Maarif və mədəniyyət tariximizdə
işıqlı
bir sima - Rəşid bəy
İsmayılov
Azərbaycan
pedaqoqu, publisisti və tarixçisi Rəşid bəy
İsmayılov XX əsrin əvvəllərindəki Azərbaycan
jurnalistikası və publisistikasının az
öyrənilmiş nümayəndələrindəndir. Xalq kütləsi arasından çıxmış,
zəhmətkeşlərin mənafeyini müdafiə edən,
müəllim və ədib kimi ictimai fəaliyyət
meydanına gələn, mənsub olduğu xalqının
maariflənməsi yolunda xüsusi xidmətləri olan tarixi
şəxsiyyətlərdən biridir.
Rəşid bəy Əsəd oğlu İsmayılov
1877-ci ildə İrəvanda doğulub. İrəvan
müəllimlər seminariyasını bitirib.
Dövrün görkəmli şəxsiyyətləri Cəlil
Məmmədquluzadə, Məhəmməd ağa
Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu),
Əlimərdan bəy Topçubaşov və başqaları
ilə sıx münasibətdə olub, onlarla birlikdə fəaliyyət
göstərib. "Müxtəsər Qafqaz
tarixi və Zaqafqaziyada zühur edən məğrur türk ədib
və şairlərinin tərcümeyi-halları"
kitabını (Tiflis, 1905) yazıb, Z. Antonovun
"Koroğlu" pyesini gürcü dilindən Azərbaycan
dilinə tərcümə edib. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Nazirlər
Şurasında məsul vəzifədə
çalışıb. Cümhuriyyətin
süqutundan sonra R. İsmayılov Bakıdakı 18 saylı məktəbdə
tarix müəllimi işləyib. 1923-cü
ildə "Azərbaycan tarixi" adlı kitabı çap
olunub. Əsərdə "Mavəyari-
Qafqazın elani-istiqlalı" hissəsi Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə,
"Azərbaycan Cümhuriyyəti" bölməsi isə
bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr
edilib.
Rəşid bəy İsmayılov 1941-ci ildə
Bakıda dünyasını dəyişib.
1905-ci ildə
azərbaycanca qəzet nəşr etmək üçün
Qafqaz senzura komitəsinə ərizə verənlər
içərisində Cəlil Məmmədquluzadə
(Gürcüstan MDTA, f.13, siyahı 6, iş 93, vər.1), Rəşid
İsmayılov ("Kavkaz", 1905, ¹197), Qafqaz canişini dəftərxanasının
Hərbi-xalq idarəsinin tərcüməçisi, Qori müəllimlər
seminariyasının yetişdirməsi Məmmədbəy Vəkilov
("Kavkaz", 1905, ¹205), Batumdan Məmmədbəy Sancaqbəyzadə
və Şəkidən Əbdülməbud Mustafayev
("Kavkaz", 1905, ¹227) də var idilər. Onlar müvafiq
olaraq,"Novruz", "Təzə zaman",
"İqbal", "Qumru",
"Günçıxan" adlı gündəlik ədəbi-ictimai
qəzet çap etmək istəyirdilər. Bu
ziyalılardan ilk üç nəfəri Tiflis ədəbi-ictimai
mühitində fəal iştirak edirdi. Onların qəzet
çıxarmaq təşəbbüsləri haqqında Azərbaycan
ədəbiyyatşünaslığında müəyyən
qədər yazıldığından, Əziz Mirəhmədovun
"Azərbaycan Molla Nəsrəddini" adlı fundamental
monoqrafiyasında isə həmin ilk üç müəllifin
qarşılıqlı münasibətləri, həm də
"Novruz", "Təzə zaman" və
"İqbal" qəzetlərinin nəşri ilə
mübahisəli cəhətlər kifayət qədər
aydınlaşdırıldığından biz yalnız həmin
ziyalılardan birinin- Rəşid İsmayılovun senzura komitəsi
ilə konfliktləri üzərində dayanmaq istərdik.
Rəşid bəy İsmayılov "Şərqi-Rus"
fəaliyyətə başladığı gündən M.
Şahtaxtinski, C. Məmmədquluzadə və Ö. F. Nemənzadə
ilə birlikdə həmin qəzetin redaksiyasında
çalışıb. XX yüzilliyin əvvəlindəki bir sıra Azərbaycan ziyalıları kimi
eyni zamanda, rus və Azərbaycan dillərində yazan R.
