Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi

 

Əhalinin sıxlığı və tərkibi

 

Hələ 27 il əvvəl keçirilən siyahıya alınmaya görə Çində əhalinin sıxlığı 1 kv.km-də 107 nəfər adama bərabər idi. Çin dünyanın ən sıx əhalisi olan ölkələrindən biridir, lakin əhali ərazi cəhətdən qeyri-bərabər şəkildə bölünmüşdür. ÇXR-in mövcudluğunun ilk 33 ilində əhalinin sayı 542 milyondan 1 milyarda çatmışdır. Çin çoxmillətli dövlətdir, onun ərazisində 56 xalq yaşayır. Çinlilər (hanlar) əhalinin 93%-ni təşkil edir və ölkənin bütün ərazisində yaşayırlar. Çinin hüdudlarından kənarda 30 milyondan çox çinli yaşayır, onların da çoxuxuatsyaoadı altında cənubi-şərqi Asiya ölkələrindədir. Çin əhalisinin etnik tərkibinin mürəkkəbliyi və rəngarəngliyi uzunmüddətli inkişaf, qarşılıqlı təsir nəticəsində və həmçinin müxtəlif sosial-iqtisadi səviyyəsi, dil mənsubluğu və antropoloji tipi olan çox sayda xalqların qarışması prosesində əmələ gəlmişdir. Çinlilərin yaşadığı ərazinin genişliyi, təbii-coğrafi mühitin rəngarəngliyi və onunla əlaqədar təsərrüfat-mədəni xüsusiyyətlər, həmçinin han əhalisi ilə uzunmüddətli kontaktlar nəticəsində Çin xalqının tərkibində bir-birindən xeyli maddi və mənəvi mədəniyyət əlamətlərinə görə fərqlənən və müxtəlif dialektlərdə danışan bütöv etnik qruplar dəstəsi meydana gəlmişdir. Daha çox fərqlər şimal əyalətlərinin çinliləri arasında yaranmışdır, orada vaxtilə etnik konsolidasiya prosesi üstünlük təşkil etmişdi.

Etnik azlıqların əhalisinin tərkibində nisbətən kiçik xüsusi çəkiyə (7%-ə yaxın) malik olmasına baxmayaraq, onlar ölkə ərazisinin 5/8-nə səpələnmişlər. Çinin kənd sakinlərinin əksəriyyəti kompakt kəndlərdə yaşayır. Böyük kəndlərin çoxu əvvəllər heç bir şəhər atmosferinə malik deyildi. İndi isə vəziyyət dəyişmişdir. On minlərlə əhalisi olan kəndlərdə sənaye müəssisələri meydana gəlmişdir. Bazar şəhərlərinin çoxu və hətta iri kəndlər köhnədən adətən divarlarla əhatə olunurdu. Mərkəzi və cənubi Çinin kənd mənzərələrində düyü zəmiləri hakim mövqeyə malikdir. Kəndlərin arasında əlaqə əvvəllər əsasən sıx su yolları şəbəkəsində üzən qayıqlarla aparılırdı.

Çinin kənd mənzərəsinin digər fərqli xüsusiyyəti qayadan çapılmış yaşayış yerləridir. Onlar Lyoss yaylasında, xüsusən Şimali Şensidə, qərbi Şansidə və cənub-şərqi Kansuda daha çox idi. Çünki həmin yerlərdə Lyoss qalın olduğu kimi, meşə materialı da azdır. Qayadan çapılan yaşayış məskənləri az ağac materialı tələb edir, yayda sərin, qışda isə isti olur.

