hansısa dinə mənsub zəngin insanın başqa dinin mənsubları üçün öz vəsaiti hesabına ibadət evi tikdirməsi nadir hadisədir. Lakin bu nadir hadisə Azərbaycan cəmiyyəti üçün ənənəyə çevrilmiş ümummilli dəyərdir. Məsələn, XIX əsrin sonu XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi milyonçular öz hesablarına nəinki məscidlər, eləcə də bir neçə məbəd tikdiriblər. Başqa bir örnək isə Hüseynağa xan Naxçıvanskinin knyaginya Elizavetta Fyodrovnanın xatirəsinə münasibətidir. Qüdsdə dəfn olunmasını vəsiyyət etmiş knaginya Uralda əzablı ölümə düçar olur və Şərqi Avropada XX əsrin siyasi hadisələri zəminində onun vəsiyyətini yerinə yetirmək qeyri-mümkün hala çevrilir. Məhz Hüseynağa xan onun vəsiyyətini həyata keçirmək zəhmətini öz üzərinə götürərək knaginyanın Qüdsdə dəfn olunması üçün külli miqdarda vəsait xərcləyib. Bu xüsusiyyətinə görə Azərbaycan dünyada nadir ölkələrdən biri, bəlkə də birincisidir.

Digər bir məqam Bakıda Rus Pravoslav Baş Kafedral Kilsəsinin bərpası tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da geniş əks-səda doğurmasıdır. Yeri gəlmişkən, bu kilsənin inşasının və bərpasının çox maraqlı və hər bir azərbaycanlı üçün qürurverici tarixi var. Əvvəllər Con Mironosets kilsəsi adlandırılan bu məbədi məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tikdirib. 1920-ci ildə bağlanmış kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunaraq dağıntılara məruz qalıb. Müstəqilliyimizi bərpa etdikdən sonra isə Azərbaycan hökuməti tərəfindən Rus-Pravoslav kilsəsinə verilən ibadət ocağı əsaslı şəkildə təmir edilərək, əvvəlki görkəminə qaytarılıb.

Habelə 2003-cü ilin mart ayında Bakıda yəhudi sinaqoqunun dindarların istifadəsinə verilməsi dünya yəhudilərinin tarixinə əlamətdar hadisə kimi düşüb. Regionda ən böyük sinaqoq sayılan bu ibadətgahın tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası yaxından iştirak edib. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun tikintisində iştirakı və yardım göstərməsi isə dünyada analoqu olmayan hadisədir.

 

Dövlət rəhbərliyinin müstəsna diqqət və qayğısı

 

Hazırda dövlətimizin dini siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlük mühitinin daha da inkişaf etdirilməsi və dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılması ilə ölkədə din siyasəti daha da möhkəmləndirilərək, tolerantlıq mühitinin inkişaf etdirilməsinə yeni bir təkan verilib.

Onu da bildirək ki, bütün regionda ilk dəfə 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi Azərbaycanda qeyd edilib və 1999-cu ildə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə olub. O, bu təşəbbüsü ilə həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirib, həm də gələcəkdə mütərəqqi bir ənənənin yaranması üçün zəmin hazırlayıb.

Bu ənənənin davamı kimi, Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciət edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün öz töhfələrini verir.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin layiqli davamçısı kimi böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir. Aparılmış tikinti, yenidənqurma və bərpa işlərindən sonra Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətgahları, habelə unikal memarlıq üslubu ilə yenicə inşa edilmiş Heydər Məscidini görəndə hər bir azərbaycanlının qəlbi iftixar hissi ilə dolur. Bu müqəddəs ocaqlar öz unikal milli memarlıq xüsusiyyətləri və tarixiliyi ilə ölkəmizin çağdaş mədəni simasına misilsiz gözəllik və zənginlik gətirmiş, vətənimizin İslam dünyasında yerini möhkəmləndirmiş və nüfuzunu daha da artırıb.

Yeni məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisi və bərpasında YUNESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Fond öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verir.

"Azərbaycan tolerantlıq ünvanıdır" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsən şəhərində məscid tikilib. Habelə ölkəmizdə bir çox məscidlərdə, eləcə də Bakı şəhərindəki "Müqəddəs Məryəm" katolik kilsəsində və s. dini ocaqlarda yenidənqurma və bərpa işləri aparılıb.

 

Dünya ictimaiyyətinin etirafı

 

Yuxarıda qeyd etdiyimiz tolerantlıq nümunələrimiz təkcə bizim məmnunluq və iftixar hissi ilə qeyd etdiyimiz fakt yox, həm də mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.

Ötən illərdə həm Moskva və Ümumrusiya Patriarxı II Aleksinin, həm Roma Papası II İohann Pavelin, həm Gürcüstan Patriarxı II İlyanın, həm də Rum Patriarxı I Varfolomeyin Azərbaycana yüksək səviyyədə səfərləri təşkil olundu və onlar istər-istəməz buradakı tolerantlığın şahidinə və təbliğatçısına çevrildilər.

2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi ölkəmizdəki tolerantlıq mühitinə, necə deyərlər, heyran qaldı və səmimi etiraflar etdi: "Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta, bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrdə belə yoxdur".

Azərbaycana səfəri zamanı Ulu Öndərimizə müraciətlə "Siz bu torpaqlarda yaşayan insanların bərabərhüquqlu olmaları, öz dinlərinə etiqad etmələri, bərabər işləmələri və bir-birilərinə qarşı durmamaları üçün səy göstərmiş və buna nail olmusunuz", - deyən Moskva və Ümumrusiya Patriarxı II Aleksi əslində, bu sözləri ilə həm Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdi, həm də Azərbaycanda insan hüquqlarının, o cümlədən, vicdan azadlığının qorunduğunu və nəticədə ölkədə nümunəvi spesifik bir tolerantlıq mühiti formalaşdığını təsdiqlədi.

Roma Papasının Bakıya səfərə gəlməsi və "Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər" - deməsi və bu fikirlər dünyanın ən nüfuzlu telekanallarında, qəzetlərində yayımlanması tolerantlığımızın başqa bir qürurlandırıcı məqamıdır.

Rum Patriarxı I Varfolomeyin Azərbaycana səfəri zamanı buradakı tolerantlığa verdiyi qiymət də çox maraqlıdır: "Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm".

Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması həm də xarici siyasətçilərin və diplomatların etiraf etdikləri həqiqətdir. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun keçmiş rəhbəri Cerar Ştudman etiraf etmişdi ki, "Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyil. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik".

Şübhəsiz ki, vaxt ötdükcə hər şeyi dəyişdirən zaman xalqları, cəmiyyətləri də dəyişdirir. Azərbaycan da bu dəyişiklikdən, inkişafdan kənarda qalmayıb və qala da bilməz. İqtisadiyyatı, mədəniyyəti, bir sözlə, bütün potensialı inkişaf edən Azərbaycanda dəyişməyən yalnız tarix boyu daşıdığı missiyadır: sivilizasiyaların və dinlərin qovşağı, eləcə də dözümlülük ənənələrinin beşiyi və nümunəsi olmaq.

 

İsgəndər HƏSƏNOV

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

525-ci qəzet.- 2015.- 1 iyul.- S.6.