Yağmur qoxulu şeirlərin izi ilə...

 

Orxan Paşa təxəllüsü ilə şeirlər yazan Məhərrəm Qasımlının 2015-ci ildə "Yağmur qoxusu" kitabı nəşr edilib. Ədəbiyyat dairələrində Məhərrəm Qasımlı əsasən sanballı ədəbiyyatşünas və folklorçu kimi tanınır.

Müəllifin professional şəkildə elmi fəaliyyətlə məşğul olması "Yağmur qoxusu" kitabındakı bədii əsərlərə xüsusi təsir göstərib.

Orxan Paşanın əsərlərindəki bədii fikrin tam anlanması üçün oxucu tarix, dilçilik, din və sair sosial elmlərdən xəbərdar olmalıdır. Kitabın "Taleyimdən və ürəyimdən keçənlər" bölməsində nəsrlə qələmə alınmış qısa həcmli və ibrətamiz xarakter daşıyan bədii əsərlərdən birinə müraciət edək. Müəllifin "yovşan ətri... Min illərdi damarımızda daşıdığımız bitib-tükənməyən, ucsuz-bucaqsız çöl qoxusu. Hansı ətrin belə dəlisov qoxusuyla at belində şığıyıb getmək, yaxın, uzaq doğmaların nisgilini ovutmaq olar?!" sətirləri müasirlərimizin diqqətini ulu babalarımızın böyük tarix yaratmasına cəlb edir. Yovşan qədim türk tayfalarının qələbələrinin və uğurlarının rəmzidir. Eyni zamanda müəllif müasir dövrdə gücün və qüdrətin əldə etməsində tarixi irsin və tarixi yaddaşın qorunub saxlanılmasının vacibliyini vurğulayır. Qədim yunan dilində yovşan "Artemisia" adlandırılır. Bu sözün kökü isə yunanca "sağlam", "güclü" mənasını daşıyır.

Kitabın "Taleyimdən və ürəyimdən keçənlər" bölməsində Orxan Paşa ədalət, ölüm, sevgi və sair bu kimi məsələlər üzrə düşüncələrini oxuculara çatdırır. Orxan Paşanın həyatın mənasının sevgi ilə bağlaması fikri də diqqət cəlb edir: "İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə də gedir. Bu anlamda hər kəsin sevginin üç mərhələsindən keçməsi şərtdir.

Birinci mərhələ ana-bala sevgisidir. İlk böyük sevgi ana-bala arasında yaşanır. Ananın öz körpə balasına, balanın da anasına sevgisi əfsanəvi bir duyğudur, onun sirri İlahinin dərgahına bağlıdır.

İkinci mərhələ yeniyetməlik və ya gənclik illərini çevrələyir. Bu, oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirr bilinməyən tərəfləri çoxdur.

Birinci və ikinci mərhələdən sonra sevginin üçüncü-sonuncu mərhələsi gəlir. Bu, ilahi məhəbbətdir, uca Tanrıya - Yaradana olan sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən qazandığı ülvi duyğularını məhz uca Tanrıya - İlahiyə olan məhəbbətlə kamala çatdırır. Mən indi üçüncü sevginin sehri və cazibəsi içindəyəm".

Orxan Paşa sevgini ən böyük nemətlərdən biri kimi dəyərləndirir. Sevgilərin ən alisi və qaynağı olan Allaha olan sevgidə isə Orxan Paşa sevgisinin lövbər saldığını görürük. Allahın rəhməti sayəsində can sahibi olmuş insanlar Allaha olan sevgiləri ilə onun yaratdıqlarına qarşı da şəfqətli və mərhəmətli olurlar.

"Yağmur qoxusu" kitabında toplanan şeirlərin bədii xüsusiyyətləri çeşidli yönlərdən diqqəti çəkir, o cümlədən, istifadə edilən vəznlərə və qafiyə növlərinə, bədii dilə, bədii ifadə vasitələrinə görə.

Orxan Paşa daha çox sərbəst şeir və heca vəznindən istifadə edib. Şair aşıq yaradıcılığına məxsus vəzn

biçimlərindən də tez-tez istifadə edir. Müəllifin "O kimdir?" poetik nümunəsi sərbəst şeir manerasında qələmə alınıb:

 

O qədər öyrəşib ki

ona-buna baş əyə-

az qalır

küçədə yol versin

önündəki ağaca, küləyə...

Özündə yoxdu deyə-

həsədlə,

nifrətlə baxır

cəsarətliyə.

