Azərbaycan: yeni xarici siyasət
və gələcəyə baxış
modeli
Dünyanın qarşı-qarşıya duran iki bloka
bölünməsi ilə nəticələnən İkinci
Dünya müharibəsi başa çatdıqdan sonra beynəlxalq
münasibətlərin NATO-da və Varşava Paktında fərdiləşdirilmiş
ikiqütblü strukturu təsbit olunmuşdur. Uzun illər
boyu bu blokların mərkəzləri bir-biri ilə
qarşıdurma vəziyyətində olan iki fövqəldövlət
- ABŞ və SSRİ idi.
“Soyuq müharibə”: ardı
varmı?
Bu dövlətlərin qarşıdurma illərində
dünyada üstün rol və geosiyasi nüfuz uğrunda rəqabəti
qlobal, dərk olunmuş xarakter almış və ideoloji əsaslara
söykənməyə başlamışdı. Məhz həmin dövrdə
tərəflər öz məqsədlərinə nail olmaq
üçün bütün mövcud resurslardan istifadə
etməyə hazır olduqlarını nümayiş etdirməyə
başladılar. Nüvə silahı tətbiq ediləcəyi
təqdirdə qaçılmaz fəlakətdən müəyyən
zəmanət yalnız bu idi ki, tərəflər həmin
halda ikisinin də məhv ola biləcəyini
anlayırdı.
Sovet İttifaqı dağıldıqdan və “Soyuq
müharibə” başa çatdıqdan sonra dünyada vəziyyət
tamamilə dəyişdi. Hər şeydən əvvəl,
ikiqütblü dünyanın ideya-siyasi oxu dağıldı,
yuxarıda qeyd edilən strateji imperativ köhnəldi.
XX əsrin
90-cı illərində SSRİ-nin və “sosializm düşərgəsi”nin dağılması qloballaşma proseslərini
sürətləndirdi. Qeyri-dövlət aktorlarının
beynəlxalq qarşılıqlı fəaliyyət
sferasına kütləvi şəkildə müdaxiləsi,
qeyri-hökumət təşkilatlarının yaranması,
transmilli korporasiyaların sayının artması və
ümumdünya bazarının formalaşmasında onların
rolunun kəskin şəkildə yüksəlməsi,
demokratiya və insan hüquqları ilə bağlı
şablonların yayılması, “yeni nəsil” münaqişələrin
meydana çıxması və nəhayət, İnternetin
yaranması və onun təsir dairəsinin fasiləsiz
genişlənməsi - bütün bunlar belə nəticəyə
gəlməyə əsas verir ki, beynəlxalq-siyasi
inkişafda yeni, misli görünməmiş bir mərhələ
başlamışdır. Yeni dünya
nizamının qurulmasını nəzərdə tutan
qloballaşma prosesi yenicə yaranmış ölkələrə
bir sıra aparıcı dövlətlər tərəfindən
qeyri-sivil təzyiq şəraitində cərəyan edir, mədəni
mühitin, ənənəvi dəyərlərin, milli
identikliyin dağıdılması cəhdləri ilə
müşayiət olunur. Dövlətlərin
suverenliyinə, milli mədəniyyətlərə, təsərrüfat
ənənələrinə, milli-etik imperativlərə məhəl
qoymamaq, daxili və xarici siyasət məsələləri barədə
öz anlamlarını başqa ölkələrə zorla qəbul
etdirmək cəhdləri müşahidə olunmaqdadır.
Yeni dünya nizamı eyforiyası
Yeni dünya nizamı Qərb ölkələrinin maliyyə
və ticarət asılılığını və Avropa vətəndaşlarının
rifahını nümayiş etdirən Qərb dəyərlərinin
yayılması şəklində bərqərar edilirdi. Öz dəyərlərinin
universallığında əmin olan avropalılar arxayın
idilər ki, qarşılıqlı iqtisadi asılılıq
və ümumi həyat tərzi gələcəkdə
bütün dünyada təhlükəsizliyin üstün mənbəyi
olacaq.
