Azərbaycan: yeni xarici
siyasət və gələcəyə
baxış modeli
(Əvvəli ötən
sayımızda)
Çoxvektorluluq texnikası
Şübhə yoxdur ki, Avropanın enerji təhlükəsizliyi
baxımından Azərbaycanın strateji əhəmiyyəti,
onun regionda aparıcı ölkə statusu, regional infrastruktur
layihələrinin həyata keçirilməsi Avropa
üçün Azərbaycanın əhəmiyyətini
artırıb.
Azərbaycan Avropa və qlobal energetika təhlükəsizliyinə
öz töhfəsini verib, həmçinin həyat əhəmiyyətli
yeni enerji mənbələrinin təməli qoyulub. Beynəlxalq aləmdə Azərbaycanın mərkəzi
və vacib oyunçu kimi, təkcə enerji
daşıyıcılarını istehsal və ixrac edən
ölkə kimi deyil, həm də mühüm tranzit dövlət
kimi imkanları get-gedə genişlənir.
Avropa bazarlarını neft-qaz resursları ilə təchiz
edən, Avropa qaz bazarının şaxələndirilməsi
layihələrini dəstəkləyən Azərbaycan ölkənin
sosial-iqtisadi həyatının modernləşdirilməsinə
yönəldilmiş birgə Avropa layihələrini bundan
sonra da genişləndirmək əzmindədir.
Lakin müstəqillik illəri boyu Azərbaycan
aparıcı dövlətlərin ikili standartları ilə
qarşılaşmışdır. "Aydındır ki,
belə yanaşmanın kökündə həmin ölkələrin
geosiyasi və strateji maraqları dayanır. Məsələn, Birləşmiş Ştatlarda bəzi
dairələr hesab edirlər ki, Azərbaycanın ya
ümumiyyətlə heç bir dövləti maraqları,
milli maraqları olmamalı, ya da həmin maraqlar Vaşinqtonun
cızdığı çərçivədən kənara
çıxmamalıdır. Onlar hesab edirlər ki, məsələn,
Azərbaycan öz təbii resurslarının
bölgüsünü və ixracını Vaşinqtonda
müəyyən edilmiş qaydada həyata keçirməlidir,
Dağlıq Qarabağın taleyi isə Azərbaycanın
xaricində hazırlanmış ssenarilər üzrə həll
edilməlidir, hətta həmin ssenarilər bizim ölkəmizin
milli maraqlarına zidd olsa belə. Bir sözlə,
seçim hüququ Azərbaycan xalqına yox, aparıcı
xarici dövlətlərin paytaxtlarındakı rejissorlara və
ssenaristlərə məxsus olmalıdır. Azərbaycan milli maraqlarımızın və yerli
sosial-siyasi həyat tərzimizin zərərinə olaraq,
universalist demokratiya prinsiplərini bizə maksimum geniş
miqyasda zorla qəbul etdirməyə çalışan
avropalı məmurların təzyiqini qəbul etməyəcək".
Ölkəmiz uzun illər boyu bu cür ittihamlara təmkinlə
yanaşır və mümkün olan hər şeyi edirdi ki,
"belə haqsız hücumlar strateji tərəfdaşlığa,
ikitərəfli və çoxtərəfli səmərəli
əməkdaşlığa mane olmasın. Müxtəlif
ikitərəfli görüşlərdə, ayrı-ayrı tədbirlər
çərçivəsində, istər rəsmi, istərsə
də qeyri-rəsmi formatda qaldırılan məsələlərə
dair izahatlar verilir, irəli sürülmüş iddiaların
əsassızlığı diqqətə
çatdırılırdı. Azərbaycan, bir tərəfdən,
açıq-aydın göstərib ki, öz strateji
seçiminə, vəzifələrinə və öhdəliklərinə
sadiqdir, digər tərəfdən də, hamıya
nümayiş etdirib ki, müstəqil dövlət kimi,
dünya siyasətinin bütün aktorları ilə əlaqələri
bərabərhüquqlu əməkdaşlıq çərçivəsində
qaydaya salmaq niyyətindədir və heç bir halda onun milli
maraqlarına real təhlükə doğuran addımlar
atmayacaq".
Təəssüf ki, bəzi aparıcı KİV-lər
də ölkəmizdəki daxili siyasi vəziyyəti, həmçinin
Azərbaycanda baş verən mühüm hadisələri son
dərəcədə subyektiv və birtərəfli mövqedən
qiymətləndirirlər.
