Tale povestləri

 

Qənbər Şəmşiroğlunun povestləri  onun bir neçə il bundan əvvəl nəşr edilmiş "Tale  oxşarlığı" (2009)  kitabında toplanmışdır. Və  həqiqətən də,  povestlərin mövzusu olan talelərin oxşarlığı  maraq doğurmaya bilmir.

Lakin o da var ki, bu oxşarlıqlar üzdə deyil, yazıçının həssaslıqla axtarıb  tapdığı, hətta bəzən kəşf etdiyi çox dərin sosial- mənəvi  qatlardadır.

İnsan, adətən, elə hiss edir  ki, tamamilə fərqli bir həyat yaşayır,  ancaq dərindən düşünəndə (haqqında  söhbət açacağımız povestlərin müəllifi kimi) görürsən ki, həm xoşbəxtliyə, həm də bədbəxtliyə aparan yollar təxminən  eynidir.

Kitaba ön söz yazmış Füzuli Ramazanoğlu qeyd edir ki, "müəllif burada  mənəvi dünyamıza qara ləkə olan, mənfi  əməlləri ilə cəmiyyətmizdə eybəcərliklər yaradan, şəxsi ambisiyası naminə başqalarının heysiyyətinə toxunan, özündən başqa heç kəsi düşünməyən və s. kimi həyatımızda tez- tez baş verən mənfilikləri açıb göstərir... Bununla yanaşı... insan kamilliyini, onun daxili saflığını tərənnüm etməyə çalışır"...

Qənbər Şəmşiroğlunun nəsr yaradıcılığının ideya- estetik məzmun- mündərəcəsini tamamilə düzgün müəyyənləşdirən bu mülahizə həm də ona görə əlamətdardır ki, yazıçının qələmə təsadüfən əl atmadığını, nəsrə özünəməxsus missiya - mövzularla gəldiyini göstərir.

"Bir gözəlin taleyi" povesti baharın təsvirilə başlayır. "...Çəməni, gülü, çiçəyi, bülbülü, rəngləri, boyaları bir- birinə  yaxınlaşdıran, qovuşduran, vahidləşdirən,  cansızları cana, qansızları qana, ürəksizlərin, duyğusuzların ürəyinə ilıqlıq, mülayimlik gətirən" bir bahar günündə Rəmziyyə müəllifə öz həyatını danışır. Və həyəcanlarla, mürəkkəb psixoloji məqamlarla,  təsirli səhnələrlə zəngin olan bu həyat bir Azərbaycan qadınının taleyi üçün kifayət qədər səciyyəvidir.

...Rəmziyyə ailəsini zəhməti, alın təri ilə dolandıran bir kişinin qızıdır. Yeddinci sinfi tərifnamə ilə qurtardıqdan sonra Pedaqoji Texnikuma daxil olur ki, tezliklə təhsilini başa vurub müəllim işləsin, ailəsinə kömək olsun.

Kənd məktəblərindən birində pedaqoji təcrübə keçərkən həmin məktəbin direktor müavini Qüdrət müəllim Rəmziyyəyə vurulur. Bu bilikli, səviyyəli, təvazökar gənc Rəmziyyənin  xoşuna gəlsə də, ona tələsməməyi məsləhət görür. Deyir ki, əvvəlcə atası, ailəsilə məsləhətləşməlidir... Rəmziyyənin fikri yaşadıqları rayon mərkəzinə yox, dədə- baba kəndlərinə təyinat almaq idi. Bu barədə Qüdrət müəllimə də demişdi. Lakin iş elə gətirir ki, ona  rayon mərkəzindəki məktəbdə çalışmağı  təklif edirlər.

Bu zaman maraqlı bir hadisə baş verir. Rəmziyyə eşidir ki, Qüdrət onun yanında  olmaq üçün iş yerini onların kəndinə dəyişib.  Odur ki, o da rayon mərkəzində qalmayıb kəndə getməyi qərara alır. Və  anasına ürəyini açır:

"Ana, verdiyim sözə Qüdrətin inanıb belə bir addım atmasının qarşısında mən nə etməliyəm?! Deyin görüm, nə etməliyəm?! O gör mənə nə qədər inanıb ki, mənim hara təyinat alıb- almamağımdan asılı olmayaraq təyinatını  kəndimizə dəyişib. Gül kimi işini, elini- obasını qoyub, kişi kimi gəlib. Mən isə namərdlik etmişəm, sözümün üstündə durmamışam. Özümü təhqir edilmiş sayıram. Ana, biabır oldum. Özümü ancaq təyinatımı kəndə dəyişməklə durulda bilərəm, vəssalam".

