Kitabçılıqla bağlı sanballı elmi-təcrübi tədqiqat işi

 

Kitabçılıq işinin tədqiqat obyektinə çevrilib araşdırılmasının vacibliyi bu gün ehtimal yox, elmi gerçəklikdir.

Nəşriyyat-poliqrafiya sisteminin gələcək inkişafı kitabın bədii və texniki tərtibat xüsusiyyətlərinin beynəlxalq normalara uyğunlaşdırılmasını tələb edir. Bu isə, kitabın ideya-süjet xətti və məzmunu ilə bədii-poliqrafik forması arasında vəhdət olmasının vacibliyi zərurətini yaradır. 1978-ci ildən nəşriyyat-poliqrafiya sistemində çalışan, respublika nəşriyyat sistemində özünəməxsus yeri və xüsusi çəkisi olan ixtisaslı poliqrafiya mütəxəssisi İradə Ələsgərovanın 2015-ci il tarixdə "Təhsil" nəşriyyatında işıq üzü görmüş "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" monoqrafiyası bu sahədə ilk əsaslı elmi-tədqiqat işi sayıla bilər. Azərbaycan kitabının yazı yaranandan 2010-cu ilə qədər keçdiyi tarixi yolun pillə-pillə izlənildiyi nəşrdə kitab tərtibatının yazılı mənbələrlə yanaşı, həm də, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan əlyazma nüsxələri və ilk çap kitabları da daxil olmaqla çoxsaylı kitab nümunələri əsasında araşdırılması, təqdirəlayiq haldır.

Monoqrafiyada ilk dəfə olaraq (tək Azərbaycanda yox, ümumiyyətlə) kitabın tərtibat xüsusiyyətləri tədqiqata çap üsullarının texniki imkanları, nəşriyyat-poliqrafiya sisteminin, poliqrafiya texnika və texnologiyasının inkişaf səviyyəsi ilə əlaqəli şəkildə cəlb edilir. Əldə edilən qənaətlərin kitabçılığın və nəşriyyat-poliqrafiya sisteminin inkişafına təsiri tək elmi yox, həm də təcrübi müstəvidə tədqiq olunur. Bu da, əlbəttə ki, əsərin dəyərini artırır.

"Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi"ndə kitab ilk dəfə tədqiqata texniki oxu vasitəsi, poliqrafiya məmulatı kimi deyil, yazar, ədəbi, elmi, texniki və bədii redaktorların, poliqrafiya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi cəlb edilir. Bu da İradə xanıma, bu sənət sahiblərinin funksiyalarının qarşılıqlı uzlaşdırılmasını aparıb hər birinin vəzifəsini dəqiqləşdirməyə, bu sahədə uğurları qeyd edib qüsurları şərtləndirən amilləri üzə çıxarmağa, çatışmazlıqların aradan qaldırılması yollarını aşkarlamağa imkan verir. Müəllif istehsalatda qazandığı zəngin təcrübəyə əsaslanıb təkcə kitabını bədii və texniki tərtibat məsələlərini təhlil etməklə kifayətlənmir, həm də bədii tərtibat üsullarının təsnifatını verir, geniş spektrə malik ifadə vasitələrini araşdırıb başlıca tərtibat meyarlarını, maddi-texniki bazanın kitab tərtibatında yerini dəqiqləşdirir. Tərtibat layihəsində istehsal prosesində istifadə olunması planlaşdırılan materialların özəl xüsusiyyətlərinin; cizgilərin simmetrik və ya asimmetrikliyinin və ya bədii-poliqrafik formanın kompozisiyanın dinamikliyinə təsirinin, bədii ifadə vasitələrinin xarakterinin nəzərə alınmasınının vacibliyini diqqətə çatdırır.     

Monoqrafiyada maraq doğuran məqamlardan biri də, tərtibatın mətnin dərkedilmə səviyyəsinə və oxucuya göstərə biləcəyi təsirin əvvəlcədən hesablanmasının və ictimai rəyin tənzimləməyin mümkünlüyü ilə bağlı fikirlərdir. Bütün bunlar son nəticədə, əlbəttə ki, müəllifin iddia etdiyi kimi cəmiyyətdə yazar, redaktor və naşirlərin statusunun daha da yüksəlməsinə, onların ictimai rəyə təsir imkanlarının genişlənməsinə, deməli, ölkədə sabitliyin qorunub saxlanılmasına və milli birliyin bərqərar olmasına, bir sözlə, müstəqilliyini yenicə bərpa etmiş gənc dövlətin möhkəmlənməsinə xidmət edəcək. Belə ki, İradə xanım Azərbaycan kitabının min illik tərtibat tarixini tədqiqat obyektinə çevirməklə, əslində tək kitabşünaslıq sahəsində yox, həm də ideoloji, siyasi nöqteyi-nəzərdən də mühüm əhəmiyyət kəsb edən elmi uğura imza atıb; faktiki, sivil yolla informasiya məkanına nəzarət mexanizminin işlənilib hazırlanmasının reallığını isbata yetirib və fikrini "Nəticə"də bir kod altında sistemləşdirməyi ustalıqla bacarıb: "İnformasiya məkanına nəzarət tək ideoloji yox, həm də dövləti əhəmiyyət kəsb edən strateji məsələdir. Buna görə də nəşrə hazırlanan əsərlərin ideyası dəqiqləşdirilməli, elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına nəzarət edilməlidir. Axı tərtibat nəşrin oxucu şüuruna təsirini gücləndirdiyi kimi, onu yanlış istiqamətə də yönəldə bilər".

