Xalqa, dövlətə və prezidentə
sadiqlik nümunəsi
AZƏRBAYCAN
POLİSİNİN PRİORİTET
VƏZİFƏLƏRİ
Bu il Azərbaycan polisi özünün 97 yaşını Bakı-2015 Birinci Avropa Oyunlarının möhtəşəmliyi, hələ uzun müddət davam edəcək böyük əks-sədası, qüdrətli vətənimizin daha böyük bir ilkə imza atmağının xoş təəssüratları, idmançılarımızın, bütövlükdə Azərbaycanın qələbələri fonunda qeyd edir.
2015-ci ildə Azərbaycan üçün, bölgə üçün, nəinki Avropa, həm də dünya üçün tarixi idman hadisəsi baş verdi və təkcə idman hadisəsi yox. Ölkənin birinci xanımı,
millət vəkili, xoşməramlı səfir Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə
yaradılmış Təşkilat Komitəsi isə ən
xırda məsələlərə belə çox
böyük həssaslıqla yanaşaraq həll etməklə
Azərbaycanın zirvəni fəth etməsinə xüsusi
xidmətlər göstərdi. Təşkilat Komitəsinin
sədri Oyunların açılış törənində
"Bu gün burada biz tarix yazırıq. Azərbaycan
xalqı tarix yazır" bəyanatını verməklə
dünyanın diqqətini tarixi hadisənin baş verdiyi məkana
yönəltdi. "Bakı-2015"ə ev
sahibliyi edən Azərbaycan bütün dünyaya sübut
etdi ki, ölkəmiz qüdrətli, müstəqil və
suveren dövlətdir. Burada sabitlik və təhlükəsizlik
hökm sürür və bu məsələ dövlətin ali rəhbərinin-möhtərəm
prezidentimiz cənab İlham Əliyevin gündəlik nəzarətindədir.
Azərbaycanın həll edə bilməyəcəyi
məsələlər isə yoxdur.
2003-cü
ildə dövlət başçısı seçilən
möhtərəm prezidentimiz cənab İlham Əliyev
deyirdi: "İndi bizim qarşımızda nadir imkanlar var.
Sabah, ondan sonrakı illərdə necə olacaq? Elə etməliyik ki, güclü dövlət
yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək.
Azərbaycanın potensialını bütöv
şəkildə insanların həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldək.
Bizim proqramımız budur: azad cəmiyyət, hüquqi
dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat,
güclü ordu, çevik xarici siyasət, ölkəmizin
maraqlarının tam şəkildə qorunması".
Dövlət başçımız özünün
şəxsiyyətinin gücü, alternativsiz siyasəti,
ölkəmizin maraqlarını böyük dövlət
başçısı, Ümummilli Lider Heydər Əliyev
kimi qorumaqla sübut etdi ki, əgər vəd veribsə, deməli,
hökmən icra olunacaq. İndi yalnız revizionistlər, Azərbaycanın
düşmənləri və gözü götürməyənləri,
xəbis və iblislər iddia edə bilərlər ki, xeyr, elə
deyil! Bəli, həmin qrup elə də
düşünməli, yazmalı və
danışmalıdır. İndi heç
kəsə sirr deyilki, Azərbaycanın əleyhinə
çox böyük maliyyə dəstəyinə malik erməni
lobbisi, ikiüzlü beynəlxalq təşkilatlar, ikili
standartların başbilənləri, riyakar siyasət dəllalları,
həm də riyakar dövlətlər və dövlət
başçıları işləyirlər. Prezident İlham Əliyevin yalnız və yalnız
Azərbaycanın millli maraqlarını tam şəkildə
qorumağa xidmət edən müstəqil siyasəti bir
sıra böyük güclərin xoşuna gəlmir. Onlar isə artıq ifşa olunublar. İfşa olunduqca da daha da
azğınlaşırlar. Lakin hər dəfə
də başları əhlət daşına dəyib məyus
olurlar. Böyük dövlət xadimi U.Çörçillin
məşhur bir deyimi var: "Siyasətçi
başını itirməkdən yox, simasını itirməkdən
qorxmalıdır". Dünyaya hökm etmək
istəyən bir çox siyasətçilər isə
simalarını çoxdan itiriblər.
