Üzeyir bəy Hacıbəyli böyük

maarifçi-pedaqoq və ziyalı kimi

 

Bu il sentyabrın 18-də XX əsr Azərbaycan musiqi mədəniyyətinin korifeyi, Vətənimizdə milli dövlətçilik ideyalarının böyük carçısı, dünya şöhrətli musiqişünas alim, ölkəmizin milli təhsil və pedaqoji fikir tarixinə şanlı səhifələr yazmış maarifçi-pedaqoq, tanınmış ədib, bənzərsiz publisist və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin (1885-1948) anadan olmasının 130 illiyi tamam olur.

Məlumdur ki,  həmin tarixi gün Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixlizeyir Musiqi Gününün keçirilməsi haqqında" Fərmanı ilə hər il ölkə miqyasında dövlət səviyyəsində "Üzeyir Musiqi Günü" kimi təntənəli şəkildə qeyd edilir. Bu il 20 ili tamam olacaq bu tədbir artıq xalqımızın  qan yaddaşında Milli Musiqi Bayramı kimi öz layiqli yerini tutub, dahi Üzeyir bəy Hacıbəyli fenomeninə millətin sonsuz hörmət, ehtiram və əbədi məhəbbətinin simvoluna çevrilib.

Hesab edirəm ki, dahi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 130 illiyi ərəfəsində bu böyük maarifçinin Azərbaycanın məktəb və pedaqoji fikir tarixində, xalqımızın milli oyanışı, özünüdərki və dirçəlişində, milli maarifçilik hərəkatının imkişafında, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, nəhayət, ölkəmizdə musiqi  təhsili və musiqişünaslıq elminin formalaşmasında təmənnasız xidmətlərinin müstəqil milli dövlətçilik düşüncəsi kontekstində yenidən dəyərləndirilməsinin Azərbaycanın bu müstəsna zəka sahibinin zəngin irsinin dərindən tədqiqi və təbliğində müəyyən rolu vardır.

 

Müasirləri Vətənimizdə və Şərqdə professional musiqi sənətinin və muğam operasının banisi, ədəbiyyatımızda musiqili komediya janrnın yaradıcısı, ölkəmizdə milli musiqişünaslıq elminin,  musiqi təhsili sisteminin görkəmli təşkilatçısı, bəstəkarlıq məktəbinin qurucusu, müqtədir publisist, ensiklopedik şəxsiyyət, xalqımızın milli iftixarı, böyük maarifçi Üzeyir bəy Hacıbəylinin (1885-1948) millət, Vətən və dövlət qarşısındakı tarixi xidmətlərini yüksək qiymətləndirərək, onu "professional Şərq və Azərbaycan musiqisinin atası",  "Qafqaz müsəlmanlarının birinci kompozitoru", "Azərbaycan xalqının musiqi tarixində ilk cığır açan korifey", "Azərbaycan musiqisinin ağsaqqalı" adlandırır, təqdir edirlər. Bu yüksək ünvanlar sırasında "milli Azərbaycan varlığının ayrılmaz dəyəri", "Azərbaycanın müstəsna zəkası", "Azərbaycanı Şərqin İtaliyası edən bəstəkar ", "Şərq mədəniyyətinin ən böyük hadisəsi", "qabil müəllim", "misilsiz şəxsiyyət", "dahi bəstəkar" və başqaları da vurğulanır. Sözsüz, bütün bunlar səbəbsiz deyil. Çünki 63 illik müqəddəs Peyğəmbər yaşına bərabər şərəfli ömür yaşayan bu fenomenal şəxsiyyət və böyük insan həyatının 45 ildən çoxunu yorulmadan, usanmadan Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli professional musiqi sənətinin təşəkkülü və inkişafına, ölkəmizdə musiqi təhsili sisteminin yaradılmasına və milli musiqi kadrlarının yetişdirilməsinə həsr edib.

Çağdaş Azərbaycan mədəniyyəti tarixinə şanlı səhifələr yazmış Üzeyir bəy Hacıbəylinin zəngin irsi dünya musiqi mədəniyyətinin Qızıl Fonduna daxil olub.

Üzeyir bəy Hacıbəyli mədəniyyət tariximizdə təkcə dahi bəstəkar kimi deyil, eyni zamanda böyük maarifçi-pedaqoq-ziyalı, peşəkar mühərrir (jurnalist), ədib, yazıçı, musiqi professoru, bacarıqlı elm və təhsil təşkilatçısı - akademik kimi də milli tariximizə imzasını qoymuş görkəmli şəxsiyyət kimi tanınmaqdadır.

Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə dəyərli töhfələr verən, əsası Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının böyük mücahidi və carçısı, Azərbaycan maarifinə böyük şəxsiyyətlər bəxş etmiş məşhur Qori Müəllimlər Seminariyasının - "Ana seminariya"nın (F.Köçərli) məzunu olan  bu böyük mütəfəkkirin maarifçilik görüşlərində millətin tərəqqisi və oyanışında, milli dirçəliş və özünüdərk hisslərinin yaranmasına, xalqın mədəni yüksəlişində maarif, təhsil, elm və mədəniyyətin müstəsna roluna, milli istiqlala aparan yolun məhz xalqın maariflənməsindən keçdiyi və bu yolda ana dilində tədrisin təməl prinsip olmasına, milli ruhun əsas göstəricisi  olan ana dilini öyrənməyin vacibliyinə, maarif ocaqlarında ana dilində dərs kitablarının yaradılması zərurətinə, Şərq və Qərb mədəniyyətlərinin ahəngdar sintezinin xalqın musiqi mədəniyyəti və təhsilinin inkişafında roluna, ümumbəşəri (Qərbi Avropa) dəyərlərdən milli təkamül və inkişafda istifadənin əsas şərtlərinə dair  XX əsrin əvvəllərində (1905-1912-ci illər) müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələrindən iqtibas edilmiş müdrik fikirlərindən bir neçəsini burada xatırlatmaq yerinə düşərdi:

l "Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri -maarif və təmimi- mədəniyyət (maarif və mədəniyyətin yayılması)  üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)..." ;

l "Bir yerdəki elm və maarif olmadı, orada zülm və istibdad hökm-fərma olar..." ;

 l "Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir..." ;

l "Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq..." ;

 l "Hər bir millətin ki, bəqasına ( varlığına)  baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar".;

l " İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir".;

l " Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır". ;

l "... Təlimdən başqa, uşağın tərbiyəsi də müəllimin öhdəsindədir...";

l "Aşkardır ki, millətimizin gələcəyini təmin edən bizim övlad və əfradimiz (törəmələrimiz) olacaqdır. Ona  binaən indidən lazımdır ki, onların tərbiyələri o nəhv (o cür) ilə icra olunsun ki, axırda millət və milliyyət hissi-müqəddəslər ilə məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər...";

l "...Cəmaətimizin başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir.  Bu bəla və müsibətlərin törəməsi isə elmsizliyin ucundandır".;

l"... Kənd camaatı görsə ki, içərilərində olan müəllimlər dərd göstərən və dərman bilənlərdir, şübhəsizdir ki, o müəllimlərə məhəbbət və etibar ilə baxıb kamali-mərifətlə övladlarını onların təhti-tərbiyə və təliminə verərlər...";

l "...Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim  üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu...";          

l "Kitabsızlıq ( dərs kitabları) dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün istər camaatımız üçün doğrudan da böyük bir dərddir".;

l "Şərq musiqisindən ibarət olan musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını ayırıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onu həqiqətən nəfis bir sənəti-aliyyə məqamına yetirib, bu yolda ümumi ( xalq) üçün yeni bir mənbəyi- zövq və mənşəyi- feyz açmaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək və s..."

Hörmətli oxucu!. Diqqətlə fikir verdinizsə, Üzeyir bəyin 100 il bundan əvvəl böyük uzaqgörənliklə söylədiyi bu müdrik kəlamlardakı işıqlı, nurlu ideyalar nəinki köhnəlməyib, əksinə, günümüzlə həmahəng səslənir. Böyük maaifçi millətin elmlə, maariflə inkişaf edəcəyinə inanır və bu yolda anadilli məktəbin yaradılmasının, tədrisin ana dilində aparılmasının təməl prinsip olduğunu əsas götürür, ana dilində milli dərsliklərin hazırlanmasını həyatı zərurət hesab edirdi. Xalqın maariflənməsinin başlıca yolunun ana dilinin əsas tədris dilinə - təhsil, təlim vasitəsinə çevrilməsi, millətin hər bir üzvünün ana dilini bilməsi, millətin tərəqqisinin əsas amilinin ana dilində təhsildən ibarət olması haqqında Üzeyir bəyin müdrik fikirləri bu gün də aktual səslənir. Azərbaycanda böyük maarif xadiminin bu nurlu ideyasının təməli ilk dəfə Xalq Cümhuriyyəti (1918-20-ci illər) illərində qoyuldu və sonrakı onilliklərdə daha da inkişaf etdirildi. Nə xoşbəxtik ki, bu gün müstəqil Azərbaycanda milli təhsil sistemimizdə əsas tədris ana dilimizdə - dövlət dili olan Azərbaycan dilindədir.

 

(Ardı var)

 

ƏSGƏR QULİYEV

Təhsil Nazirliyi Tədris Resursları şöbəsinin müdir

müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2015.- 8 iyul.- S.4.