Mirzə Ələkbər Sabir
müəllim kimi
ÖLMƏZ
ŞAİRİMİZİN PEDAQOJİ
FƏALİYYƏTİNİN
ƏN
MÜHÜM MƏQAMLARI BARƏDƏ BİR XATIRLATMA
Böyük şair Mirzə Ələkbər Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da xüsusi rol oynamış söz ustalarından biridir. "Molla
Nəsrəddin" jurnalı
ətrafında formalaşmış
ədəbi cərəyanın
ən parlaq simalarından olan Sabirin yaradıcılığının
əsas mövzusu maarifə, elmə çağırışdır.
(Əvvəli ötən sayımızda)
Mirzə
Ələkbər Məşədi
Zeynal oğluna (Sabir - red.) və onunla bir yerdə
imtahan verənlərə
aid imtahan sənədlərini
Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı
Mir Məhəmməd Kərim
Hacı Mircəfərzadə,
məclis üzvləri
Axund Ağa Rəsulzadə (M.Ə.Rəsulzadənin
atası-N.N.) və Axund Ağa Əlizadə imzalayıblar.
Sənədlər baxılmaq və
təsdiq olunmaq üçün aprelin
19-da Tiflisə-Zaqafqaziya Ruhani
İdarəsinin sərəncamına
göndərilib.
O vaxt artıq bir neçə ay idi ki, Zaqafqaziyada
şeyxülislam vəzifəsi
boş idi: 1879-cu ildə Qori Müəllimlər Seminariyasının
müsəlman (Azərbaycan-N.N.)
şöbəsi açılan
gündən burada oxuyan şiəməzhəb
tələbələrin ana
dili və şəriət müəllimi
olmuş, sonralar uzun müddət ruhani idarəsinə rəhbərlik etmiş Əbdüssəlam Axundzadə
1907-ci il noyabrın 18-də ömrünün
64-cü ilində vəfat
etmişdi.
Aprelin 22-də Tiflisə
çatdırılan imtahan
sənədlərinə Zaqafqaziya
Ruhani İdarəsinin
üzvləri tərəfindən
dövlət nümayəndələrinin
iştirakı ilə
mayın 5-də baxılır. 1908-ci il
mayın 7-də Bakının
Qobu kənd sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid Kərbəlayı Hacı
Vəli oğluna, Göyçayın Alpoud kənd sakini Mehdi bəy Molla Əbdülhəsən
Kərbəlayı İsmayıl
oğluna və şamaxılı Mirzə
Ələkbər Məşədi
Zeynal oğluna prixod mollası və müəllimlik attestatı (diplomu yox- N.N.) verilir.
Mirzə Ələkbərin bəxtinə
944 nömrəli attestat
düşür.
M.Ə.Sabir müəllim işləmək
üçün attestatı
Şamaxı Əhli-Təsənni
Ruhani İdarəsinin
xəttilə də
ala bilərdi. Şeirlərinin birində yazdığı
kimi, onun babası sünni, nənəsi isə şiə idi. Onun sünni ruhani məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadə
ilə səmimi dostluq münasibəti vardı. 1908-ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin matəminə Sabirin iki mərsiyə yazması bu münasibətdən irəli
gəlirdi.
Mirzə Ələkbər Məşədi
Zeynal oğlu Bakı Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik
attestatı almaqdan ötrü göndərdiyi
ərizəni Məcid
Əfəndinin ölümündən
17 gün əvvəl
- fevralın 12-də yazmışdı.
Sabirin Bakı Quberniyası Şiə Ruhani İdarəsindən attestat
almaq istəyi onun
Zaqafqaziya Müəllimlər Seminariyasında
şiəməzhəb uşaqlara
dərs deyən Firudun bəy Köçərlinin yüksək
vəzifəyə gedəcəyi
təqdirdə boşalacaq
yerdə işləmək
arzusundan irəli gəlmişdi. Təəssüf
ki, bir neçə
kitab müəllifi olan, ədəbiyyatımızın
tarixini həm rusca, həm də azərbaycanca yazan, Sokratın təlimini "Təlimati-
Sokrat" adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən,
bacarıqlı tərcüməçi
olan F.Köçərlinin
ali təhsili olmadığı üçün
nəzərdə tutulan
istək reallaşmadı.
