Doğulduğu günü xatırlayan
adam
Şair Vaqif Bəhmənli ilə
söhbət
- Əziz
qardaşım, xoş gördük. Bəri başdan səni
qarşıdan gələn 60 yaşın münasibəti ilə
ürəkdən təbrik edirəm, möhkəm
cansağlığı, yaradıcılıq uğurları,
xoş günlər və nəvə toyu arzulayıram...
- İntiqam müəllim, möhkəm cansağlığı, yaradıcılıq uğurları, xoş günlər və nəvə toyu ilə bağlı bildirdiyiniz arzuları sizinlə qardaş qisməti kimi tən bölürəm, sağ olun. Əlbəttə, onu da deməyə borcluyam ki, “Azərbaycan” jurnalının baş redaktorunun, nəinki ədəbiyyatın, ümumən mədəniyyətin hər sirrini bilən görkəmli səxsiyyətin bu lütfkar qərarı mənə görə həm gözlənilməzdir, həm düşündürür, həm də, açığı, sevinirəm. Nəzərə alsanız ki, ixtisasca jurnalistəm, bəlkə də əksinə olmalıydı; sualları mən, cavabları siz verməliydiniz. Sözgəlişi, on il bundan irəli üzümə gözəl sözlər deyə-deyə dostlar məni 50-yə addatdılar.
İndi də 60... Görünür, on ildən bir insan itkilərin dalınca ağlayan uşağa dönür, gərək onun başını sığallayasan ki, ehtimal edilən növbəti zaman kəsiminə ağrısız keçsin...
- Əvvəla,
60 yaş ərəfəsində özünü necə hiss
eləyirsən?
- Özümü güldən şirə çəkib pətəyə tərəf uçan arı kimi hiss edirəm. Lap körpəlikdən canımda arılara bənzər çalışmaq həvəsi var. Bu həvəs anamdan keçmədi, çünki onun qocaldığını gördüm, yorulduğunu yox...
Həyatın hər üzüylə üzləşmək insanın alın yazısıdır. Başqa sözlə, idrakın yetə bildiyi elə bir ovqat yoxdur ki, insan ömrün hansı məqamındasa həmən o fərqli, saysız-hesabsız ovqatların demək olar hamısını yaşamamış olsun. Əlbəttə, tədricən. Halbahal olmaq həyatın ən mükəmməl şəklidir. Bəlkə başqalarında başqa istinadlar var, bilmirəm, amma bayaq söylədiyim çalışmaq həvəsi məni toxtaq saxlayır. Bu səbəbdən tam qətiyyətlə deyirəm ki, şükür, yaxşıyam, lap yaxşıyam. 60 yaşın ərəfəsi də, özü də xoş gəlir, qoy gəlsin. Ağlı başında olan canına cəfa verər, illərə zəhmət verməz...
- Bu
görüşə gələndə bilirsən nə fikirləşirdim?
Fikirləşirdim ki, indi illər əvvəllərə
baxanda deyəsən sürətini artırıb, yaman tez
ötüb keçir; lap sürət qatarının
vaqonları kimi... Aylarla, illərlə ayaqlaşa bilirsənmi?
Çatdırmayıb təngidiyin olurmu?
- İntiqam müəllim, uzaq illərdə sadə bir şeir yazmışam, deyir:
Kim düzüb anları
bir-birinin dalınca,
kim qoyub gün həddi,
ay həddi,
kim yaradıb sıra-sıra
il sərhəddi?..
Mən bütöv yaşamaq istəyirəm
ömrümü -
bir anı belə boş qoymadan
yaratmaq şərti ilə
naxış-naxış,
ilmə-ilmə!
Uzun bir gün yaşayıram...
Yəqin bənzəməz onda
günüm-günümə,
ayım-ayıma,
ilim-ilimə...
Məncə,
zamanla ötüşmək havayı cəhddir, bəlkə də
zaman yoxdur, varsa da ifrat dərəcədə mütləqdir.
Əslində varlıqlar arasıkəsilməyən,
başlanğıcı və sonu olmayan daimi bir hərəkətin
tərkib hissəsidir. Zamanı təbii və şüuri
proseslərin hasil olan nəticələri maddiləşdirir.
Həftə, ay, il bölgüsü təxəyyülün
məhsuludur.
