QARABAĞ
Kaş sənə mən qovuşam, qibleyi-Kəbəm,
Qarabağ,
Dərdimin ümid yeri, Mədinə-Məkkəm, Qarabağ.
Sən Muğam oylağısan, Cabbarımın zil səsisən,
Segahım, Rast muğamım, sazımda dilqəm, Qarabağ.
Səni
cənnət yaradıb,
Tanrı özü
lap əzəldən,
Bu behiştdə doğulub,
Həvvaylə Adəm,
Qarabağ.
Öz vətən torpağımın
bağı gülüstanı
da sən,
Qorxuram meh toxuna, tökülə şəmnəm, Qarabağ.
Bizi səndən ayıran, o cəlladın qanı halal,
Tutacam ətəyindən,
lap elə ölsəm,
Qarabağ.
Qabili dəfn eləyin, üzü Vətən torpağına,
Qəbrimi dəyişməyin, qoy olsun qibləm Qarabağ.
lll
Təbibim, qıl dərdimə
əlaci-dərman muğamı,
Canımdan can çıxmamış qoy oxusun Xan
muğamı.
Şur olsun sübh namazım Bayatı-qacarsa duam,
Qoymayın naşı etsin qanına qəltan muğamı.
Segahın mayesində qoy ağlasın yarım məni,
Alsın
öz ağuşuna
tar ilə kaman muğamı.
Oxunsun Füzulinin həzin-həzin
qəzəlləri,
Bəzəsin zərgər kimi Şəbu-Hicran muğamı.
Qabiləm, bağlanmışam gör nə qədər mən muğama,
Sevirəm üstün inan sevdiyim yardan muğamı.
ŞUŞASIZ
Çəkilib ərşə yuxum,
qan ağlayır can Şuşasız,
Yata bilmir, bilir ki məzarında
Xan Şuşasız.
Cabbarın naləsini eşitməyən,
ey binəva,
Ağardıb saçlarını anamız
Heyran Şuşasız.
Yaquba xəbər eylə, şikəst oldu şikəstimiz,
Dəştini dəfn elədi Dədə Süleyman Şuşasız.
Haray et, Arifim oy,
Qəribim oy, Vahidim oy,
Səxavətin məzarını alıbdır
duman Şuşasız.
Zülmə bax, göz dağıdır, gözümüzün
üstdəki qaş,
Görəsən bəs niyə susmur tar ilə kaman Şuşasız?
Zahidin öz nəvası, Şamilin də yanğısı var,
İslamın xəstə canı olubdur talan Şuşasız.
Xar olub Xarı bülbül, Cıdır
düzü qan gölüdür,
Deməyin siz Qabilə, əsla, qəzəlxan Şuşasız.
ŞUŞADA
Örpəkdir, ləçəkdir başda papağım,
Yaman yazıqlaşıb aranım,
dağım,
Özün ki, şahidsən
can Qarabağım,
Başımda papağım vardı
Şuşada,
Namusum, qeyrətim
qaldı Şuşada.
Bəs niyə eynidir astarım, üzüm,
Həsrətlə ötüşür gecəm-gündüzüm,
Ay İsa bulağım, ay Cıdır düzüm,
Kişitək mənliyim vardı
Şuşada,
Namusum, qeyrətim
qaldı Şuşada.
Qıy vuran qartaldım, sındı qanadım,
Dəryada qərq olub, batıbdır adım,
Bülbüllər gör necə xardı Şuşada,
Qeyrətim, namusum qaldı
Şuşada,
Cəbrayıl, Füzuli, Laçın,
Zəngilan,
Ağdamın sinəsi olubdur
talan,
Qubadlı, Kəlbəcər qoparır
fəqan,
Qışı da, yayı da qardı Şuşada,
Namusum, qeyrətim
qadı Şuşada.
Xocalı
fəryadı qalxdı
göylərə,
Qan tökdü gözündən
hər dağ, hər dərə,
Ta dözə bilmirik belə dərdlərə,
Kərəm də Əslisiz
yandı Şuşada,
Namusum, qeyrətim qaldı Şuşada.
Oyan Xanım oyan, Bülbülüm oyan,
Cabbarım, Seyidim, ay Zülfüm
oyan,
Oyan ər oğullar, ey zülmüm oyan.
Gör kimlər belimi qırdı Şuşada,
Namusum, qeyrətim
qaldı Şuşada.
Qaçıbdır ağzından dadı Qabilin,
Doğmadan çox olub yadı Qabilin,
Qaçqındır, köçkündür
adı Qabilin,
Əlləri sinəsin yardı
Şuşada,
Namusum, qeyrətim
qaldı Şuşada.
Qabil ƏHMƏDLİ
525-ci qəzet.- 2015.- 7 iyul.-S.8.