Qızının doğru danışdığını görən həssas ana Qüdrət müəllimi evlərinə dəvət edir. Məsləhətləşdikdən sonra belə qərara gəlirlər ki, ailə qurana qədər Rəmziyyə rayon mərkəzində qalsın, Qüdrət isə  kənddə işləsin ki, rayon yeridir, artıq söz- söhbət olmasın.

Ancaq atalar demiş, sən saydığını say, gör fələk nə sayır...

Rəmziyyəni rayon komsomol təşkilatında  işləməyə dəvət edirlər. Qüdrətin intuisiyası (və təcrübəsi) ona  diqtə edir ki, bu işin axırı yaxşı olmayacaq, bununla belə sevgilisinin ürəyinə dəymək istəmir...

"Rəmziyyə, mən dörd il institut Komsomol Komitəsinin katibi olmuşam. Komsomol işinin nə demək olduğunu yaxşı bilirəm. Onu  da deyim ki, bu işə baş vuran qızların çox  maraqlı talelərinin şahidi olmuşam. Özün bilən yaxşıdır. Necə arzundu, elə də etginən".

Əslində, bu "komsomol işi"nin sonunun yaxşı qurtarmayacağını təhtəlşüur olaraq Rəmziyyə də hiss edir:

"Axşam Qüdrətlə çox söhbətləşdik. O  özünü çox təmkinli aparırdı. Amma ürəyim mənə deyirdi ki, sən öləsən, Rəmziyyə. İradəsizlik eləyirsən, oyuncağa çevrilirsən. Sənin  axırın nə olacaq? Nə? Nə?"

Rəmziyyənin qohumları ona elçi göndərən Qüdrəti təhqir edirlər. Və bu təhqirlərə dözməyən Qüdrət rayonu tərk eləməli olur.

..."Komsomol xanım"ın həyatının bu cür laübalı dövründə "iri, badımcansayağı burnu, sarışın, qalın saçları, dəvə dodaqlarını xatırladan sallaq alt dodağı, qıpqırmızı sifəti olan birisi" peyda olur ki, bu "qoçaq, üzdə olan, bacarıqlı adam", sən demə, Rəmziyyənin dayısı düşürmüş. Çox keçmədən Əhəd  dayı pay- püşlə onlara gəlib "guruldayan səsi ilə" Rəmziyyənin ata- anasını "məzəmmət" edir:

"Ayə, mənim başım kolxozda qarışıb, siz niyə uşağın komsomolda işləməsini mənə deməmisiniz? Bilirsiniz ki, bu  rayonun bütün işçiləri hamısı mənim itimdir.  Oy vurdum hürəcək, "Sakit ol!" desəm kiriyəcəklər"...

qədər "qoçaq, üzdə olan bacarıqlı adam" sayılsada, ondan qat- qat tərbiyəsiz, mərifətsiz və kobud olan "Əhəd dayı" bütün rayon qarşısında  özünü Rəmziyyənin "nəzarətçisi, ağsaqqalı, yolgöstərəni" elan edir.

imkan tapan kimi bacısı qızını ələ keçirir...

"Mən otaqda tək qaldım. İkinci gün idi ki,  ağrıyırdım. Dayım mənim yanımı kəsib  oturmuşdu...

Həmin səhər mən ona artıq "Əhəd dayı" yox,  ancaq "Əhəd" deyə müraciət etməli oldum.  Doğrusu ağlım başımda deyildi. Amma indi mənə  Əhədin neçə ildən bəri bizim ailənin ətrafında niyə hərlənməsinin, göstərdiyi canfəşanlığın,  qayğıların arxasında nəyin dayandığı aydın oldu".

Alçaqcasına təhqir edilmiş Rəmziyyə özünü öldürməyə cəhd eləsə də sağ qalır.  nəticə etibarilə, Əhədin qeyri- qanuni  arvadına çevrilir.

...Rəmziyyə müəllifə bu kədərli tərcümeyi- halını (taleyini!) danışanda Əhəd  sağalmaz xəstəliyə düçar olmuşdu. Onu iflic vurmuşdu.

iki uşaq anası Rəmziyyə məcbur idi ki, ona baxsın...