Görünür fərdi və ictimai nailiyyətləri,
fəaliyyətin xronologiyasını asan anlamaq,
olmuşları çaş-baş salmamaq üçün təqvimsiz
ötüşmək olmur. Keçmişin və
gələcəyin nüvəsi, istinad nöqtəsi
içində olduğun andır, hətta bu da nisbidir,
çünki enerji arasıkəsilmədən yaranır və
elə o qayda ilə də itirilir. Mən
gözümün qabağında neçə-neçə
doğma adamın enerjisinin tükəndiyini, şam kimi
yanıb öləzidiyini görmüşəm. Babam Qəbil qocalmışdı; həm
yaddaşı, həm də gözləri zəifləmişdi.
Hər şeyi dəyişik salırdı - dəryaz
əvəzinə balta, köynək əvəzinə nə
bilim nə..., aralıdan gələni xeyli baxandan sonra
tanıyırdı. O, elə bilirdi ki, günah illərdədi.
Əslində isə onun enerjisi tükənirdi.
Mən ona təskinlik üçün yazdım ki:
Gözün zəifləmir, fikrindən
daşın,
Gileyin nahaqdı özündən
sənin.
Tale uzaqlaşır, baxt
uzaqlaşır,
Dünya uzaqlaşır gözündən
sənin...
Allah
ruhunu şad eləsin, türk dünyasının
böyük şairi Bəxtiyar Vahabzadə “Ədəbiyyat qəzeti”ndə
çıxan bu şeirimi başdan-ayağa telefonda mənə
oxuyub elə həyəcanlı sözlər dedi ki, sanki
şair 80-ci illərin sonunda Azadlıq meydanının
tribunasından kütləyə üz tutub, “Ay camaat, fitnəkarların
sözünə inanmayın, heç olmasa, bir gecəlik
evinizə dağılışın, yoxsa bu cəlladlar sizi
qanınıza qəltan edəcək” - söyləyirdi.
Bir misal
da çəkim, yəqin sizdə də belə hallar olub,
ömrümün elə vaxt kəsimini xatırlayıram ki,
orada bir saat mənə bir il kimi uzun
görünüb, bəzən isə bir ilin hardan gəlib
hara getdiyindən xəbər tutmamışam.
Deməli, vaxtın sürətlərini bizim ruhi vəziyyətimiz
müəyyən edir. Gecə-gündüz əvəzlənməsi
olmasaydı dünyanın yaranışından sizinlə
söhbətləşdiyimiz bu ana qədər olan müddətini
bir gün adlandırmaq olardı.
Ötüb
keçən zamanı, vaxtı bu cür dəyərləndirəndən
sonra yalnız şairlərə yox, bütün insanlara mənalı
olmağın bircə variantı qalır:
çalışmaq! Yəni şüurlu əməklə
vaxtı maddiləşdirmək. Maddiləşən
zaman sənin əməyinin bəhrəsidir. Həm də sənin deyil. Əsas odur ki,
sürətli vaxt axarında cəmiyyətin boy
artımına bir qum dənəsi qədər
də olsa, yük daşıyırsan. O ki qaldı təngimək,
yorulmaq məsələsinə - tarla üstündə qan-tərə
batan kəndlinin bir ağac kölgəsinə çəkilib
dincəlməyi də işdi...
- Vaqif, neçə yaşından
yazmağa başlamısan? İlk şeirlərini
yazmağın ruhun, hissin, duyğunun ehtiyacından oldu, yoxsa
kimlərəsə bənzəmək, şair kimi tanınmaq
istəyindən? İlk təkan nə
oldu?
- Bu
yaxınlarda istedadlı və yüksək insaniyyətli gənc
yazar Sevinc Mürvətqızı uşaqlıq illərimi
neçə yaşından xatırladığımı
soruşdu. Mən ona, doğulduğum gün də
yadımdadır, - deyə cavab verdim. Təəccübləndi.
Kim olsa təəccüblənər. Amma Allaha and olsun, mən o günü
xatırlayıram. Necə ola bilər
ki, insan yaddaşı işıqla bərabər
qaranlığı, hələ bu azmış kimi hər sayaq
ələşən-küləşəni özünə
hopdurur, amma bütün həyatın səbəbi olan
möhtəşəm doğum gününü unudur? Bu mümkün deyil. Belə
mötəbər xatirata görə anama, bir də
doğulduğum civir mərəyin böyründən dikələn
tut ağacına minnətdaram. Niyə?
