"Bu il Azərbaycan
ilidir"
"BİRİNCİ AVROPA OYUNLARI
QARABAĞ UĞRUNDA SAVAŞIN TƏRKİB
HİSSƏSİDİR
Milyonlarla
tamaşaçının heyrətinə səbəb olan
Bakı 2015: Birinci Avropa Oyunları başa çatdı. Azərbaycanın
uğurla ev sahibliyi etdiyi mötərəb idman tədbiri
dünya tarixinə qızıl hərflərlə
yazıldı.
Yarışlarda
285 idmançı ilə təmsil olunan ölkəmiz 21
qızıl, 16 gümüş və 20 bürünc medal
qazanmaqla ümumilikdə 50 ölkə arasında 2-ci yer tutdu.
Yaratdığı mühüm infrastruktur, yetişdirdiyi
güclü idmançılarla özünü idman ölkəsi
kimi bir daha təsdiqləyən Azərbaycan, həm də tərənnüm
etdiyi ən ali dəyərlərlə dünyaya sülh,
dostluq mesajları ötürməyə nail oldu.
"Ölkəmizin
yüksək səviyyədə təşkil etdiyi beynəlxalq
tədbir bir çoxlarında xoş təəssüratlar
yaratsa da, bəzilərinin qəzəbinə,
qısqanclığına da səbəb olub. Müstəqil
siyasət xəttinə malik Azərbaycanın
inkişafını, qazandığı nailiyyətləri həzm
edə bilməyən qüvvələr bu ərəfələrdə
öz çirkin məqsədlərini davam etdirərək
dövlətimizi ən geridə qalmış, sivil
hüquqların tapdandığı ölkə kimi dünya
ictimaiyyətinə təqdim etməyə
çalışdılar. Anti-Azərbaycan şəbəkəsi
avropalıları yarışları "boykot" etməyə,
Azərbaycana səfər etməkdən daşınmağa
çağırsa da onların məkrli niyyətləri
baş tutmadı. Xarici dairələr nə qədər canfəşanlıq
göstərsələrdə televiziya ekranları
qarşısında oyunları izləyən milyonlarla
tamaşaçının gördüyü real mənzərələr
qarşısında onlar öz acizlikləri ilə
barışmalı oldular. Nəticədə, təkcə
Avropadan deyil, eləcə də dünyanın digər qitələrindən
ölkəmizə təşrif buyuran minlərlə turistin,
oyunları televiziya vasitəsilə canlı izləyən
milyonlarla tamaşaçının yaddaşında Azərbaycan
sivil, demokratik, sülhsevər, tolerant və multikultural ölkə
kimi qaldı.
Cəmi
30 ay ərzində Azərbaycan istər təşkilatı,
istərsə də hazırlıq mərhələlərini
arxada qoyaraq dünya idman tarixində bir rekorda imza atdı.
Çünki buna qədər heç bir ölkə bu qədər
qısa vaxt kəsiyində Avropa Oyunları kimi böyük
bir tədbirin keçirilməsinə nail ola bilməyib. Bu
böyük məsuliyyətin öhdəsindən yalnız Azərbaycan
kimi hərtərəfli inkişafa, sabitliyə və sosial tərəqqiyə
malik ölkə gələ bilərdi. Azərbaycan bu oyunlara
ev sahibliyi etməklə həm də Avropa Oyunlarının
standartlarını müəyyənləşdirdi. Ona görə
də bu mötəbər tədbiri dövlətimizin idmana, gəncliyə
verdiyi böyük töhfə, qayğı və dəyər
kimi qiymətləndirmək lazımdır.
Millət
vəkili Zahid Oruc hesab edir ki, Birinci Avropa Oyunları gözləntilərimizin
fövqündə dayandı və qazandığımız
uğurlarla möhtəşəm hadisə kimi yaddaşlara həkk
olundu: "İlk növbədə bu oyunlar Azərabycanın
yüksək təşkilati hazırlığını
göstərdi. Biz qoçaq, iradəli, hədəfinin
arxasınca getməyi bacaran ölkənin birinci xanımı
Mehriban Əliyevanın timsalında bu işə yüksək
səviyyədə hazırlığı gördük.
Şübhəsiz ki, bütün məsələlər
dövlət başçısı İlham Əliyevin
adı və iradəsi ilə bağlıdır. Lakin
başqa tərəfdən nəzərə almalıyıq
ki, hər bir nazirlik və digər hökumət strukturu ilə
müqayisədə Mehriban xanım fərqli bir istiqamətdə
özünün yaratdığı kiçik komanda ilə o
proseslərin ideya tərəfini formalaşdıraraq layihələri
həyata keçirmək üçün nümunəvi model
ortaya qoydu. Bütün bunlar uğurla həyata keçdi. Ona
görə də Azərbaycan xanımının liderliyi, rəhbərliyi
fonunda həyata keçirilən tədbirlərə etibar etmək,
inanmaq mümkündür, lazımdır və vacibdir".
