Böyük zəhmətin bəhrəsi
TANINMIŞ
JURNALİST-PUBLİSİST FAZİL RƏHMANZADƏNİN
"BU İSİMDƏ BİR CAN....." İKİCİLDLİYİ BARƏDƏ QEYDLƏR
Haqqında söhbət açmaq istədiyim kitabın üz qabığında müəllifin öz fotoşəkli ilə yanaşı, xırda qeydləri də oxuculara təqdim olunur. Oxuyuruq:
" - Nəhayət ki, mən kim olduğumu bilməliyəm, ya yox?
- Məgər kimliyiniz özünüzə məlum deyil?
- Xeyr. Hələlik
mən yoxam, kim olacağımı da bilmirəm, bunu mənə
haqqımda yazılacaq əsər deyəcəkdir..."
... Hər dəfə masa arxasına keçəndə,
əlimdə olan faktları bu və ya digər qeydlərim
üçün sistemləşdirəndə mütəfəkkir
ədib Naycel Dennisin "Şəxsi vəsiqə" pyesindəki
həmin dialoqu xatırlayıram. Fikirləşirəm
ki, kimliyindən, təhsilindən, vəzifəsindən,
dünyagörüşündən asılı olmayaraq
haqqında yazacağım adam da beləcə
düşünür. Ona görə də
sözlə elə bir ayna yaratmaq lazımdır ki, qəhrəman
burada özünü görsün, təkcə görmək
deyil, həm də özünü dərk etsin.
Bu kitabın qəhrəmanı Azərbaycanımızdır. Görəsən XX əsrdəki
ömür yaşantısını bu aynada görə
bilibmi, həm də özünü dərk edə bilibmi?".
...Fazil Rəhmanzadə yaradıcılığına əla
bələd olduğumdan deyə bilərəm ki, həmin
qeydlər müəllifin yalnız aidiyyəti kitaba
ünvanlanan düşüncə tərzini ifadə etmir, əslinə
qalsa onun bütün əsərlərinə şamil olunan bir
məramnamədir. O ki, qaldı "Bu isimdə bir can..."a nəzərə çarpdırım ki, bəli,
Azərbaycanımız həmin "aynada"
özünü aydın "görür". Kitabı
diqqətlə oxuyub bitirdikdən sonra belə nəticəyə
gəldim.
İstedadlı sənətkar çiynini ağır bir
yükün altına verərək həlli çox çətin
olan vəzifənin öhdəsindən uğurla gəlmişdir. Bu əsəri
ilə sanki bütün potensial imkanlarını,
bacarığını, qüvvəsini sərgiləmişdir.
Məqsəd beləydi: qədim və zəngin tarixə malik
Azərbaycanın XX əsrdəki intibahını müəyyənləşdirən
vacib məqamlardan, misilsiz nailiyyətlərindən, bəşər
mədəniyyətinə və elminə bəxş etdiyi
nadir insanlardan, töhfələrindən, dünya
çapında oynadığı misilsiz və inkarolunmaz
rolundan söhbət açmaq.
İrəliyə gedərək bəri başdan deyim ki,
müəllif öz istəyinə nail olmuşdur.
Doğrudan da XX əsr - Azərbaycan üçün elə-belə
ötüb keçən yüzil deyildi. Məmləkətimiz
sözün böyük mənasında həmin əsrdə
bəşər tarixinə qızıl hərflərlə
yazılmış bir çox mühüm hadisəyə imza
atmışdır. Digər tərəfdən
əməlli-başlı düşünsək aydın
görərik ki, həmin hadisələri inci danələritək
ardıcıllıqla sapa düzmək elə də asan gəlməsin.
Hər "incinin" yerini tapmaq,
düzülüşdə ahəngdarlığa nail olunaraq
bunları bir dəst halında təqdim etmək vacibdi.
"Bu isimdə bir can..." tarixi-ensiklopedik səciyyəli
çox önəm kəsb edir. Əlbəttə, bir
adamın belə zəngin, çoxşaxəli xüsusiyyətə
malik işə baş qatması və vəzifəsinin
öhdəsindən əla gəlməsi yaradıcı şəxsin
fədakarlığı sayılmalıdır. Hərgah
onun son ildə qələmə aldığı "Yol"
(birinci və ikinci kitablar), "Tale töhfəsi", "Sən
mənim, Azərbaycan", "Doqquza qədər say" və
digər iri həcmli monumental tarixi-publisistik kitablarını
yada salsaq, dərhal bilərik ki, həmin yaradıcılıq
məhsulları da əsl mənada müəllifin fədakarlığını
özündə ehtiva edən əsərlərdir. Hər biri də publisistin böyük zəhmətinin
bəhrəsidir.