Birinci anamı deyim. O mənə dönə-dönə
nağıl eləyib ki, oğul, sən 1955-ci il
may ayının 23-də sübh tezdən, civir mərəkdə,
bax o tut ağacının altında, qara
çırağın işığında doğulmusan. Anamın şəhadətinin doğulmağım qədər
həqiqət olduğuna inanıram. Çünki
anam ömür boyu dilinə yalan söz gətirməyib.
O ki, qaldı tut ağacı, bunu yazmışam. Allah bilir “Azərbaycan” jurnalının baş
redaktoru özündən on iki yaş balaca şairdən bir də
nə vaxt müsahibə alacaq. İcazə
versəniz o şeirin ucundan-qulağından söyləyərəm
sizə.
- O nə sözdü, qardaş,
buyur, belə yaxşıdı...
- O
şeir belədi, deyir:
Başında bulud -
qoca tut!
Sən məni anamdan da
ətraflı tanıyırsan.
Çünki mən doğulanda
Anam özündə deyilmiş,
Çünki üzlü bir
qanadın
xəlvət-xəlvət əyilmiş,
Mən doğulan daxmanın
içinə girmiş,
Bir kimsə sənə fikir verməmiş!
Çünki biri məni tuturmuş,
Biri qara qazanda
qaynar su gətirirmiş...
Daxma -
Yarı qaranlıq, yarı
işıq -
anam can hayında,
o biri arvadların başı qarışıq...
Hamıdan yaxşı
sən gördün, qoca tut,
necə doğulduğumu,
Elə sonralar da
hamıdan yaxşı sən bildin
necə oğul olduğumu...
Ötüb aradan illər,
bir günəvərli gündə
əyləşib dibində
vurmuşam tut arağından,
Kölgə düşür
yarpağından...
Anamdan çox sevirəm səni,
aramızda bunca doğmalıq nədi,
tut ağacı?
Girib gen ağızlı
qara koğuşuna
orda qalmaq istəyirəm əbədi,
tut ağacı...
- Deyirlər tut ağacı
uzunömürlü olur, həmin ağac indi də qalır
qapınızda?
- Hesabla
qalmalıydı. Hayıf ki, hələ biz
körpə olanda gecənin tən yarısı hava
qarışar, göy guruldayar, ildırım çaxar.
O ildırımın biri də düşər tut
ağacının başına. Səhər
durub gördük ki, o boyda azman ağacdan yerdə bir topa
kül qalıb. Dilbar nənəm üzü qibləyə
durub əlini göyə qaldırır və deyir: - Kərəminə
şükür, ilahi, yaxşı ki o tut ağacı
varmış, yoxsa, ildırım evimizin üstünə
düşüb hamımızı kül edərdi. Nəsə, söhbətin səmti dəyişdi,
amma sualınız yadımdadı. Sözümün
canı budur ki, doğulduğu günü xatırlayan adam hesabla sözün sehrinə
düşdüyü günü də
xatırlamalıdı. Bu barədə bir dəfə
demişəm. Fikrimi toplayıram ki, dəqiq
olsun. İli səhv deyərəm, o
yadımdadı ki, orta məktəbə getmirdim, tutaq ki, 5 - 6
yaşım olub. Qış
vaxtıydı.
Gecədən möhkəm qar yağmışdı. İndi heylə
qar yağmır. Yazıq babam tezdəndən
durub həyətimizdən böyük yola qədər
yağıntını kürüyüb yolaq
açmışdı ki, qara batmayaq. Yuxudan
durar-durmaz ayağımda uzunboğaz qaloş, başımda
qulağının bir tayı sallanan basma papaq, kürəyimdə
sırıqlı (Leninqradın müdafiəsi illərində
uşaqlar...); soxuldum babam açan qar cığıra. Getdim... getdim. Cığır
qurtarandan sonra özüm cığır açdım, yenə
getdim. Bir də gördüm ki, İran sərhəddindəyəm,
qarşımı da tikanlı məftillər kəsib, daha
burdan o yana nə qar cığır var, nə
də elə-belə cığır. Geri
baxdım, kənd xeyli uzaqdadı, əslində kənd
görünmürdü, bacalardan burula-burula qalxan tüstü
görünürdü, orda tüstü, burda tüstü.