Çin Xalq Respublikası yarananda ölkədə əhalisinin sayı 1 milyon nəfərdən yuxarı olan 9 şəhər var idi. Ölkədə urbanizasiya meyli həmin vaxtdan etibarən xeyli artdı, çünki hökumət ölkəni sənaye qüdrətinə yiyələndirmək üçün cəhdlərini gücləndirdi, 1970-ci ildə əhalisi 1 milyondan çox olan şəhərlərin sayı artıq 21-ə çatmışdı. 1981-ci ildəki Honkonq yaxınlığındakı körfəzdə bir neçə balıqçı koması olan məkan, azad iqtisadi zona şəhərinə çevrilməklə, on ildən sonra 2 milyona qədər əhalisi olan, müasir göydələnləri və parkları ilə göz oxşayan Şenjen şəhəri kimi tanındı. İri şəhərlər daha da böyüməyə başladı. Şanxayın sahilində olduğu dənizdəki süni quru adada başqa bir azad iqtisadi zona yaradılmaqla, nəhəng yeni şəhər salındı və o, köhnə şəhəri möhtəşəmliyinə görə kölgədə qoyur.

Çin çoxmillətli ölkə olduğundan əhalisi çox sayda etnik və linqvistik qruplardan ibarətdir. Bütün sakinlər, demək olar ki, monqoloid mənşəyə malikdir. Hanlar əslində Çin xalqının böyük homogen kütləsini təşkil edir. Etnik azlıqların çox sayda yaşadığı yerlərdə onlara muxtariyyətə bənzər status və özünüidarə hüququ verilir. Xalq hökuməti kiçik qrupların münasibətinə müvafiq olaraq onlara böyük etimad göstərir. Bura iqtisadi rifahın yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, təhsil qabiliyyəti üçün şərait yaradılması, onların milli dillərinin, mədəniyyətlərinin və savadlılıq səviyyəsinin yüksəldilməsi, həmçinin əvvəllər mövcud olmayan yazılı dillərin inkişaf etdirilməsi daxildir. Kommunistlərin hakimiyyətindən əvvəlki 50-dən artıq milli azlıq dilindən yalnız 20-si yazı formalarına malik idi və yalnız az sayda yazı dilləri, misal üçün, monqol, tibet, uyqur, qazax, tay və koreya dilləri gündəlik istifadə olunurdu. Digər yazı dilləri isə əsasən dini məqsədlər üçün işlədildiyindən, az sayda adamları əhatə edirdi. Milli azlıqlar üçün təhsil ocaqları bir sıra iri şəhərlərin nəzərə çarpan xüsusiyyətinə çevrilmişdi.

Beş əsas dil ailəsi - Çin-tibet, altay, hind-avropa, Cənubi Asiya və İndoneziya dil ailələri Çində təmsil olunur. Lakin bu dil ailələrinin danışıldığı ərazilərdə milli dil böyük əhəmiyyət daşısa da, Çin han dili ən geniş istifadə edilən dil hesab olunur. Ona görə də bu ərazilərdə han dilinin dialektləri mövcuddur. Ümumiyyətlə, ölkədə han dili lingua franca - geniş istifadə edilən dil rolunu oynayır. Ən vacib Çin dili mandarin və ya putunxua dilidir. Həmin dildəki ifadəyə görə, bu “ümumi başa düşülən diladlanır. Əhalinin 90 faizi bu dili başa düşür və ya ondan istifadə edir. 1955-ci ildəki yazı və dil islahatına görə dövlət dilinin köhnə “qoyuyadı ləğv edildi, bu, “putunxuaadını aldı. Üç sahə vardır ki, burada putunxuanı bilmək çox mühüm şərt hesab olunur. Bu məktəb, ordu və iri sənaye istehsalıdır.

Putunxuanın müxtəlif variantları mövcuddur, onlardan birincisi ənənəvi quanxua, müasir bayxua olmaqla, onun Pekin dialekti Şimalda ən çox danışılan dildir. İkincisi qərb variantıdır, onunla Çinin cənubi- qərbində və Yantszı çayının hövzəsində danışılır, üçüncüsü cənub variantıdır, eyni adlı coğrafi əyalətlərdə istifadə olunur. Han çinlilərdən başqa mançurlar və hueylər (və ya Çin müsəlmanları) həmçinin mandarin dilində danışdılar və Çin əlifbasından istifadə edirlər. Hueylər islam VII əsrdə Çinə nüfuz edəndə bu dini qəbul etmiş çinlilərin törəmələridir. Onlar o qədər də çox deyillər, sayları 1 milyona yaxındır, bütövlükdə isə ölkədə müsəlmanların sayı 20 milyona çatır, onlara uyqurlar, qazaxlar, qırğızlar daxildir.

