Yaşam fəlsəfəsi
İSLAM
DÜNYASINDA ELM VƏ TƏHSİL
V YAZI
(Əvvəli ötən cümə
sayımızda)
Alimlərin həyat tərzi
Riçard Feymana görə, elm- sağlam
düşüncədir. Aspirantura vaxtı elmi rəhbərim professor L. Senadan
eşitdiyim söhbət
düşündürücüdür: Stalin dövründə
- 1937-ci ildə çoxlu alim günahsız tutulmuş və
həbs düşərgələrinə göndərilmişdi
(Sena qışda Qafqaz dağlarında xizək sürərkən
danışdığı bir lətifəyə görə
tutulmuşdu). Bu düşərgələrin
birində təqribən 50 nəfər elm adamı
“yatırmış”. Bu alimlər türmə
rəhbərlərinin tapşırıqlarını səliqə
ilə yerinə yetirirdilər. Çay
üzərindən körpu salanda da, meşələri
qırıb taxta-şalbana çevirəndə də onlar
oxuya-oxuya, şənlənə-şənlənə,
tapşırılan işləri görərdilər. Nəzarətçilər yuxarılara məlumat
ötürürdülər ki, alimlər
tapşırıqları çox şən yerinə yetirirlər.
Yuxarıdan tapşırıq gəlir ki, onlara
uzunluğu 1 km, dərinliyi bir metr olan xəndək
qazdırın. Alimlər xəndəyi də
şən və oxuya -oxuya qazırlar. Sonra
əmr gəlirki, xəndəkləri təzədən
torpaqla doldurun. Bu son
tapşırıqı onlar deyinə-deyinə görürlər.
Ta mahnı oxumurlar, lətifə danışmırlar, işi
zülümlə görürlər. Tez-tez xəstələnirlər,
arıqlayırlar. Alimlərin bu əzablı
həyatının səbəbi əhəmiyyəti olmayan mənasız
və məntiqsiz işlə məşğul olmaları idi.
Deməli, alimlər sağlam düşüncəli
insanlardır və sağlam, ciddi həyat tərzini sevirlər.
Alimlər adətən ümumi mənafeni şəxsi
mənafedən üstün tuturlar. Həyatın
mənasını yeyib yaşamaqda yox, yaşayıb yaratmaqda
görürlər. Bəşəriyyət
ağıllı insanların çiynində inkişaf edir.
Bu inkişafda alimlərin payı çoxdur.
Heydər Əliyev və Fərəməz
Maqsudov
Bu
yaxınlarda (26.05.15) rəhmətlik professor Zahid Qaralovun “Heydər
Əliyev- milli ləyaqət ölçüsü” adlı kitabının təqdimatı
oldu. Kitabın 219 -cu səhifəsində elmi elitaya dərs ola biləcək bir əhvalat var:
“Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən Fərəməz Maqsudovu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təsdiqlədi. Fərəməz müəllim də “hörmətə-hörmət” nümunəsi nümayiş etdirmək qərarına gəldi, Heydər Əliyevi AMEA həqiqi üzvü seçdi...
Bir gün sonra Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən YAP İdarə Heyətinin iclasında F. Maqsudov bu “sürprizi” məruzə etdi.
Heydər Əliyev ona diqqətlə qulaq asandan sonra soruşdu: Sən bu işi hansı əsasla görmüsən və məqsədin nədir?
Fərəməz müəllimin cavabı belə oldu ki, Siz buna layiqsiniz, akademiklərdən çox iş görmüsünüz. Siz elmə bizim hər birimizdən qat-qat çox xeyir vermisiniz. Heydər Əliyev hadisəyə çox sərt reaksiya verdi: Mən Akademiyaya üzv seçilmək barədə sizə ərizə verməmişəm, heç vaxt da bu barədə istəyim, niyyətim olmayıb... Sən istəyirsən ki, sənin tabeliyində olum, vaxtımı akademik işlərə sərf edim? Get qərarını da, diplomunu da ləğv elə”.
Bu adi həyat hekayəsində də Heydər Əliyevin necə böyük dövlət adamı olması özünü göstərir.
Yalançı
elm...