Məsələn, "Euronews" telekanalının
informasiya siyasətini obyektiv və qərəzsiz hesab etmək
mümkün deyil. Bu telekanal yüz il bundan əvvəl baş vermiş
qondarma "erməni soyqırımı" deyilən hadisələr
haqqında hər il aprelin 24-də Ermənistandan bir neçə
saatlıq reportajlar verir, amma Avropa qitəsinə birbaşa
aidiyyəti olan ümumdünya əhəmiyyətli tədbir
- Bakıda keçirilmiş Birinci Avropa Oyunları barədə
susur və praktik olaraq bu tədbiri kadr arxasında qoyur.
Bizim
qonaqların, o cümlədən, həmin günlərdə
Bakıda olmuş yüksək səviyyəli siyasətçilərin,
xarici ictimai xadimlərin Avropa Oyunlarının
açılış mərasimi barədə səmimi rəylərini
bildirilmələri fonunda "Euronews" telekanalının
bu mövqeyi dərin təəssüf doğurur,
çünki bu, telekanalı nüfuzdan salır, onun əhəmiyyətini
azaldır, obyektiv KİV statusundan məhrum edir.
Görünür, Qərbin bəzi aparıcı ölkələrinin
Azərbaycanla bağlı nümayiş etdirdikləri
subyektivizm, birtərəflilik və riyakarlıq həm də
onların ruporu rolunda çıxış edən
"Euronews" telekanalının mövqeyi ilə
üst-üstə düşür.
Məlumdur ki, xarici siyasətdə çoxvektorluluq
texnikası maraqlar balansını idarə etmək və
ölkə üçün mühüm, taleyüklü qərarların
qəbulu prosesində lazımi məsafə saxlamaq
bacarığından ibarətdir. Məsələn, Azərbaycan,
assosiativ üzvlük və azad ticarət zonası haqqında
Avropa İttifaqı ilə sazişin imzalanmasını
sürətləndirməyə başlamadı. Bunun ciddi və tutarlı səbəbləri var və
Azərbaycan tərəfi bunu dəfələrlə bildirib.
Aİ hələ də Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını bəyan
etməyib. Azərbaycanın hərtərəfli
ölçülüb-biçilmiş xarici siyasət kursu
Ukraynada yaranmış və Ermənistanda davam edən dramatik
sarsıntılardan yan keçməyə kömək
etmişdir.
Azərbaycan və dövrün
çağırışları
Azərbaycanın xarici siyasətinin çoxvektorlu
olması, əslində, bir çox mənada Dağlıq
Qarabağın və onun ətrafındakı rayonların
işğalı probleminin həlli məsələsi ilə əlaqəlidir. Müvafiq
olaraq, beynəlxalq dəstəyin genişlənməsi,
regionda Bakının iqtisadi təsirinin artması,
inkişafın başqa əhəmiyyətli nəticələrinin
meydana çıxması - bütün bunlar işğal
edilmiş ərazilərin azad olunması məsələsindən
xeyli dərəcədə asılıdır. Ötən illər ərzində Azərbaycanın
xarici siyasətinin uğurları onun regionda və
bütün dünyada mövqelərini möhkəmlətmişdir.
Azərbaycan regional, qlobal təhlükəsizliyin,
həmçinin enerji təhlükəsizliyinin təmin
olunmasında etibarlı və sabit tərəfdaş kimi
tanınmışdır.
Bütün bu amillər belə güman etməyə əsas
verir ki, bu əhəmiyyətli məsələdə tərəfdaş
ölkələrin Azərbaycanın ədalətli
mövqeyinə göstərdikləri dəstək hesabına
Azərbaycan diplomatiya sahəsində əldə etdiyi
uğurlarından həm də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasında da istifadə edə bilər. Bu gün Azərbaycan
beynəlxalq hüququn suveren və özünəyetərli
subyektinə və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsi baxımından aparıcı regional aktora
çevrilib. Bunun nəticəsində Rusiya, ABŞ,
Böyük Britaniya, Fransa, Çin kimi aparıcı tərəfdaşlar
Azərbaycanı dövrün çağırışlarına
ciddi reaksiya verən, Avropa ilə Asiya arasında kommunikasiya
funksiyasını yerinə yetirən, Cənubi Qafqaz kimi
mühüm arealda etibarlılıq zolağı yaradan fəaliyyət
qabiliyyətli subyekt kimi qəbul edir.