Mancurlar 6 milyondan artıq olmaqla özlərini XVII əsrdə Çinə müdaxilə etmiş və 1644-1911-ci illərdə hökmranlıq edən Tsin sülaləsini yaratmış Mancu döyüşçülərinin törəmələri kimi qələmə verirlər. Qədim Mancu dili faktiki olaraq ölü dildir və mancurlar bütünlüklə çinli mədəniyyətinə assimilyasiya olmuşlar. Tibetlilər 5 milyona yaxın olmaqla, bütünlüklə Tibet yaylasında yaşayır, onlardan yarısı Tibet muxtar rayonundadır. Onlar əsasən mal-qara saxlayır, həmçinin ərzaq təchizatı naminə ovçuluqla məşğul olurlar. Tibetlilərin əsas dini  buddizm - lamaizmdir.

Han çinliləri əsasən şəhərlərdə və münbit çay vadilərində fəaliyyət göstərirlər, azlıqlar isə öz yaşayışlarını təmin etmək üçün kənd təsərrüfatının primitiv formalarından və ya öz mal-qaralarını dağ yamaclarında və dağlarda otarmaqla bağlı olan istehsaldan asılıdırlar. Onların zonalarının şaquli yaşayış sahəsinə görə bölünməsinə gəldikdə, adətən onlar nə qədər hündür ərazilərdə yaşayırlarsa, həyat yolları da müvafiq qaydada mürəkkəb olur.

Altay dil ailəsinə daxil olanlar üç qrupa bölünürlər: türk, monqol və mancu-tunqus qollarına. Türk dilində danışanlar arasında uyqurlar 8 milyondan çox olmaqla, ən böyük azlığı təşkil edirlər. Qazaxlar və qırğızlar isə öz xalqlarının müstəqil dövlətləri ilə sərhəddə yaşayırlar və islam dininə sitayiş edirlər. Onlar əsasən köçəri çobanlardır. Burada tayfa təşkilatına məxsus izlər hələ də nümayiş etdirilir. Bu əhalinin əksəriyyəti daxili Monqolustan muxtar regionunda yaşayır, onların çoxu tayfa bölgüsünü və çobanlıq məşğuliyyətini saxlasa da, 1970-ci illərdən çox sayda monqol oturaq kənd təsərrüfatına keçmişdir. Az sayda adam öz gəlirləri üçün ovçuluqla və xəz əldə etmək üçün tələ qurmaqla məşğul olur.

Ölkənin daxilində miqrasiya əhalinin yerləşməsində mühüm əhəmiyyətə malikdir. Sıx əhalisi olan əyalətlərin sakinləri az istifadə olunan və seyrək əhalisi olan rayonlara köçürlər. Tarixin gedişində sülalələrin dəyişilməsi, sərhəd rayonlarında boş qalmış torpaqların axtarışı, əyalətlər daxilində köçürmə siyasətinin aparılması nəticəsində müxtəlif milli azlıqların nümayəndələri daim miqrasiya edirdilər, indi isə qarışıq və ya kompakt icmalar şəklində yaşayırlar. Milli azlıqların 10 milyondan artıq nümayəndəsi Çinin bütün bucaqlarında qarışıq qruplarla yaşayır və hətta bu kiçik etnik icmalar hanlarla çuğlaşmışlar.