Bəs Azərbaycanın bu uğurlarının
mayasında nə durur? Prezidentin xalq, dövlət, Azərbaycan
üçün yaşayıb işləməsi, xalqın da
dövlət başçısının siyasətini tam dəstəkləməsi. Bütün müvəffəqiyyətlərin rəhni
Prezident- Xalq tandemindədir.
Azərbaycanda hüquqi-demokratik dövlət
qurmağın əsasları Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyuldu və möhkəmləndirildi. İndi onun
müəyyənləşdirdiyi xətt möhtərəm
prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu dövlətin əsas
hədəflərindən başlıcası sabitlik və təhlükəsizlikdir.
DİN və onun strukturları məhz bu məqsədə
xidmət edir. Ən vacibi odur ki, indi Azərbaycan
vətəndaşı "demokratiya ixrac edən" ölkələrinin
sakinlərindən onunla fərqlənir ki, o, olay yerinə gələn
polisin belindəki tapancadan atəş açıla biləcəyini
ağlına belə gətirmir. Avropanın
göbəyində, okeanın o tayında, cinayətkar rejimin
hökm sürdüyü Ermənistanda və bəzi MDB
ölkələrində baş verən misli görünməmiş
polis zorakılıqları Azərbaycan üçün
tamamilə yaddır. Azərbaycan polisi vətəndaşların
hüquq və azadlıqlarını, qanuni haqlarını,
sabitliyi və təhlükəsizliyi şərəflə, ləyaqətlə
qoruyur. Əgər ölkəmizin son 24
illik tarixi salnaməsi obyektiv araşdırılarsa qısa
zaman kəsiyində ölkəmizin keçdiyi tarixi
inkişaf yolu, o cümlədən də DİO-nun bir güc
strukturu kimi hansı mərhələlərdən keçdiyi
aydın görünər. Artıq
çalxalanmalar və bulanmalar, qabarmalar və çəkilmələr
çoxdan geridə qalıb. Deqredasiyalar və
mənəvi aşınmalar barədə isə indi elmi
araşdırmalar aparmaq olar. Bütün bunlara isə həm Ulu
Öndərin, həm də cənab prezidentin DİN və
onun strukturlarına göstərdiyi böyük diqqət və
qayğının nəticəsində nail olunub. Ali Baş
Komandan cənab İlham Əliyev deyir: "Azərbaycan polisi
öz vəzifə borcunu ləyaqətlə icra edir. Azərbaycanın hərtərəfli
inkişafında, ictimai asayişin qorunmasında, sabitliyin
saxlanılmasında çox önəmli rol oynayır. Mən Azərbaycan polisinin inkişafı
üçün bütün lazımi tədbirləri
görürəm. Ancaq polis işçiləri
də, əlbəttə, öz fəaliyyətləri ilə,
öz hərəkətləri ilə elə etməlidirlər
ki, xalq tərəfindən daha böyük hörmətə
layiq olsunlar".
Hədəf
açıq-aydın göstərilir: xalq tərəfindən
daha böyük hörmətə layiq görülmək. Xalqın daha böyük hörmətini isə
yalnız savadlı, peşəkar kadrlar, dövlətini,
xalqını, prezidentini sevən əsl Azərbaycan vətəndaşları
olan polis işçiləri qazana bilərlər. Fəxrlə demək olar ki, bu gün DİO-da xidmət
edən və bu tələblərə cavab verən
bütöv bir nəsil yetişdirilib. Bu nəslin
yetişdirilməsi üçün isə planlı surətdə
aparılan gərgin iş və illər lazım gəlib. DİN rəhbərliyi səhvləri islah edə-edə,
nöqsanları aradan qaldıra-qaldıra, qarayaraları isə
kəsib ata-ata hazırda əldə olunan uğurlara imza
atıb.
İndi informasiya texnologiyası dövrü olduğundan
yazını statistik rəqəmlərlə yükləməyə
dəyməz.
İstənilən şəxs DİN-in daim
açıq olan saytına daxil olmaqla cinayətkarlığa
qarşı aparılan mübarizə, ölkədəki kriminogen
durum, axtarışda olan şəxslər, cinayətkarlığın
dinamikası ilə bağlı qonşu ölkələrlə
müqayisəli faktları da çox asanlıqla əldə
edə bilər.
