Əli Kərim küçəsi - nə
xoşbəxt
imişəm bir zaman, Allah...
Bir şeirin dedikləri
Bu silsilədə
Əli Kərim haqqında yazı yazmaq fikrimdən
çıxmışdı. Birdən facebook-da bir şəkil
gördüm, Əli Kərim küçəsi,
Bakının Razin qəsəbəsində. Əslində bu dəfə
mən Abbas Tufarqanlı haqqında yazmaq istəyirdim, ya da
Şəhriyar. Əli Kərim haqqında yazıda ustad Şəhriyarın
adının çəkilməsi təsadüfi deyil. Fikrimizcə,
öz dövrünün, yaxud bütövlükdə Azərbaycan ədəbiyyatını
yaradan isimlərin yeri, mövqeyi haqqında ən
dürüst poetik fikirlər məhz bu iki şairə, ilk
növbədə Şəhriyara, sonra isə Əli Kərimə
məxsusdur. Şəhriyarın "ruhların
görüşü" janrında yazdığı
şeirdə ömrü boyu öyrəndiyi biliklərin
xülasəsindən ziyadə Şərqin və Azərbaycanın
söz və fikir adamlarının yeri, mövqeyi... haqqında
ən dürüst filoloji qiymət əksini tapıb.
Əli Kərim
o şairlərdəndir ki, irsini, qoyub getdiyi mətnləri
qiymətləndirərkən bütün və bütöv
Azərbaycan poeziyasının materiallarını incələməyi
tələb edir. Hər bir milli ədəbiyyatda bu xüsusiyyət,
bu keyfiyyət olmamış deyil: bir canlı varlıq kimi ədəbiyyat
(ədəbi proses) yüz ildə, min ildə... bir dəfə
keçdiyi yolu xülasə edir, elə şairlər, elə
yazıçılar yetişdirir ki, onların mətnlərindən
ədəbi keçmişi və ədəbi gələcəyi
aydınlıqla görmək mümkün olsun. İki
nöqtəni birləşdirən xətt kimi. Ola bilərdi
ki, XX əsrin əvvəllərində Mirzə Cəlil
mükəmməl bir şair olsun, yerlə göyü birləşdirmək
duyğusu onun ən qatı, ən ironik yazılarından da
hiss edilir, ancaq yerlə göyün birləşdiyi yerdən
süzülən "janr duyğusu" onu "Molla Nəsrəddin"
dərgisini yaratmağa, millətin həyatında, bu həyatın
üfüqlərində şimşək kimi çaxmağa
məcbur etdi. Diqqət yetirin, XX əsrin əvvəllərində
mükəmməl qəzəllər yazan Sabirdə janr təbəddülatı
baş verir: üslub "oxunun" istiqaməti diametral şəkildə
dəyişir. Bundan sonra əvvəlki yolla yazacaqlarını
sanki tərs üzünə çevirir, hücrədə
oxunacaq şeirləri hücrədən və qəlibdən
azad edir. Bu o dövr idi ki, Avropada modernist ədəbiyyat
çiçəklənirdi...
Ancaq Mirzə
Cəlil dərdlərə, itkilərə məruz qaldı,
qeyri-adi "Ölülər" pyesini yaratdı (... adam odur
ki, nə elmi ola, nə mərifəti...). "Dəli
yığıncağı" - ola bilsin ki, gözəl bir
şair olacaq Mirzə Cəlilin səsini içinə
qısmış, dərdin içində avar çəkən,
göydəki ulduzları yerə endirən (...deyəsən
biz dəli yığıncağına
düşmüşük) şairliyinin "dəlilik
formasıdır"... XX əsrin əvvəllərində dərd
şairi olmaq yox, millətin dəlisi olmaq artıq taleyə, qədərə
çevrilmişdi. Ona görə də Azərbaycan ədəbiyyatı
tarixində ilk tale şairi bəlkə də Mirzə Cəlildir.
Çünki hər hansı qəlibi, şablonu, bu qəliblərin
içindəki artıq daşlaşmış
duyğuları deyil, özünü, millətinin həyatını
əks etdirməyə çalışır.
Yaxud Nəbati...
Sarı Aşıq...
Yenə də Şəhriyar...
Əli Kərimin
Füzuli haqqında şeiri (... dünya səni qocaltdı
yaşıdın olsun deyə...) dahi şairin poetik obrazı
var - bu parçada Füzuli qətrə-qətrə
böyüyərək bütün dünyanı tutur - bir
dünya dərd... Alışdı ğəm oduna şad
gördüyün könlüm / Müqəyyəd oldu ol azad
gördüyün könlüm...