Regionda Rusiyanın rolu
Öz
xarici siyasətində Rusiyanın Cənubi Qafqazda təsirini
nəzərə alan Azərbaycan bu ölkə
ilə çoxvektorlu münasibətlərin nizamlanmış
kompleksinə böyük diqqət və əhəmiyyət
verir.
Bununla əlaqədar,
professor Novruz Məmmədovun "Xarici
siyasət: reallıqlar və gələcəyə
baxış" əsərində aparılmış təhlil
çox maraqlıdır. Müəllif yazır
ki, "Rusiya həm regiona qonşu olan böyük dövlət,
həm də qlobal səviyyədə kifayət qədər təsiri
olan ölkə qismində Azərbaycanın xarici siyasət
kursunda xüsusi yer tutur. Üstəlik,
Rusiya coğrafi olaraq məhdud dairədə Qafqaza aid olan
ölkədir. Deməli, şimal
qonşumuzu xarici siyasətin hər üç səviyyəsində
nəzərə almalıyıq". Bundan
əlavə, "bu gün Rusiya ilə Azərbaycan
arasında münasibətlərdə ciddi problemlər və
gərginlik zonaları yoxdur. Buna görə
qarşılıqlı marağın sərhədlərinin
daxilində əməkdaşlığın intensivləşdirilməsi
üçün yaxşı potensial haqqında
danışmaq olar. Bizim aramızda tarixi və
mədəni əlaqələr yaranmışdır, bu əlaqələr
çərçivəsində iki dövlətin əməkdaşlığı
dinamik inkişaf edir. Bizim əlaqələrimiz
qarşılıqlı hörmətə və
qarşılıqlı sərfəli əməkdaşlığa
söykənir. Rusiya Azərbaycanın əsas
ticarət tərəfdaşlarından biridir".
Terrorizmə və mütəşəkkil cinayətkarlığa
qarşı mübarizədə Azərbaycanın və
Rusiyanın əməkdaşlığı regionda sabitliyin və
təhlükəsizliyin təminatına əhəmiyyətli
töhfədir.
Humanitar əlaqələr
sürətlə genişlənməkdədir .
Mədəniyyət və təhsil sahələrini
xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz
arasında tələbə mübadiləsi genişlənir,
qarşılıqlı səfərlərin intensivliyi
artır, Azərbaycan mədəniyyəti fəal təbliğ
edilir. Bakıda M.Lomonosov adına
Moskva Dövlət Universitetinin filialı fəaliyyət
göstərir, Seçenov adına Moskva Dövlət Tibb
Universitetinin filialının açılması
planlaşdırılır. Qeyd etmək lazımdır ki, Azərbaycanda
120 minlik, yəni Cənubi Qafqazda ən böyük rus
icması var. Bu icmanın üzvləri Azərbaycanın ləyaqətli
vətəndaşlarıdır, onlar ölkəmizin
inkişafına böyük töhfə verirlər.
Ölkəmiz regionda gərginliyin azaldılması və
mehriban qonşuluq şəraiti yaradılması
üçün çox böyük səy göstərir. Azərbaycan
iqtisadi, siyasi, sosial və mədəni sferalarda Rusiya ilə
qarşılıqlı sərfəli əməkdaşlığın
daha da inkişaf etdirilməsinin tərəfdarıdır.
Bir faktı qeyd etmək kifayətdir ki, hazırda iki
ölkə arasında münasibətlərin müqavilə-hüquqi
bazasına yüzdən çox dövlətlərarası,
hökumətlərarası və regionlararası saziş
daxildir. Daimi siyasi dialoq aparılır, əlaqələr
siyasi, iqtisadi və humanitar əməkdaşlığın
bir sıra sahələrini əhatə edir.
Bu gün ikitərəfli əlaqələrimiz strateji əməkdaşlıq
çərçivəsində inkişaf edir. Ölkələrimiz
iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata
keçirilməsində bir-birinə kömək edir. Son illərdə ölkələrimiz arasında
siyasi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə
fəallaşmışdır.