Ümumi
şəkildə isə real mənzərə belə ifadə
oluna bilər: Görülən işlərin nəticəsidir
ki, hələ də MDB-nin bəzi ölkələrində,
Avropanın bir sıra dövlətlərində, "mələksima
Amerika"nın bir çox
ştatlarında mövcud olan kriminal
özbaşınalığa çoxdan son qoyulub. Son qoyulub ona görə ki, Ali Baş Komandan cənab
İlham Əliyev bu güc strukturunun möhkəmləndirilməsi,
onun Konstitusiya və qanunlarla müəyyənləşdirilmiş
vəzifələrə sədaqətlə xidmət etməsi
üçün lazım olan bütün tədbirləri
görür. Nəticədə DİN və
onun strukturlarında aparılan islahatlar idarəetmənin daha
təsirli formalarının yaradılmasına, onun effektiv fəaliyyət
göstərməsinə, cinayətkarlığa qarşı
mübarizənin daha da gücləndirilməsinə, vətəndaşların
hüquq və azadlıqlarının daha səmərəli
formada qorunmasına xidmət edir. İllərin
imtahanı sübut edib ki, nazirliyin rəhbərliyinin kredosu
belədir: işdə səhv və nöqsan da ola bilər. Ancaq bir məsələdə səhv
ola bilməz. Dövlətə sədaqət
andına xəyanət etmək olmaz! Vətənə, xalqa,
prezidentə sədaqət andına xəyanət etmək
olmaz!.
Zamanla, dəyişən dünya ilə yeni vəzifələr
meydana çıxır. Transmilli cinayətkarlıq, kiber hücumlara, beynəlxalq
narkotrafikin sərhədlərini genişləndirməsi,
terrorçuluq, beynəlxalq aləmdə özünə
xüsusi yer istəyən silah qaçaqçıları,
mafioz qruplar və s. kimi cinayətlər indi yeni vəzifələr
müəyyənləşdirir. Bu vəzifələr
isə yeni düşüncə tərzi, yüksək savad və
hazırlıq, peşəkarlıq və çeviklik tələb
edir. Odur ki, Azərbaycan polisinin özü
də gözlərimiz önündə gözəgörünən
və hiss olunacaq dərəcədə dəyişir. İndi o, nə ötən əsrin əvvəllərindəki
polis, jandarma, nə Sovet dövrünün milisi, nədə
müstəqilliyin bərpasının ilk illərində
olduğu kimi başkəsən, quldurluq edən,
"razborşik"deyil. İndi o, Azərbaycan
Konstitusiyası, prezidentin fərman və sərəncamları,
daxili nizamnaməyə uyğun aşkarlıq şəraitində
fəaliyyət göstərən qanun keşikçisidir.
O, indi sivil, bəşəri dəyərlərə söykənən,
hüquqi-demokratik Azərbaycan dövlətinin əsas
sütunlarından birinin-DİO-nun əməkdaşıdır-istər
sıravi polis əməkdaşı olsun, istər zabit, istər
ali rütbə sahibi. Tələblərdə
vahidlik prinsipi Azərbaycan polisini nizamı, seçilmiş,
seçkin qiymətə layiq bir güc strukturunun əməkdaşı
etməklə yanaşı, əyər-əksiyin də
lazımi qəlibə salınması ilə nəticələnib.
Qarşılıqlı etimad əsasında ictimaiyyətlə
əlaqələrin keyfiyyətcə yeni səviyyəyə
qaldırılması,sabitliyin və təhlükəsizliyin
təmin olunması kimi çətin işdə sadə vətəndaşların
könüllü iştirakının
stimullaşdırılması ümumi işə böyük
töhfə verir. Artıq cəmiyyətdə
belə fikir formalaşıb və oturuşub ki, heç kəs
heç kimi qanuni hüquq və mənafelərindən məhrum
edə, heç bir cinayətkar cəzasız qala, heç kəs
özünü imtiyazlı qrupun üzvü saya bilməz.
Məşhur bir deyim var: " Cəzalandırılmış
cinayətkar bütün yaramazlar üçün nümunədir.
Günahsız cəzalandırılmış
isə bütün namuslu insanların vicdan məsələsidir".
Bu deyim ədalətin təntənəsinin
mahiyyətini açır. Ədalət isə
nəinki bərpa olunmalıdır, həm də görünəcək
və hiss olunacaq dərəcədə bərpa
olunmalıdır. DİN də ölkənin
digər hüquq-mühafizə orqanları ilə birlikdə
məhz bu məqsədə xidmət edir. Əgər
kimsə dövlətin, xalqın mənafelərini
özünün konyuktur maraqları ilə səhv salır,
özünə toxunulmazlıq sərhədləri
cızmağa cəhd edir, qanunun aliliyini gözardı etməyə
çalışırsa bu onların problemləridir. Bu
tip insanlar qarşılarında Azərbaycan polisini görəndə
isə nə
çaşmalı, nə də təəccüblənməlidirlər.