Yazıçı bu povestdə (eləcə də bundan sonrakı povestlərilə) belə bir qənaətə gəlir ki, insanın bədbəxtliyi, əsasən, onun cəmiyyət, ailə, öz idealları, arzuları (və sevgisi) qarşısındakı məsuliyyətsizliyindən, laqeydliyindən törəyir. Və əgər bunlar varsa, deməli, xoşbəxtlikdən bəhs etmək də mümkün deyil.

..."Adam kimi ölməyib" povestində bir gəncin məhəbbətindən danışılır...

Dostu ilə yaylağa gəzməyə gələn  Qəhrəman təsadüfən Gültərlə rastlaşır. Və hələ orta məktəbdə oxuyan, zorla özündən yaşlı, ancaq imkanlı olan Nuru adlı adama nişanlanmış bu qıza vurulur.

Gültərin oxuduğu məktəbdə dərs deyən, Qəhrəmanın keçmiş sinif yoldaşı Əli müəllim öyrənir ki, qızın "nişanlı"sından zəhləsi gedir. Ona görə də  Qəhrəmanın Gültərlə qovuşması üçün əlindən gələni əsirgəmir.

Nuru xəstə imiş. "Nişanlı"sını da götürüb Rusiyaya müalicəyə gedir. Qəhrəman isə ail təhsilini başa vurub rayona qayıdır. Onu raykoma şöbə müdiri təyin edirlər.

Məlum olur ki, Nurunun xəstəliyi sağalan  deyil.

Qəhrəmanla Gültər görüşüb əhd- peyman bağlayırlar. Lakin Nuru yenidən müalicəyə gedir, "nişanlı"sını da zorla özü ilə aparır.  Və oradan onların evlənməyi xəbəri gəlir.

Qəhrəman rayona təyinatla gəlmiş bir həkim qızla - Fidanla tanış olub ailə qururlar.

Sonra məlum olur ki, Gültərlə Nurunun evlənməsi şaiyə imiş. Odur ki, Qəhrəman öz sevgisi uğrunda cəsarətlə mübarizə aparmadığı üçün özünü qınayır... Ancaq Gültərin günahı da az deyildi.

Qəhrəman raykomun birinci katibi seçilir. Gültər isə Nurudan ayrılıb Arif adlı mühəndis qohumuna ərə gedir. O Arifə ki, Qəhrəmanın orta məktəb yoldaşı idi. Və aralarında xətir- hörmət vardı.

Fidan uşaq doğarkən ölür. Qəhrəman yeni doğulmuş oğlu Şəmini anasız böyütməli olur.

Gültərə görə Arifə vəzifə verən, onların normal yaşaması üçün qayğı göstərən Qəhrəman təsadüfən öyrənir ki, Gültər  Arifin qanmazlığı, kobudluğu ilə məşhur müdiri Əflatunla oturub- durur, ərinə xəyanət edir.

Povest bu xəyanətdən sarsılan Qəhrəmanın sözlərilə bitir:

"Balaca Şəmin bir dəfə soruşdu ki, ata, bu xala kimdir, onun şəklini anamın yanına niyə qoymusan? Dedim ki, quzum, o mənim vaxtı ilə bu dünyada ən çox xətrini istədiyim, hörmətini saxladığım, ən qiymətli, ən sədaqətli bildiyim bir xaladır. O ölüb,  amma adam kimi ölməyib, çox eybəcər ölüb!"

Qəhrəman hər gün görmək üçün divara yan- yana iki şəkil vurmuşdu: bu dünyadan ləyaqətlə getmiş (ona bir oğul bağışlamış) Fidanın şəkli... Bir də sağkən "çox eybəcər ölmüş" Gültərin şəkli...O Gültərin ki,  əri Arif kəndə gedəndə yanındakı kiçik oğlundan belə utanmayıb oynaşı Əflatunu axşam evə eşqbazlığa çağırır...

Povestdə hadisələrin mürəkkəbliyinə, çoxşaxəliliyinə, həyat sürprizlərinin bolluğuna baxmayaraq, ideya dastan poetikasında və ya estetikasında olduğu kimi müstəqim,  yaxud birbaşadır. Yazıçı təfərrüatı  nə qədər uzatsa da mətləbi zədələmir. Əksinə, təfərrüat qəhrəmanların xarakterini, düşdükləri müxtəlif (və tamamilə həyati, canlı) situasiyalarda özlərini aparma üsullarını göstərməyə imkan verir.

