Azərbaycanın dövlətçilik
tarixində Albaniya fenomeni
Dövlətçilik tariximizin, xalqımızın
keçdiyi tarixi-mədəni inkişaf yolunun
araşdırılmasına, dərindən öyrənilməsinə
Azərbaycan dövlətinin xüsusi diqqət və həssaslıqla
yanaşdığı danılmaz həqiqətdir.
Prezident
İlham Əliyevin 29 dekabr 2012-ci il tarixində təsdiqlədiyi
“Azərbaycan 2020:
Gələcəyə baxış” inkişaf konsepsiyasında
“Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə
dair Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycan dövlətçiliyi
üçün çox əhəmiyyətli bir məsələni özündə
ehtiva etdi.
Bu
konsepsiya Qafqaz Albaniyası dövründə Azərbaycan torpaqlarında və
ətraflarında yaradılmış böyük irs,
bugünkü dövrdə
yaşayan Azərbaycan millətinin ayrılmaz tarixinin öyrənilməsinə
doğru istiqamət verən bir strateji addımdır.
10-11 iyun
2014-cü il tarixində Bakı
şəhərində Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın
İnsan Hüquqları
İnstitutu tərəfindən “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan
hüquqları kontekstində “mövzusunda Beynəlxalq
konfrans təşkil olunub. Beynəlxalq konfransda Mədəniyyət və
turizm naziri Əbülfəs
Qarayev məruzə edərək
bildirib: “Bu gün bizim bədnam qonşularımız Qafqaz
Albaniyasının, onun kilsəsinin guya başqa mədəniyyətə
məxsus olmasına dair xəbərlər yayırlar. Bizim qəti
fikrimiz ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixi Azərbaycanın,
Azərbaycan xalqının tarixidir, bizim mədəniyyətimizin
ayrılmaz bir hissəsidir. Biz heç kəsə
onu mənimsəməyə, özəlləşdirməyə
imkan verməyəcəyik. Biz beynəlxalq
təşkilatlarda da öz sözümüzü deyirik və
bunu sübut edirik. Azərbaycan tarixinin, mədəniyyətinin
mənimsənilməsinə qəti etirazımızı bildiririk.
Bu bizim qəti mövqeyimizdir. Qafqaz Albaniyasının
irsinin araşdırılmasına gəlincə Azərbaycan alimləri arasında
vahid yanaşmanın olmaması
təəssüf doğurur. Müxtəlif
alimlər bu mövzuya müxtəlif baxımdan
yanaşırlar. Bununla belə nə qədər
çox yanaşma, təhlil, ideya olarsa, o qədər də
biz bu böyük mədəniyyətdən daha yaxşı xəbərdar
olarıq”.
Milli Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən
yeni “Azərbaycan tarixi” kitabının yazılmasına
başlanması məsələsi xalqımızın
bütün zümrələrini sevindirir və bu, dövlətimizin
başçısı cənab İlham Əliyevin
xalqımızın tarixinə verdiyi böyük töhfə
kimi qiymətləndirilir.
AMEA-nın
müxbir üzvü, professor, Tarix İnstitutunun direktoru Yaqub
Mahmudov jurnalistlərə bu barədə verdiyi müsahibəsində
bildirib ki, Azərbaycan tarixinin yenidən hazırlanmasına
çox böyük ehtiyac var. O qeyd edib ki, vaxtilə
çıxan 3 cildlik və 7 cildlik “Azərbaycan tarixi”ndə
bir sıra nöqsanlar, yuxarıdan olan diktələr, elmin o
vaxtkı vəziyyəti ilə bağlı çox ciddi
qüsurlar var. İrəvanın və Dərbəndin tarixi
“Azərbaycan tarixi” kitabına düşməyib,
Borçalının, Cənubi Azərbaycanın tarixi
lazımınca tədqiq olunmayıb.
Azərbaycan
tarixinin böyük bir hissəsi olan Albaniya haqqında yazılmış əsərlərdə,
professor Yaqub Mahmudovun qeyd etdiyi kimi, Alban tarixi tam öyrənilməyib
və öz əksini tapmayıb.