Belə çıxırdı ki, evə
dönüb qayıtmaq evdən çıxıb getməkdən
qorxuludu. Birtəhər özümü ələ
alıb üzü geri addımladım və başladım
oxumağa.
Bəlkə də nadir qarabağlıyam ki, səsim
yoxdu. Amma oxuyurdum. Mənə elə gəlirdi
ki, çox gözəl oxuyuram və hələ indiyə qədər
heç kəs belə oxumayıb. İntiqam
müəllim, inanırsınız, mən elə-belə
zümzümə eləmirdim ha, oxuduğum mahnının
sözləri də vardı. Deməli,
obadan uzaq o qarlı, soyuq havada harmoniya, ilahi ahəng mənim
canımı qızdırırmış. Yolumun qalın qarını təmizləyirmiş.
Oxuya-oxuya, söz qoşa-qoşa gəlib
qapımıza çatanda anam elə mənim kimi əziz bir
buzovun başına ilmək keçirdib isti pəyəyə
tərəf dartırdı. Səsimə
sarı dönüb, - Yenə nədi havalanıb itmisən səhərin
gözü açılandan, dil boğaza qoymur ey gədə,
elə bil dilotu yeyib. Bax,
yaradıcılığa belə başladım. Heyif ki, ilk nəğməmi körpə ləpirlərimlə
qar üstünə yazmışdım. Tezliklə yaz gəldi
və o ilk nəğmə qar suyuna qarışdı, axıb
getdi...
- Etiraz etmirəm, uğurlu ilkin
başlanğıc həmişə vergidir, amma ola bilməz ki, ciddi əsərlər həmişə
fövqəltəbii amillərə əsaslansın. Sısqa
axarların gözünü açmasan bulaq olmur...
- Elə
mən də ora gəlirəm. Yaradıcılıq
mühitindən tamamən kənar bir ailədə
doğulmuşam. Babalarım Maşad Səfəralı,
Məti, Salman bəy, Həsənqulu oğlu Qəbil, nənələrim
Dilbər xanım, Əsbət Osandıq, atam və anamdan
tutmuş ta məndən 2 yaş böyük qardaşım
Qalibə qədər heç biri tam orta məktəb
qurtarmayıb.
Ailəmizdə məktəb qurtarmaq məndən sonra
moda düşüb. Görünür dövranın da boynunda
babal var. Amma bu ayrı bir söhbətin mövzusudur. İçimdə qaynayan bulağın
gözünü açan əl, əlbəttə ki,
içində olduğum ailə mühitidir. Birincisi, biz türk dilinin qaymağı ilə
qidalanırdıq. İlahi, insan öz
fikirlərini necə dürüst, necə koloritli, necə
acı, turş, şirin, sərt, yumşaq... ifadə edə
bilər?! Söz necə qan bağlayar,
söz necə qan tökər?! Büt yaratmaq istəmirəm,
amma sizin sualınıza cavab olaraq məcburən deməliyəm
ki, 7-ci sinif təhsili görmüş anam Diləfruz Mirzə
Ələkbər Sabiri, Aşıq Ələsgəri, Səməd
Vurğunu, Müşfiqi, Süleyman Rüstəmi əzbər
bilirdi. Bu hələ azdı, onun dediyi
nağıllar, mifoloji mətnlər heç Folklor
İnstitutunun fondunda da yoxdu. İlk dəfə Sədinin
“Bustan”, “Gülüstan” kitablarını, Hafizin “Qəzəlləri”ni, Ordubadinin “Qılınc və Qələm”ini
evimizin göyərçinlər quruldaşan
çardağında tapıb vərəqləmişdim. Anam
Nizami Gəncəvinin bu sözlərini oxuyurdu:
Gözüm aydın, gözümə
surəti
canan görünür,
Miski ənbir saçaraq ətrlə
əfsan görünür.
Allaha şükr edirəm, ey
gözümün
nuru, bu gün
Yer gəlir göz önünə
sərvi-xuraman görünür.
Yaxud
deyirdi:
Gecə xəlvətcə bizə
sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl
nazlı nigar gəlmiş idi...