... "Bütövləşmək istədim"... povesti ağrılı bir epiqrafla başlayır: 10 iyun 1990- cı ildə Tərtər-Kəlbəcər yolunun Otaqqaya ərazisində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, Dədə Şəmşirin "Qaragöz bala" deyə əzizlədiyi üç uşaq anası olan şəhid bacım Çimnazın əziz xatirəsinə həsr edirəm"... Və müəllif göstərir ki, bu povestdəki hadisələr, obrazlar real həyatdan götürülmüşdür.

Əslində, Qənbər Şəmşiroğlunun bütün əsərləri real həyatdan gəlir... Ya birbaşa, ya da dolayısı ilə...

Povestin maraqlı strukturu kompozisiyası mövcuddur. Xüsusilə o baxımdan ki, hadisələrin gedişi çox zaman, "Bir gözəlin taleyi"ndə olduğu kimi, əsərin qəhrəmanının - Xumarənin qonşusu, rəfiqəsi Dürdanəyə söhbətlərində təqdim olunur.

...Xumarənin anası atasından ayrılır. Ana- bala kasıblıqla dolanırlar.

Xumarə orta məktəbi qurtarıb ali məktəbə daxil olur. Təsadüfən tanış olduğu Fədo adlı bir gənc ona kömək edib qiyabi şöbəyə keçirir ki, həm işləsin, həm də təhsil alsın.

Vəziyyətin o qədər anlaşıqlı olmamasına baxmayaraq Xumarə Fədoyla qeyri- qanuni görüşür...  Və birdən Fədo yoxa çıxır, sonra məlum olur ki, o, başqa bir qızla evlənib.

Bir müddət keçir. Fədo Xumarəyə zəng edib deyir:

"... Sənə qurban olum. Sən mənim başımın tacısan, ruhumsan... And içməyəcəm, mən ata- anamın tələsinə düşüb qohumumla evlənməyə məcbur oldum. İndi it kimi, lap murdar it kimi peşmançılıq çəkirəm".

Fədonun yalvarışları Xumarəni "yumşaldır"... "Ona mənəvi zərbə vurmağa çalışırdım. Yəni bir istəyim bu idi ki, onun ailəsi dağılsın. Sonra  isə mən onu bir daha rədd edim"...

Lakin Xumarənin Fədonu "aldatmaq" istəyi baş tutmur. Əksinə, özü pis vəziyyətə düşür... Fədonun xahişilə lüt şəkillərini çəkib SMS- ona göndərir ki, işlərini "qaydaya salana kimi o şəkillərə baxıb təsəlli alsın".

Fədo Xumarənin açıq- saçıq şəkillərini internetə ötürür.

... "Axırda qərara gəldim ki, intihar edim. O da mənə qismət olmadı, ölmək istəsəm də ölə bilmirdim. Mənim bu internet dastanım, axır ki, nənəmə, anama,  xalam oğluna və xalam qızına bəlli oldu. Biçarə  anam şok vəziyyətinə düşdü, çətinliklə özünü düzəldə  bildi, qoca nənəmin peşəsi ağlamaq oldu"...

Vəziyyətin kritik məqamında təsadüfən işıq yolu görünür... Kənddə fermer təsərrüfatı  yaratmış bir kişi xidmətçi axtarırmış. Xumarə  bu kişiyə - Əkbər dədəyə sığınmalı olur. Və onun keşməkeşli həyatına bir hüzur gəlir...

Bu o Əkbər dədə idi ki, böyük bir təsərrüfat  yaratmışdı, Dilarə nənə ilə qalırdı, çoxlu işçiləri  var idi... Və "Əkbər dədənin oğlanları, qızları,  maşallah, hamısı Bakı şəhərində yaşayır, hamısının  evi, maşını, işi vardı. Onlar hərdən- birdən dədələrinə, analarına baş çəkməyə gəlirdilər".

Xumarə başına gələn əhvalatları, xüsusilə onu təqib etmələrini Dilarə nənəyə danışır. Əkbər dədə təzə xidmətçisinin uğursuz taleyindən xəbər tutduqda onu məzəmmət etsə də, ürəyində düşdüyü "pravakasiya"dan bu məzlum qadını qurtarmaq qərarına  gəlir. ona deyir:

"Qızım, düzünü desək, bütün hadisələrdə günahkar sən özünsən. Yəqin eşitmiş olarsan, Dədə  Şəmşir deyir ki:

Bir ocaq qalasan palıddan qala,

Samandan heç zaman köz düşə bilməz.

Namusa deyiblər alınmaz qala,

Qorusan, şəklinə iz düşə bilməz".