Albaniya
haqqında yazılan kitab və məqalələrin müəlliflərini
araşdırarkən onların əksəriyyətinin əcnəbi
(əsasən erməni) tarixçilər olduqları müəyyən
edilir. Görkəmli qafqazşünas tarixçi
Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi
işində heç bir qadağa, məhdudiyyət
olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin
alimləri öyrənirlər. Lakin bir şey məlumdur:
Qafqaz Albaniyasının taleyi ilə hamıdan çox azərbaycanlılar
məşğul olmalıdırlar. Bu sahədə
onlar dünya elmi qarşısında məsuliyyət
daşıyırlar, dünya elminə borcludurlar”.
Hətta bu gün YUNESKO da Albaniyanın tarixinin öyrənilməsi
istiqamətində elmi tədqiqatlara xüsusi yer verir və
albanşünaslığa dair elmi məlumatlar məcmusu
formalaşdırıb.
Albaniya dövləti
haqqında bu günə qədərki
yazıları araşdırarkən məlum olur ki, tarixi xətt
tamamilə yanlış səmtə yönəlib. Müəlliflərin çoxu etiraf edir ki, Alban
dövləti, Alban xalqı və Alban dili izsiz-soraqsız
tarixdən “qeyb” olub.
Həqiqətən bu “etiraf” Alban tarixinin yenidən
araşdırılmasının yeganə
açarıdır. Alban xalqı necə “qeyb” ola bilər?
Dövlətlərin “qeyb” olması, müxtəlif
səbəblərdən, müharibə və təbii fəlakətlər
nəticəsində baş verməsi tarixə məlumdur.
Ancaq xalqın heç bir tarixi səbəb
göstərilmədən (VII-XII əsrlərdə
Albaniyanın tarixi və xalqları haqqında yazılı mənbələr
olduğu halda) “qeybə çıxması” təəccüb
doğurur.
Gəlin bizə çatdırılan “Alban xalqı” məfhumunu
bir anlıq yaddaşımızda saxlayaq və bu məfhuma
yeni baxışlarla yanaşaq. “Alban “məfhumu haradan
və necə yaranıb - bununla bağlı Roman-Britan tarixi və
xristian dini mənbələrinə aid olan tarixi mənbələrlə
tanış olaq. Xristianlığın
yaranma tarixi şəraitinə diqqət yetirək.
Xristianlıq
eramızın I əsrinin 2-ci yarısında Roma
imperiyasının şəhər əyalətlərində əvvəl
yəhudilər, az sonra digər etnik qruplar
içərisində yayılırdı. Quldarlıq
quruluşunun böhranı, ağır sosial və siyasi
zülm qulların, azad yoxsulların, məzlum xalqların
kütləvi üsyanlarına səbəb olurdu. Eramızın I əsrinin başlanğıcında
Roma dövlətinin belə üsyanları yatırmasından
sonra ümidsizlik, həm də işğalçı
zülmkarlara qarşı nifrət əhval- ruhiyyəsi
geniş yayılmışdı.
Mənbələr göstərir ki, xristianlıq bir
baxımdan da mövcud qaydalara, quldarlıq dövlətinə
qarşı qulların, məzlumların etirazının (dini
formada) ifadəsi idi. Erkən xristianlıqda müxtəlif qruplar, cərəyanlar
arasında bir sıra mühüm dini məsələlər
barədə razılıq yox idi, onları yalnız Romaya nifrət,
onun tezliklə yıxılacağına, romalıların
zülmündən qurtuluşa, yer üzərində İsa
başda olmaqla ilahi padşahlıq yaranacağına ümid
birləşdirirdi.
Artıq 2-3 əsrlərdə xristianlığın
sosial tərkibi dəyişərək tək məzlum qullar
yox, xristian icmalarına varlı adamlar daxil olmağa
başladılar. Kilsə təşkilatları, rahiblik təsisatı
meydana çıxdı.
Roma imperatorları böyük qüvvəyə
çevrilmiş xristian kilsəsini siyasi rəqib hesab edərək,
3-cü əsrdəki böhran və sinfi mübarizənin kəskinləşdiyi
dövrdə xristianları təqibə başladılar.
Lakin sonralar imperatorlar xristian kilsəsinin xarakter və əhəmiyyətini,
ideologiyasının mahiyyətini dərk edərək, xalq
kütlələrini itaətdə saxlamaq üçün ona
arxalandılar.