Şəxsi innovasiyalardan eyforiyaya qapılan Qərb
müəyyən mənada reallıqla əlaqəni
itirmişdir.
Başqa təsəvvürlər sistemlərini
anlamağa çalışmaq əvəzinə, Qərb
yalnız başqa dövlətlərin Avropa standartlarına
uyğun olub-olmadıqlarını görürdü. Yeni Avropa ideyasının istisnalıq və
universallıq iddiası avropalılar üçün qitədə
alternativ inteqrasiya layihələrinin qəbulunu
mümkünsüz etdi.
Əksər
analitiklərin fikrincə, dünyada bu dərəcədə
mürəkkəb və gərgin bir vəziyyətin
yaranmasına əsas səbəb dünyanın aparıcı
dövlətlərinin beynəlxalq hüququn norma
və prinsipləri ilə açıq-aşkar
hesablaşmadan öz maraqlarını reallaşdırmağa
cəhd göstərmələridir ki, bu da Rusiya- Qərb
münasibətlərində ciddi böhrana gətirib
çıxarmaya bilməzdi. Ukrayna hadisələri və Qərbin
sonrakı addımları, onun Rusiyaya qarşı
genişmiqyaslı sanksiyalar tətbiq etməsi də bu məsələdə
az rolu oynamadı.
Bütün
bunlar postbipolyar dünya nizamının iflası və yeni
“Soyuq müharibə”nin başlamasından
danışmağa əsas verdi.
Geosiyasətin nəzəriyyəsi və
təcrübəsi
Bu
baxımdan, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədovun “Xarici siyasət:
reallıqlar və gələcəyə baxış”
monoqrafiyası elmi və politoloji ictimaiyyət
üçün böyük maraq doğurur.
Monoqrafiyada
yeni beynəlxalq münasibətlər sisteminin və yeni
dünya nizamının formalaşması, güclü
dövlət və regional liderlik konsepsiyaları, xarici siyasət
prioritetlərinin parametrləri, bunların qloballaşan
dünyada cərəyan edən iqtisadi proseslərlə, Yer
kürəsinin müxtəlif regionlarında, hər şeydən
əvvəl, dövlətlərin ərazi
bütövlüyünün və regional təhlükəsizliyin
təminatı ilə bağlı böhranlı hallarla
qarşılıqlı əlaqəsi kimi mühüm problemlərə
toxunulmuşdur. Müəllif dünyanın
aparıcı dövlətlərinin xarici siyasətində
geosiyasi ideyaların “sərt gücdən” “yumşaq gücə”
(və ya “ağıllı gücə”) doğru təkamülünü
təfərrüatı ilə açıqlayır. Kitabda geosiyasətin nəzəri və praktik tərəfləri
qarşılıqlı əlaqədə nəzərdən
keçirilir. Müasir dünyada
müşahidə edilən əsas dəyişikliklər məhz
bu problemlər baxımından araşdırılır.
Kitabda XX əsrin birinci yarısının bir neçə
geosiyasət klassikləri nəslinin (F.Ratsel, R.Çellen,
H.Makkinder, K.Haushofer, N.Spaykmen və başqaları), müharibədən
sonrakı dövr (H.Kissincer, Z.Bjezinski, S.Koen, S.Hantinqton,
F.Fukuyama, J.Attali və başqaları), həmçinin
müasir dövrün aparıcı politoloqlarının və
beynəlxalq hüquq mütəxəssislərinin (C.Nay,
A.Koen, D.Zolo, E.Leyk, Y.Moin, F.Hayek, A.Fredberq, C.Fridman,
Ə.Davudoğlu və başqaları) nəzəriyyələrinin
elmi cəhətdən əsaslandırılmış analizi
verilir. Müəllif, xüsusilə son onillikdə
müşahidə olunan beynəlxalq münasibətlərin
birqütblü sistemdən tədricən
çoxqütblü sistemə keçid şəraitində
informasiya-texnologiya inqilabının rolu, əhəmiyyəti və
bu inqilabın beynəlxalq proseslərin gedişinə artmaqda
olan təsir istiqamətlərini açıqlayır. Ölkənin xarici siyasət kursunun ümumsiyasi
prosesin mühüm elementlərindən biri kimi dərin və
hərtərəfli təhlilinin verildiyi kitabın özəlliklərindən
biri də bundadır ki, əsərin hər fəslinin sonunda
həmin fəslin məzmunundan irəli gələn əsas məntiqi
nəticələr yığcam şəkildə ifadə
edilir və ümumiləşdirmələr aparılır.