İsmayılov ictimai məsələlərə həsr
olunmuş məqalələri ilə həm Qafqaz, həm də
Rusiya mətbuatında ardıcıl çıxış
edirdi. Onun Yaxın Şərqə aid bir
çox məqalələri "Sankt-Peterburqskie vedomosti"
qəzetində çap olunmuşdu. Bəzi arxiv sənədlərində
R. İsmayılov həmin qəzetin əməkdaşı
kimi təqdim olunur (Gürcüstan MDTA, f.13, siyahı 6, iş
190, vər.1). Professional jurnalist olan R. İsmayılov bir ildən
çox "Tiflisskiy listok" qəzetində
çalışmış, "Şərqi-Rus"
bağlandıqdan sonra isə "Novoe obozrenie"nin
"Müsəlman həyatı" və "Yaxın Şərq"
şöbələrinə rəhbərlik etmişdi. O, Azərbaycan
və rus dilləri ilə yanaşı, gürcü dilini də
mükəmməl bilir və bu dildən tərcümələr
edirdi.
XIX əstin
90-cı illərindən teatra böyük maraq göstərən
R. İsmayılov beynəlmiləl tərkibli Azərbaycan
truppasını say etibarı ilə artmasına, repertuar
baxımından yeni əsərlərlə zənginləşməsinə
çalışırdı. Bu məqsədlə
o, gürcü dramaturqlarının əsərlərini Azərbaycan
dilinə tərcümə edirdi. XIX əsrin
80-ci illərində Azərbaycan səhnəsində
tamaşaya qoyulan ilk faciə əsəri-gürcü dramaturqu
Zurab Antonovun mövzusu Azərbaycan folklorundan alınan
"Koroğlu" pyesi ilk dəfə R. İsmayılovun tərcüməsində
azərbaycanlı tamaşaçılara göstərilmişdi
("Kavkaz", 1889, ¹49). Fikrimizcə, bu təkcə
gürcü dramaturgiyasından deyil, ümumiyyətlə
başqa dillərdən Azərbaycan dilinə tərcümə
olunan ilk səhnə əsəri idi. "Kafkaz"
hələ 1889-cu ildə oxuculara "Koroğlu"nun Azərbaycan
səhnəsindəki tamaşalarından biri haqqında məlumat
verərək yazırdı ki, bu gün, iyunun 9-da Bank
teatrında Azərbaycan dilində tamaşa göstəriləcəkdir.
Tamaşaya gürcü dramaturqu Zurab Antonovun Rəşid
bəy İsmayılov tərəfindən tərcümə
edilmiş "Koroğlu" dramı qoyulacaqdır. Tamaşada yığılan pul Azərbaycan teatr
fondunun yaradılmasına sərf ediləcəkdir.
("Kavkaz", 1889, ¹49).
R. İsmayılov, eyni zamanda, bir ədəbiyyatşünas
və tarixçi idi. Bu baxımdan onun "Şərqi-Rus" mətbəəsində
çap olunmuş "Qafqazın qısa tarixi və Azərbaycan
tatarlarının ədəbiyyatı" və
"Avropanın adət-ənənələri"adlı
kitablar diqqəti cəlb edir. Doğma
xalqının maariflənməsi, milli mətbuatın meydana gəlməsi
qabaqcıl bir ziyalı kimi Rəşid bəy
İsmayılovu sevindirirdi. O özü də qüvvə
və imkanları daxilində bu yolda yorulmadan
çalışırdı.
R. İsmayılov "Təzə zaman" adlı
geniş proqramlı bir qəzet çap etmək, onun vasitəsi
ilə yalnız azərbaycanlılarla ruslar arasında deyil,
Qafqazın digər xalqları arasında da dostluq və birlik
ideyaları yaymaq istəyirdi. O, Qafqaz canişinə
yazdığı ərizədə Zaqafqaziyada və Cənubi
Azərbaycanda yaşayan çoxmilyonlu azərbaycanlı əhalinin
ana dilində mətbuata son dərəcə böyük
ehtiyacları olduğunu xüsusi qeyd edirdi (Gürcüstan
MDTA, f.13, siyahı 6, iş 190, vər.1). Lakin Rəşid bəy
İsmayılovun 3 may 1905-ci il tarixli ərizəsi
Qafqaz senzura komitəsinin ciddi müqavimətinə rast gəldi
("Kavkaz", 1905, ¹197).