Hanlar öz danışıq və yazı dilinə -Çin dilinə malikdirlər. Bu dildən ölkədə, həm də onun sərhədlərindən kənarda istifadə olunur. Hanların yaşadıqları ərazilər bir qayda olaraq milli azlıqların məskunlaşdığı rayonlara nisbətən daha yaxşı inkişaf etmişdir. Bunun da səbəbi ondadır ki, millətlərin sosial inkişafı müxtəlif tarixi, coğrafi və sosial şəraitlərdən asılı olaraq qeyri-bərabər idi. Ölkə azad olana qədər han rayonlarının feodal iqtisadiyyatı kənd təsərrüfatı istehsalına əsaslandığından və kapitalist təsərrüfatçılığı elementlərindən istifadə etdiyindən kifayət dərəcədə yaxşı inkişaf etmişdi. Milli azlıqların əsas iqtisadi mərkəzlərdən aralı yaşadığı rayonlarda isə təsərrüfatın patriarxal qaydada aparılması saxlanılırdı, məsələn, bəzi xalqlarda meşələri qırıb, yandırma əkinçiliyi, monqollarda, tibetlilərdə, qazax və uyqurlarda köçəri heyvandarlıq, şimal xalqlarında isə ovçuluq yayılmışdı. ÇXR yaranana qədər milli azlıqlar sosial-iqtisadi inkişafın aşağı səviyyəsində idilər. Demək olar ki, onların hamısı kapitalist formasiyasına qədər olan şəraitlərdə yaşayırdılar. Tibetlilərdə və bütün xalqlarda feodal təhkimçilik hüququ ağalıq edirdi. Primitiv icma sisteminin qalıqlarını oroçonlar, evenklər kimi şimal xalqlarında görmək olardı.

Çin yazısı heroqlifə əsaslanır, bu yazıların işarəsi səmərəli deyil, onun daşıdığı linqvist vahidin mənasını bildirir. Heroqlif yazısının bu xüsusiyyəti onu universal yazı vasitəsinə çevirir və müxtəlif dialektli Çində ünsiyyətin çətinliyini asanlaşdırır. Heroqlif və bütün Çin üçün yazılı ədəbi dil olan venyan həmişə ünsiyyətin yazı vasitələrinin rahat kompleksi kimi çıxış etmiş və ölkənin linqvist birliyinin rəmzi kimi xidmət etmişdir. Çin heroqlif yazısının bu funksiyası indi də qalır. Şifahi ünsiyyətdə bir-birini yaxşı və ümumiyyətlə anlamayan adamlar vahid yazı dilinə görə təmasda heç bir çətinlik çəkmirlər. Çin kinofilmlərinin ölkədə nümayiş etdirilməsi üçün onlar hökmən heroqlif subtitrlərlə müşayiət olunurlar və bu, filmin bütün əhali tərəfindən yaxşı başa düşülməsinə şərait yaradır.

Çin heroqlif yazısı III əsrin sonunda müasir görünüşü almışdır. Həmin vaxtdan 1956-cı ilədək onun işarələrinin standart cızılması dəyişməmişdir, bu da onun bütün zamanlar üçün - panxron (daimi) vasitə xüsusiyyətinə yiyələnməsinə səbəb olmuşdur. Beləliklə, Çin yazı ənənəsinin mövcud olduğu istənilən dövrdəki mətnləri asanlıqla oxumaq imkanı yaranırdı.

Çin yazısı digər heroqlif yazılar kimi çox sayda işarələrdən ibarətdir. Bu işarələrin sayı durmadan artır. Əgər IX əsrin Çin lüğətində 10 min işarə var idisə, XVIII əsr lüğətində 45 min, müasir lüğətdə isə 50 min işarə vardır. Ancaq daha çox işlənən işarələrin sayının həmişə təqribən 7 min olduğu qəbul edilirdi. Savadsızlığı ləğv etmək sistemində öyrənməyin rəsmi minimumu kəndlilər üçün 1,5 min, fəhlələr və qulluqçular üçün 2 min işarəni mənimsəməkdən ibarət idi. İbtidai təhsil alanlar 3,5 min heroqlifi bilməlidirlər.

 

(Ardı var)

 

Telman Orucov

 

525-ci qəzet.- 2015.- 4 iyul.- S.20.