 

Bu şeirdə misra və hecaların sayının müxtəlif olmasına baxmayaraq, poetik fikrin poetik-emosional təsiri diqqəti cəlb edir.

Orxan Paşanın "Zooparkda bir qərib at" şeirindəki poetik mənalandırmada orijinal yanaşmadan xəbər verir:

 

De nədi gözlərini

çağıran ilğım-

o şehli talamı,

o yaşıl otlaqmı?!

Uzaq ellərin igidi yorğun at,

Yerişi həvəssiz,

duruşu solğun at,

At, buralar belədi,

ovuc boydadı yeri,

beş addımdı yolu.

 

Əhdi-Cədid son kitabının altıncı fəslində İoan Boqoslov dörd atlı obrazı yaradıb. Hər bir atlı müxtəlif rəngli at üstündədir: Fəlakət (Müsibət və Taun) ağ at üstündə, Müharibə kürən at üstündə, Aclıq qara at üstündə, Ölüm solğun at üstündə. Orxan Paşa solğun at obrazı vasitəsilə dustaqlığın ölümlə bədii eyniləşdirməsinə nail olmuşdur.

"Uzun Səyalı" şeirində şair müharibə probleminə toxunur. Sanki Orxan Paşa Azərbaycanın qarşısında yaranacaq ağır imtahanları əvvəlcədən görür. Şeirdə müharibənin ağrı-acılarını yaşamış Səyalı qadının doğma insanlarının itirməsinin acıları həyatın ağır nəfəsi kimi verilir:

 

Ağlamaqdan

yanaqları ötüb keçsə də

duz daşını,

o yenə gözləyir

davaya gedən

ərini,

iki oğlunu,

üç qardaşını.

 

Şairin qələmə aldığı poetik nümunələrdə poetik fikrin mərkəzində işlədilmiş qafiyələrin bir-birilərini izləməsi özünü büruzə verir. Orxan Paşanın bu şeirlərində ritmik-melodik ton yarada bilən səslərin alliterasiyası da özünü göstərir.

Orxan Paşanın öz şeirlərində müxtəlif qafiyələrə müraciət edir. Onun şeirləri tələffüzcə, səs tərkibi etibarı ilə bir-birinə yaxın olan sözlərin, yəni qafiyələrin işlənmə məqamları zənginliyi ilə diqqəti cəlb edir. Qafiyənin səs effektindən ustalıqla istifadə edən Orxan Paşa  intonasiya kamilliyinə də nail olur.

Şairin şeirlərində istifadə etdiyi qafiyə növlərinin hamısı heç də tam qafiyələr deyildir, natamam qafiyələrə, qulaq qafiyələrinə, daxili qafiyələrə də rast gəlinir. Məsələn, "Uzaqdan gözəldi dünyada hər şey" şeirində sözlərin anacaq bir hissəsi arasında səsləşmə özünü göstərir:

 

Uzaqdan gözəldi, dünyada hər şey,

Yarpağın yaşılı, günün şəfəqi.

Uzaqdanca boylan, uzaqdanca sev,

Qönçə olsun, çiçək olsun, nə fərqi...

 

Qafiyələrin bu cür akustik həmrəyliyi yorucu monotonluqdan uzaqlığı şeirin tələffüzünə çeviklik verir və yeni səsləniş təsiri bağışlayır.

Orxan Paşanın  şeirlərinin sonunda qafiyədən sonra qələmə aldığı və təkrarladığı sözlərdən, yəni rədiflərdən istifadə etmə manerası da diqqəti cəlb edir. Şairin "Bu dünya" şeirində istifadə edilən rədiflər poetik-üslubi təsir gücünü artırır:

 

Orxan Paşa, hesabını götür, get,

Qarışıbdı halal-haram, küfür, get.

Lənət oxu, gərdişinə tüpür get,

Yamanların dünyasıdı bu dünya.

Namərdlərin dünyasıdı bu dünya.

 

Bu poetik nümunədə rədif olan "get" sözü "götür", "küfür", "tüpür" qafiyələrini tamamlayır və ümumi bir nizam üstünə kökləyir. Şeirdə poetik ovqatın uğurlu alınmasında da intonasiya qəlibinin mühüm amil kimi rolu danılmazdı.

