Azərbaycanın
dövlətçilik tarixi
və Ümummilli Lider fenomeni
Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Şanlı
dövlət müstəqilliyinin bərpasının 24-cü
ilini yaşayan Azərbaycanın bu dövrdə əldə
etdiyi suverenliyinin möhkəmlənməsi, beynəlxalq
nüfuzunun artması, respublika iqtisadiyyatının
dayanıqlı inkişafının təmin olunması,
xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi
və digər tarixi nailiyyətlər silsiləsi Ümummilli
Lider Heydər Əliyevin xalqın
çağırışı ilə Azərbaycana rəhbərliyə
qayıdışından başlanır.
Məhz bu qayıdış sübut etdi ki, tarix şəxsiyyət
yaratmır, şəxsiyyət tarixi yaradır. Ümummilli Liderin həyat
kredosu varlığını bəxş elədiyi xalqına
son nəfəsinə qədər xidmət idi: "İstər
bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı,
istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat
amalım yalnız bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur". Bu kredo Ulu Öndərin
hakimiyyətdə olduğu müddətdə öz əməli
təsdiqini tapıb və tapmaqdadır.
"Milli dövlətçiliyimizin
təməl əsasları
Heydər Əliyevin adı ilə
bağlıdır"
Prezident Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyev Ulu Öndərlə bağlı fundamental
araşdırmasında Heydər Əliyevi "Böyük
missiyanı gerçəkləşdirən siyasi düha"
adlandırıb. Bu ifadə Heydər Əliyev fenomeninin
gerçək dəyərini anlamağa kifayətdir.
Akademik öz yazısında vurğulayıb ki, XX əsr
tarixində, dünya siyasətində etiraf edilən fenomen
şəxsiyyət Heydər Əliyevin yaratdığı
milli dövlətçilik tarixin bizə bəxş etdiyi
milli sərvətdir və onun dəyərini dərk etməliyik:
"İstər Azərbaycan tarixində, istərsə də
xalqın yaddaşında Heydər Əliyev müstəqil və
suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur
insan və ən böyük vətəndaş kimi qalıb və
qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv
bir epoxanı özündə təcəssüm etdirən,
müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni,
elmi əsaslarını yaradan, onların ardıcıl
inkişafını təmin edən siyasi kursun və milli
inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz
haqda danışanda fəxr edə biləcəyi, qürurla
öyünəcəyi çox uğurları var. Onların
istisna olmadan hamısı Heydər Əliyevin adı ilə
bağlıdır. Müstəqil Azərbaycanda
elə bir sahə yoxdur ki, onun inkişafında Heydər
Əliyevin zəhməti olmasın". Akademik Ramiz
Mehdiyev Heydər Əliyevin yaratdığı dövlətçilik
fəlsəfəsinin hər gün bizimlə qoşa, bizdən
öndə addımladığını,
yaşadığını qeyd edərək, Heydər Əliyevin
siyasi xidmətlərini dəyərləndirmək
üçün ilk növbədə onun hakimiyyətə gəlişi
zamanı mövcud olan dəyişiklik və inqilab
dalğasının nə qədər güclü mənbələrdən
yönəldildiyini, həmin vaxt xarici və daxili siyasi milli
gündəlikdə duran məsələlərin mürəkkəbliyini,
anti-Azərbaycançı qüvvələrin son dərəcə
fəallaşmasını xatırladıb: "Məlumdur ki,
90-cı illərin əvvəlində Azərbaycanın
daxilində və onun ətrafında yaranan siyasi vəziyyət
o zaman hakimiyyətdə olan insanların şəxsi
xüsusiyyətlərindən irəli gəlirdi. Daxili çəkişmələr, Ermənistanın
təcavüzü, ölkəni idarə edənlərin təyin
etdiyi siyasətin doğurduğu fəsadlar böyük
çətinliklər yaratmış, dövlət müstəqilliyinin
taleyini sual altına almışdı. Buradan
aydın etmək olur ki, milli lider dövlətin
özünütəsdiqində, beynəlxalq siyasətin
formalaşmasında mühüm rol oynayan əsas amildir.