Monoqrafiyada
dünya səhnəsində geosiyasi qüvvələrin
müasir bölgüsündə dünyanın aparıcı
dövlətlərinin - ABŞ, Çin, Böyük Britaniya,
Fransa, Yaponiya, Rusiya və başqalarının yeri və rolu ətraflı
xarakterizə edilir. Bütün bunlar böyük dövlətlərin
xarici siyasətdə seçdiklərı geosiyasi və
geoiqtisadi hədəflərə nail olma forma və
metodlarının transformasiyası prosesini anlamağa imkan
verir.
“Rəngli inqilablar” haraya
aparır?
Bu gün gözlərimiz önündə dünya
nizamında ciddi dəyişikliklərlə müşayiət
olunan coşqun proseslər gedir, bəzi dövlətlər əvvəlki
qüdrətini itirir, yeni güc mərkəzləri
yaranır, onların təsir sahəsi genişlənir. “Rəngli inqilablar”, “Ərəb
baharı” və s. kimi adlandırılan çoxsaylı lokal
münaqişələr dünyanın geosiyasi xəritəsinin
dəyişməsinə gətirib çıxarır.
“Soyuq müharibə” başa çatdıqdan dərhal
sonra irimiqyaslı kəskin geosiyasi qarşıdurmada Qərb
ölkələrinin siyasi elitası dünya səhnəsində
Rusiyanın mövqeyini zəiflətməyi və onu öz
strateji maraqlarına tabe etdirməyi əsas prioritet kimi
seçdi.
Rusiyanın Qərb tərəfdaşları, hər şeydən
əvvəl ABŞ, geosiyasi qarşıdurma fonunda özlərinə
hesabat vermirdilər ki, keçmiş rəqibin həddən
artıq zəifləməsi heç də həmişə
mütləq mənada onların xeyrinə olmur, əksinə,
kəskin mənfi reaksiya doğuraraq, əvvəlki opponentdən
daha böyük təhlükəyə səbəb ola bilər.
Birtərəfli qaydada hərəkət edən Birləşmiş
Ştatlar bəzi regionlarda güc tətbiq etməklə
bütün dünyada antiamerika əhval-ruhiyyələrinin
misilsiz dərəcədə artmasına ciddi təkan verib. Yekunda ABŞ
zəruri olaraq başqa dövlətlərin iqtisadi və hərbi
güc potensialından asılı olmayaraq onların birgə
müqaviməti ilə qarşılaşmalı idi. Təsadüfi
deyil ki, məşhur Amerika siyasətçisi Henri Kissincer
bununla əlaqədar xəbərdarlıq edərək
bildirirdi: “Bərqərar olmuş dünya nizamı və
Amerika cəmiyyətinin sabitliyi üçün ən
böyük təhdid mənbəyi ABŞ-ın
hegemonluğudur”.
Geosiyasət və müasir dünya
nizamı
Bu kontekstdə “Geosiyasətə giriş” ikicildliyinin nəşr
edilməsi ictimai-siyasi proseslərin təhlili baxımından
mühüm hadisədir. Əsərin müəllifi Azərbaycan Prezidenti
Administrasiyasının rəhbərinin müavini,
administrasiyanın xarici əlaqələr şöbəsinin
müdiri, professor Novruz Məmmədovdur. Bu kitab elmin bir sahəsi kimi geosiyasətin və onun
tədqiqat obyektinin - dünyanın geosiyasi strukturunun hərtərəfli
öyrənilməsinə həsr edilmiş Azərbaycan dilində
ilk nəşrlərdən biridir.
