Zaman tuneli”ndə zamanı sıfırlayan şair

 

Çağdaş ədəbi gəncliyimizin ən məhsuldar gənclərindən biri Prezident təqaüdçüsü, Gənclər mükafatçısı Ramil Əhməddir. Onun işlək qələmi tələbəlik illərinin ən sadiq yol yoldaşı oldu. Ramil publisistik yazıları, dünya ədəbiyyatı filmləri barəsində esseləri, şeirləri ilə diqqət çəkir. Onun orijinallığı ilə seçilən ilk kitabı - “Zaman tuneli” “AYBkitab” layihəsi çərçivəsindən işıq üzü gördü. “Zaman tunelitexniki tərtibatından tutmuş şeirlərdəki məcazlara qədər özünəməxsusluğu ilə fərqlənir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. Burada keçmiş və gələcək iç-içə keçirilib, qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb.

Zaman tuneli”ndə parçalanma təkcə məzmun qatında yox, həm də eksperimental formalarla, vizual oyunlarla təqdim olunur. Buna misal olaraq “Neonağıl” şeirinin çap zamanı “apple”-ın rəmzi alma şəklində verilməsini göstərə bilərik. O, burada təkcə şair kimi yox, eyni zamanda rəssam kimibizi təəccübləndirir. Bu şeir bəlkə də, alma haqqında bir poema yazılacaq tutuma malikdir. Şeir Cəlil Məmmədquluzadənin “İki alma”sındakı uşaqlıq almasevərliyi kimi başlanır. Lirik qəhrəman da həmin hekayədəki kimi uşaq vaxtı almanı bəyənmədiyi meyvələr sırasına daxil edibmiş, hətta dişləyib atırmış. (Bu dişləyin yeri sonralar görünəcək). Nə fərqi var ki, “alma almaya bənzər”. Həmin dişlənmiş alma hələ öz budağındaykən Nyutonun başına düşür. Bu böyük alimin isə onun içindəki “qurdlardan” xəbəri yox imiş. Elə o qurdlar qoymadı ki, alma göyə üz tuta, təpəsiüstə yerə düşdü. Bircə Nyutonu fikir götürdü ki, alma niyə göyə çıxmadı. Axı nağıllarda da göydən üç alma düşürdü. Bu alma axır əvvəl gəldiyi yerə getməliydi axı. Ancaq almalar məcazi mənada göyə çıxmağa başladılar. Bir zamanlar dişlənib atılmaqla təhqir olunan alma, bolluğun heç də yaxşı xüsusiyyət olmadığının fərqinə vardı. İndi ən sevilən meyvələrlə bir sırada özünəlayiq qiymətlərlə satılır. Belə bir vaxtda Ramil Əhmədin gözünə görünən nənəsi deyir ki, “Vaxt gələcək yarımdişlək alma nağıl danışacaq adamlara”. Nənə özü o nağılları uşaqlığında göydəndüşmə almalarla bitirirdisə, indi nəvəsi bir yarımdişlək almanın bütün nağılları necə gerçəyə çevirdiyinin şahididir. Artıq texnoloji simvola çevrilmiş alma markalı əşyalar hər cür nağılı həqiqətə çevirə bilir. Bunu müşahidə etmək və sadəcə bir neçə misra ilə şeirə gətirmək isə almanın işi deyil, bu Ramilin elmi və bədii təfəkkürünün sintezidir.

Kitabın texnikasında nəzərəçarpan digər bir cəhət isə “Əvəz-siz-lik” bölməsindədir. Belə ki, bu bölmədəki,  hər bir şeir öz adı ilə yanaşı altı şəxs əvəzliyi ilə - mən, sən, o, biz, siz, onlar -  şifrələnib. “Biz” başlığındakı “H” adlanan şeirin bütün misraları “hsamiti ilə başlayır. (Yada “Qəsideyi-şinniyə” düşür). Buradakı qeyri-müəyyən əvəzliklər sonda üç hərf üstəgəl üç hərf sayına bərabər olan hər şey (hər- 3 hərf və şey-3 hərf) sözünə çevrilir. Bu üçhərfli sözlərdən üçbucaq da əmələ gəlib. Mən bunu uğurlu bir eksperiment kimi qəbul edirəm.

Forma özəlliklərindən keçək mövzu və məzmun cəhətlərinə. İlk öncə şeirlərin dili barədə onu deyim ki, müasir dilimizə hücum etmiş əksər əcnəbi sözlər Ramilin şeirlərində vətəndaşlıq hüququ qazanıb. Şeirlərinə seçilmiş qəribə adlara baxaq:Metamorfoz”, “Kapitalizm”, “Metafizika”, “ToPaz”, “Metrobohema”, “Underground”. Düşünürəm ki, bu cür adlar sadəcə aldadıcı cazibədarlıq üçündür. Ondansa ən yaxşısı “Bir qadının gündəliyi”ndəki kimi yeddi şeirin hər birinə həftənin birinin adını qoymaq daha xoşa gəlimli və bir azca da millifason ideyadır.