90-cı illərin çətin anlarında
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı
böyük bəlalardan, dağılmaqdan xilas etdi. XX əsrdə ikinci dəfə müstəqillik əldə
etdikdən sonra Azərbaycanda demokratikləşmə milli
inkişafın vacib faktoru kimi dövlət siyasətinin
strateji prioritetinə çevrildi. 1995-ci
ildə qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası insan
hüquqlarının, fikir plüralizminin, söz və məlumat
azadlığının, vətəndaş cəmiyyəti
institutlarının formalaşdırılması və
inkişafına etibarlı zəmin yaratdı".
"Heydər Əliyevin fəaliyyəti
dövlət idarəçiliyi akademiyasıdır..."
Milli
dövlətçiliyimizin təməl əsaslarının
Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə
çatdıran akademik Ramiz Mehdiyevin xatırlatdığı
bu məqamlar hər bir azərbaycanlının bilməli,
yadda saxlamalı olduğu faktlardır: "Müasir Azərbaycanın
otuz ildən artıq müddətdə dövlət
quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və
sosial həyatda tərəqqi dövrünü əhatə edən
bütöv bir epoxası Heydər Əliyevin adı ilə
bağlıdır. Təkcə Sovet hakimiyyəti
illərində onun fəaliyyəti böyük bir təcrübə
xəzinəsi, dövlət idarəçiliyi
akademiyasıdır. Bu gün Azərbaycanın
istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni,
ictimai və sosial potensial məhz həmin illərdə Heydər
Əliyevin uzaqgörənliyi sayəsində yaradılıb.
Məhz həmin illərdən
xalqımızın şüurunda azərbaycançılıq
ideyası həmişəlik hökm sürməyə
başlayıb".
Heydər
Əliyevin Sovet Azərbaycanına rəhbərliyi ölkənin
gələcək müstəqillik perspektivinə
hazırlığının ilkin mərhələsi kimi səciyyələndirən
akademik haqlı olaraq yazır ki, bu istiqamətdə əsas
işlər isə 1990-cı illərin əvvəlində,
Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti
olduqdan sonra başlanıb: "Milli tariximizin bu dövrü
milli dövlətçilik quruculuğuna o vaxt zəruri olan qətiyyətli
etatist yanaşmanın əsası, ilk mənbəyi, onun bazis
konsepti isə Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi və
sosiomədəni baxımdan səfərbər edilməsinin
prioritet komponenti sayılan Realpolitik olub. Heydər
Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni
vətəndaş qarşıdurması və hərc-mərclik,
dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən
çıxarmağa, onu sabit inkişaf səviyyəsinə
qaldırmağa nail oldu. 1993-cü ildən
2003-cü ilə qədər olan onillik ən müxtəlif təhdidləri
və təhlükələri əhatə edirdi. Gənc respublikaya təzyiq həddən artıq
çox idi. Heydər Əliyevin siyasi
nüfuzu və onun vaxtında qəbul etdiyi qərarlar Azərbaycanın
simasız dövlət vəziyyətinə düşməsi
təhlükələrini heçə endirdi. Bu on il ərzində Azərbaycan dövlətçiliyinin
bərqərar olması, demokratik tranzit və həmrəyliklə
paralel surətdə genişmiqyaslı iqtisadi islahatlar, ölkənin
siyasi sisteminin və sosial münasibətlərin humanistləşdirilməsi
yolu keçib". Akademik Ramiz Mehdiyev
obrazlı şəkildə vurğulayır ki, Heydər
Əliyev iki dəfə öz ölkəsinin dövlət gəmisini
dərin tarixi sarsıntılar zolağından keçirməyi
bacarıb, onun milli dəyərlərini, insanların mənəvi
sağlamlığını, özünə inamını
qoruyub saxlayıb.