Yüzilliklər ərzində əldə edilmiş nailiyyətlərin beynəlxalq təcrübənin prizmasından keçirilib qarşılıqlı təhlil edilməsi nəzəriyyə ilə təcrübənin vəhdətini təmin edib bu sahədə qarşılaşdığımız stereotipləri dağıtmağa imkan verir. Nəticədə, tək kitab tərtibatı sahəsində yox, həm də informatika, yazı qrafikası, standartlaşdırma, sənətşünaslıq, poliqrafiya materialları istehsalı, texnologiya, kadr hazırlığı, psixofiziologiya və s. sahələrdə də növbəti axtarışlara zəmin hazırlayan son dərəcə sanballı bir tədqiqat əsəri ortaya qoyulur; gələcək tədqiqatların istiqaməti müəyyənləşdirilir, bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafını - kitab nəşrini, reklam və yayımını, poliqrafiya materialları istehsalını və bu sahədə kadr hazırlığını təşkil etməyə, eləcə də bu funksiyaları həyata keçirən subyektlər arasında qarşılıqlı əlaqələri tənzimləməyə imkan verən tamamilə real təklif və tövsiyələr, müddəalar irəli sürülür. Bunu, tanınmış alimlərimizin "Ön söz"də yer almış fikirləri də təsdiqləyir:             

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli -  "Azərbaycan kitabının bədii və texniki tərtibat məsələlərinin ətraflı araşdırılıb təhlil edildiyi bu əsər kitab mədəniyyətimiz üçün çox gərəkli, aktual, zəruri bir tədqiqat işidir. Müəllif faktları zərgər dəqiqliyi ilə seçib sıralayır, bir-biri ilə əlaqələndirib diqqətəlayiq qənaətlər əldə etməyə nail olur. Bu elmi işin hər bir fəsli nəinki fəlsəfə doktoru, hətta elmlər doktoru adı almaq üçün də kifayət qədər yetərli, mövzu baxımından genişdir". 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyev - "Bu elmi-tədqiqat işini Azərbaycan kitabı ilə bağlı yazılmış ən əhəmiyyətli və sanballı, informasiya baxımından zəngin araşdırmalardan biri kimi dəyərləndirirəm. Elmi işin monoqrafiya şəklində nəşri reallaşarsa, bu ADMİU-nin tələbələri, həmçinin kitabşünas mütəxəssislər üçün olduqca faydalı bir vəsait olar".

Baş müəllim, Əməkdar mədəniyyət işçisi Adil Abdullayev - "Bu elmi-tədqiqat işi, nəşriyyat-poliqrafiya sisteminin gələcək inkişafına əhəmiyyətli töhfə verə biləcək qədər yüksək elmi-təcrübi əhəmiyyət kəsb edən, iqtisadi, texniki və texnoloji işləmələrlə, müddəalarla zəngin dəyərli tədqiqat əsəridir".        

İradə xanımın fevralın 17-də Bakı Dövlət Universitetində Elmi Şuranın müzakirəsinə təqdim etdiyi dissertasiya işinin rəğbətlə qarşılanıb yekdilliklə bəyənilməsi onun elmi-tədqiqat işi haqqında deyilənlərin həqiqət olduğunu təsdiqlədi. Açığı, monoqrafiya, humanitar elmlər sahəsində çox nadir elmi-tədqiqat əsərlərindəndir ki, təcrübi istifadəsi genişdir, tətbiqi var, məzmun və forma etibarilə özündə bir sıra elmi yenilikləri əks etdirir. Əsərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin və işsizlik probleminin həllinə kömək, sahibkarlığa dəstək baxımından da faydalı olan iqtisadi, texniki və texnoloji işləmələr yer alır, onların həyata keçirilməsi elmi-texniki tərəqqinin sürətlənməsinə əhəmiyyətli töhfə verə, çapa hazırlanan nəşrlərin tərtibat səviyyəsinin daha da yüksəlməsinə şərait yarada bilər.

Azərbaycan kitabının minillik tərtibat tarixini yazı yaranandan 2010-cu ilə qədər araşdırıb tədqiq etməklə, İradə xanım həm də milli mədəniyyətimizin qədimliyini və zənginliyini göstərib, mədəniyyət tariximizin qədimliyinin və zənginliyinin təbliği üçün geniş imkanlar açıb. Kitab bütün dünyada xalqın mədəni səviyyəsinin başlıca göstəricisi kimi qəbul olunur. Bu mənada "Azərbaycan kitabının minillik tərtibat tarixi" Milli mətbuatımızın 140 illiyinə edilməsi mümkün olan ən layiqli töhfədir.             

Monoqrafiya həm də gələcək tədqiqatçılar üçün dəyərli mənbə, ölkənin ali tədris ocaqlarında təhsil alan tələbələrin ixtisas səviyyəsini yüksəltməyə xidmət edə bilən qiymətli dərs vəsaitidir.

Uğuruna sevinir, Sənə daha böyük yaradıcılıq uğurları diləyirik, İradə xanım!       

 

Hikmət MƏLİKZADƏ

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2015.- 7 iyul.- S.7.