Canişin
dəftərxanasının 19 may və 2 iyul tarixi
sorğularına cavab olaraq senzura komitəsi bildirdi ki, Rəşid
İsmayılovun şəxsiyyəti, ictimai-siyasi
baxışları və fikir tərzi haqqında indiyə qədər
lazımi məlumat toplanmadığından komitə onun
xahişinə konkret cavab verməkdə çətinlik
çəkir.
Rəsmi sənədlərdən birində Rəşid
İsmayılov "təmiz, vicdanlı, işgüzar və
enerjili bir jurnalist, maarifpərvər bir ziyalı kimi qiymətləndirilsə
də, uzun yazışmadan sonra komitə bildirirdi ki,
"Rusiya müsəlmanları içərisində müxtəlif
dini və siyasi təlimlər vardır ki, onların mətbuat
vasitəsi ilə yayılmaları heç də həmişə
hökumətin mənafeyi üçün arzu olunan sayıla
bilməz. Buna görə də müsəlman
üçün yeni mətbuat orqanları meydana
çıxanda millətin ictimai fikrinə rəhbərlik etmək
məsuliyyətini öz üzərinə götürən
şəxsin hansı cəbhəyə mənsub
olmasını müəyyənləşdirmək
mühüm əhəmiyyət kəsb edir. Çünki onların ümumi inkişaf səviyyəsi
o qədər zəifdir ki, mətbuatda yazılanların
hamısının həqiqət olduğuna kor-koranə
inanırlar".
Komitə bu baxımdan Rəşid İsmayılovu hələlk
tam inanılmış şəxs saymır, hətta belə
bir əsassız iddia irəli sürürdü ki, "...R.
İsmayılovu paytaxt Tiflis qəzetlərindəki publisist fəaliyyəti
belə bir ehtimala əsas verir ki, o öz əqidəsinə
görə panislamizm təlimi tərəfdarlarından hesab
oluna bilər.
Bu təlim son vaxtlarda bir tərəfdən "Həyat"
və "Kaspi", o biri tərəfdən isə bir
sıra Tiflis qəzetləri arasında coşğun polemikaya
səbəb olmuşdur (Gürcüstan MDTA, f.13, siyahı 6,
iş 190, vər 10). Yenə də həmin mənbəyə
görə, göstərilənləri nəzərdə tutan
senzura komitəsi hələlik azərbaycanca qəzetlərin
nəşrinə icazə verilməməsini daha məqsədəuyğun
hesab edirdi.
"Şərqi-Rus"da əməkdaşlığı
dövründə senzura komitəsinin Azərbaycan mətbuatına
münasibətini özü üçün kifayət qədər
aydınlaşdıran Rəşid İsmayılov istər
panislamizm haqqında bəhanələrin, istərsə də
senzor çatışmazlığının arxasında nələr
dayandığını yaxşı bilirdi. Sonralar Cəlil
Məmmədquluzadənin öz xatirələrində də
yazdığı kimi, komitənin fəal əməkdaşları
olan "Kişmişov və Qaraxanov həmişə Rusiya
hökumətinin nəzərinə bunu yetirmək istəyirdilər
ki, Qafqazdakı cəmi türk (Azərbaycan-A. Y.) ədib
və jurnalistləri "panislamistdirlər və türk jurnalistləri
Qafqaz camaatını islam bayrağı altına çəkmək
istəyirlər (yenə orada)".
Senzura
komitəsinin bu iç üzü Rəşid İsmayılova
da yaxşı məlum idi ki, o Qafqaz canişininə göndərdiyi
28 iyul 1905-ci il tarixli yazılı məruzəsində ilk
növbədə komitənin şovinist və fitnəkar siyasətini
kəskin surətdə açıb göstərirdi. O, cəsarətlə
yazırdı: "Başqa müsəlmanlar (C. Məmmədquluzadə,
M. Vəkilov və b. nəzərdə tutulur-A. Y.) kimi, mənə
də senzor çatışmazlığı ucbatından qəzet
nəşrinə icazə verilməkdən imtina olunmuşdur.
Mən buna bütün varlığımla
etiraz edir və bu imtinanı ən ədalətsiz və
yaramaz bir hərəkət sayıram. Qəti
şəkildə bildirirəm ki, imtinanın səbəbi
zati-alinizə senzura komitəsi tərəfindən qərəzli
və həqiqəti təhrif edən məlumat verilməsidir
(Gürcüstan MDTA, f.13, siyahı 6, iş190, vər.14).