Müəllif öz əsərini müasir Azərbaycan
dövlətinin banisi Heydər Əliyevin nurlu xatirəsinə
həsr edib.
Regionumuzda yeni geosiyasi şəraitin yaranmasında, Azərbaycanın
bütün Qafqazda güc mərkəzinə çevrilməsində
Ümummilli Liderin rolu, onun keçən əsrin sonunda və
yaşadığımız əsrin
başlanğıcında dünyada gedən proseslərə
təsiri müstəvisində bu, tamamilə təbiidir.
Novruz Məmmədov
ikicildliyə müəllifin ön sözündə yazır:
“Cəmiyyətdə inqilabi dəyişikliklər və
dünyanın geosiyasi strukturunun radikal transformasiyası
geosiyasətin “yenidən kəşf olunmasını” tələb
edir”. Onun sözlərinə görə,
müasir beynəlxalq münasibətlərdə geosiyasət
mühüm yer tutur. “Ölkənin gələcəyini
geosiyasi proqnozlarsız təsəvvür etmək
mümkün deyil. Açıq və
qapalı cəmiyyətlərin və iqtisadiyyatların
mövcudluğu ilə səciyyələnən
çoxqütblü dünyada dövlət xadimi geosiyasi təfəkkürə
malik olmalıdır”.
Birinci cilddə müasir geosiyasi nəzəriyyələr
və məktəblər, o cümlədən, müasir
atlantizm, mondializm, yeni avrasiyaçılıq təfərrüatı
ilə təhlil edilir, postmodernizm dövrünün geosiyasi təlimlərindən
söhbət açılır.
İkinci cild müasir geosiyasi proseslərə həsr
edilib. Burada
ABŞ-ın, Avropanın, Rusiyanın, Çinin, Hindistanın,
Yaponiyanın və müsəlman dövlətlərinin
geosiyasətinə xüsusi diqqət yetirilir. Kitabda müasir
dünya nizamı, dünyada baş verən əsas geosiyasi
hadisələr təhlil edilir, planetin geosiyasi səciyyəsi
verilir, geosiyasi güc mərkəzləri və onların
münasibətləri, qloballaşan dünyada geosiyasi məsələlərə
yeni baxışlar, dövlətlərin öz milli
maraqları uğrunda mübarizəsi, inkişafın indiki mərhələsində
beynəlxalq təşkilatların və maliyyə təsisatlarının
artmaqda olan rolu, bəşəriyyətin
qarşılaşdığı təhlükələr və
təhdidlər, iqtisadi, siyasi və enerji təhlükəsizliyi
məsələləri hərtərəfli
araşdırılır.
Beləliklə, “Soyuq müharibə” başa
çatması keçmiş rəqibləri birləşdirmədi. Qərarlar qəbul
edilən mərkəzi Avropanın müxtəlif regional təşkilatlar
məkanına keçirmək cəhdləri də nəticə
vermədi. Bunun əvəzində, həmin
strukturların tribunalarından tələbkar pedaqoqun nəsihətlərini
xatırladan çağırışlar və müraciətlər
səslənməyə başladı. Faktiki
olaraq təcrübə göstərdi ki, əsas vəzifəsi
belə vəziyyətləri nizama salmaqdan ibarət olan
mövcud təşkilatlardan heç biri yaranmış
böhranların və münaqişələrin, o cümlədən,
Ukrayna böhranının effektiv həllini tapmaq iqtidarında
deyil. NATO-nun öz sərhədlərini
genişləndirmək qərarı, həmçinin
Rusiyanın öz şəxsi maraqları üçün təhdidə
cavab tədbirləri də Rusiya ilə Qərbin münasibətlərində
ciddi problemlərin mənbəyi oldu.