Azərbaycan şəffaf evdir. Burada hər şeyi hər
zaman müşahidə etmək olar. O cümlədən
də DİO-nun fəaliyyətini. Biz sizinlə
birlikdə ağır cinayətlər törətmiş
adamlar, cinayətkarlar barədə, cinayətə meylli
insanlar haqqında polisin gördüyü qanuni tədbirlərin
bəzi xarici və yerli mətbuat orqanlarının konyuktur və
qərəzli maraqlarının ifadəsinin də şahidi
oluruq. Lakin bütün xarici təzyiqlərə,
təxribatlara, həm də qarayaxmalara baxmayaraq DİN və
onun strukturları qərar qəbul edərkən kiminsə
xoşuna gəlib gəlməməsindən asılı
olmayaraq qanunları tətbiq edirlər. Eyni
zamanda qərar qəbul edərkən sosial kontekstə əhəmiyyət
verirlər. Hüquq və onu
formalaşdıran cəmiyyət arasında hər zaman bir
balans olmalıdır -prinsipi DİN-in fəaliyyətində
açıq-aydın görünür.
Azərbaycanın müstəqilliyini nə qədər
çox müdafiə edirsə, ona qarşı təxribatlar
da bir o qədər çoxalır. Haqlı mübarizəmizdə həmişə
öz sözünü deyən DİN və onun
strukturlarının isə özəl yeri var. Orada müstəqilliyimizə,
təhlükəsizliyimizə, ictimai asayişimizə, diş
qıcardanlara qarşı ürəyini sipər edən və
edə biləcək Azərbaycan polisinin vüqarlı
siması görünür. Əgər biz
ötən 97 ilə nəzər salsaq aydın olar ki, DİN
və onun strukturları asayişi mühafizə dəstələrindən
müstəqil dövlətin ən zəruri təsisatlarından
birinə çevrilib. Onun ölkə həyatında
müstəsna yeri, rolu olub, var və olacaq. Həm də o səbəbdən idi ki, hələ
ADR dövründə ölkəmizin ilk baş naziri Fətəli
xan Xoyski həm də daxili işlər naziri idi. Ümumiyyətlə, bütün zamanlarda, hər
bir dövlətdə Daxili İşlər Nazirliyinin yeri və
rolu müstəsnadır. Və bu müstəsnalıq
o zaman ölkə həyatının lokomotivinin gücünə
zəruri güc qatır ki, DİN rəhbərliyi xüsusi
peşəkarlıq və təşkilatçılıq
qabiliyyətinə, qətiyyətə, həlledici məqamlarda
həlledici qərarlar qəbul etməyə, ölkədə
və dünyada gedən prosesləri lazımınca təhlil
edib doğru nəticələr çıxara bilsin. Ən başlıcası isə xalqa, dövlətə,
Ali Baş Komandanına tam sədaqətlə xidmət etsin.
Elə buradaca Ümummilli Lider Heydər Əliyevin
və möhtərəm prezidentimiz cənab İlham
Əliyevin Azərbaycan polisinin fəaliyyətinə verdiyi
qiymətləri qeyd etməklə yazıya nöqtə qoymaq
olar.
Bayramınız mübarək olsun!
Ümummilli Lider Heydər Əliyev: " Polis, Daxili İşlər Orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir, hər bir Azərbaycan vətəndaşına xidmət edir. Sizə inanıram, Sizə arxalanıram".
Prezident İlham Əliyev: "Mən şübhə etmirəm ki, ölkəmiz daha da güclənəcək. Azərbaycanda insanlar rahat şəraitdə, sülh şəraitində yaşayacaqlar. Asayiş qorunacaq, sabitlik möhkəm olacaq. Bu işdə polisin üzərinə xüsusi bir vəzifə düşür. Azərbaycan polisi bu vəzifələri ləyaqətlə icra edir. Görülmüş bütün işləri yüksək qiymətləndirirəm. Arzu edirəm ki, bundan sonra da doğma vətənə öz xidmətlərini göstərsinlər".
Səyyad AĞBABALI
525-ci qəzet.- 2015.- 2 iyul.- S.4.