Əli Kərimin
"Şəhidliyin zirvəsi" şeirində diqqətimizi
çəkən özəllik odur ki, burada danışan təkcə
şair - müəllif yox, həm də Nəsimidir
(polifoniya-dilləşmə). Əli Kərimin təqdim etdiyi
sistemdə insan və "dünya evi" bir
ölçüdə verilir. Şair belə deyək,
üzünü tutub danışdığı, sehrli sözləriylə
cilvələndirdiyi predmetə münasibəti dəyişir,
ara verir, elə bir ortam yaradır ki, bu predmetin özü dil
açır, bu iki mətnin, daha doğrusu mətnlərin sərhəddində
bir-birinə keçmə, nüfuz etmə hadisəsi
yaranır. "Şəhidliyin zivəsi"ndə
danışan təkcə müəllif yox, həm də Nəsimidir,
qılınc tiyəsidir, tarixlərin qanından qızaran dan
yeridir. (Başqa bir şeirindən: orda mənsiz qılınc
çalan qollarımla bir döyüşün...). Soyulan təkcə
Nəsimi deyildir, bəzən onun özü də sərpa
soyulan varlığa tamaşa edir, böyük Mövlanənin
sözlərini pıçıldayır, ən müxtəlif
dövrlərə aid mətnlər arasında bəhsləşmə
yaranır: bu bəhsləşmə nə qədər uzansa
da, sonda Nəsiminin üzərinə qayıdır:
"...Bir bölük xalq dəniz
kimi köpürür,
Bir bölük xalq dalğa-dalğa
səcdədə,
Bir bölük xalq qılınc kimi
savaşır,
Bir bölük xalq
qanımızı içmədə..."
lll
Nə xoşbəxt imişəm bir
zaman Allah,
Xəbərim olmayıb bu səadətdən...
Əli Kərimdə,
zənnimizcə, güclü şeir, zəif, ortabab şeir
anlayışı yoxdu. Niyəsi soruşularsa təqribən
belə cavab vermək olar ki, "onda siftədən şairlik
keyfiyyəti vardı" (Tofiq Hacıyev). Yəni, həyata, gerçəkliyə
münasibətin özündə elə bir keyfiyyət gizlənmişdi
ki, insan istəsəydi də şeirlə münasibətlərini
gizlədə bilməzdi. Onda bu keyfiyyət başqa, tədqiqatlarda
açıqlanmayan cəhətlərin gücünə bir az da dərinləşmişdi və
bəlkə elə bu səbəbdən Əli Kərim orta əsrlər
(ortaçağ) poeziyasında qəliblərə
düzülən duyğulara ad verməklə, onların
göy qurşağını yaratmaqla məşğul idi.
Nə xoşbəxt imişəm, nə
xoşbəxt, xoşbəxt,
Bu gün eşitmişəm bunu həsrətdən.
Fikir
verirsinizmi, hiss və duyğuların şeirə çəkilmə
mövqeyi, metodu... dəyişir (bir şeirindəki "Habil
ilan dili çıxarır nədir" misrası sadəcə
uğurlu tapıntı... deyildi, həm də bütün
dünyanı bir detalın içinə
sığışdırmaq cəhdi idi və etiraf eləmək
lazımdır ki, poeziyamızda bu, bəlkə də ilk cəhdlərdən
idi...)
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü
tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Qəribədir,
Əli Kərim insanların bir-birinə qarşı
("qarşı" sözü artıq olsa da yazıram)
hiss və duyğularını şeirə çəkirdi
(onun bütün gözəl şairlər kimi təsvirlə
işi yoxdu...), əgər ortaçağ türkdilli
şeirimizdə hiss və duyğular qəliblərə
düzülürdüsə və yalnız bu əsasda
möcüzə yaranırdısa, Əli Kərim (onun
ustadı və yaşıdı olmuş bütün
istedadlı şairlərdə, ilk növbədə Səməd
Vurğun və Rəsul Rzada) bu duyğuları qəliblərdən
azad edib onlara yeni nəfəs, yeni həyat bəxş edirdi.
Unutmaq lazım deyil ki, bu proses heç də Əli Kərimlə
başlamamışdı, bizim poeziyanın çox
böyük fiqurlarından biri, XIX əsrdə bütün
anadilli ədəbiyyatın orta nöqtəsində dayanan Nəbati
həmin eksperimentlərlə bu gün də ən müasir
şairlərimizdəndir.
Məsələnin
bütün məğzi ondadır ki, bir var iki insan
arasında sevgi münasibətlərini təzə-tər və
hardasa gözlənilməz obrazlarla bəzəyib təqdim edəsən
(bunun özü də gözəl bir yoldur, məsələn:
Sən getdin elə bil dünya boşaldı, yaz da
köçüb getdi yeri boş qaldı, - ), bir də var
ürəyin içində qat-qat yığılan həsrəti,
duyğu selini oyandırıb, onlara ad versən. Bu, müqayisə
düzgün sayılarsa, belə deyək, yüz illər
keçəndən sonra arxivlərin açılmasına bənzəyir,
barmağını dişləyirsən, belə şeylər
də olarmış... İnsan bu imiş... Əli Kərim, zənnimizcə,
ikinci yolun şairi idi və bütün bu özəl cəhətləri
ilə Azərbaycan poeziyasında bir boşluğu doldururdu.