Xarici siyasət və milli maraqlar
Azərbaycan
öz xarici siyasətini beynəlxalq hüququn norma
və prinsipləri, BMT-nin Nizamnaməsi əsasında həyata
keçirir. Azərbaycan dövlətlərarası
münasibətlərdə də daim qanunun aliliyi və
dövlətlərin öz öhdəliklərinə əməl
etməsi prinsipinin tərəfdarıdır. Nəticədə, Azərbaycan dünyada etibarlı
tərəfdaş kimi qəbul edilir, getdikcə daha çox
dövlətlər onunla sıx əməkdaşlıq etmək
arzusunu bildirir. 2011-ci ildə Azərbaycan
BMT-nin Təhlükəsizlik Şurasına seçilərkən
ona göstərilmiş dəstək deyilənlərin əyani
sübutudur. O vaxt Şərqi Avropa qrupundan bir yerə
Avropa İttifaqının üzvü olan iki başqa dövlət
də iddia edirdi.
Ermənistanın
ölkəmizə qarşı təcavüzünə son
qoyulması, Azərbaycan torpaqlarının
işğalının nəticələrinin aradan
qaldırılması, dövlətin ərazi
bütövlüyünün, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin bərpa edilməsi,
ölkəmizin müstəqilliyinə və suverenliyinə
qarşı xarici hücumların və təhdidlərin dəf
edilməsi, ikitərəfli və çoxtərəfli əsaslarda
əlaqələrin inkişaf etdirilməsi, ticari-iqtisadi əlaqələrin
genişlənməsi, enerji və nəqliyyat
strategiyasının inkişafının dəstəklənməsi,
xalqımızın maddi-mədəni irsinin təbliğ edilməsi
və humanitar diplomatiya, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının
haqlarının müdafiəsi, diasporla əlaqələr,
beynəlxalq sülhə, təhlükəsizliyə və
davamlı inkişafa töhfə verilməsi və digər məsələlər
əvvəlki kimi yenə də Azərbaycanın xarici siyasətinin
prioriteti olaraq qalır.
Azərbaycanın müstəqil xarici siyasətinin
prioritetləri Ümummilli Lider Heydər Əliyev tərəfindən
müəyyən edilib. Bu siyasət, milli maraqlara uyğun olaraq, bərabərhüquqlu
münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq,
bir-birinin daxili işlərinə qarışmamaq, şaxələndirmə,
çeviklik və şəffaflıq prinsipləri əsasında
həyata keçirilir.
“Xarici
siyasət: reallıqlar və gələcəyə
baxış” kitabının müəllifi - professor
Novruz Məmmədov bu əsərində son iki onillik ərzində
Azərbaycan Respublikasının xarici siyasətinin təşəkkülü
və inkişafı prosesinin, onun şəksiz
uğurlarının və gələcək perspektivlərinin
dolğun mənzərəsini yaratmışdır. Kitabda Ulu Öndər Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış xarici siyasət kursunun
qlobal və regional dəyişikliklər kontekstində analizinə
xüsusi yer ayrılır.
Novruz Məmmədovun bu əsərinin özəyini yeni
dünya nizamına keçid kontekstində Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin
təhlili təşkil edir. Müəllif
tarazlaşdırılmış xarici siyasətin mahiyyətini
güclü dövlət quruculuğu ilə regional liderin
statusu arasında sıx əlaqə kontekstində tədqiq
edir. Bu baxımdan, regional inteqrasiya sistemində
Azərbaycanın yeri və rolu araşdırılır.
Regionda mövcud münaqişələrin tənzimlənməsi
imkanları xarici siyasətin prioritetləri prizmasından nəzərdən
keçirilir.