Yaxud
Süleyman Rüstəmdən deyirdi:
Gün o gün olsun ki, qurtarsın
dava,
Dağılsın buludlar,
açılsın hava.
Alınsın düşməndən
intiqam, qisas,
Torpaq nəfəs alıb dincəlsin
bir az.
Hələ babam Qəbilin yumoru. Çox
açıq-saçıq, həm də nasiranə
danışırdı. O söhbət eləyəndə,
yaxud hansısa bir hadisəyə münasibət bildirəndə
bütün kənd uğunub gedirdi, mən isə nədənsə
sarsılır və hətta babamın yerinə xəcalət
çəkirdim. Yeri gəlmişkən,
gürcülər, ruslar öz mühitlərini olduqca mükəmməl
yazıblar, əslində bizdəki davranış irsi bəlkə
digər xalqlardakından da zəngindir. Məncə,
hələ biz onu yaza bilməmişik. Görünür
bütün bunlar - hətta doğulduğu günü
xatırlayan uşağa fürsət verib ki, nələrsə
quraşdırsın, mızıldansın. İntiqam müəllim, bura qədər mənim
yaradıcılığa başlamağımın folklor hissəsidir,
bu bir növ platonik eşqdir. Şəxsi
maraq xatirinə şairliyin ilk yazılı örnəyini də
qoruyub saxlayıram. Bu saralmış,
dama-dama dəftərçədir. Quruluşundan
və içindəki qeydlərdən görünür ki,
60-cı illərin birinci yarısına və atama aiddir.
Dəftərçənin ilk iki səhifəsini
Fatihə surəsi tutur. Sonrakı bir
neçə vərəq boşdur, eləcə saralıb
durur. Sonra adam adları
qarşısında telefon nömrələri gəlir. Bu adlar tarixdən xəbərdar oxucuya nəsə
deyə bilər. Axundov, İsgəndərov, Qaçay
Ələkbərov, Ağalar Əliyev, Kərimov, Əmirov,
Petrosyan, Kazımov, Eldarov, Redaksiya Zeynal, Novruz Cuvarlı,
Hüseyn Mamedov (sonuncu iki adam atamın ən yaxın
qohumlarıdır)... Sonrakı vərəqlər
boşdur. Lap axırda mənim yazıya
alınmış ilk üç şeirimdi. Birinci şeir “Qış”, ikinci şeir “Yaz”,
üçüncü şeir “Əlimdə qələm”.
İlkin başlanğıc belədir. Amma sonralar Səməd Vurğun, Süleyman Rüstəm,
Rəsul Rza, Bəxtiyar Vahabzadə... olmaq üçün xəyalımda
min bir plan qururdum. Yaxşı ki, belə idi, yoxsa mən
“Əlimdə qələm” adlı üçüncü
yazılı “əsərimdən” sonra ömür boyu əliqələmsiz
qalacaqdım.
- Aramızda yaş fərqi lap
çox olmasa da (12 il nədir ki?), amma hər
halda bir qədər var və mən siz nəsildən
olanları müşahidə edə bilmişəm; kənardan.
Sən gənc yazarların çoxları kimi şəhərin
küçələrini dolaşıb saatlarla, belə deyək
də, çayxanalarda oturmurdun. Hərdənbir
olurdu. Nədən? Sözün-söhbətin
tutmurdu mənsub olduğun ədəbi nəsillə, yoxsa
vaxtın yox idi, qayğıların çox idi?
Başqa səbəblər də ola bilər...
-
Yaradıcılıqdan alınan zövq bir başqa
zövqdür. Yer üzündə yaşayan
altı milyard yarım insanın çox cüzi bir hissəsi,
tutalım, yüz mini yazıçıdı. Onların da rəsmən min altı yüzü bizdədi.
Deməli dünyanın mütləq əksəriyyətinin
şansı başqadı - yaşamaqdan zövq almaq. Üstəlik yüz min yazıçıya da
yaşamaqdan zövq almaq qadağan edilməyib.
Yazdın, yazmadın cuşa gəlib şəhəri dörd
dolanmaq, əylənmək, çayxanada, kafedə, restoranda
dincəlmək, toya, Allah xeyir iş qismət
eləsin, yasa getmək, bunlar hamısı insanın həyat
tərzinə daxildir. Heç buna pis baxmaq da
düzgün deyil. Amma siz düz deyirsiniz,
davranışlar əndazədə, anamızın dilində
desək, ölçülü-biçili olanda sənin
hansı məkandasa olmağın yalnız özünün
deyil, çevrənin də ürəyincə olur.