Millət
vəkili qeyd etdi ki, idman bizim iradəmizdən kənarda
siyasiləşdi: "İdmanı ayrı-ayrı dairələr
silah kimi bizim əleyhimizə yönəltməyə
çalışdı. Əgər Birinci Avropa Oyunları
bizim üçün siyasi tədbir olsaydı, bu yalnız Azərbaycanın
maraqlarına xidmət edə bilərdi. Beynəlxalq məkanda
yüzlərlə telekanal müxtəlif saatlarda "Bakı
2015" loqosu ilə Azərbaycan haqqında
hazırladığı geniş reportajlarla ölkəmizi
bütün dünyanın maraq obyektinə çevirdi.
Artıq "Bakı harada yerləşir?", "Azərbaycan
hansı qitənin dövlətidir?" kimi suallar bundan
sonrakı dövrdə verilməyəcək".
Z. Orucun
sözlərinə görə, biz etiraf etməliyik ki, ərazi
bütövlüyü problemi olan bir dövlətin vətəndaşlarıyıq:
"Hər birimiz fəaliyyətimizdə Qarabağı
axtarırıq. Bu gün elmi araşdırmalarla məşğul
olan, təhsil, hərb, iqtisadiyyat və digər sahələrdə
çalışan insanları da Qarabağ məsələsi
düşündürür, qayğılandırır. Bu tədbirin
mayasında da məhz Qarabağ amili dayanır. Birinci Avropa
Oyunları Qarabağ uğrunda savaşın tərkib hissəsidir".
Siyasi həyatda
beynəlxalq dairələr haqqında müxtəlif fikirlər
söyləndiyini xatırladan millət vəkilinin fikirlərinə
görə, ortaq mövqe odur ki, bu dairələrin qoruduğu
maraq və məqsədlər var: "Onlar rəzil niyyətlər
güdürlər. Neft-qaz sahəsində ölkə əleyhinə
təzyiq siyasətinin bir səbəbi var. Onlar daha çox mənfəət
əldə etmək üçün diqqətlərini bir
istiqamətdə cəmləşdirdilər. Bunlar bəzən
bizim tərəfimizdən səsləndirilən bir arqument
kimi qəbul olundu. Düşünüldü ki, biz sadəcə
həmin dairələrin mənzərəsini bu yolla
cızırıq. Bəzən bu onların niyyətlərini
pərdələyirdi. Ancaq bu hadisələrdə Avropa
özünü tam ortaya qoydu. Azərbaycan Qərb dairələrinin
hazırda hökumətlərdə təmsil olunan qüvvələrini
üzə çıxartmağa nail oldu. Lakin bununla Qərb
itirilmədi. Biz yenə də Avropa ilə münasibətlərimizi
qorumağa çalışacağıq. Bizim həmin
hökumətlərin iqtidarlarının niyyətlərini təyin
etmək imkanlarımız oldu. İstər Almaniyada Angela
Merkel, istər Böyük Britaniyada Ceyms Kameron iqtidarı, istərsə
də Amerikanın məlum dairələrinin bəlli
kampaniyalarda özünə yer alması onu göstərib ki,
sabah biz Cəbrayılın, Füzulinin kəndləri
uğrunda aparacağımız mübarizədə görəcəyimiz
reaksiyaları sanki bu oyunlarda müşahidə edə bildik. Yəni,
bu idmana münasibət deyildi, Azərbaycana münasibət
idi. Ona görə də, dost və düşmənlərimizin
təyin olunması baxımından da bu tədbir bizim
üçün son dərəcə əhəmiyyətli
idi".
Z. Oruc
deyib ki, idman milli ruhu ifadə edən böyük bir tədbirdir:
"Son iyirmi gündə hər kəs eyni hisslərə
kökləndi. Və bu bəlli siyasi intriqaları, dedi-qoduları
arxa plana çəkdi və millət birləşdi. İndi
bu idmandakı uğurları siyasi həyata, mədəniyyətə,
elmə gətirmək və orada bunu bərqərar etmək
lazımdır. Hamımız şahidi olduq ki, bu iyirmi gün ərzində
ictimai münasibətlər xeyli sivil oldu.
İnsanlarımız təcrübə topladı, texnoloji
inkişafımız xeyli irəlilədi. Bütün bu hadisələr
sadəcə idmanda qazanılan medallar kimi qalmalı deyil.