Kitabda
çoxsaylı faktlar əsasında inandırıcı
şəkildə sübut edilib ki, Heydər Əliyev məhz
geosiyasi təfəkkür tərzi və dünya arenasında
rəqabət aparan dövlətlərin geostrateji
maraqlarının, regionda real qüvvələr nisbətinin nəzərə
alınması, “neft amili”ndən rasional istifadə edilməsi
sayəsində çox qısa müddət ərzində
ölkəni beynəlxalq təcrid vəziyyətindən
çıxarmağa, onu ümumdünya inteqrasiya proseslərinə
qoşmağa nail oldu. Məhz bu dövrdə Azərbaycan
aparıcı və nüfuzlu beynəlxalq strukturlarla (BMT,
NATO, Avropa İttifaqı, Avropa Şurası ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı və
başqaları) münasibətləri qaydaya salıb,
dünyanın həm aparıcı, həm də regional
dövlətləri ilə, xüsusən də qardaş
Türkiyə ilə qarşılıqlı faydalı siyasi və
iqtisadi münasibətlər qurub. Kitabda
qonşu ölkələrlə, ilk növbədə, Rusiya və
İranla konstruktiv münasibətlərin qaydaya
salınması məsələlərinə də xeyli yer
ayrılır.
Bu, müəllif tərəfindən çoxlu sayda ilk məxəzlərin,
araşdırılan problem üzrə yüzlərlə
müasir sənədli və monoqrafik tədqiqatı əhatə
edən yerli və xarici elmi ədəbiyyatın, həmçinin
müvafiq İnternet-saytlardan bir sıra analitik materialların
yaradıcılıqla öyrənilməsi sayəsində
mümkün olub. ABŞ-da və aparıcı Avropa ölkələrində
dərc olunmuş, müasir diplomatiya nəzəriyyəsinə
və praktikasına, aparıcı beynəlxalq strukturların
fəaliyyətinə aid olan, Azərbaycan politologiya elmində
ilk dəfə elmi dövriyyəyə daxil edilmiş sənədli
materiallar xüsusi maraq doğurur.
Azərbaycan geosiyasi kontekstdə
Novruz Məmmədovun yuxarıda qeyd etdiyimiz “Geosiyasətə
giriş” ikicildliyində Azərbaycanın müasir regional
geosiyasi kontekstdə təqdim olunduğu fəsil xüsusi
maraq doğurur. Burada ölkəmizin müstəqillik illərində
keçdiyi yol sistemli şəkildə təhlil edilir, XX əsrin
sonu - XXI əsrin başlanğıcında dünyada baş
vermiş geosiyasi dəyişikliklər şəraitində Azərbaycan
dövlətçiliyinin təşəkkülünün və
inkişafının əsas tendensiyaları göstərilir,
ölkənin inkişafının başlıca, müəllifin
yazdığı kimi, “ilk növbədə, onun milli
maraqlarının formalaşması və təmin edilməsi
ilə bağlı olan” prioritetlərindən bəhs edilir.
Novruz Məmmədovun
“Xarici siyasət: reallıqlar və gələcəyə
baxış” adlı digər kitabında müəllif
vurğulayır ki, 1991-1993-cü illərdə Azərbaycanın
daxili və xarici siyasəti ölkəni parçalanma həddinə
çatdırmışdı. Müstəqilliyini
yenicə əldə etmiş gənc dövləti bəzi
xarici qüvvələr, ümumiyyətlə, dünyanın
geosiyasi xəritəsindən silmək niyyətində idilər.
Sistemli surətdə həyata keçirilən
tədbirlərdən sonra Azərbaycanın xarici siyasətində
yüksəliş başladı. Qısa
müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini
təmin etdi. Azərbaycanın xarici siyasəti
qarşısında duran vəzifələrin yerinə yetirilməsi
nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi
güclərin maraqlarının tarazlaşdırılması
addımbaaddım reallaşır. Hətta
Cənubi Qafqazın ən böhranlı dövrlərində
belə, Azərbaycan çevik reaksiyalar hesabına həmin
tarazlığı qoruyub saxlaya bilib.
Bu gün çoxvektorlu xarici siyasət ölkənin
indiki Prezidenti İlham Əliyevin rəhbərliyi altında
müvəffəqiyyətlə davam edir.
Azərbaycan öz yolu ilə gedir. Bu - ölkənin milli
maraqlarının təmin edilməsi və dünya ölkələri
ilə münasibətlərin qarşılıqlı maraqlar
çərçivəsində qurulması yoludur. Azərbaycan regionda tarazlaşdırılmış,
qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan tərəfdaşlıq siyasətini seçib.