Biliyin vahidinin hamı tərəfindən qəbul olunmuş tərifi olmadığından elm sahəsində doğru elmlə bərabər yalançı elm də mövcuddur. “Yalançı elm” həqiqi elmi hörmətdən, gücdən salan faktordur və onun inkişafına ciddi maneçilik törədir. Elmin, alimin hörməti həmişə olduğu kimi bu gün də yüksək oldugundan, kvazialim və saxta elm də cəmiyyətdə inkişaf edir. Bu neqativ hadisənin qarşısını almaqdan ötəri bəzi ölkələrdə avtoritetli alimlərdən təşkil edilmiş “Yalançı elm ilə mübarizə” komissiyaları mövcuddur.
Son dövrlərdən bir misal. 1991-ci ildə Rusiya
prezidenti Boris Yeltsin Novosibirskə gedir. Rusiya Elmlər
Akademiyasının “Yalançı elm” ilə mübarizə
komissiyasının sədri akademik Eduard Pavloviç
Kruqlyakovdan soruşur: “Daşdan enerji almaq olarmı?” Akademik deyir ki, bu mümkün olan şey deyil. “Siz belə düşünürsünüz, mənə
məruzə ediblər ki, olar”. Akademik
öz biliyinə şübhə etmədiyindən “Bu halda sizə
fırıldaqçılar məruzə ediblər” - deyir.
Bundan Yeltsin hiss edilən dərəcədə inciyir. Vəziyyət gərginləşir. Bu anda kimsə “axı daş da atom kimi tükənməzdir”
söyləyir və gərginliyi bir qədər
yumşaldır. Sonralar REA Sibir bölməsinin
sədri akademik Koptyuq Eduard Kruqlyakova söyləyir ki,
daşdan enerji almaq probleminə B. Yeltsin 120 milyon rubl pul
ayırıbmış.
Kim bilər
ki, bu pullar hara getdi və B. Yeltsinə “daş enerjisi” ilə
bağlı kim məruzə edib? Akademik
deyir: “Məni problemin özü daha çox narahat edir, nəinki
kriminal təzahürü. 120 milyon rubl pul elm adamları ilə
məsləhətləşməyə arzusu
olmadığı səbəbindən dövlətin itirdiyi
pulun çox az hissəsidir.
Azərbaycanda da bəzən elmi sahədə elə
mövzulara rast gəlirsən ki, onun ölkə
üçün heç əhəmiyyəti yoxdur. Aldığım məktubların
birinin müəllifi yazır: “Azərbaycanda mənim şəxsən
tanıdığım (Universitetdə
çalışır) Zürafəşünaslıq (?) üzrə elmlər doktoru və bir Kərgədanşünaslıq
üzrə elmlər namizədi var (bəlkə də daha
çoxdur). Ədəbiyyatşünaslıqda: “15-ci əsr
İtalyan renessansının 20-ci əsr Yaponiya mədəniyyətində
izləri”; “Əbülqasım Firdovsinin Ərəb
renessansında rolu” və sair dissertasiyalar müdafiə olunub
Azərbaycanda”.
Özünüz
deyin, Azərbaycana xalqına xeyri olmayan elmi araşdırma kimə
və nəyə lazımdır? Abşeranda bitən “xar tutun
faydasını” öyrənmişik ki, indi də Zürafəni
və ya Kərgədanı öyrənirik?! Və ya
“Əbülqasım Firdovsinin Ərəb renessansında rolu” əsərini
ərəblər öyrənsə, daha düzgün
olmazmı?!
Elmdə geriliyin iqtisadi səbəbi
Müsəlman xalqlarının torpaqları o qədər
zəngindir ki, onların yeni fikrə, ideyaya ehtiyacı yoxdur. Bu baxımdan
da ciddi konservatizm hökm sürür. Ona
görə də yeni fikir söylənilə bilən klub, mərkəz,
seminar, elmi tədqiqat mərkəzi, institutlar, akademiyalar
yaratmağa ehtiyac olmayıb. Əksinə,
yeni fikir söyləyənin dərisini diri-diri soyublar. Bu isə hər sahədə, o cümlədən də
elmdə geri qalmaya səbəb olub.
Sənayeləşmə erası başlayandan müsəlman
dünyasından fərqli olaraq Qərb dünyası tərəqqidə,
inkişafda, elmdə çox irəliləyib. Qərb
dövlətləri iqtisadiyyatlarını sənaye
istehsalı əsasında, müsəlman dünyası isə
ənənəvi ticarət üzərində qurublar. Sənayenin alimə ehtiyacı böyükdür.