İçdiyim o su da səadət
imiş,
İşə getməyim də,
qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik
imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət
imiş,
Mənsə bu dünyanın
qoynundayammış,
Dünya fırlanırmış
sevinc gücüylə,
Bəs indi nə olub belə
dayanmış?
Göylər səadətin çətiri
imiş,
Torpaq da səadət məhvəri
imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər, ruhumun səhəri
imiş.
Əli Kərim
elə poetik isimlər sırasına daxildir ki, milli ədəbiyyatda,
deyək ki, Müşfiq xəritəsindən görünən
cığırları genişləndirərək anadilli
poeziyanın potensial imkanlarından maksimal bəhrələnə
bilir, nəfəsin dayandığı, dərildiyi yerdə nəfəsə
çevrilir, apardığı, uğraşdığı
bütün eksperimentlərin cəmi ilə "poeziya
ayrıca bir həyatdır" qənaətini yüzdə
yüz möhkəmləndirir. Əli Kərimin ilhamında,
yaradıcılıq stixiyasında əsas olan dinləmək
və səsin ən asta ladında deyilənlərə
dalmaqdır. Poeziyaya münasibətdə "ilham"
kateqoriyası incələnərsə, bu prinsipin (dinləmək,
min kilometrlərlə uzaqda tökülən şəlalənin
səsinə dalmaq) nə qədər önəmli olduğunu
bilərik. Təsəvvür eləyin ki, Əli Kərim
Müşfiqin dağ çayları kimi şaqraq səsinə
(misralardan axan nəhrin-!) qulaq kəsilir, bu proses illərlə
davam edir, ən gur səsin daxili mayası, səsi yaradan
sevincin, ürək istiliyinin həniri üzünə dəyir
və beləliklə ürəkdən çəkilən
ahın altında qıjıldayan pıçıltı
şeirə gətirilir. Elə bu səbəbdən Əli Kərim
yuxarıda dediyimiz kimi, ədəbiyyatımızı yaradan
şəxslərin poetik kimliklərini dürüst şəkildə
yarada bilirdi.
Dünyada çoxdur şair,
Necə sayım onların
hamısını birbəbir.
Şair var ki, ömrünü
Başlamamış bitirir.
Cansız əsəriylə bir,
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir...
Hər
bir şairin fərdi üslubunun izahında onun ən müxtəlif
nəsnələrə və xüsusən ... ölümə
münasibəti əsas yer tutur. Əli Kərimin yuxarıda bəhs
etdiyim "nə xoşbəxt imişəm" şeirində
elə məqamlar var ki, sanki suayrıcıdır, o mənada
ki, bunu yazan, hiss edən adamın ömründən qabaq bir dəfə
bu dünyada olması təəssüratı yaranır.
Əli Kərim poetikasında "sonra" qoşması
çoxdur: "Səfərdən sonra", "Ölümdən
sonra"... Sanki bu adam fəhmin gücünə səfəri
və səfərdən sonrakı dünyanı,
ölümü və ölümdən sonrakı həyatı
görüb gəlib, Əli Kərim şeiri
üçün "nə xoşbəxt imişəm, bir
zaman, Allah" demək bu mənada göydəndüşmə
deyil. Qəribə və həm də ən dəyərli və
qibtə ediləsi cəhət budur ki, bu lad və
intonasiyaları heç zaman təkrar etmək mükün
deyildir. Bir dəfə böyük usta Habil Əliyev deyirdi ki,
ölüm təşrif gətirəndə istərdim ki, evin
bir küncündə duran kamança alışıb külə
dönsün...
Bütün
bu qeyd etdiyimiz cəhətlər Əli Kərim
yaradıcılığının poetik sistemində adekvat əksini
tapıb. Hər şeydən öncə qafiyə sistemində.
Harmoniya ziddiyyət doğurur.
Şeirin, poetik mətnin daxilində misraların qafiyələnməsində
də elə bu prinsip və düzüm izlənilir. Adı
çəkilən şeirdə səadət, həsrət,
qayıtmaq, ayıltmaq... kimi qafiyələr mətnin ümumi
ovqatında hüznlü səsin güclə eşidilməsini
şərtləndirir.
Əli Kərimdə
yeni sözlər və yeni qafiyələr, daha doğrusu,
mövcud qafiyələnmə prinsipinə başqa, daha
orijinal yöndən yanaşma mövcuddur. Qafiyə bir növ
"yatmış mətni" oyatmağa hesablanır, daha
doğrusu sözlərin içindəki enerji başqa nisbətdə
ortaya çıxır, məsələn:
Həqiqət it şəklindəsə,
Yalan ceyran şəklində,
Olma iti madonna tək
Sevəcəyim şəkkində...
Cavanşir Yusifli
525-ci qəzet.- S.2015.- 3 iyul.- S.7.