Dünya oyunçularının ikili
standartları
Azərbaycan münasibətləri mehriban qonşuluq,
bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi,
qarşılıqlı hörmət və səmərəli
əməkdaşlıq prinsipləri əsasında qurmağa
çalışır. Dost ölkələrlə əməkdaşlığın
genişləndirilməsi və dərinləşdirilməsi,
iqtisadi maraqlarımızın, enerji və nəqliyyat
strategiyamızın təşviq edilməsi, ölkəmiz
haqqında həqiqətin dünya ictimaiyyətinə
çatdırılması, mədəni və humanitar
diplomatiyanın inkişaf etdirilməsi, xaricdəki Azərbaycan
vətəndaşlarının haqlarının müdafiə
edilməsi və Azərbaycan diasporu ilə əlaqələrin
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət
fəaliyyətinin mühüm prioritetlərindəndir.
Təəssüf
ki, bu gün bir sıra beynəlxalq təşkilatların, həmçinin
ATƏT-in Minsk qrupunu formalaşdırmış aparıcı
dövlətlərin ikili standartları, onların
münaqişə edən iki tərəfi bərabərləşdirmək
cəhdləri, beynəlxalq strukturların mexanizmlərinin
natamamlığı iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin qəti
nizamlanması üçün ciddi maneədir. Ölkə
daxilində təcavüzkar separatizmlə və Ermənistan tərəfindən
təcavüzlə üzləşmiş ölkəmiz
dünya “oyunçu”larının ikili yanaşmalarının
təsirini öz üzərində hamıdan çox və
açıq-aydın hiss edib. Professor Novruz Məmmədovun
yuxarıda qeyd etdiyimiz “Geosiyasətə giriş” adlı
ikicildliyinin ayrıca bir bölməsi də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin geosiyasi aspektlərinə
həsr edilib. Bu bölmədə Azərbaycanın təhlükəsizliyinə
ən böyük təhdid olan münaqişənin tarixi,
onun nizama salınması prosesi haqqında ətraflı
söhbət açılır, regionda formalaşan, Azərbaycanın
iqtisadi və hərbi gücünün artması,
bütün sferalarda onun güclənməsi və Ermənistanın
zəifləməsi ilə səciyyələnən yeni
geosiyasi vəziyyət təhlil edilir və göstərilir
ki, Ermənistan ölkə rəhbərliyinin
yürütdüyü siyasətin girovuna getdikcə daha
artıq dərəcədə çevrilir.
Bu fonda çoxvektorlu xarici siyasət kursunu
reallaşdıran Azərbaycan özünü
çoxsaylı təhdidlərdən xeyli dərəcədə
qorumağa, ölkədə sabitliyi saxlamağa və
dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu
tərəfdaşlıq münasibətləri qurmağa
müvəffəq olub.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
“İkili standartların dünya nizamı və müasir Azərbaycan”
adlı məqaləsində haqlı olaraq qeyd etdiyi kimi, “Bizim
üçün dövlət suverenliyinin dəstəklənməsi
məsələsi ölkədə sabitliyin saxlanması
üçün əsasdır. Lakin özünütəcrid
siyasəti bizə yaddır. Azərbaycan
heç vaxt özünü dünyadan “Çin səddi” ilə
ayırmağa çalışmayıb. Biz
ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət
veririk. Bu, bizim üçün prioritetdir.
Sivilizasiyalı dövlət olan Azərbaycan
bütün dövlətlərlə, Avropa Şurası ilə,
digər beynəlxalq təşkilatlarla ikitərəfli
münasibətləri inkişaf etdirmək arzusundadır.