Bir müddət sonra anasının təkidilə Xumarə arvadından boşanmış bir qohumuna ərə gedir. Əkbər dədə onu toy- düyünlə yola salır.

Ancaq Xumarənin yeni sevdası da əri Sabitin alçaqlığı üzündən uğursuz çıxır. Dədə  vəziyyəti bildikdə onu yenidən öz yanına gətirir. Xumarə artıq hamilə idi.

Dilarə nənə rəhmətə gedir.

Əzab çəkən Xumarəni sakitləşdirmək, həyat eşqini yüksəltmək üçün müdrik Əkbər dədə ona böyük insanların məhəbbətindən söhbət açır. axırda onu xilas etmək,  dedi- qodudan qorumaq məqsədilə Xumarəyə  "Çalıquşu"ndakı Xeyrulla bəy kimi  "evlənmək" təklif edir.

Bütün problemlərə baxmayaraq Dədə Xumarəni ( onun oğlu Pərvini) müdafiə edir,  yaşadır... Ancaq Xumarə keçirdiyi əsəb sarsıntılarına dözməyib vəfat edir. bütövləşməyə çalışan bir talenin dastanı burada  tamam olur...

Fikrimizcə, Dədə Əkbər həm yazıçının, həm müasir Azərbaycan nəsrinin ən maraqlı obraz tapıntılarından biridir.  Epos təfəkküründən gələn bu obraz göstərir ki, bizim ictimai- mənəvi dünyamız hər şeyin alınıb- satıldığı, xırdalandığı zəmanəmizdə epik (metafizik!) kişilərdən xali deyil...

...Qənbər Şəmşiroğlu "Qızlardan muğayat olun" povestində nəsr yaradıcılığı üçün ənənəvi olan mövzunu davam etdirir.

Rayonlardan birinin baş həkimi Vahidin cib telefonuna zəng gəlir. Məlum olur ki, bu, onun vaxtilə sevdiyi Gülxardır. İyirmi ildən sonra onu arayır.

Gülxarla görüşürlər. O artıq yaşlaşmış,  əvvəlki gözəlliyini, demək olar ki, tamamilə itirmişdi.

Vahid həkim onu müalicə edir. Cibinə pul qoyub yola salır.

Gülxarın əri içki düşkünü idi. O, arvadını, qızını da götürüb xaricə getmişdi ki, çoxlu pul qazansın. Varlı bir türk adamı onlara kömək etmiş, qızları Tərminəyə bir  "Mersedes" bağışlamışdı... Sonra Bakıya  qayıdan "ailə" çox çətin dolanır.  Tərminə xəstə, içki düşgünü atasına sürücülük  edir, xırda alverlə məşğul olurlar.

Vahid həkim qonşu rayonun icra başçısı, çox hörmətli, müdrik bir insan olan Mehdi müəllimin həyat yoldaşını əməliyyat edib ölümdən qurtarır. onlar dostlaşırlar... Vahid həkim icra başçısından xahiş edir ki,  Gülxara, onun qızına ya rayonda, ya da Bakıda düzəltsin.

Təbiəti etibarilə xeyirxah olan, heç kimdən öz köməyini əsirgəməyən Mehdi müəllim hər vasitədən istifadə edir ki,  pozulmuş "ailə"ni, xüsusilə gənc Tərminəni doğru yola, normal həyata qovuşdursun. Həyat yoldaşı Qönçə ona kömək edir. Lakin təbii ki,  ortaya çoxlu çətinliklər çıxır... Tərminə tanış olduğu Mehdi müəllimi rəfiqələrinə "jirnıy qaz" kimi təqdim edib ondan çox tez- tez pul tələb eləsə , təcrübəli insan  işin sonunu gözləyir.

nəhayət, Mehdi müəllim istədiyinə nail olub Tərminəni ( onun ailəsini) düz yola qaytara bilir.

Günümüzün insanını ( onun təbiətini!) dərindən bilən yazıçı "ailə" adlanan humanist mənəvi- ictimai (əxlaqi!) hadisənin həyat ( insan taleyi!) üçün qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Ancaq təbii ki, quru mühakimələrlə, sxematik- didaktik mülahizələrlə və ya yıpranıb didilmiş "tərbiyə üsulları" ilə yox, canlı, təəssüf ki, hər gün gördüyümüz, yaxud eşitdiyimiz həyat hadisələrinin "anatomiya"sına, mahiyyətinə varmaqla...

 

Nizami Cəfərov

 

525-ci qəzet.- 2015.- 1 iyul.- S.7.