Başqa
sözlə, Sabirin Qərbə istiqamətlənmiş
yürüşü də
məhz buna görə baş tutmadı.
Əhvali-ruhiyyəsi gərginləşən, artıq
səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu
da dünyaya gəlmişdi) ailəni müəllim işləmək
yolu ilə saxlamaq qərarında israrlı olur.
M.Ə.Sabir 1908-ci ilin iyun ayında
"Tazə həyat"
qəzetində Bakıda
təzə açılan
"Səadət" adlı
məktəbə iki müəllim tələb
olunduğunu oxuyur. O, tərəddüd
etmədən məktəbin
rəhbərliyinə yazılı
şəkildə müraciət
edir, lakin Sabirin müəllim işləmək, cəhalət
qaranlığında əzab
çəkən vətən
övladlarına dərs
demək, onlara maarifin işıqlı yollarını göstərmək
arzusu baş tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır.
1908-ci ilin sentyabrında
Şamaxıda "Ümid
məktəbi" adı
ilə bir təhsil ocağı açılır. Sabir çətinlik çəkmədən
bu məktəbə işə düzəlir.
Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər
İdarəsinin inspektoru
(müfəttişi) S.M.Qənizadənin
kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov soyadlı gənc bir müəllim də işləyirdi.
O,Zaqafqaziya Müəllimlər Seminariyasının
məzunu idi.
Bu faktları da xatırlamaq yerinə düşür ki, S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir:
S.M.Qənizadə, onun
həmşəhərlisi Həbib
bəy Mahmudbəyov, qutqaşınlı (indiki
Qəbələ-N.N.) Süleyman bəy
Əbdürrəhmanbəyov 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər
İnstitutunu bitirmişdilər.
S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə
1887-ci ildə Bakıda
yeni tipli təhsil ocağı
-"Rus-Müsəlman məktəbi"
yaratmış, qısa
bir müddətdə
belə məktəblərin
sayı xeyli artmışdı.
"Məktəb" jurnalının
1912-ci ildəki 21-ci nömrəsində
S.M.Qənizadənin türk
dünyasının görkəmli
ziyalılarından biri
olan məşhur pedaqoq və mühərrir İsmayıl
bəy Qaspralı ilə maarif cəbhəsindəki iş
birliyindən söz açılır. Yazıdan aydın
olur ki, S.M.Qənizadə və İ.Qaspralı Türküstanda-Səmərqəndə
"Rus-Müsəlman Məktəbi"
yaratmışdılar.
1910-cu ilin əvvəllərində
Sabir Bakıya gəlir, S.M.Qənizadənin
köməyi ilə,
"Nəşri-maarif" cəmiyyətinin xətti
ilə açılan
Balaxanı kənd məktəbində işə
düzəlir. Sabir bu məktəbdə
bir ildən artıq işləyir.
Bir neçə ay xəstə yatan Sabir 1911-ci il
iyulun 12-də dünyasını
dəyişir.
Hələ attestat almamışdan əvvəl xalq içində Mirzə Ələkbər kimi tanınan, ana dili ilə yanaşı, fars və ərəb dillərini də şeir yazmaq dərəcəsində mükəmməl bilən, dövrün vacib və qaçılmaz tələbi ilə rus dilini də öyrənməyə məcbur olan Mirzə Ələkbər Məşədi Zeynal oğlu Tahirzadənin (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çaydaçapanın, Nizədarın, Dindirəyinin, Dindarın, Ə.S.Şirvaninin...) məktəbdəki müəllimlik fəaliyyəti cəmi üç il davam edir.
Yaxşı müəllimlərin yaxşı şagirdi olan, xalq pedaqogikasının incəliklərini mükəmməl bilən, Azərbaycan dilinin musiqi və təranələrini bu dili bilənə də, bilməyənə də sevə-sevə sevdirən M.Ə.Sabirin ictimai-siyasi həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya durduqca, ağıllı sözə ehtiyac duyulduqca davam edəcək.
Nazim NƏSRƏDDİNOV
Əməkdar
müəllim
525-ci qəzet.- 2015.- 3 iyul.- S.6.