Azərbaycan dilinin akustik gözəlliyini qoruyan Orxan Paşanın bədii dili zənginliyi ilə seçilir. Belə ki, şair az sözlə dərin məna ifadə etməyə nail olur. Onun poeziyasında təbii ifadə üsullarından istifadə edilməsi yüksək sənətkarlıqdan xəbər verir. Bədii yaradıcılığında bədii dilin tərkib hissələri olan dialektizmlərdən, arxaizmlərdən, neologizmlərdən, vulqarizmlərdən, epitetlərdən, təşbehlərdən, metonimiyalardan və s. istifadə etməsi diqqətdən yayınmır. Bu şairin qələmə aldığı poetik nümunələrin poetik ruhunun, intonasiya zənginliklərinin güzgüsünə çevrilir.

Orxan Paşa "Şəhid köynəyi lalələr" mahnı-elegiyasında folklorizmə, canlı danışıq koloritinə hətta məhəlli dialekt deyimlərinə məqsədyönlü şəkildə yer verir:

 

Nola balam gələydi,

Gözlərim dincələydi!..

 

Şair ana obrazını fərdiləşdirmək, aid olduğu regionun danışıq tərzini göstərmək üçün folklor-danışıq üslubuna müraciət edir. Burada nə ola mənasını verən "nola" sözü şairin ifadə etdiyi fikrin bədii emosional tutumunu və hissi idraki təsirini artırır.

"Özümlə könül söhbəti" şeirində də maraqlı deyim tərzi özünü büruzə verir:

 

Sınayıblar dönə-dönə,

Həmənkidi dünya yenə.

Gedim, sonra gəlim demə,

Yaşa mağıl, Orxan Paşa.

 

Şairin doğulub boya-başa çatdığı bölgənin folklor koloriti şeirin dilində özünü büruzə vermişdir. Göründüyü kimi şeirdə ədəbi dillə canlı nitq ünsürlərinin poetik qovuşuğu uğurlu alınmışdır. Şeirdə lirik qəhrəmanın obrazı fərdiləşdirməklə yanaşı, fərqli şəkildə oxucuya təqdim edilməsinə nail olunur. Şeirin dilinin milli köklərə bağlanması canlı ünsiyyət elementlərinə sıx bağlılığı Orxan Paşa poeziyası üçün çox səciyyəvidir.

"Azərbaycan əsgərinə" şeirində isə tarixi-yaddaş elementlərindən, milli kimlik düşüncəsindən istifadə məharəti özünü göstərmişdir:

 

Mərd oğullar candan keçib,

Haqq deyib, divandan keçib.

Ərlik sənə qandan keçib,

Babanın qanına söykən!

 

Bu örnəyin poetik leksikonu demək olar ki, boyaboy babalarımızın həyat tərzi ilə əlaqəli olan sözlərdir ki, müasir danışıq dilimizdə işlənilmir.

Şairin dilimizdə yaranan söz və terminlərdən istifadə etmə bacarığı da diqqətdən yayınmır. "Postmodern sərxoşluq" şeirində neologizmdən istifadə elə şeirin başlığında özünü göstərir:

 

Dəymə, dəymə,

dünyanın düzəninə -

lənət sənə,

postmodern sərxoşluq!

 

"Mən səni sevməkdən qorxuram yaman" şeirində epitetdən istifadə edilib və bu vasitə yüksək poetik-üslubi ovqatın yaranmasına səbəb olmuşdur:

 

De, hansı buluda yol alsın ahım?

Səhralar, dəryalar dolansın ahım...

Bu qara sevdanı qaytar, Allahım,

Bu qara sevdadan aman, əlaman!

Mən səni sevməkdən qorxuram yaman.

Mən səni sevməkdən qorxuram yaman!

 

Burada "qara sevda" məcazi mənada işləndiyi üçün epitetdir. Yerində və məqamında işlənən bu manera şeirin bədii tutumunu gücləndirir və poetik qayənin üslubu təzahür üsulu kimi özünü doğruldur.

Orxan Paşanın "Yağmur qoxusu" şeirində də bədii-üslubi boyaların zənginliyi və çoxqatlılığı yüksək poetik təəssürat yaradır:

 

Yağmur qoxulu

bulud kimi

gəlib keçdin;

bir qanadı

ay işığında,

bir qanadı

kölgəli keçdin...

 

Təşbeh, mübaliğə, epitet və metaforaların poetik qovuşuğunu özünəməxsus vəhdətdə və poetik tablo halında təqdim etmə Orxan Paşa qələminin təbii və bədii gücüdür.