Sağ olun ki, məni çevrənin bəyəndiyi adamlar
sin-finə aid elədiniz və bu, bir qədər belədir. Amma bununla belə, deməliyəm ki, saatlarla
çayxanada oturub çənələrə qulaq kəsildiyim
də olub, çərənlədiyim də. Yasamaldan Əhmədliyə piyada getməklərimi də,
gün çıxandan gün batana qədər, Allah bilir
neçə saat Qala divarlarından qırağa
çıxmayıb, hər tinə, hər dalana burun
soxmağımı da etiraf edirəm.
Hələ
bir dəfə Sabir Rüstəmxanlının altmış
illik banketindən gecə saat on ikidə çıxıb
ustadım Çingiz Əlioğlunun felinə uyaraq, Salam
Sarvan və Əsəd Cahangirlə (onları demək olar ki,
ilk dəfə görürdüm) səhər saat səkkizə
qədər Dənizkənarı bulvarda aşa-aşa gəzib
dünya ədəbiyyatını sahmana
saldığımızı da xatırlayıram. O gecədən
başqa mən heç zaman evdən qıraqda
qalmamışam. Haqlı olaraq həyat yoldaşım, rus
demiş, “rozısk” verib - hara itdi bu kişi.
Yalan olmasın bütün Bakı məni
axtarır. Biz isə - Çingiz müəllim,
Əsəd, Salam və mən, həmən axtarış
saatında “Nizami” kinoteatrının açıq
eyvanındakı kirli kreslolara çöküb (o vaxt kirli
idi) sosiska sifariş eləmişik. Evdəkilər
məni elə oradaca yaxaladılar. Xülasə,
indikiləri deyə bilmirəm, bizim vaxtımızda, yəni
70-80-ci illərdə çayxana gerçəkli bir məktəb
idi.
İnanmıram
ki, məsələn, Zakirin, Mirzə Fətəlinin, Mirzə
Cəlilin, Cavidin, Müşfiqin, Səməd Mənsurun, Səməd
Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin... həyatında
çayxana izləri yoxdu. Buna qədər isə mən o
cazibədar məkanda Səttar Bəhlulzadə, Mikayıl
Abdullayev, Yusif və Vaqif Səmədoğlular, Aydın Məmmədov,
Aqil Abbas, Mövlud Süleymanlı, Ramiz Rövşən,
Vaqif Bayatlı, Kamil Vəli, Əbülfəz Elçibəy,
Asif Əfəndiyev, Vidadi Məmmədov, Səyavuş Aslan,
Yaşar Nuri, Tahir Talışoğlu, Camal Yusifzadə, Seyran Səxavət,
Abbas Abdulla... ilə, ən çox da yaşıdım olan qələm
dostlarımla görüşüb dünya işlərindən,
ədəbiyyatdan, sənətdən
danışmışıq. Ağzımızı
pör-şələyən qaynar çayı və siqaret
tüstüsünü nəzərə almasaq ora - yəni
çayxana eyni ruhlu insanların klubu idi. İndi
getmirəm çayxanaya. Çayı yeməkarası
içirəm. Heç onda da
çayxanaya çay içməyə getmirdim. Bir az öncə təsvir elədiyim insanlara
görə gedirdim, özümü onlarda axtarırdım.
Vaqif Nəsibin bir gözəl hekayəsini oxumuşam. Sizin jurnalda.
İli də yadımdan çıxıb, əsərin
adı da. Yadımda qalan odur ki, əsərin
qəhrəmanı uzun fasilədən sonra haçansa təmasda
olduğu dostlarını görmək istəyi ilə balaca
bir yeməkxanaya təşrif buyurur. Məlum
olur ki, onun axtardığı insanlar burada yoxdur və o
özü də bu yeməkxanada heç kəsə gərək
deyil. Məkan dəyişir, zaman dəyişir.
Mənə elə gəlir ki, insanın ən
mükəmməl qərarı dəyişən zaman və məkan
müstəvisində öz yerini doğru seçməkdi.