İndi bunu nəqliyyat idarəçiliyinə, siyasi idarəçiliyilə,
parlamentə, hökumətin fəaliyyətinə
daşımaq lazımdır. İnsanlar sadəcə iyirmi
günlük kampaniya dövründə deyil, ölkənin
ümumi həyatında əldə olunan uğurların bir
hissəsinə çevrilməlidir. Bu özünü
qanunçuluqda, vətəndaş haqlarının
qorunmasında ifadə etməlidir. Azərbaycan vətəndaşı
sadəcə Avropa Oyunlarında deyil, hər zaman
özünü avropalı kimi hiss etməlidir. Gənclik bu məsələlərdən
nə qədər qazanclı çıxdısa, bir o qədər
bu uğurları özünə yönəldə bilməlidir.
Yəni, bu sadəcə idmançıların deyil,
bütöv dövlətin mübarizəsi idi".
Millət
vəkili vurğulayıb ki, Azərbaycan insanı ölkə
lideri İlham Əliyevin başçılığı
altında növbəti uğura imza atdı: "Bu millət
öz gücünü gördü. Azərbaycan "Freedom
House"dan "Human Rights Wathc"a qədər müxtəlif
təşkilatların hazırladığı reytinq cədvəllərində
120-150-ci yerlərdə göstərilir. Bu günlərdə
də qərəzli qüvvələr öz fəaliyyətlərindən
geri qalmadılar: dinləmələr keçirib, müzakirələr
aparıb qətnamələr qəbul etdilər. Lakin Avropa
Oyunlarında Azərbaycan özünü ortaya qoyduğu sivil
modellə təqdim edə bildi. İndi isə bunu real həyatımızda
tətbiq etmək üçün nəticələr
çıxartmalıyıq. Ona görə də hesab edirəm
ki, Avropa Oyunlarındakı uğur ölkənin siyasi həyatında
da özünü göstərməlidir. Yaranmış bu
müsbət motivasiyasını, milli birliyi davam etdirmək
lazımdır. Bir idman tədbirinin yaratdığı hadisə
ölkənin gələcək həyatının hərəkətverici
qüvvəsinə çevrilməlidir".
Millət
vəkili Musa Quliyev qeyd edib ki, Azərbaycanın yüksək
səviyyədə ev sahibliyi etdiyi Birinci Avropa Oyunları
böyük tarixi hadisədir: "Bunun üzərindən
yüz illər keçsə belə Avropa Oyunları deyiləndə
ilk yada düşən Azərbaycan və onun paytaxtı
Bakı olacaq. Olimpiya Oyunları qədim Yunanıstanla
bağlı olduğu kimi Avropa Oyunları da müasir Azərbaycanla
bağlıdır.
Möhtəbər
idman tədbirinə uğurlu ev sahibliyi etməklə Azərbaycan
idman ölkəsi kimi özünü sübut etdi. Bununla Vətənimiz
daha böyük idman yarışlarına ev sahibliyi etmək
üçün əsas namizədlərdən birinə
çevrildi. Gələn il ölkəmiz Dünya Şahmat
Olimpiadasını, "Formula-1" yarışını,
2017-ci ildə İslam Həmrəylik Oyunlarını, 2020-ci
ildə isə futbol üzrə Avropa Çempionatının
final mərhələsinin dörd
qarşılaşmasını keçirəcək. Bütün bu idman tədbirləri
Azərbaycana iqtisadi dividendlər gətirəcək. Avropa
Oyunları zamanı Azərbaycana səfər edən əlli
ölkənin altı min idmançısı, minlərlə
tamaşaçı kütləsi xalqımızın mədəniyyəti,
tarixi, mətbəxi ilə tanış olmaq üçün
yenidən ölkəmizə gəlmək istəyəcəklər.
Heç şübhəsiz ki, ölkəmizə səfər
edən qonaqlar arasında biznes maraqları olan şəxslər
də var idi. Onlar Azərabaycanın biznes mühitini görərək
investisiya yatırmaq fikrinə düşəcəklər".
M. Quliyev
deyib ki, avroplılar Azərbaycan xalqının nə qədər
mədəni, tolerant, başqa dinlərə, mədəniyyətlərə
hörmətlə yanaşan xalq olduğunu görüblər:
"Millətimiz haqqında dünya insanında xoş təəssüratlar
yaranıb. Azərbaycan bir daha sabit, inkişaf edən ölkə
kimi tanındı. Bu bizim dövlətimizin güc və
qüdrətinin dünyaya nümayişi idi. Onlar Azərbaycanda
insan haqlarının yüksək səviyyədə
tutulduğunu, azad söz və ifadə
azadlığının mövcud olduğunu öz gözləri
ilə gördülər. Bundan sonra kimsə öz
maraqları naminə ölkəmizi tənqid etmək fikrinə
düşsə, hər kəs Azərbaycanda gördüklərinə
inanacaq və öz yaxınlarına əsl həqiqətləri
danışacaqlar".