"Bu isimdə bir can..." barədə fikrimi
bölüşmək məqamında mühüm amili yaddan
çıxarmamalıyıq; hərgah söhbət intibahdan
gedirsə əlbəttə, hər məsələyə
obyektiv elmi yanaşma, gərəkli və real nəticə əsasdır. Siyasi
gerçəklik və bədii təxəyyülün
qüvvəti də vacibdir. Müəllif
həmin məsələlərdə ağıllı məntiqə
söykənir ki, bu da sevindiricidir. Daha bir vacib məsələ:
Fazil Rəhmanzadə təcrübəli publisist kimi elmi-nəzəri
mülahizələrində nadir arxiv sənədlərinə,
mənbələrə istinad etməklə yanaşı,
müxtəlif elm xadimlərinin, alim və tədqiqatçıların
ciddi araşdırmalarına, dəyərli elmi şərhlərinə
də yer ayırır, onların bir neçəsini
"danışdırır". Beləliklə
də ayrı-ayrı xarici ölkələrdə
yaşamış və müxtəlif xalqlara məxsus
insanların fikirlərini çatdırmaqla,
çoxçalarlığa, zəngin fikir və
düşüncə tərzinə də önəm verir.
Beləliklə də əsərin rəngarəngliyi,
əlvanlığı, reallığa söykənməsi təmin
olunur.
Mən Fazil Rəhmanzadənin yaradıcılıq yolunu
lap ilk addımlarından -mətbuatda çıxan
yarılarını diqqətlə izləyən canlı
şahid kimi son 50 ildən çox müddətdə onun daim
təkmilləşməsini, inkişafını
görmüşəm. 1961-ci ildə o, "Bakı" qəzeti
redaksiyasında işə qəbul edildi və beləliklə
də hər ikimiz uzun müddət burada yanaşı
çalışdıq.
60-cı illərin sonlarından başlayaraq
"Jurnalistin cib dəftərindən" rubrikası
altında qəzetin səhifələrində mütəmadi
olaraq çıxış etməsi geniş oxucu kütləsində
böyük maraq oyatmışdı. O, həm bu rubrika altında
işıq üzü görən qeydləri, həm də
iri həcmli məqalələri, nəhayət bir-birində dəyərli
publisist kitabları sayəsində çox
populyarlaşdı. Uzunillik səmərəli və
çox dəyərli yaradıcılıq fəaliyyəti ilə
Milli Mətbuatımızın son yarıməsrlik tarixi salnaməsinə
önəmli səhifələr yazdı.
Yeri gəlmişkən Fazil Rəhmanzadənin bir-birindən
maraqlı kitablarının sayı artıq 30-a
çatmışdır. Diqqət çəkən əsas məsələ
bundadır ki, onun həm yaradıcı sənət
adamlarına - Nəsibə Zeynalovaya, Zeynəb Xanlarovaya, Şəmsi
Bədəlbəyliyə, ümumən Bədəlbəylilərə,
Lütfiyar İmanova, Tahir Salahova, Müslüm Maqomayevə həsr
etdiyi, həm də sırf tarixi-publisistik kitabları eyni dərəcədə
Milli Mətbuatımızın dəyərli nümunələri
sırasındadır. "Tale tövhəsi" (rus dilində),
"Sən mənimsən, Azərbaycan" (Vaşinqtonda
ingiliscə buraxılıb), "Əsrə bərabər gecə",
"Yol" (birinci və ikinci kitablar), nəhayət "Bu
isimdə bir can..."
Adları çəkilən kitabların hamısı
ictimaiyyətin razılığı ilə
qarşılanmışdır. "Bu isimdə bir
can..." ikicildliyini də cəsarətlə belə bir dəyərə
bərabər tutmaq gərəkdir.
Fazil Rəhmanzadə
ötən əsrin 90-cı illərinin lap əvvəllərindən
başlayaraq dünyanın 30-dan çox ölkəsinə səyahətində
soydaşlarımızla görüşlər keçirdi,
arayıb-axtardığı azərbaycanlıların iç
dünyasına varid oldu, onların tarixi vətənlə
bağlılıqlarını, istək və
arzularını, yaşadıqları məmləkətlərdəki
yaşayış tərzlərini diqqətlə öyrəndi
və nəticədə ilk dəfə olaraq xaricdə məskunlaşmış
soydaşlarımızla bağlı "Yol" adlı iki
kitabdan ibarət monumental əsərini ortaya qoydu.