Tacirlərin elmə ehtiyacı yoxdur. Mətbuatın
yazdığına görə, həmyerlimiz - iş adamı
Telman İsmayılov Antalyanın Kundu sahilində inşa
olunan “Mardan Palace” otelinin açılışına Monika
Beluççi, Paris Hilton, Meray Keri, Riçard Gir, Şeron
Stoun kimi Hollivud ulduzlarını, həmçinin
dünyanın ən məşhur fotomodel, maniken və
müğənnilərini dəvət etmişdi. Həmyerlimiz akademik dairədən heç kəsi
çağırmamışdı. Çünki
onun alimə ehtiyacı yoxdur.
Elm düzlüyu, həqiqəti, qanunçuluğu, bir
sözlə, ciddi həyat tərzini sevər. Ticarətdə
aldatmaq, kələk, fırıldaq, qanunun böyründən
keçmək də məqbuldur. Burada məqsədə
çatmaq üçün hər şey etmək olar. Bu fərq insan psixologiyasına güclü təsir
edib. Bu isə gündəlik
davranışdan tutmuş dövlət işlərinə qədər
hər şeyə təsir edir. Üstəlik
Sovet sistemi bizim də psixologiyamızı kifayət qədər
deformasiya etdirib. Çünki
mümkün olmayan problemin (kommunizm qurmaq) altına girdi, sonra
yalan danışmağa məcbur oldu. Bir tərəfdə
istehsal və düzgünlük, digər tərəfdə
ticarət və yalançılıq durur.
Sənaye nəhəngləri və
elm
Yuxarıda
qeyd edildiyi kimi, müsəlman ölkələri orta hesabla
ÜDM-in 0,2 faizini, xristian dünyası isə
5 faizini elmə və inkişafa sərf edir. Dövlət
öz büdcəsindən elmə və tərəqqiyə
böyük məbləğlər ayırır. Qərbdə sənaye nəhəngləri, firmalar,
özəl şirkətlər də elmə daha böyük
pulları ayırır. Maşınqayırma,
elektrotexnika, aviasiya, elektronika və digər sənaye sahələrinin
elmə və təhsilə dəstəyi çox
böyükdür.
Misal üçün, Qərbin və Şərqin sənaye
nəhəngləri, firmaları, özəl şirkətləri
də elmə böyük pulları ayırırlar. Maşınqayırma,
elektrotexnika, aviasiya, elektronika və digər texnika və texnologiya sahələrinin elmə və təhsilə
dəstəyi çox böyükdür. Misal
üçün, ABŞ-ın
“Bell Telefon Lab”, “İBM”,
“General Electric Company”,”Texas İnstruments”,”Intel”, “Apple”, Cənubi Koreyanın
“Samsung”, Yaponiya “Sharp”, “Sony” və
digər şirkətlərinin elmi tədqiqat, təcrübi-konstuktor
mərkəzlərində böyük alim ordusu fəaliyyət
göstərir. Nobel mükafatı almış
alimlərin bəziləri bu qiqant sənaye nəhənglərinin
elmi tədqiqat laboratoriyalarında
çalışmışlar. ABŞ-da elektronika sahəsində
Nobel mükafatı alan alimlərin bir çoxu: L.Esaki
(“İBM”, 1973), G.Bednorz (“İBM”, 1987), A.Müller (“İBM”,
1987),V.Brattain (“Bell Telefon Lab”, 1956), İvar
Giaever (“General Electric Company”, 1973), Jack S.Kilby (“Texas
İnstruments”, 2000) göründüyü kimi özəl
şirkətlərin payına düşür.
Çox təəssüf ki, müsəlman
dünyası təhsil və elmin maliyələşməsində
belə güclü qaynaqlardan məhrumdur. Çünki
sənaye və istehsal sahələrində belə məşhur
firmalar naməlum səbəblərdən yoxdur, yaranması da
gözlənilmir. Müsəlman
dünyasında siyasət və istehsal bir-birinin əlinə
oynamır, bir-birinə kömək etmirlər. Bu işdə qloballaşma da öz işini
görür. Elmin zəif olmasının əsas
səbəblərinin biri məncə budur. Elmə, alimə tələbat yoxdur. Sadə bir misal çəkim. Əgər
biz bayramlar və xeyir işlərdə əzizlərimizi təbrik
üçün holland qızılgülləri alarıqsa,
yerli qızıl gül, onun bioloji əsası (elmi) və ya
texnologiyası inkişaf edə bilərmi? Mənim tələbəliyim dövründə Dənizkənarı
bulvarda mərdəkanlı bir gülçünün 350
növ qızılgüldən ibarət sərgisinə
baxmışdım. Başqa bir misal.