Azərbaycan
diasporunun əlli ölkənin idmançıları,
tamaşaçıları qismində beynəlxalq aləmdə
yeni bir güc əldə etdiyini söyləyən millət vəkili
hesab edir ki, artıq Azərbaycan deyiləndə
dünyanın hər bir yerində sülhsevər ölkə
yada düşəcək: "Azərbaycanın möhtəşəm
səviyyədə təşkil etdiyi Avropa Oyunlarına ən
böyük qiyməti tarix verəcək. Yəni, bəlkə
də on milyardlarla dollar vəsait sərf olunsa belə Avropa
Oyunları kimi Azərbaycanın tanıtımı, təbliği
və müsbət imicinin formalaşdırılmasına kifayət
etməzdi. İki həftə ərzində dünya Azərbaycanı
layiq olduğu səviyyədə tanıdı. Beynəlxalq
ictimaiyyət ölkəmizin Avrasiyanın öncül,
demokratik, inkişaf edən, mədəni dövlətlərindən
biri kimi qəbul etdi. Bu baxımdan hesab edirəm ki, bu il Azərbaycan
ilidir".
Millət
vəkili Sahib Alıyev bildirib ki, Azərbaycanda Avropa
Oyunları gedəndə Avropada da Azərbaycan
"oyunları" gedirdi: "Amma bu oyunlar bir-birindən fərqlənirdi.
Biz bu oyunu avropalılar üçün təşkil
etmişdik. Avropada isə bizə qarşı təşkil
olundu. Azərbaycanda keçirilən oyunlar
tamaşaçılarda ancaq müsbət əhval-ruhiyyə
yaratmaq Avropada aparılan qaranlıq oyunlar isə ürək
bulandırmaq üçün idi. Azərbaycanda keçirilən
oyunlarda hər şey bacarana can qurban prinsipilə
aparıldı. Avropadakı oyunlarda bacaranın,
bacarıqlının gözdən salınması ön planda
idi və bunun üçün də əllərindən nə
prinsipsizlik gəlirdisə onu da etdilər.
Azərbaycanda
keçirilən oyunlarda avropalılara "biz birik, eyni bəşər
övladıyıq" deyilirdi. Avropadakı oyunlarda isə
aşağılayan və "aşağılanan"
vardı. O "aşağılanan" ki, Avropa
Oyunlarının gedişində də aşağılayandan
qat-qat yuxarıda durduğunu təsdiqlədi. Çox
uzağa getməyək, medal sayını götürək.
Azərbaycanın bu oyunlarda qazandığı qızıl
medalların sayı Avropanın orta çəkili ölkələri
kimi dəyərləndirilən Belçika, Danimarka,
Rumıniya, Portuqaliya, Polşa, Avstriya, Xorvatiya, Yunanıstan,
İsveç, Çexiya, Norveç və Finlandiyanın birgə
qazandıqlarından çox oldu. Söhbət qazanmaqdan gedir,
qərbdəki bəzi dövlətlər kimi kiminsə
başından vurub əlindəkini almaqdan yox".
S. Alıyev əlavə etdi ki, Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunlarında medal sayına görə birinci və sonuncu yerdə duranlar olsa da, uduzan olmadı: "Bu idman bayramından hamı zövq aldı, yarışlara qatılanlardan kimsənin narazılıq etdiyini görmədik. Bəs Avropada Azərbaycana qarşı aparılan oyunda kim uddu? Bu baxımdan ən çox canfəşanlıq edən Merkel Almaniyasımı? Almaniyanın ikinci dünya savaşından sonra müsbət imic formalaşdırmaq yönündəki yarım əsrlik çalışmalarını Merkel yerə vuraraq onu ötən əsrin 30-cu illərindəki dövrlərə qaytarmağa başladı. Ölkəsində bir çoxlarının dediyi kimi özü də xanım Kansler bunu amerikalıların tapşırığı və istəyilə edir. Yəni, burada yalnız Amerika istəyinə çatır. Ən azından yumşaq güc potensialı baxımından getdikcə uduzduğunu gördüyü və Avropada özünə ən böyük rəqib saydığı Almaniyanı xanım Merkellə yenidən hitlerləşdirməyi bacarır. Bəli, Avropa Oyunları bitdi. Azərbaycan bu oyunlardan üzüağ, alını açıq çıxdı. Medalların sayına görə qitədə ikinci yerdə olduq. Lakin hər kəs bilir ki, bu ikincilik deyil, ikinci birincilikdir! Əsas budur ki, biz bu oyunlarda oyun hədəfi deyil, oyunçu olduğumuzu, təmiz oynadığımızı, öz oyunumuzu apardığımızı və hətta lazım gələndə başqalarını da oynatmağı bacardığımızı göstərdik. Ancaq Qərbin oyunu hələ də davam edir. Qoy Tanrı bizə yar olsun, haqlı zəfər çalsın, haqq zəfər çalsın".
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 1 iyul.- .S.4.