Mövqe dəqiq seçiləndə yaşamaq
rahat olur. Çayxana məsələsini belə
çürütdük, ona bəraət qazandırandan dərhal
sonra deməliyəm ki, o məkanda başqaları ilə
müqayisədə nə az, nə
çox, könlüm doyana qədər olmuşam. Orada on nəfərin əyləşdiyi masaya
heç vaxt yaxınlaşmamışam. Uzağı
dörd-beş nəfərin arasında oturmuşam. Yazı yazmaq həvəsim qalxanda, balalarım,
evimizin qayğıları gözümün qabağına gələndə
isə dərhal çayxananı tərk etmişəm.
Baxmayaraq ki, bu, bir az çətin idi.
- Niyə çətin idi, dostlardan
ayrılmaq istəmirdin?
- Həm
o, həm də çayxananın qızıl qaydasına
görə...
- Nə idi o qayda?
-
Masanı ilk tərk edən adam gərək
çaypulunu da verəydi. Axı bilmirsən
sonradan qonaq olduğun stolda sən gələnə qədər
neçə çaynik boşaldılıb, nə qədər
sosiska, pirojna yeyilib. Çayxana tünlüyündən
küçə, ev rahatlığına
qovuşmaq üçün Allah bilir neçə dəfə
qırmızı onluqlardan keçmişəm. Tək mən yox, o biri dostlar da eləcə. Hər
halda, indiki ağlımla düşünürəm ki, peşə,
qəlb, ruh, düşüncə yaxınlığı olan
insanların toplaşma yerinin olması tıxac əsrində az qala ictimai aktuallıq kəsb edir. Hərdən Dənizkənarı bulvarda veteranlar
çayxanasının böyründən keçirəm.
Görürəm ki, həqiqətən də zəngin,
hardasa mürəkkəb keçmişi olan yaşlı
insanlar işə gəlirmiş kimi, şax kostyumda, ağ
köynəkdə, qalstukda gəzişirlər, əyləşib
çay içirlər, nərd oynayırlar, hansı bir
keçmiş nazir, komitə sədri, idarə rəisi isə
dostlarına pivə qonaqlığı verir, ətrafa xatirələr
püskürür... Təklik, tənhalıq,
yaradıcılıq anlarında məqbuldur, amma cəmiyyətdən,
insanlardan təcrid olunmaq ağır işdir. Hətta
yazı yazanda da bəzən adam
düşüncələrdən yorulur, qulağı səsdə
olur ki, görüm qapını kim döyəcək,
görüm kimdi gələn, görüm nə deyir?
- Dost-tanışdan, həmkarlardan
aralı düşmək bəzilərini
yaradıcılıqdan geri atır (bundan gileylənənlərə
az rast gəlməmişəm), səndə
necədi?
-
Dost-tanışdan, həmkarlardan, məncə, yalnız
psixoloji duruma görə aralı düşmək olar. Adi
halda yaxşı dost dostunun başının işə
qarışıq olduğunu, hansısa əsər üzərində
işlədiyini də nəzərə almalıdır. Biz siam əkizləri deyilik ki, birimiz öləndə
o birimiz qalmasın. Mən illərlə görmədiyim
ləyaqətli insanlardan xəyal gücünə enerji
alıram, aralıdan, bu naqilsiz enerjidi, günəş enerjisi
kimi arasıkəsilməzdi. Sözün
açığı, bir şəxsiyyət olaraq üzərinə
düşən missiyanı yerinə yetirmək şərti
ilə hər bir çağırışa hay verən,
hamıyla təmas saxlayan, xeyirdən-şərdən qalmayan,
dosta-qohuma, qonşuya yarayan, cəfakeş insanlara həsəd
aparıram. Hayıf deyil karlı adam.
Özümə karlı adam deməzdim. Qəribədir ki, nisbətən uzaq, hətta bəzən
təsadüfən rastıma çıxan
tanımadığım adamların istəklərini dərhal
yerinə yetirməyə ən azı cəhd edirəm, amma
doğmalarımın (qardaş, bacı, övlad) bir işinə
yarayınca yazıqlar çərləyir. Bütün bunlarla belə, yazıçının
ən yaxın dostu, doğması onun yazı masasıdır.
Orada duyğu, ağıl və təcrübənin
verdiyi imkana münasib nəinki yaxın, hətta ən uzaq
ürəkləri də titrətmək mümkün olur.