Qafqazdakı dörd milyonluq müsəlman əhalisinin
yalnız bir mətbuat orqanına -"Həyat" qəzetinə
malik olmasını Rəşid İsmayılov yerli əhaliyə
qarşı böyük insafsızlıq adlandırır,
senzura komitəsindəki erməni burjua millətçilərinin
antihumanist və şovinist mövqeyini ifşa edirdi. Çap etmək istədiyi
qəzetin senzura məsələlərinə gəldikdə
isə R. İsmayılov hələlik kiçik formatda nəşr
olunması nəzərdə tutulan və müəyyən
hissəsi elanlardan ibarət
"Təzə zaman"ın senzuradan keçirilməsinin
vur-tut 30-40 dəqiqə vaxt aparacağını göstərir,
"senzor çatışmazlığı"nın formal
və komitənin praktikasında tez-tez istifadə edilən bəhanə
oluğunu bilavasitə canişinin nəzərinə
çatdırdı.
Qafqaz
senzura komitəsinin Azərbaycan mətbuatına və ədəbiyyatına
düşmən münasibətini R. İsmayılov ilk
növbədə burada öz xalqının mənafeyini
müdafiə edə bilən azərbaycanlı senzorun
olmaması ilə izah edirdi: "Qafqaz senzura komitəsində
ermənilərdən, gürcülərdən və ruslardan
senzorlar var, müsəlmanlardan (azərbaycanlılardan- A. Y.) isə bir nəfər də yoxdur. Müsəlman mətbuatının senzuradan
keçirilməsi iki erməniyə-Kişmişov və
Qaraxanova tapşırılmışdır. Qəti şəkildə bildirir və sübut etməyə
hazıram ki (əks təqdirdə böhtan
atdığıma görə cavab verməyə hazıram),
onlar şərq dilləri ilə çox yarıtmaz səviyyədə
tanışdırlar (orada, vər. 16).
Azərbaycanlı ziyalılar tərəfindən senzura
komitəsinin nəzərinə dəfələrlə
çatdırılan bu həqiqət yenə də təsirsiz
qaldı. R.İsmayılovun ərizəsindən bir daha
aydın olur ki, komitənin sədri Qakkel öz əlaltılarını
gözdən salmamaq üçün Azərbaycan
ziyalılarının səsini hər vasitə ilə
boğmuşdu. "Mən təsdiq edirəm
ki, Kişmişov və Qaraxanov qabaqcadan əsassız olaraq
düşünülmüş şəkildə Qakkeli
müsəlman mətbuatı əleyhinə
qızışdırmaqla cinayətkarcasına bir qanunsuzluğa
yol vermişlər. Mən paytaxt mətbuatında
biçarə müsəlmanları müdafiə məqsədi
ilə bir neçə məqalə çap etdirmişəm.
Paytaxt qəzetlərində çıxan məqalələrimin
heç birində senzura uydurma panislamizmi azacıq da olsa
xatırladan, yaxud onu müdafiə edən heç bir şey
tapa bilməz"-deyə R. İsmayılov özünə məxsus
cəsarət və publisislik ehtirasla məsələnin əsl
mahiyyətini Azərbaycan mətbuatına münasibətdə
senzura komitəsindən o qədər də fərqli mövqe
tutmayan Qafqaz canişininin nəzərinə
çatdırmışdı. Ümumiyyətlə,
M.Şahtaxtinski, Ə. Ağayev, C. Məmmədquluzadə,
R.İsmayılov, M. Ş. Mirzəyev kimi müxtəlif cəbhələrdə
dayanan ziyalılar məfkurə və məsləklərindən
asılı olmayaraq Azərbaycan mətbuatının taleyinin
Kişmişov və Qaraxanova, azərbaycanlılara ögey
münasibət bəsləyən şəxslərə
tapşırılmasına qarşı
çıxırdılar.
Uzun
müddətli yazışmalardan və canişinə göndərdiyi
şikayət ərizəsindən sonra R. İsmayılov
"Təzə zaman"ın nəşrinə icazə ala
bildisə də, avqust ayında müəyyən mülahizələr
üzündən hələ "Şərqi-Rus" qəzetindən
yaxşı tanıdığı Cəlil Məmmədquluzadə
ilə birlikdə Məmmədbəy Vəkilovun
"İqbal" qəzetinin xeyrinə "Novruz" və "Təzə zaman" qəzetlərinin
nəşrindən imtina etdilər.
Almaz YURDSEVƏR
525-ci qəzet.-
2015.- 1 iyul.- S.6.