İmperator taxt-tacı uğrunda mübarizədə
də kilsədən istifadə olunurdu. Xristian kilsəsinin
müdafiə etdiyi imperator I Konstantin, bütpərəstlik
qalmaqla, xristianlığın rəsmi fəaliyyətinə
icazə verdi. O, 325-ci ildə dinin
yuxarı təbəqə nümayəndələrini
ümumdünya kilsə məclisini çağırdı. Məclisdə “Dini rəmz” qəbul olundu. İmperator hakimiyyəti ilə kilsənin
ittifaqı yaradıldı. Əvvəllər
təqib olunan xristianlıq dövlət dininə
çevrildi.
İndi isə Roma imperiyasının İngiltərəni
idarə etdiyi tarixi dövrə nəzər yetirək.
Roma imperatoru Sezarın ekspedisiyalarından sonra e.ə.
43-cü ildə romalıların Britaniyanı zəbt etmək
cəhdləri başlamışdı. Roma İmperiyasının
hökmranlığı və mədəniyyəti burada 350 il hökm sürdü.
Roma İmperiyasının hökmranlığı qərb
qolunun süqutuna qədər davam etdi. Roman - Britan mənbələrinin
keçmiş və bu günkü tarixində xristian dinində
müqəddəs İsanın din qardaşları hesab edilən,
xristianlığı İngiltərədə ilk dəfə
yaydıqlarına görə ilk şəhid olan (martur) Alban,
Yulius və Aaron Roma allahlarına - bütlərə
qarşı çıxdıqlarına görə edam edilmişdilər. Bu haqda
saysız-hesabsız qeydlər vardır. Onların adları ilə
bağlı bu gün tarixi memarlıq abidələri
mövcuddur və dini mərkəzlərdə
onlar təbliğ edilirlər. Kilsə təqviminə
22 iyun Alban günü kimi düşüb.
2006-cı ildə bəzi İngiltərə kilsələrindən
ruhanilər təklif etmişdilər ki, Alban “Müqəddəs
Georgini” əvəz edə bilər.
Roma
imperiyası gücləndikcə Yaxın Şərqi,
Kiçik Asiyanı, Qafqazı istila etmişdi. Roma imperatoru Yulinin XII legionunun sərkərdələri
Yuventus və Maximus tərəfindən Qafqaz istila
olunmuşdu. Azərbaycan ərazisində -
Qobustanda tapılan daş kitabədə bu tarixi hadisə
öz əksini tapıb. “İmpdomithino Caesare AVC Germanic
Livius Maximus Lee XII FVL (tərcüməsi - İmperator Domision
Sezar Avqust Germanik L (yusi) Yuli Maksium, ildırımsaçan XII
legionnun senturionu)
Romalılar Albaniyanı istila etdikləri dövrdə xristianlıq Romada rəsmi din kimi qəbul edilmiş, onlar xristianlıq dinini yaymağa başlamışdılar. İmperiyanın özünü imperatordan sonra kilsə idarə edirdi. Kilsə rəhbərləri xristianlığın ilk şəhidləri Alban, Aaronun adlarını ehtiramla əbədiləşdirmək üçün xristian dinini yaydıqları ərazilərdə kilsələr (monastrlar) tikdirərək onların adlarını vermişdilər. Alban kilsələri, Aaron kilsələri (Aran, Aran zonası-müəllif). Romalıların xristianlığın təqibi zamanı Alban və Aaronun boyunlarını vurduraraq onları şəhid etdikləri üçün, Romada xristianlığın qəbulundan sonra imperiya öz günahlarını yumaq məqsədi ilə Alban və Aaronun adlarını müqəddəsləşdirməyə başlamışdılar.
Bu günə qədər Albaniya haqqında yazılan heç bir tarixi mənbələrdə bu fakta rast gəlinmir. Əslində bu, Albaniya tarixinin araşdırılması üçün əlverişli istinad nöqtəsidir.
İndiyədək bütün Qafqazda, Dağıstanda, Orta Asiya ölkələrində, Türkiyənin bir hissəsində, indiki Ermənistanda (əsasən oradan deportasiya olunmuş azərbaycanlıların yaşadıqları ərazilərdə) alban kilsələrinin və abidələrinin bir hissəsinin olduğu kimi, bir hissəsinin isə xarabalığı qalıb və bu, qətiyyən təsadüfi deyil.
(Ardı var)
Həsən ƏLİYEV
525-ci qəzet.- 2015.- 4 iyul.- S.22.