Budur, indi
o, xalqımızın, məmləkətimizin XX əsrdə
nail olduğu intibahı barədə iki cilddən ibarət
"Bu isimdə bir can..."ı oxuculara hədiyyə etdi.
Yorulmaq bilməyən istedadlı publisist bütün
kitablarında olduğu kimi, yeni əsərində də rəngarəng
və orijinal forma seçmiş, diqqət çəkən
rubrikalarla müxtəlif səciyyəli qeydlərini oxucuya təqdim
etmişdir.
"Yadigarlarımız", "Əsrin şəxsiyyətləri",
"Jurnalistin cib dəftərindən" və s. rubrikalar
altında qələmə alınmış yazılar
çox təsirlidir. Oxuduqca istər-istəməz
hadisələrin axarına qoşulursan, eyni dərəcədə
hisslər coşur, ürək göynəyir. Çox halda isə bu və ya digər obrazın
ümumi təsviri bizim də qürur duyğumuza
çevrilir. Xalqımızın dəyərli,
dahi övladları üçün müəllifin
coşqusuna oxucu da qəlbən qatılır. Müəllifin tükənməz istedadının məhsulu
qismində rastlaşdığımız hər bir epizod, məqam,
fakt, yaşam tərzi üçün biz də sonsuz sevinc
hissi keçirir, tarixi şəxsiyyətlərimizin
böyüklüyü, ucalığı, ağlı-zəkası,
məmləkətimizin, xalqımızın mənəvi zənginliyi,
böyüklüyü üçün misilsiz qürur
duyuruq. Bu qürur hisslərini
yazılardakı əlvan sətirlər bizə
aşılayır.
Fazil Rəhmanzadənin də haqlı qeyd etdiyi kimi
ötən yüzil təbii ki, məmləkətimizin,
xalqımızın tarixində xüsusi yer tutur. Qəlb
oxşayan tarixi məqamlarla bir sırada, o, çox mürəkkəb,
çətin, ölçüyəgəlməz
ağrı-acıları, misilsiz fəlakətlərə məruz
qalması, faciələrə düçar olması ilə də
səciyyəvidir. Bütün bunların
bir-birini əvəzləməsi zəminində ötən
çağlar öz əksini kitabda tapmalıydı,
tapmışdır da. Fəqət quru
sadalamalar belə iki kitaba sığmazdı. Odur ki, müəllif çox məntiqi olaraq hadisələrin
təsvirində xırdalıqlara varmamış, ümumiləşdirmələrə
daha çox meylli olmuşdur. Bu və digər
məsələnin işıqlandırılmasında
çox mətləb aşılanır və beləliklə
də mövzunun əhatə dairəsi genişlənir.
Fazil Rəhmanzadə quru sadalamalara, faktların
sadəcə təfsirinə uymamış, əksinə,
özünün təbii danışıq və təcəssüm
boyalarından sənətkarlıqla istifadəyə
çalışaraq bədii siqlətin
monumentallığına nail olmuşdur.
İti müşahidə qabiliyyətinə, geniş
dünyagörüşünə, bilik və savadına,
peşəkarlığına rəğmən deyə bilərik
ki, o, oxucusunu ardınca aparmağı bacarır. Elə yazı tərzini, elə
ifadə boyalarını, elə faktları önə çəkir
ki, adam mütaliədən yorulmur, bir səhifə
başa çatan kimi o biri səhifəni oxumağa
çalışır. Yəni hadisələrin
məntiqi və dinamik ardıcıllığı önəm
kəsb edir.
Fazil Rəhmanzadənin özünəməxsus dil
gözəlliyi var. Bu onun ustalıq səviyyəsinin göstəricisidir. Müəllif
sözdən qənaətlə və yerində istifadədə
əvəzsizdir. Forma təzəliyini də
buraya əlavə etsək fikrimizə şərik
olarsınız.
Bir neçə gündən sonra Milli Mətbuatımızın
140 illiyi təntənə ilə qeyd olunacaqdır. Çox
uzaqgörən, fəal həyat mövqeyində olan ustad qələm
sahibi kimi Fazil Rəhmanzadə yeni ikicildliyini əlamətdar
hadisəyə ithaf etmişdir. Bunun
üçün də biz yazarlar görkəmli publisistə
minnətdarlıq hissi ilə "sağ ol" deyirik. Açıq bildirim ki, "Apostrof" MMC-nin nəşr
etdiyi "Bu isimdə bir can..." həmin şanlı yubileyə
gözəl hədiyyədir.
Şükufə TAĞIZADƏ
Əməkdar journalist
525-ci qəzet.- 2015.- 3 iyul.- S.4.