"Bakı ilə Moskva arasında siyasi münasibətlərin
keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi
heç də o demək deyil ki, biz Rusiyanın bütün
inteqrasiya layihələrinin iştirakçısı
olmağa hazırıq, çünki hələlik buna ehtiyac
yoxdur. Bu, rəsmi
Bakının dəqiq ifadə edilmiş mövqeyidir və
Kremldə bu, adekvat
qəbul edilir. Qarşılıqlı
münasibətlərimiz kifayət qədər müxtəlifdir
və regional təhlükəsizlik sferası da daxil olmaqla
bütün istiqamətlər üzrə əlaqələrimiz
inkişaf edir. Deyilənlər onu göstərir ki, Azərbaycanla
Rusiya arasında qarşılıqlı etimad prinsipi
üstünlük təşkil edir, bu isə, öz növbəsində,
ikitərəfli münasibətlərin çox mühüm
elementidir".
Demokratik dəyərləri pozaraq
Rəsmi Bakı dəfələrlə vurğulayıb
ki, o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində
həll edilməsinin tərəfdarıdır. Azərbaycanın
beynəlxalq strukturlarda fəaliyyəti, müxtəlif
dövlətlərlə ikitərəfli əlaqələrin
inkişafı, ümummilli problemimizin həllinə dəstək
axtarışları məhz buna yönəlmişdir. Etiraf etmək lazımdır ki, bu sahədə kifayət
qədər sanballı nailiyyətlər əldə edilib.
Problemin həllinin hüquqi aspektinin olduğunu
hətta bizim opponentlərimiz belə inkar edə bilməzlər.
Bu gün BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası,
İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı kimi aparıcı beynəlxalq təşkilatlar
Azərbaycanın ərazi bütövlüyünü təsdiq
edən, Ermənistanı işğalçı dövlət
kimi tanıyan və erməni silahlı dəstələrinin
Azərbaycan ərazilərindən
çıxarılmasını, həmçinin
qaçqınların və məcburi köçkünlərin
öz torpaqlarına qaytarılmasını tələb edən
qərarlar və qətnamələr qəbul ediblər.
Yaradılmasından
20 ildən artıq vaxt keçən, ABŞ, Fransa və
Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu isə, təəssüf
ki, müxtəlif danışıqlar aparmaqdan və
bütün məsuliyyəti münaqişə tərəflərinə
həvalə etməkdən irəli gedə bilməyib.
Məsələn, böyük təəssüf
doğurur ki, ABŞ-da Dağlıq Qarabağdakı
separatçı rejimin nümayəndəliyi fəaliyyət
göstərir. Düzdür, Vaşinqton bildirir ki, həmin nümayəndəlik
yalnız qeyri-rəsmi qurumdur, amma bununla belə,
tanınmamış "DQR"-in başçıları bu
ölkədə hər il marafon keçirərək,
xeyli vəsait toplayırlar. Birləşmiş
Ştatlar Dağlıq Qarabağın separatçı rejiminə
on milyonlarla dollar həcmində rəsmi və qeyri-rəsmi
yardım göstərən yeganə ölkədir. Yeri
gəlmişkən, ABŞ-ın hər il
Ermənistana kömək üçün
ayırdığı vəsait də öz tərəfdaşı
hesab etdiyi Azərbaycan üçün ayırdığı
vəsaitdən çoxdur. Bu halda biz
aparıcı dövlətlərin paytaxtlarından tez-tez ədalət,
beynəlxalq hüquq normaları, demokratik dəyərlər,
münaqişənin həllinin kompromisli yollarının
axtarılması zərurəti barədə təmtəraqlı
bəyanatlar eşidirik. Bir tərəfdən,
Ukraynanın separatçı regionlarının rəhbərlərinə,
onları dəstəkləyən dövlətə
qarşı geniş miqyaslı sanksiyalar tətbiq edilir, digər
tərəfdən, Dağlıq Qarabağdakı
tanınmamış rejimin başçıları özlərini
dövlət qurumunun rəhbərləri kimi qələmə
verərək çoxsaylı ölkələrə səfər
edirlər. Və beynəlxalq hüququn
bütün ümumtanınmış normalarını pozaraq,
onları müxtəlif rəsmi səviyyələrdə qəbul
edirlər. Özü də elə bir vaxtda ki, Azərbaycanın
işğal edilmiş ərazilərinin azad olunması
haqqında elə həmin BMT-nin ən ali
strukturunun iyirmi ildən çox bundan əvvəl qəbul
etdiyi dörd qətnaməsi hələ də yerinə
yetirilmir.