Ramilin şeirlərində ən özəl cəhətlərdən biri də həyati müşahidələrlə bədii təfəkkürün bir araya gəlib özünü təsdiqləməsidir. Kitab ilk olaraq əmr cümləsiylə başlayır. “Yolmayın çobanyastığının günahsız çiçəklərini”. Bu misralarda bütöv bir etnoqrafik yaddaşın izinə düşürük. Xalqın yaddaşında əsrlərlə daşlaşıb qalmış inanclara yeni açıq gözlə baxış görürük. “Cavabını bildiyiniz sualları başqasından soruşmayın”. Əslində bu hökm yalnız “Sevir, sevmir...” suallarının cavabı deyil. Bu bütövlükdə insanlığa verilən bir əmrdir. Bir sualın ki, cavabını bilirsiniz, o zaman əbəs yerə çobanyastığına zülm etməyin. Təbii ki, bu anlamda çobanyastığı artıq məcazi mənalar kəsb edərək obrazlaşdırılır. Eləcə də parabüzənlər.

Ramil şeirlərində küləyin, ağacın, suyun əvəzinə də danışmağı bacarır. Onun təbiət hadisələrinə verdiyi qeyri-adi yozumlara nəzər yetirək:

 

Külək adamı sorğu-suala tutur.

nimdaş paltonun deşiklərindən.

Yağış qeyri-romantik tərzdə

birbaşa ayaqqabının içinə yağır.

 

Külək və yağış ən çox bədiiləşdirilən təbiət hadisəsidir. Amma etiraf edək ki, gətirilmiş nümunədə bu hadisələrə tam yeni məna verilmişdir. Küləyin onsuz da əsərkən müəyyən uğultusu olur. Ramil bu uğultudan yalnız onun eşidə biləcəyi sözləri anlayır. Sən demə, külək köhnəlmiş paltoya sığınmış insanlara niyə sən də təzəsini geyə bilmirsən sualını verir. Bu isə əslində peyzaj kimi görünən misraların ictimai məzmun kəsb etməsidir. Əksər yazarların yağışın yağmasına romantik yanaşma ilə tərənnümünü görmüşük. Ramil isə heç kəsin görmək istəmədiyi antiromantikanı insanın ayağına gətirir.

Ramil “Hamımızın bildikləri”nə də öz bildiyi kimi qiymət verir, daha doğrusu bizim görüb görməzlikdən gəldiklərimizi, bilib susduqlarımızı cəsarətlə şeirlərində ifadə edir:

 

Hamı bir az Amerikadır,

başqasının evində kimyəvi silah axtaran.

Mən bilirəm. Yalanmı? Siz bilirsiniz.

Hamı bir az Qəddafidir,

öz ölkəsinin kanalizasiyasında tapılan.

Mən bilirəm. Yalanmı? Siz bilirsiniz.

 

Hamı bir az başqasıdır,

olmaq istədiyi, ola bilmədiyi başqası.

Mən bilirəm. Yalanmı? Siz bilirsiniz.

 

Hamı bir azrubl”dur,

miqrantları uzaqlaşdırmaq üçün öz dəyərini itirən.

Mən bilirəm. Yalanmı? Siz bilirsiniz.

 

Folklorumuzda belə bir deyim var ki, ayının yüz oyunu bir armudun başındadır. Yəni əsas odur ki, sonda meşədəki ən yaxşı armudu ayı yesin. Eləcə dünyadakı bütünpullu oyunlarınəsl səbəbi hamımıza məlumdur. Rubl xüsusi kağızdan hazırlanmış dünyanın adi cansız pullarından biridir. Axı bu yazıq pulun olmayan ağlı onu necə qiymətləndirə bilər?! Hamımız bilirik ki, pulları qiymətə mindirən , qiymətdən salan da insandır. Pul isə sadəcə vasitələrdən biridir. Elə bir vasitə ki, nümunədən göründüyü kimi, “hamı bir az rubldur”. Yəni mənafelər üstündə qurulan münasibətlər həm insanlar, həm dövlətlər arasında olur. Süniləşmə insanlardan ölkələrə keçib.Hamı bir az başqasıdır, olmaq istədiyi, ola bilmədiyi başqası...”

Bircə hərfşeiri belə yekunlaşır: “ xoşbəxtliyə bircə hərf çatmır- o...” O, kimdirsə, xoşbəxtlik olduğunu bilsəydi, yerini tapardı. Həm dilimizin özəlliyi ondadır ki, “o” əvəzliyi yeganə birhərfli sözdür. Ramil Əhməd bunu çox ustalıqla gözdən yayındırmayıb. Məlumdur ki, xoşbəxtlik bir vaxt qafiyəsini tapmırdı, indi bir hərfli olub. İtə-itə gedir xoşbəxtlik. BəlkəO”nu mutlu edib mutluluqla əvəzləyək... Məni elə sevəsən ki, sevilməkdən yorulam”.

 

Gülnar SƏMA

 

525-ci qəzet.- 2015.- 4 iyul.- S.14.