Əgər biz başımıza qoymaq
üçün xaricdə istehsal olunan papaqları
alırıqsa, yerli papaq istehsalı inkişaf edərmi?
Necə edək ki, bizdə də papaq istehsal emək
mümkün olsun və yüzlərlə papaqçı ailəsini
bu sənətlə dolandırsın? Əgər
bu sualların cavabını iqtisadçılarımız
düz tapsa, onda bizim istehlakçılarımız xarici
papaqçıların və gülçülərin əməyini
yox, özümüzünkülərin əməyinin dəyərini
ödəyərlər. Universitetdə
müəllimlərin geyiminə baxıram. Ayaqdan
başa kimi hamı xarici əməkçilərin işini
maliyyələşdirir!
Həm parlamentdə, həm də mətbuatda Cibran Xəlil
Cibranın tez-tez işlətdiyim bir fikrini burda da bir daha təkrar
etmək istəyirəm:”Yazıqlar olsun o millətə ki,
hazırlamadığını içir, yazıqlar olsun o
millətə ki, əkmədiyini yeyir, yazıqlar olsun o millətə
ki, tikmədiyini geyir”. İdarəetmənin hikməti
böyükdür.
İDARƏETMƏ
“Elm ordu deyil, burda əmrlə az şeyə nail olmaq
olar. Elmi yaradıcılığın ən effektli idarəetmə
riçaqı problemlərin demokratik müzakirəsidir”.
Akademik Y.D.Xariton
Yeni dövrün tələbinə cavab vermək
üçün elm və təhsil yeniləşməlidir. Mənim qənaətimə
görə təhsildə reforma aparmaq olmaz. Burda yeni
dövrün tələblərinə uyğun modernləşdirmə
aparmaq olar. Çünki təhsilin yaşı
Misir pramidalarının yaşından çoxdur.
Akademiyada isə modernləşdirmə heç nə verməz. Burda hökmən reform lazımdır. Çünki bizim Akademiyanın yaşı 1945-ci
ildən hesablanır. Ə.Zevayla görə
üç sahədə (təhsil, idarəetmə və
hüquqi bazada) reformaya ehtiyac var. Təhsil ilə, hüquqi
baza ilə bağlı yuxarıda söhbət getdi.
Amerkalı
alim Gary Hamel idarəetməni mühərrikin, radionun, tibb dərmanları
və kompyüter kimi
son yüz ilin beş ən vacib kəşflərdən
(social) biri sayır. Yaxşı idarə edə bilsən, elm
xeyir verər, pis
idarə edərsənsə ancaq pul yeyər. O yerdə ki,
elmin uğuru yoxdur, demək orda idarəetmə düz
qurulmayıb.
Bugünkü
elm qurumu olan Elmlər
Akademiyası Sovet dövrü üçün çox optimal
özünü idarəedən bir təşkilat idi. Akademiyanın yaşadığı tarixdən
bir-iki misal çəkmək istəyirəm.
Kamran Bağırov və İbrahim
İbrahimov
1987-ci ildə Elmlər
Akademiyasının illik yığıncağında Azərbaycan
KP MK-nın birinci katibi Kamran Bağırov da iştirak edir. Yığıncaqda əvvəllər respublikanın
rəhbəri olmuş akademik İmam Mustafayevin şəxsi
işi qaldırılır. Birinci cərgədə
İmam Mustafayev, Mirzə İbrahimov və digər nəhənglər
oturublar. K.Bağırov
çıxışında İmam Mustafayev haqqında kəskin
danışır. Bu məqamda akademik İbrahim
İbrahimov çəliyini yerə vura-vura ayağa qalxıb
tribunaya tərəf gəlir və üzünü Kamran
Bağırova tutaraq deyir:
“Siz özünüzə hesabat verirsinizmi ki,
hardasınız? Elmlər Akademiyası özünü
idarəedən bir təşkilatdır. İmam
Mustafayev kimi şəxsiyyətlər bu millətə
lazımdır”, - deyib tribunadan düşür.
(Ardı var)
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.-
2015.- 4 iyul.- S.21.