"Prezident İlham Əliyev Ulu
Öndərin müstəqil
dövlətçilik irsini öz quruculuq fəaliyyəti
ilə daha da zənginləşdirir"
Millət
vəkili Əli Hüseynli hesab edir ki, öz şərəfli
və möhtəşəm fəaliyyəti ilə doğma vətəninin
və xalqının adını əlçatmaz zirvələrə
ucaltmış Ulu Öndər Heydər Əliyev bu gün hər
bir azərbaycanlının qəlbində yaşayır:
"Azərbaycanın bugünkü və gələcək nəsillərinin
Heydər Əliyevin şərəfli adı və ölməz
ruhu qarşısında müqəddəs borcu onun əsəri
olan müstəqil Azərbaycan dövlətinin daha da
çiçəklənməsi və qüdrətlənməsi,
xalqımızın rifahı naminə fədakarlıqla
çalışmaq, milli birliyimizə sədaqətlə xidmət
göstərməkdir. Bu gün xalqımız
Heydər Əliyevin siyasi varisi - yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini
və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində
özünəməxsus yer tutan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ətrafında
sıx birləşib. Tam əminliklə
deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz
qarşısında taleyüklü məsələləri,
xalqımızın dəstəyi ilə başa
çatdıraraq, qüdrətli şəxsiyyət Heydər
Əliyevin müstəqil dövlətçilik irsini öz
quruculuq fəaliyyəti ilə daha da zənginləşdirir".
"Azərbaycanın siyasi
inkişaf
mərhələsində Heydər Əliyev erası..."
Ömrünün
10 ildən artıq bir dövrünü fundamental elmi
araşdırmaya-müstəqil Azərbaycan dövlətinin
yaranmasında və möhkəmləndirilməsində Heydər
Əliyevin rolu, xalqımız qarşısında tarixi xidmətləri,
zəngin dövlətçilik və siyasi fəaliyyətinin
tədqiqinə həsr edən, Ulu Öndərin zəngin
dövlətçilik və siyasi fəaliyyəti haqqında
ilk doktorluq dissertasiyasının müəllifi, professor
İradə Hüseynovanın fikrincə, ümummilli liderin
respublikamızın müasir tarixinin ən ağır
günlərində - 1993-cü ildə xalqın təkidi ilə
ölkədə siyasi rəhbərliyə qayıtması ilə
Azərbaycanın siyasi inkişaf mərhələsində
yeni era - Heydər Əliyev erası başlayıb: "Məhz
bu erada demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycan
vətəndaşlarının Konstitusiyanın müəyyən
etdiyi prinsiplər əsasında azad, sərbəst
yaşamasını, bütün insan və vətəndaş
hüquq və azadlıqlarının qorunmasını təmin
etmək üçün şərait yaradılıb,
demokratik dövlət quruculuğu və yeni siyasi-iqtisadi
sistemin formalaşdırılması üçün
hüquqi-normativ bazanın yaradılması istiqamətində
uğurlu işlər həyata keçirilib. Ümummilli
liderimizin alternativi olmayan düşünülmüş daxili
və xarici siyasəti bu gün onun siyasi varisi, Heydər
Əliyev məktəbinin layiqli yetirməsi və
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir".
***
XIX əsr ingilis siyasətçisi Con Mill yazırdı
ki, dövlətin ləyaqət və məziyyəti son nəticədə
onu təşkil edən şəxsiyyətlərin ləyaqət
və məziyyətindən asılıdır. Bu mənada müasir Azərbaycan
dövlətinin ləyaqət və keyfiyyət əmsalı
onun arxitektoru olan dahi Heydər Əliyevin parlaq şəxsiyyətinin
miqyası ilə düz mütənasib sayıla bilər. Bu
tutarlı dəlilə əsaslanaraq dahi siyasətçi Heydər
Əliyevin sayəsində həm yeni yüzilliyə, həm də
yeni minilliyə adlamış müstəqil Azərbaycan
dövlətinin və dövlətçiliyinin əbədi
proses kimi davam edəcəyinə ürəkdən
inanırıq.
Cavid ŞÜKÜROV
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir
525-ci qəzet.-
2015.- 7 iyul.- S.5.