Biz ən yaxşı dünya təşkilatı
praktikasını əks etdirən, öz üzvlərini dəstəkləyən
Avropa İttifaqına daha yaxın olmağa
çalışırıq. Biz istəyirik
ki, bu siyasi qurumla münasibətlərimiz praqmatik yanaşmaya əsaslansın,
qarşılıqlı maraqları əks etdirsin. Biz dünya xalqlarının maraqlarımıza cavab
verən, mentalitetimizə uyğun olan və
inkişafımızın sürətlənməsini təmin
edən təcrübəsini əxz etməyə
çalışırıq və bu niyyətlər konkret əməli
addımlarla dəstəklənir”.
Azərbaycanın Ümummilli Lideri, ölkənin daxili və
xarici siyasəti arasında incə harmoniyanı təmin
etmiş Heydər Əliyev 1993-cü ildə, Azərbaycana
qarşı təcavüz, müxtəlif tərəflərdən
arası kəsilməyən təzyiqlər, ölkə
daxilində davam edən qeyri-müəyyənliklər şəraitində
ölkənin xarici siyasətinin prioritetlərini müəyyən
etdi. Məhz belə mürəkkəb və ziddiyyətli
vəziyyətdə, mədəni tutumlu strateji seçim məqamında
ölkəyə strateji təfəkkürlə yanaşı,
siyasətçi müdrikliyini də özündə birləşdirən
rəhbər lazım idi. Heydər
Əliyev ölkə üçün məhz belə rəhbər
oldu.
Yeni mərhələnin kandarında
Azərbaycan
- Cənubi Qafqazda Rusiya, İran, Türkiyə və
Gürcüstanla həmsərhəd olan, eyni zamanda, Xəzər
dənizinə və onun vasitəsilə Mərkəzi Asiyaya
çıxışı olan yeganə dövlətdir. Əlverişli strateji mövqedə yerləşməsi
sayəsində bu gün Azərbaycan - mühüm logistik mərkəzdir,
Avrasiya məkanında Qərblə Şərqi, Cənubla
Şimalı birləşdirən ənənəvi və yeni
kommunikasiya, nəqliyyat və enerji dəhlizləri bu mərkəzdən
keçir. Strateji əhəmiyyətli
energetika və nəqliyyat-kommunikasiya layihələrinin
reallaşdırılması nəticəsində Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin arxitekturasında
mühüm yer tutur.
Müasir Azərbaycan regionun hamılıqla qəbul edilən
lideridir. Beynəlxalq münasibətlər sistemində Azərbaycan
özünü etibarlı tərəfdaş və sərbəst
oyunçu kimi tanıdıb. Bu gün
dünya siyasətində həm regional, həm də qlobal əhəmiyyətli
bütün məsələlərin həllində Azərbaycanın
fikri ilə hesablaşırlar. Hazırda
Azərbaycan inkişafın yeni mərhələsinin
astanasındadır. Ölkə rəhbərliyi “Azərbaycan
2020: gələcəyə baxış” konsepsiyasında
strateji hədəf kimi respublikanın statusunu artırmaq, onu
regionun iqtisadi lideri olan dövlətdən beynəlxalq iqtisadi
əlaqələr sistemində yüksək rəqabətə
davamlılığa malik olan iştirakçı səviyyəsinə
çatdırmaq vəzifəsini qarşıya qoyub.
Təsadüfi
deyil ki, Avropa Rusiya yanacağından
asılılığını azaltmaq və öz enerji təhlükəsizliyini
möhkəmlətmək məqsədilə “Cənub qaz dəhlizi”ni
inkişaf etdirmək niyyətindədir, Azərbaycanın
“Şahdəniz” yatağından hasil edilən qaz artıq
2020-ci ilin əvvəlində bu dəhliz vasitəsilə
Avropa bazarına daxil olacaq. Bu layihə Azərbaycanın
başqa yataqlarından, həmçinin Mərkəzi Asiyadan
və Yaxın Şərqdən hasil edilən qazı da “Cənub
qaz dəhlizi” vasitəsilə nəql etməyə imkan
yaradacaq.
Ardı var...
Kamal ADIGÖZƏLOV
Elsevər ABDULLAYEV
525-ci qəzet.- 2015.- 4 iyul.- S.6-7.