Ustad rəssam Səttar Bəhlulzadəyə həsr olunmuş "Bir kölgə qaçır hər gün" şeirində isə bədii portreti dolğunlaşdırmaq üşün metonimiyadan istifadə edilməsi düşüncə orijinallığının dinamiklik qazanmasının göstəricisidir:

 

Divanə dərvişə döndərərdi könlünü-

bağların xəzan çağında,

bir də yaz başlarında;

Yuyundurmaq istəyirdi hər kəsi

Kəpəzin göz yaşlarında.

 

Şair şeirdə bədii dildə müəyyən hadisəni, məkanı bildirən tarixizm və toponimlərdən yeni məcaz örnəkləri yaratmağa nail olur. Bu bədii keyfiyyət reallığı əks etdirən poetik ekvivalent kimi özünü göstərir.

Orxan Paşanın poeziyasında istifadə olunmuş bədii ifadə vasitələri də maraq doğurur. Şairin qələmə almış olduğu poetik sintaksislər rəngarəngliyi ilə seçilirlər. Təsadüfi deyildir ki, onun şeir dilində bədii suallara, təzadlara, təkrirlərə və inversiyalara tez-tez müraciət olunur. "O yerdə" şeirində ritorik sualdan istifadə etmə məqamına diqqət yetirək:

 

Cilvələnib gətirdiyin

baharmı, yazmı?

Dəli könlüm dönüb bir də

havalanmazmı?!

Aman tanrım, divanələr,

dəlilər azmı?-

Məcnun kimi, Kərəm kimi

görk olan da var...

 

Orxan Paşanın bu şeirində ritorik sual fikri qüvvətli şəkildə oxucuya çatdırmağa xidmət edən mükəmməl bədii ifadə vasitəsidir. Şair bədii sual intonasiyası ilə fikrini təsirli ifadə etməyə nail olmuşdur. Poetik şəkildə verilmiş bu suallara cavab tələb olunmur.

İztirablı tale sahibi olan böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 1931-ci ilin qışında evini qızdırmaq üçün əlyazmalarını yandırması "Mirzə Cəlilin sobası önündə" şeirində bədi təzadlar silsiləsi vasitəsi ilə dərin milli-mənəvi faciə kimi təsvir edilir:

 

Nə fərqi var

bahardı, ya payızdı,

istidi, ya ayazdı-

qışdı sənin sobanda

il boyu.

 

"Getdim, gördüm..." şeirində isə bədii sual və təkrirlər tamamlayıcı üslubi manera vəzifəsini birgə yerinə yetirir:

 

Yadındamı

torpağına-daşına

nə tapşırırdı telli saz-

Yadındamı Xəstə Qasım,

Tufarqan Abbas?!

Yadındamı

ərənlərin tutarı,

qalaların tabı, Dərbənd?

Yadındamı

Dədəm Qorqudun

kitabı, Dərbənd?

Dəmir qapıları necə?-

Yadındamı Dəmirqapı Dərbənd?!

 

Şeirdəki "yadındamı" təkriri misranın əvvəlində işləndiyinə görə anaforadı. İstifadə edilmiş anafora bədii suala vəhdətə girərək şeirin dilinin təsir gücünü artırmışdır.

"Tanrım" şeirində inversiyadan çox ustalıqla istifadə edilmişdir:

 

Hanı qulunun bir üzü?

Hanı mərd üzü, pir üzü?!

Şeytanla dolub yer üzü,

Bəndini bərk elə, Tanrım!

 

"Şeytanla dolub yer üzü" deyən şair bu misrada, eləcə də əvvəlki misralarda yalnız qrammatik normanı pozmur, bu uğurlu yerdəyişmə fikri daha da qüvvətli ifadə etməyə yönəldilmişdir.

Hər səhifəsində gözəl poetik təəssürat yaradan kitabın "Taleyimdən və ürəyimdən keçənlər" bölməsində oxuyuruq: "Poeziya bütün başqa göstəriciləri ilə yanaşı, birinci növbədə istedad və dil hadisəsidir". Orxan Paşa bu göstəriciləri uğurla həyata keçirdiyini yaradıcılığı ilə bir daha təsdiqlədi. "Şöhrət Tanrının elə bir sirli işidir ki, o sənə qismətdirsə, hara qaçsan da yenə dalınca gələcək. Yoxsa, şöhrətə doğru ha dırmanmaq istəsən də, nərdivanın dibində qalacaqsan" deyən Orxan Paşa həm bədii yaradıcılığında, həm də elmi fəaliyyətində ləyaqətli yüksəkliyi tutmağa nail olub.

 

Salidə ŞƏRİFOVA

filologiya üzrə elmlər doktoru, dosent

 

525-ci qəzet.- 2015.- 3 iyul.- S.8.