Yazı masası möcüzədir.
Ən sədaqətli, ən etibarlı dostum odur, nəyi bilirəmsə
o öyrədib, nəyi veribsə o verib...
- 23 yaşında “Azərbaycan”
jurnalı kimi nüfuzlu bir jurnalda, özü də təxminən
700 misra şeirinin dərc olunması sənə necə təsir
etmişdi? Başgicəllənməsi-filan...
oldu, olmadı?
- Bəlkə
də məndə hər cürə xəstəlik tapmaq olar,
başgicəllənmədən başqa. Amma
bütün insanlar kimi əməyimə qiymət veriləndə,
inandığım, halal nailiyyətlər olanda fərəhlənirəm,
daha yüksək yekunlara can atıram. Yadıma
gəlir, orta məktəbin beşinci-altıncı sinfində
oxuyanda qonşumuz, mənə əlifbanı, hüstüxətti
öyrədən rəhmətlik Rza müəllim
üç-dörd simsar uşağı, o cümlədən,
məni çağırıb xahiş eləmişdi ki,
anbardakı quru tut budaqlarını təndirin başına
daşıyaq. Biz çırpını
dartıb aparırdıq. Rza müəllim bir az aralıda dayanıb baxırdı. Mən həvəslə
işləyirdim, birdən Rza müəllim hamının
eşidəcəyi bir səslə “bərəkallah Vaqif” deyə
ruh verdi. İndi denən, mənə
dur demək olar?! Elə fərəhlənmişdim, az qala odun nədi, anbarın özünü
dartıb təndirin yanına gətirim. “Azərbaycan”
jurnalının 1978-ci il 8-ci sayında işıq üzü
görən məşhur “Ehey, kim saxlayıb bu səkidə
maşını” adlı silsilə işıq üzü görənə
qədər “Ədəbiyyat və incəsənət”, “Azərbaycan
gəncləri”, “Bakı”, “Sovet kəndi”, “Molodyoj Azerbaydjana” qəzetlərində,
“Göyərçin” jurnalında, almanaxlarda yazılarım dərc
olunmuşdu. Hətta ayrıca səhifədə üç
şeirim dərnək rəhbərim, şair, gənclərə
xüsusi qayğısı ilə fərqlənən
Ağacavad Əlizadənin təşəbbüsü ilə
“Azərbaycan” jurnalının 1974-cü il
dördüncü sayında çap olunmuşdu. Onda hələ siz, səhv etmirəmsə
kinostudiyada çalışırdınız. O şeirlərdə
görünür, dövrün tələbinə uyğun
ixtisar və redaktə də olmuşdu, sonralar həmin
yazıları qələmə alındığı variantda
kitablarıma daxil elədim.
Amma 78-ci il debütü unudulmazdır. Təsəvvür
edin, bir həftənin içində sənin əsərlərini
80 min insan oxuyur. O vaxt jurnalın tirajı belə idi. Nəzərə
alsaq ki, o illərdə “Azərbaycan” jurnalı əldən-ələ
gəzirdi, oxucu sayı bir az da yüksəlir.
Şeirlərə görə jurnaldan 500 manat
qonorar aldım. Hələ evlənməmişdim,
pulumun ağasıydım, Azneftdən yaşıl rəngli
“Moskviç-412” maşın tutduq. Mən, Eldar
Baxış, Ağacəfər Həsənli və Loğman
Rəşidzadə getdik “Talışstroyda” dayımgilə,
ordan getdik Bəhmənliyə, ordan Cəbrayıla, ordan
Qubadlıya. Heylə gərgin səfərdən
sonra Azneftdə “Moskviçdən” düşəndə də
başım gicəllənmədi. Üç günə
beş yüz manatın başına rəsmən
daş salıb cibimi boşaltmışdım deyə, quş
kimi yüngül idim. Üç günlük həsrətdən
sonra gözəl Bakının mərkəzi küçələrində
möhtəşəm bir dövrə vurub Yasamaldakı kirayə
mənzilimə çatanda qonşunun pəncərəsində
işığı oynaşan televizorun səsindən bildim
ki, Moskvadan “Vremya” verilişi başladı.
İntiqam
Qasımzadə
(Ardı var)
525-ci qəzet.- 2015.- 4 iyul.- S.18-19.