Türkiyə amili: maraqların
yaxınlığı, strateji tərəfdaşlıq
Türkiyə amili Azərbaycanın xarici dövlətlərlə
qarşılıqlı münasibətlərində
mühüm rol oynayır. Bu ölkə
özünün bütün fəaliyyəti ilə, beynəlxalq
həyatın bir sıra əsas problemləri barədə Azərbaycanın
mövqeyini dəstəkləməklə, bizim yaxın
müttəfiqimiz və tərəfdaşımız
olduğunu sübut edib. Ölkələrimiz
arasında siyasi əlaqələr müntəzəm əsasda
həyata keçirilir, ticarət-iqtisadi əlaqələr fəal
inkişaf edir, hərbi quruculuq və müdafiə sahəsində
əlaqələr genişlənir.
Rəsmi
Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınmasına yönəldilmiş
səyləri, o cümlədən, müxtəlif beynəlxalq
təşkilatlar çərçivəsində
görülmüş tədbirlər də Azərbaycanın
maraqlarının Türkiyə tərəfindən tam
anlaşıldığını və ölkələrimiz
arasında əməkdaşlığın yüksək səviyyədə
olduğunu göstərir.
Azərbaycan
Prezidenti Administrasiyasının rəhbərinin müavini,
xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Türkiyənin "TRT AVAZ" kanalının İctimai
Televiziya ilə ortaq yayımlanan "50 dəqiqə"
verilişindəki çıxışında deyib: "...bu
gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə
yaxın, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq
əlaqələri olan iki dövlət tapmaq mümkün
deyil".
Geosiyasət və modernləşmə
kursu
Novruz Məmmədov
"Xarici siyasət: reallıqlar və gələcəyə
baxış" monoqrafiyasında vurğulayır ki, Azərbaycan
mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər
keçirərkən, yeni beynəlxalq enerji layihələrini
və iqtisadi əməkdaşlıq proqramlarını
reallaşdırarkən, bəzi qüvvələr tərəfindən
fitnəkar fəaliyyətin güclənməsi halları ilə
qarşılaşır. Cəbhə xəttində
atəşkəs rejimi pozulur, bir sıra xarici nəşrlərin
səhifələrində yalan və təhriflərlə dolu
məqalələr dərc edilir, bəzi beynəlxalq
strukturlar tərəfindən bizə təzyiq göstərmək
cəhdləri olur. Bununla əlaqədar,
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan
90-cı illərdəki ölkə deyil. O güclü,
sülhsevər və zəngin dövlətdir. Azərbaycan,
Cənubi Qafqaz regionunun aparıcı dövləti olaraq,
bundan sonra da ona həvalə edilmiş missiyanı
reallaşdıracaq.
Burada Azərbaycanın xarici siyasət kursunun
effektivliyinin daha bir mühüm aspektini qeyd etmək
lazımdır. Məsələ burasındadır ki, Cənubi
Qafqaz kimi mürəkkəb regionda yalnız Azərbaycan yeni
geosiyasi reallıqların
çağırışlarını nəzərə alaraq
tarazlaşdırılmış siyasi kursun sistemli şəkildə
həyata keçirilməsi təcrübəsini
nümayiş etdirir. Xarici siyasətin bu
aspekti ölkəyə etimad və bunun sayəsində
qazanılmış beynəlxalq imic nöqteyi-nəzərindən
çox əhəmiyyətlidir.
Bu
baxımdan, "Xarici siyasət: reallıqlar və gələcəyə
baxış" monoqrafiyasının modernləşmə
kursunun mərhələləri ilə Azərbaycanın xarici
siyasətinin transformasiyasının sıx əlaqədə
təhlil edildiyi bölməsi xüsusi maraq doğurur. Məsələnin bu tərəfi nəzəri cəhətdən
prinsipial əhəmiyyət kəsb edir, çünki belə
yanaşma geosiyasi amillərin cəmiyyətin modernləşdirilməsinə
təsirini müəyyən etməyə imkan verir. Azərbaycan regionda sistemli, ardıcıl və
çoxvektorlu xarici siyasət xətti yürüdən
nümunəvi dövlətə çevrilib. Bu gün məhz həmin amillər Azərbaycanın
xarici siyasət xəttinin uzunmüddətli müvəffəqiyyətinə
zəmanət verən və regionda onun sabit mövcudluğuna
təminat yaradan bünövrəni təşkil edir.
Kamal
ADIGÖZƏLOV
Elsevər
ABDULLAYEV
525-ci qəzet.- 2015.- 7 iyul.- S.4.