"Ölmək istəyirəm səssiz-səmirsiz..."
Yetmiş yaşın tamam olacaqdı. Böyük yubiley tədbiri
keçirməyə hazırlaşırdın.
Əyin-başını da təzələmişdin.
Dostların, qohumların səbirsizliklə
gözləyirdi o günü.
Muğam
ifaçıları ancaq
sənin qəzəllərini
oxuyacaqdı. Qismət olmadı,
Qabil. Qismət olmadı, qardaş.
Bu yubileyə, bu yetmişə üçcə günün
çatmadı. Üç məclisini
keçirdik 70-ində. Çox deyirdin, bu yaşdan
utanıram; anamın,
qardaşımın, bacımın,
qardaşım qızının,
bacım qızının,
əmilərimin, dayılarımın,
əmim oğlunun, dayım oğlanlarının,
ta nə deyim kimin, kimin
çata bilmədiyi bu yetmişdən. Ta
utanma, qardaş. Heç sən də çata bilmədin.
Qəfil
təzyiqin qalxdı.
Beyninə qan sızdı,
komaya düşdün.
Şeirlərinin birində
dediyin kimi:
"Ölmək istəyirəm
səssiz-səmirsiz..."
Elə səssiz-səmirsiz
də bir müqəddəs cümə
günündə gözlərini
əbədi yumub, torpağa qovuşdun. Məni qardaşsız
qoydun.
Gedişinlə böyükdən-kiçiyə hamımızı yandırıb-yaxdın. Sevimli nəvən Ülkər sənsizliyin ağrı-acısını
gör necə vərəqə köçürüb:
"Sınmış ümidlər,
çərçivələrə sığmayan fotoşəkillər,
Allaha israrla edilən dualar, pəncərə qarşısında
gözləmələr... Heç biri
səbəb olmurdu qayıtmasına, çayını
içib yenə də gündəlik yuxuya dalmasına. Səbəb olmurdu o quru torpağın altından qalxıb "Babası qurban" deməsinə.
Sevdiyin adamın bir gün dünyadan köç eədcəyinə
inana bilmir insan - tutduğu qələmin, oturduğu divanın bir gün lal dinməz
boylanacağına, çəkdiyi
siqaretlərin bir də tüstülənməyəcəyinə,
külqabısının bomboş
qalacağına inana bilmir. Doğrudan da beşgünlük
dünyadır. Bu qısa zaman kəsiyində insanları
üzməyə dəyməz.
Bir daha gəlməyəcəyini
düşünsək, vicdanımız
rahat durarmı? "Heç vaxt
getməz" dediyimiz
neçə insan getdi bu dünyadan.
"Ölməz" dediyimiz neçə insan köçdü.
"Bizi tək
qoymaz" dediyimiz neçə insan tək buraxdı bizi. Amma mən ilk itkimi
yaşadım. Bir babam
vardı - mənimlə
fəxr edən, qürur duyan, hər yerdə məndən danışan
babam. Bir babam vardı
- hər zaman gülüb danışan,
insanları sevən, heç vaxt sevməkdən vaz keçməyən babam.
Bir babam vardı - sözlərini sevdiyim, mənə keçmişimi sevdirib orada dərin izlər buraxan, bir vaxtlar var
olub indi tək məni tək qoyan babam..."
Bu da sənsizliyin 40 günü - hər saatı, hər hanı nisgillə keçən 40 gün!
Ruhun şad olsun!
MÜBARƏK
Səliqə-səhmanı çox sevirdin, Qabil. Qəbrin də səliqə-səhmanla
qazılıb hörülüb.
Nə gözəl qazılıbdı,
Nə gözəl düzülübdü,
Nə gözəl hörülübdü,
Bu otağın mübarək.
Bu, kəfənin, bu, ağın,
Bu, torpaqdan yastığın.
Bu ən şirin yatmağın,
Bu yatağın mübarək.
Burda köhnə tanışlar,
Burda qohum-qardaşlar.
Burdan bir ömür başlar,
Solun-sağın mübarək.
Mübarək təzə vaxtın,
Mübarək təzə taxtın.
Mübarək günə çıxdın,
Lap bu çağın
mübarək.
Şamil ƏHMƏDOV
525-ci qəzet.- 2015.- 7 iyul.- S.8.